Dağınıq skleroz
xəstəliyinə tutulmuş şəxslərə
göstərilməli
olan tibbi yardımın həcmi və
keyfiyyət standartları
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
2012-ci il 5 dekabr tarixli 278 nömrəli
qərarı ilə təsdiq edilmişdir
2 nömrəli əlavə
1. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə göstərilməli olan tibbi yardımın həcmi və keyfiyyət standartları "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" Azərbaycan Respublikasının 2012-ci il 7 mart tarixli 303-IVQ nömrəli qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 9 aprel tarixli 606 nömrəli fərmanının 1.1.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə göstərilməli olan tibbi yardımın həcmi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təsdiq etdiyi dağınıq sklerozun diaqnostikası və müalicəsi üzrə klinik protokolla müəyyən edilir.
2. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə göstərilən tibbi yardımın keyfiyyət standartları beynəlxalq tələblərə uyğun həyata keçirilir.
3. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə ambulator-poliklinika tibbi yardımı, stasionar və ambulator müalicə, eləcə də reabilitasiya və dispanser nəzarəti tədbirləri Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan müvafiq profilli tibb müəssisələri tərəfindən həyata keçirilir.
4. İxtisaslaşdırılmış tibbi yardım dağınıq sklerozun müxtəlif əlamətləri olan, müəssisələrin dispanser qeydiyyatı qruplarına aid edilən və xüsusi müalicə, sağlamlaşdırma və reabilitasiya üsulları tələb olunan xəstələrə göstərilir.
5. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə tibbi yardım fərdi müraciət və ya müalicə-profilaktika müəssisəsinin göndərişi, 18 yaşına çatmamış şəxslərə isə onların valideynlərinin və ya digər qanuni nümayəndələrinin müraciəti əsasında göstərilir.
6. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin tibb müəssisələrində müalicəsi üçün aşağıdakı tədbirlər həyata keçirilir:
6.1. xəstəliyin xarakterinə və ağırlığına uyğun olaraq zəruri müalicə-diaqnostika tədbirləri;
6.2. xüsusiləşdirilmiş yardımın göstərilməsi zamanı zəruri dərman təminatı;
6.3. manipulyasiyaların və digər müalicə üsullarının aparılması;
6.4. stasionar müalicə müddətində qidalanmanın təminatı.
7. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə tibbi xidmətlər göstərən hər bir dövlət tibb müəssisəsi təchizat cədvəlinə uyğun olaraq texniki şərtlərə, normativ sənədlərə cavab verən müvafiq növ xidmətlərin lazımi keyfiyyətini təmin edən tibbi və texnoloji avadanlıq və cihazlarla təchiz olunur.
8.
Tibb müəssisəsinin rəhbəri
dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə göstərilməli olan
xüsusiləşdirilmiş yardımın və tibbi xidmətlərin
keyfiyyətinin təmin edilməsinə cavabdehlik
daşıyır.
Azərbaycan.-2012.- 6 dekabr.- S.5.