Azərbaycanın Baş naziri Artur Rasizadə Aşqabadda

 MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmişdir

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə MDB Dövlət Başçıları Şurasının növbəti iclasında iştirak etmək üçün dekabrın 5-də Aşqabada səfərə gəlmişdir.

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Aşqabad Milli Aeroportunda Baş nazir Artur Rasizadəni Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Sapardurdu Toyliyev, Azərbaycanın Türkmənistandakı diplomatik missiyasının nümayəndələri qarşılamışlar.

Azərbaycanın Baş naziri Artur Rasizadə əvvəlcə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla görüşmüşdür. Görüşdə ikitərəfli münasibətlərin inkişafı, hər iki ölkə üçün qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilmişdir.

Sonra MDB Dövlət Başçıları Şurasının məhdud formatlı iclası keçirilmişdir. İclasda Azərbaycanın Baş naziri Artur Rasizadə iştirak etmişdir.

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov tədbiri giriş sözü ilə açaraq MDB iştirakçısı olan dövlətlərin nümayəndələrinə 2012-ci ildə Türkmənistanın MDB-də sədrliyinin əsasını təşkil etmiş ideya və konsepsiyaları reallaşdırmağa imkan vermiş fəal əməkdaşlığa və qarşılıqlı əlaqələrə görə minnətdarlığını bildirmişdir. Berdiməhəmmədov demişdir: "MDB ölkələrinin şəhərlərində planlaşdırılmış görüşlər, forumlar, tədbirlər yüksək səviyyədə keçirilmişdir".

Onun sözlərinə görə, Müstəqil Dövlətlər Birliyi bu qurumun üzvü olan ölkələr arasında əlaqələrin intensiv inkişaf etdirilməsi üçün əlverişli şərait yaradır. Türkmənistan Prezidenti demişdir: "Hesab edirəm ki, ümumi məsələlərin həlli zamanı hüquq bərabərliyi və qarşılıqlı hörmət prinsiplərinin reallaşdırılmasını təmin edən Birliyin təşkilati-hüquqi imkanları ölkələrimizin mənafelərinə riayət edilməsi ilə uzlaşır". Q.Berdiməhəmmədovun sözlərinə görə, tərəfdaşlığın dinamikası iqtisadi sahədə əməkdaşlıq üçün böyük potensial və perspektivlər olmasına dəlalət edir.

İclasda qeyd edilmişdir ki, Şuranın bu iclasının gündəliyinə 1941-1945-ci illərin Böyük Vətən müharibəsində Qələbənin 70 illiyinin bayram edilməsinə hazırlıq haqqında qərar qəbul olunması, "Birliyin mədəniyyət paytaxtları" proqramının təsdiq edilməsi məsələləri daxildir.

 

Azərbaycan.-2012.- 6 dekabr.- S.1.