Güclü dövlət xadimlərinin zəkası və istedadı sayəsində millət

 öz müstəqilliyinə və suveren dünyagörüşünə nail olur

 

Akademik Ramiz MEHDİYEV: "Siyasi xaosbirliyin olmadığı vaxtda dövlət sükanı arxasına keçən Şah İsmayılın şəxsiyyəti və əməlləri, dünya nizamının dağıldığı dövrdə xalq tərəfindən dövlət başçısı postuna çağırılmış Heydər Əliyevin şəxsiyyəti ilə çox baxımdan oxşardır"

 

 Biz nailiyyətlərimizin çoxuna görə Azərbaycanın XIX-XX əsrlərdə yaşayıb-yaratmış maarifçi və mütəfəkkirlərinə borcluyuq. Onlar xalqın özünün necə böyük mənəvi və tarixi irsi olduğunu başa düşməsi üçün çox səy göstərmişlər. Həyatlarını ali məqsədlərə sərf etmiş bu fədakar insanlar Azərbaycan xalqının şöhrətidir və cəmiyyətimizin hər bir üzvü onlarla fəxr edə bilər. Azərbaycanın yeni tarixində Ə.M.Topçubaşov, F.Xan Xoyski, M.Ə.Rəsulzadə və Azərbaycan Xalq Cümhuriyyətinin digər görkəmli qurucuları, ən yeni tarixdə Heydər Əliyev məhz bu cür tarixi simalardandır. Bütün bu şəxsiyyətlər XX əsrin axırları - XXI əsrin əvvəlində - biz milli müstəqillik qazanandan və Azərbaycan dövlətçiliyi güclənməyə başlayandan sonra özünün tam təcəssümünü tapmış azərbaycançılıq ideyasının daşıyıcılarıdır.

 

 Ramiz MEHDİYEV

 

 

 

Dövlət müstəqilliyinin bərpasının 3-cü onilliyinə qədəm qoyan Azərbaycan ötən qısa müddətdə əldə etdiyi siyasi-iqtisadi nailiyyətlərinin nəticəsi olaraq beynəlxalq miqyasda regional güc fenomeni kimi qəbul edilir. Yeni qlobal çağırışlara inamla cavab verərək cağdaş dünya nizamında özünə layiqli yer tutan, Avratlantik məkana uğurla inteqrasiya edən, inkişaf etmiş ölkələr cərgəsinə qoşulmağa çox yaxın olan respublikamız gələcəyə doğru inamla addımlayarkən özünün milli-mənəvi dəyərlərini də unutmur, tarixi keçmişinin və dövlətçilik ənənələrinin obyektiv şəkildə araşdırılmasını, təhqiq edilməsini diqqət mərkəzində saxlayır.

 

 

 

Tarixi irsin araşdırılmasına dövlət dəstəyi

 

 

 

Tarixi Azərbaycan torpaqları müasir sivilizasiyanın inkişafa başladığı ən qədim mədəniyyət mərkəzlərindən biridir. Azərbaycan xalqı öz torpaqlarında zəngin və çoxşaxəli mədəniyyətlə yanaşı, dövlətçilik ənənələri də yaratmışdır. Azərbaycan tarixi ilə bağlı istər salnamələrdə, istər orta əsrlərdə, istərsə yeni tarixdə görkəmli şəxsiyyətlərin və mütəfəkkirlərin əsərlərində xeyli qiymətli faktlar var. Müasir dövrümüzdə artıq hər biri tarixi mənbə rolunu oynayan bu əsərlər Azərbaycan tarixinin tədqiqi istiqamətində çox mühüm mənbələrdir. Eyni zamanda, yazılı abidələrlə yanaşı, daş dövründən başlayaraq xalqımıza xas maddi mədəniyyət nümunələri, tapılan çoxsaylı arxeoloji abidələr və sair mənbələrin hər biri Azərbaycan tarixinin öyrənilməsində mühüm rol oynamışlar.

Bir məsələni də qeyd etməliyik ki, məhz ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə maddi-mədəni irsimizin qorunması, tədqiqi və təbliği işi yüksək inkişaf səviyyəsinə çatmışdır. Azərbaycanda arxeolojietnoqrafik tədqiqatların yüz ildən artıq tarixinin olmasına baxmayaraq, bu sahələrdə inqilabi inkişafa yalnız məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə - ötən əsrin 70-80-ci illərində nail olunmuşdur. Arxeoloq alimlərimizin apardıqları tədqiqatlar nəticəsində Azərbaycanın dünyada ən qədim insan məskənlərindən və sivilizasiya mərkəzlərindən biri olması elmi əsaslarla sübuta yetirilmişdir. Həmin dövrdə respublikamızın bütün bölgələrində arxeolojietnoqrafik ekspedisiyalar fəaliyyət göstərmiş, xalqımızın maddi-mədəni irsinə dair yüz minlərlə qədim nümunə - arxeoloji-etnoqrafik materiallar toplanmışdır. Böyük şəhərlərlə yanaşı, Azərbaycanın, demək olar ki, bütün rayonlarında tarix-diyarşünaslıq muzeyləri yaradılmış, qədim və yaxın tariximizin ən nəfis nümunələri nümayiş etdirmək, qorunmaq və tədqiq etmək məqsədilə bu muzeylərdə toplanmışdır. Xalqımızın qədim tarixinin arxeoloji tədqiqinə xüsusi diqqət yetirilmiş, regionlarda arxeoloji qazıntı işlərinin keyfiyyətinin daha da yaxşılaşdırılması üçün arxeoloji bazalar yaradılmışdır. Azərbaycan tarixindən obyektiv şəkildə bəhs edən sanballı kitabların və dərsliklərin yazılması da o dövrdən başlayır.

Tarix böyükdüronun öyrənilməsi uzunmüddətli prosesdir. Eyni zamanda, hər bir ölkənin tarixi onun gələcək inkişafında, dünyadakı mövqelərinin möhkəmlənməsində əvəzsiz rol oynayır. Bu baxımdan, Azərbaycanı dinamik inkişaf yoluna çıxaran, dünya birliyində ölkəmizin mövqelərini möhkəmləndirən Prezident İlham Əliyev Azərbaycan tarixinin daim araşdırılmasını, tarixi həqiqətlərin üzə çıxarılmasını diqqət mərkəzində saxlayaraq bu barədə tarixçilər qarşısında konkret vəzifələr qoymuşdur. Prezident İlham Əliyevin bu sahəyə diqqəti tarixi keçmişimizə dair elmi axtarışların daha da genişləndirilməsinə, səmərəsinin artmasına və təbliğinə böyük imkanlar açmış, ölkə başçısının çağırışları, tövsiyə və tapşırıqları tarixçilər tərəfindən çoxsaylı fundamental əsərlər hazırlanıb  nəşr edilmişdir.

 

 

 

Tarixi həqiqətin təhrifi yolverilməzdir

 

 

 

Lakin bəzən Azərbaycan tarixi ilə bağlı bilgisizlikya Azərbaycanı sevməyənlər tərəfindən məqsədyönlü şəkildə ortaya atılmış təhrifedici fikirlər nəinki lüzumsuz diskusiyalara səbəb olur, hətta tarixi obyektivliyə kölgə salır. Buna misal olaraq, son dövrlərdə Azərbaycan Səfəvilər dövləti və onun qurucusu Şah İsmayıl Xətainin şəxsiyyəti və fəaliyyəti ilə bağlı əsassız informasiyaların dövriyyəyə buraxılmasını göstərmək olar.

XV əsrin sonu - XVI əsrin əvvəllərində Azərbaycan dövlətçiliyi özünün tarixi təkamülündə yeni mərhələyə qədəm qoymuş, Uzun Həsənin nəvəsi Şah İsmayıl Xətai Azərbaycanın bütün torpaqlarını öz hakimiyyəti altında birləşdirmiş, paytaxtı Təbriz şəhəri olan vahid, mərkəzləşdirilmiş Azərbaycan dövləti - Səfəvilər dövləti meydana gəlmişdir. Səfəvilərin hakimiyyəti dövründə Azərbaycanın dövlət idarəçiliyi mədəniyyəti daha da yüksəlmişdir. Azərbaycan dili dövlət dilinə çevrilmiş, Yaxın və Orta Şərqdə dilimizin rolu artmışdır. Səfəvi sarayına gəlmiş xarici ölkə elçiləri ilə diplomatik danışıqlar da Azərbaycan dilində aparılırdı. Şah İsmayıl və ondan sonra digər Səfəvi hökmdarlarının həyata keçirdikləri uğurlu islahatlar, daxilixarici siyasət nəticəsində dövlət Yaxın və Orta Şərqin ən qüdrətli imperiyalarından birinə çevrilmişdir. Geniş ərazili Səfəvilər imperiyasını idarə etmək üçün mükəmməl dövlət idarəçiliyi mexanizmi yaradılmışdır. Həmçinin Səfəvilərin hərbi qüvvələri dünyanın ən qüdrətli ordularından birinə çevrilmişdir.

Bütün bunlar tarix elminin ortaya qoyduğu, orta əsr mənbələrindən bizə məlum olansübuta ehtiyacı olmayan faktlardır. Təəssüflə qeyd etməliyik ki, xüsusən qardaş Türkiyənin bəzi tarixçilərinin, yazarlarının məqalələrində, o cümlədən televiziya seriallarında Səfəvilər dövləti və Şah İsmayıl Səfəvi ilə bağlı təhrifedici faktlar yer alır. Azərbaycanın dövlətçilik tarixinə və ənənələrinə, Şah İsmayıl Səfəvinin şəxsiyyətinə və xidmətlərinə kölgə salmağa xidmət edən bu kimi uydurmalar təəssüf ki, bəzən Azərbaycan cəmiyyətində də həqiqət kimi qəbul edilir.

Qeyd etdiyimiz kimi, tarix böyükdür və tədqiqi çox geniş və çoxşaxəli fəaliyyət tələb edir. Bu mənada, son illərdə Azərbaycan tarixi ilə bağlı çoxsaylı kitabların yazılmasına rəğmən böyük Azərbaycan Səfəvi dövlətini qurmuş, dilimizə dövlət dili statusu vermiş, bütövlükdə dövlətçiliyimiz qarşısında çox böyük tarixi xidmətləri olmuş Şah İsmayıl Xətai ilə bağlı diskussiyalara yol açan əsassız faktların ortaya atılması tariximizin bu dövrü ilə bağlı müəyyən boşluqların olduğu qənaətini yaradır. Bu isə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin hələ 2009-cu ildə mətbuatda dərc olunmuş, yalnız elmi-mədəni sferada deyil, bütövlükdə ölkənin ictimai həyatında böyük rezonans doğurmuş, bu istiqamətdə geniş müzakirələrə rəvac vermiş "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" adlı məqaləsində tarixi irsimizin düzgün mənimsənilməsi üçün yenidaha sanballı araşdırmaların aparılması ilə bağlı irəli sürülən fikirlərin, tövsiyələrin nə qədər aktualvacib olduğunu bir daha sübut edir. Bu əsər müstəvisindən nəzər saldıqda Səfəvilər dövlətinin və Şah İsmayıl Xətainin dövlət xadimi kimi fəaliyyətinin dərindən təhqiqində müəyyən boşluqların olduğu və qarşıda duran vəzifələrin konturları daha aydın görünür.

 

 

 

Tarixi keçmişə konseptual yanaşma

 

 Çoxsaylı əsərlərin müəllifi olan Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev kitablarında, monoqrafiyalarında, məqalələrində yüksək dövlətçilik, vətənpərvərlik və milli-intellektual təəssübkeşlik prizmasından çıxış edərək cəmiyyətimizi narahat edən ən müxtəlif məsələləri və onların həlli yollarını göstərmişdir. Bu kitabların, monoqrafiyaların, məqalələrin işıq üzü görməsindən sonra tanınmış elm adamlarının, siyasətçilərin, yazıçıların, ictimaiyyət nümayəndələrinin öz baxış və mülahizələrini ortaya qoymaları, respublikanın siyasi, elmi-ictimai və ədəbi mühitində geniş müzakirələrə səbəb olması akademik Ramiz Mehdiyevin  qaldırdığı məsələlərin hər birinin mühüm aktuallıq kəsb etdiyini təsdiqləmişdir.

Akademik Ramiz Mehdiyevin bu günlərdə mətbuatda işıq üzü görən "Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi" adlı geniş məqaləsi isə Şah İsmayılın əsl məqsədlərini arxa plana keçirənlərə, siyasi və dövlət xadimi kimi fəaliyyətini görməzliyə vuraraq bu böyük şəxsiyyətə münasibətdə qərəzli mövqe nümayiş etdirənlərə ən tutarlı cavabdır.

Azərbaycanın tarixi irsi zəngindir. Amma bu gün qarşıda duran ən vacib məsələlərdən biri bu zənginliyi, sadəcə, sözlə ifadə etmək yox, onu peşəkar tədqiqatlarla açıb dünyaya təqdim etməkdir. Bu məsələyə diqqətçəkən akademik Ramiz Mehdiyev haqlı olaraq yazır ki, məqalənin ərsəyə gəlməsində əsas səbəblərdən biri Azərbaycan türklərinin birləşməsində və dövlətçiliyimizin yaradılmasında ulu əcdadlarımızın tarixi rolunun hələ də sona qədər öyrənilməməsidir: "Tariximizin dünya elmi ictimaiyyəti tərəfindən çoxdan qəbul edilmiş bir sıra aspektlərini dərindən və sistemli şəkildə ümumiləşdirən araşdırmalarımız, təəssüf ki, hələ yoxdur. Azərbaycan xalqının görkəmli siyasi, elm və mədəniyyət xadimlərinin dünya sivilizasiyası xəzinəsinə töhfələri haqqında elmi araşdırmaların olmaması yalnız təəssüf doğurur. Elə buna görə də yaranmış boşluğu son vaxtlar doldurmağa başlamış əsərlərdə tariximizin ayrı-ayrı aspektləri barədəki mülahizə və nəticələr olduqca birtərəflidir".

 

Səfəvilər dövlətinin yaranması tarixinə dair məsələlər heç də həmişə düzgün qoyulmurciddi elmi meyarlara uyğun gəlmir. Bu problem barədə yazmaq məsuliyyətini öz üzərinə götürmüş bəzi müəlliflərin baxışları bir sıra hallarda birtərəfli və subyektiv xarakter daşıyır. Onların əsərlərində vaxtilə taktiki əhəmiyyət kəsb etmiş müəyyən məlumatların mütləqləşdirilməsi müşahidə olunur. Eyni zamanda, Səfəvilər hərəkatının Mərkəzləşdirilmiş Azərbaycan Dövləti yaradılması uğrunda strategiyasının məqsədi və əsas məzmunu arxa plana keçirilir. Bu müəlliflər orta əsrlərdə tərtib edilmiş şübhəli xarakterli bəzi mənbələrdən istifadə edir, həmin mənbələrin hansı dövrdə, nə vaxtkim tərəfindən yazılmasının, onları yazanların hansı siyasi hərəkatın tərəfdarları olmasının mahiyyətinə dərindən varmırlar. Belə təsəvvür yaranır ki, sanki bu müəlliflər bəzi hallarda real mənbələrə əsaslanırlar, lakin elmilik prinsipinin nəzərə alınmaması onları səhv nəticələrə gətirib çıxarır.

 

 

 

Səfəvi imperiyası Mərkəzləşdirilmiş Azərbaycan Dövləti idi

 

 

Şah İsmayıl Səfəvinin fəaliyyəti haqqında həm Qərbdə, həm də Şərqdə, o cümlədən onun Vətəni Azərbaycanda çoxlu müxtəlif kitablar və məqalələr yazılmışdır.  Lakin müəlliflər heç də həmişə onun dövlətçilik xidmətlərini və uğurlarını ön plana çəkməyə, tam şəkildə və həqiqi miqyasda göstərməyə müvəffəq olmurlar. Səfəvilər dövlətinin banisi haqqında çox vaxt təhrif edilmiş obraz, dini fanatikya romantik şair barədə bir mif yaradılır. Hətta orta əsrlərdə və ən yeni tarixdə bəzi müəlliflər lap əvvəldən Şah İsmayılın həqiqi məqsədlərini inkar etmək yolunu seçmiş, bu böyük şəxsiyyətə münasibətdə qərəzli mövqe tutmuşlar. Bu müəlliflərin subyektivliyi ondan ibarətdir ki, onlar çoxsaylı mənbələrdəki məlumatların tənqidi şəkildə seçilməsi və sistemləşdirilməsinə etinasızlıq göstərir, nəticədə XV əsrin ikinci yarısının və XVI əsrin ilk rübünün tarixinin öyrənilməsinə obyektiv yanaşmırlar.

Bu baxımdan, məqaləsində konkret olaraq bəzi müəlliflərin araşdırmalarına diqqəti çəkən akademik Ramiz Mehdiyev ortaya qoyduğu faktlar əsasında onların çıxardığı nəticələrin Şah İsmayılın Mərkəzləşdirilmiş Azərbaycan Dövləti yaradılması uğrunda mübarizədə tarixi rolu ilə bağlı məlumatları təhrif etdiyini, görkəmli tarixçilərin - Yaxın və Orta Şərqin XV-XVI əsrlər tarixi sahəsində mütəxəssislərin elmi baxışlarına zidd olduğunu yazır. Həqiqətə uyğun olmayan faktlara istinad edilərək ortaya qoyulan bu nəticələr qeyri-dəqiqliklər, ziddiyyətlər və uydurmalarla doludur. "Tarixi şəxsiyyətlərin siyasi fəaliyyətinin motivləri yalnız elmilik prinsiplərinə və metodlarına riayət edildikdə, konkret siyasi proseslərin bütün tərkib hissələri və dövrün meyilləri nəzərə alındıqda obyektiv şəkildə açıla bilər", - deyən  akademik Ramiz Mehdiyev haqlı olaraq yazır ki, ayrı-ayrı əsərlərdə faktların elmiliyə və tarixi təfəkkürə üstün gəlməsi hiss olunur ki, bu da qərəzli məlumatlardan maksimum istifadə edilməsinin və onların kompilyativ şəkildə sistemləşdirilməsinin nəticəsidir.

"Səfəvilərin əsas məqsədi Azərbaycan torpaqlarını birləşdirmək olmuşdur. Bəzi tədqiqatçılar Səfəvilər tarixində baş vermiş digər hadisələrə aludə olaraq məhz bu əsas məqamı diqqətdən qaçırırlar" - yazan akademik Ramiz Mehdiyev bildirir ki, çoxlu sayda ilk mənbələrin ("Səffat əs-səfa", "Tarix-i aləmarayi-Abbasi" və s.) və şəhadətlərin olmasına baxmayaraq, bəzi Qərb, habelə İran tarixçiləri bu günŞah İsmayıl Səfəvini yalnız İranın maraqları ilə bağlı şəxsiyyət kimi təqdim etmək cəhdlərindən əl çəkmirlər. Onlar Səfəvilər dövlətini İranda ərəb, türkmonqol fatehlərinin dövlətini əvəz etmiş milli İran dövləti kimi xarakterizə edirlər. Şah İsmayılın iranlıları türklərdən xilas etməyə, əzəli İran torpaqlarını birləşdirməyə və İran milli dövləti yaratmağa çalışdığı bildirilir. Hərçənd alimlər orta əsr mənbələri əsasında sübut etmişlər ki, Şah İsmayıl heç vaxt öz qarşısına İranın siyasimilli birliyini bərpa etmək məqsədi qoymamışdır.

Bundan çıxış edərək bəzi müəlliflər hətta səfəvilərin mənşəyinin də türk olmadığını iddia edirlər. Böyük şərqşünas, orta əsrlər dövründə Cənubi Qafqazın və İranın tarixinə dair parlaq araşdırmaların müəllifi M.F.Minorskiyə, o cümlədən V.V.Bartolda, N.D.Mikluxo-Maklaya müraciət edərək onların əsərlərində Səfəvilərin türk olmalarının təsdiq olunduğunu qeyd edən akademik Ramiz Mehdiyev daha sonra yazır: "Səfəvilərin etnik mənşəyi barədə cəfəng mülahizələrin yayılmasına şərait yaradan odur ki, son illərdə Azərbaycan tarixşünaslığında səfəvilər mövzusunda fundamental əsərlər, demək olar, yazılmır, bu isə Şah İsmayılın Azərbaycan mənşəli olması barədə heç eşitmək belə istəməyənlər üçün diskussiya meydanı yaradır".

 

 

 

Şah İsmayıl Azərbaycançılıq ideyasının ilkin qayəsini formalaşdırdı

 

 Təbii ki, Şah İsmayıl Xətai kimi qeyri-adi şəxsiyyətin dövlətçilik potensialını, dərin zəkasını və uzaqgörənliyini müəllifin özünün də dediyi kimi, bir məqalədə açıb göstərmək mümkün deyildir. Bununla belə, bu məqalədə Şah İsmayılın siyasi portreti, Mərkəzləşdirilmiş Azərbaycan Dövlətinin yaradılması yolunda görkəmli sərkərdə və dövlət xadimi kimi fəaliyyəti ilə bağlı ümumi cizgilərə dolğun nəzər salınıb.

Şah İsmayılın strateji məqsədi dövlət maraqlarını müdafiə etmək idi. Dövlətin ərazisinin yeni torpaqlar hesabına  genişlənməsinə, Azərbaycan dövlətinin keyfiyyətcə yeni xarakter almasına baxmayaraq, yeni türk əyaləti deyil, öz xüsusi məqsəd və maraqları olan imperiya yaradılmışdı. Bu, vahid, mərkəzləşdirilmiş, öz etnik tarixi, ərazisi və ideologiyası, bütün zəruri dövlət atributları olan Azərbaycan dövləti idi.

Akademik Ramiz Mehdiyevin Azərbaycanın dövlətçilik tarixində mühüm yer tutan Səfəvilər dövləti və onun banisi Şah İsmayıl Xətainin şəxsiyyəti ilə bağlı qələmə aldığı "Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi" adlı məqaləsi tariximizi təhrif etməyə cəhd edənlərə qarşı tutarlı cavabdır. Müəllifin təbirincə desək, biz əcdadlarımızın böyük əməlləri ilə yalnız fəxr etməklə kifayətlənməməliyik, həm də bu keyfiyyətləri itirməmək, həyatda onların bizə yol yoldaşı olması üçün əməli fəaliyyət göstərməliyik.

Haradan qaynaqlandığından asılı olmayaraq, tariximizə edilən hücumlara layiqli cavab vermək üçün ictimai rəyi səfərbər etmək çox vacibdir. Bu mənada, akademik Ramiz Mehdiyevin əsl vətəndaş mövqeyindən çıxış edərək bu cür mövqe ortaya qoyması həm də onun dərin milli heysiyyatından xəbər verir. Öz tarixi keçmişinə arxalanmayan, sahib durmayan xalqın gələcəyi qaranlıqdır. Odur ki, tariximizə sahib çıxmalı, onu yad hücumlardan qorumağı bacarmalıyıq.

 

 Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2012.- 6 dekabr.- S.2.