Bakıda MDB-nin əmək,
miqrasiya və əhalinin sosial
müdafiəsi üzrə Məşvərət
Şurasının XXV iclası keçirilir
Dekabrın 5-də Bakıda Müstəqil Dövlətlər Birliyinin (MDB) əmək, miqrasiya və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının növbəti XXV iclası öz işinə başlamışdır. AzərTAc xəbər verir ki, tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov MDB-yə üzv olan dövlətlərin tarixən sosial-iqtisadi, mədəni əlaqələrə malik olduğunu xatırlatmış və çoxşaxəli əməkdaşlığın qarşılıqlı səmərə verəcəyinə əminliyini ifadə etmişdir.
Qeyd olunmuşdur ki, son 20 ildə Azərbaycanda dinamik inkişaf müşahidə edilmiş, qlobal maliyyə böhranının təsirinə baxmayaraq, ölkədə iqtisadi artım davam edir. İstər ümumi daxili məhsulun artımına, istərsə də yoxsulluğun azaldılmasına, iş yerlərinin açılmasına və infrastruktur layihələrinin həyata keçirilməsinə görə Azərbaycan sürətlə inkişaf edən ölkələr sırasındadır. İqtisadiyyatın dayanıqlığı, bütün sahələrdə aparılan uğurlu islahatlar əhalinin maddi rifah halının yüksəlməsinə, yoxsulluq səviyyəsinin minimuma endirilməsinə səbəb olmuşdur. Qlobal dünyamızda güclü inteqrasiya proseslərinin getdiyini deyən F.Ələkbərov bu proseslərə qoşulmağın zəruriliyini vurğulamışdır.
MDB-nin əmək, miqrasiya və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının məsləhətçisi Viktor Qireyko Düşənbə şəhərində keçirilmiş ötən iclasdan sonrakı dövr ərzində görülən işlər barədə geniş məlumat vermişdir.
Qeyd edilmişdir ki, bu müddətdə Məşvərət Şurası üzvləri ölkələrinin ekspertlərinin iştirakı ilə qəbul olunmuş bəzi sənədlərdə həmin ölkələrin razılığı ilə müəyyən dəyişikliklər aparılmışdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Elnur Sultanov təmsil etdiyi qurumun beynəlxalq əlaqələrindən bəhs etmiş, Azərbaycanın nüfuzlu beynəlxalq təşkilatlar qarşısında götürdüyü bütün öhdəlikləri tam yerinə yetirdiyini söyləmişdir.
İclasda XXIV Məşvərət Şurasında qəbul edilmiş qərarların icra vəziyyəti, həmçinin MDB-nin iştirakçısı olan dövlətlərin sosial və əmək sahəsində gələcək əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur. Tədbir iştirakçıları əmək normaları, iş şəraiti, iş rejimi, peşə standartları və peşələrin qarşılıqlı tanınması məsələləri ətrafında fikir mübadiləsi aparmışlar.
İclasda "Əlil idmançılara Belarus Dəstək Milli Fondunun" əlil arabalarına məhkum olan şəxslərin rəqs və təbiətlə təmas sayəsində sosial reabilitasiyasını nəzərdə tutan tədbirlərə MDB dövlətlərinin qoşulması təklif olunmuşdur. Eyni zamanda, Məşvərət Şurasının MDB-yə üzv olan iştirakçı dövlətlərinin əmək, miqrasiya və əhalinin sosial müdafiəsi üzrə saytının yaradılması ilə bağlı hazırlıq işləri müzakirə edilmişdir.
Məşvərət Məclisində Rusiya, Belarus, Qazaxıstan və digər dövlətlərdən nümayəndələr və beynəlxalq ekspertlər iştirak edirlər.
Tədbir dekabrın 6-dək davam
edəcəkdir.
Azərbaycan.-2012.- 6 dekabr.- S.3.