Müasir Bakının yeniləşən rayonu

 

Təkcə bu il Binəqədi rayonunun sosial-iqtisadi inkişafı

 üçün 83,5 milyon manata yaxın investisiya qoyulub

 

 

Binəqədi rayonunda yaşayan bir qrup ziyalını rayon icra hakimiyyətinin başçısı ilə görüşə dəvət etmişdilər. Bu görüşün məqsədi mənə əvvəlcədən məlum olmadığı üçün nə barədə toplaşdığımızı bilmirdim. Görüş zamanı demək olar ki, bütün mətləblər aydın oldu. Təkcə mənə yox, görüşə yığılan Binəqədi rayonunda yaşayan respublikanın müxtəlif elm, ədəbiyyat, incəsənət sahəsində çalışan digər insanlara da. Rayona təzə təyin olunmuş icra hakimiyyətinin başçısı Binəqədinin gələcək inkişaf perspektivlərindən, görüləcək işlərdən, qarşıda duran planlardan danışdı. Planlar isə olduqca çox idi.

Açığını deyim ki, uzun illərdən bəri sakini olduğum rayonda bu qədər problemlərin olduğunu ağlıma gətirməzdim. Amma görüləcək işlər geniş layihələr haqqında rayona yeni təyin olunmuş başçının fikirləri, mülahizələri böyük maraq doğursa da, onların qısa müddətdə həyata keçirilməsi də inandırıcı gəlmirdi. Yan yörəmdə oturanlardan "bu işləri tez bir zamanda həyata keçirmək mümkün olacaqmı" sualını eşidirdim.

Çox az vaxt keçdi. Görüşə toplaşdığımızın heç bir ili tamam olmayıb. Doğma Bakımızın ən qədim ərazilərindən olan Binəqədi rayonu qısa zamanda müasir inkişafın necə deyərlər, relsləri üzərinə çıxarıldı. Həqiqətən də böyük dəyişikliklərin şahidi olduq. Bu gün inamla demək olar ki, Bakının dörd böyük mikrorayonunubeş qəsəbəsini birləşdirən Binəqədi intensiv işlərin getdiyi, iri sənaye potensialının toplandığı bir rayondur. Ataların  bir sözü var: "Tutulmuş işdən gül ətri gələr". Baharın artıq neçə vaxtdır yır-yığış edib köçdüyü bir zamanda rayonda bahar əhval-ruhiyyəsi yaşanır. Bu gün bütün Azərbaycan inkişaf edir. Onun şəhər, rayon və qəsəbələri öz simasını sürətlə dəyişir, sosial problemlər öz həllini tapır. İndi bu işlər Binəqədi rayonunda bir az da sürətlə aparılır. Hazırda rayonda tamam başqa bir mənzərənin şahidi oluruq. Bütün rayon ərazisi az qala başdan-başa yenidən  qurulur, sürətlə abadlaşır.

Bu gün Bakı Qafqazın geniş infrastrukturu və sənaye potensialı olan ən böyük ticarət, mədəniyyət və elm mərkəzi hesab olunur. Nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi doğma şəhərimiz dünyada öz şöhrət və gözəlliyi ilə diqqət çəkir. Sevinmək olar ki, Binəqədi rayonu Bakının bu gözəlliyinə dəyərli və özünəməxsus naxışlar vurur, füsunkar mənzərə yaradır.

Rayonun ərazisinin coğrafi baxımdan böyüklüyü burada aparılan işlərin miqyasını və onun əhəmiyyətini artırır. Tapşırılan işə, göstərilən etimada layiq olmaq insanın ən yüksək keyfiyyətlərindən sayılır. Binəqədi Rayon İcra Hakimiyyətinin yeni başçısı ziyalılarla görüşündə "Məni bu vəzifəyə ölkə Prezidenti cənab İlham Əliyev göndərib, etimad göstərib" dedi. Sonra isə fikirlərini bu sözlərlə yekunlaşdırdı: "Mən də bu etimada layiqincə cavab vermək üçün hər bir Binəqədi sakininin sosial problemlərini həll etmək, rayonun simasını gözəlləşdirmək, qarşıda duran problemləri həll etmək üçün əlimdən gələni əsirgəməyəcəyəm. Düşünürəm ki, bu mənim həm vəzifə, həm vətəndaşlıq, həm də insani borcumdur. Arzularımızın, layihələrimizin həyata keçirilməsi üçün sizin hər birinizin məsləhətinizə, səmərələşdirici təklifinizə böyük ehtiyacımız var. Gəlin sizli-bizli doğma rayonumuzu gözəlliklər məskəninə çevirək. İnanın ki, qarşılıqlı anlaşma, təkliflər söyləyib, xeyirxah məsləhətlər verməklə biz buna tez bir zamanda nail olacağıq".

Etiraf edək ki, biz də görüşdən böyük ümidlərlə ayrıldıq. Üstündən bir qədər keçməmiş yolum çoxlarının kənd Binəqədi kimi tanıdığı Binəqədi qəsəbəsindən düşdü. Küçələr təmir-tikinti meydançasını xatırladırdı. Hər kəsin imkanı daxilində tikib quraşdırdığı hasarlar sökülür, qapı-bacalar təzələnirdi. Özübunlar vahid bir layihə əsasında həyata keçirilirdi. Hörümçək torunu xatırladan elektrik dirəkləri və köhnə naqillər də yeniləri ilə əvəzlənirdi. Çox az vaxt keçmişdi. Yolum yenə oradan düşdü. Ətraf yeni bir görkəm almışdı. Darvazalar, həyət qapıları təzələnmiş, müasir hasarlar çəkilmişdi. Qəribə bir Şərq memarlığı ilə qarşılaşmışdım. Bax, belə olan halda adam ona ürəkdən gələn bir səslə kənd Binəqədi yox, Binəqədi qəsəbəsi deyə bilir.

Binəqədi qəsəbəsi deyərkən buradakı təbiət tarixi abidəsindən söz açmadan ötmək olmur. Hələ 1938-ci ildə dünya paleontologiya elminə səs salan bir abidə aşkarlandı. Binəqədi qır gölü adlanan sahə elmə yeni töhfələr verdi. Orada qədim vəhşi kəlin kəllə sümükləri, bir qədər sonra isə nəhəng kərgədanın qalıqları tapıldı. Bu, həqiqətən bir möcüzə idi. Alimlər hər iki tapıntının yaşını 190 min il bundan əvvəl qədim Binəqədi ərazisində bərqərar olmuş qır gölündə batdıqlarını müəyyən etdilər. O zaman burada intensiv olaraq paleontoloji tədqiqatlar aparılsa da, ötən əsrin 50-ci illərində bu işlər dayandırıldı.

2012-ci ilin baharında Binəqədi Rayon İcra Hakimiyyətinin yeni rəhbərliyinin təşəbbüsü, Regionların İnkişafı İctimai Birliyinin maliyyə dəstəyilə AMEA-nın Geologiya İnstitutunun əməkdaşları yeni paleontologiyaarxeoloji tədqiqatlara başladılar. Yaxın vaxtlarda açıq səma altında dünyada tayı-bərabəri olmayan bir muzeyin yaranması planlaşdırılır. Bu, bizim həqiqətən də Odlar diyarı olmağımızı əyani şəkildə təsdiqləyəcək.

Hazırda Rəsulzadə, Biləcəri, Binəqədi, Xocasən, Sulutəpə və 28 May kimi qəsəbələri, böyük mikrorayonları, geniş yaşayış məntəqələrini birləşdirən bu rayonun ərazisində 300 min nəfərə yaxın əhali yaşayır. Şübhəsiz ki, bu qədər əhalinin yaşadığı hər bir qəsəbənin də, hər bir mikrorayonun da özünün müxtəlif problemləri var. Binəqədi hələ sovet dövründən sənayeləşmiş rayon hesab olunurdu. Bu günrayonda "Binəqədi Oil Company", "Bot" MMC, B.Sərdarov adına Maşınqayırma Zavodu, "Bakı Poladtökmə" ATSC, "FAB Boya", "Bilfa Boya" və s. kimi şirkətlər, Koka Kola Botler, Lider Kola, "Pepsi Kola" kimi iri sənaye müəssisələri fəaliyyət göstərir və bu müəssisələrdə minlərlə insan çalışır.

Prezidentin imzaladığı "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrası Binəqədi rayonunda böyük bir vüsətlə həyata keçirilir. 2012-ci ilin ötən dövründə rayona iqtisadisosial sahələrin inkişafı məqsədilə 83 milyon 456 min manat məbləğində investisiya qoyulmuşdur. Yanvar-sentyabr aylarında 61 milyon 407 min manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilmişdir. Bu, əvvəlki illərə nisbətən 80 faiz çoxdur.

Binəqədidə yol-tikinti işləri daha sürətlə aparılır. Yol isə insanların rahatlığı, könül dincliyi deməkdir və hamı rahat getməyi arzulayır. Təkcə son vaxtlar Binəqədi-Mehdiabad yolu və Binəqədi şosesi tamamilə yenidən qurulub. Hazırda Biləcəri qəsəbəsində, Y.Hüseynov və A.Zeynallı küçələrində, Xocasən qəsəbəsində, Dəyirman yolu, Binəqədi qəsəbəsi və Novxanı yolunda əsaslı təmir işləri aparılır. Nəzərə alanda ki, bu yolun hər metri, hər qarışı zəhmət və xərc hesabına başa gəlir, sonda isə insanların rahatlığına xidmət edir, insan fərəhlənməyə bilmir.

Dövlət başçısı təkcə Bakının, onun ətraf kənd və qəsəbələrinin deyil, bütünlükdə Azərbaycanın hətta ən ucqar yaşayış məntəqələrinin qazlaşdırılmasına böyük diqqət və qayğı göstərir. Çünki qarşıda duran prioritet sahələrdən biri də ölkənin başdan-başa qazlaşdırılmasıdır. Binəqədidə təkcə bu ilin 9 ayında uzunluluğu 151 kilometr olan yeni qaz xətləri çəkilib. Əhalinin enerji təchizatının yaxşılaşdırılması məqsədilə 3 yarımstansiya yenidən qurulub, 3 yarımstansiyada isə əsaslı təmir işləri aparılıb.

Qış qapını kəsib, bir azdan soyuqlar, şaxtalar düşəcək. Hər bir evi, hər bir ailəni qarşıda qış qayğıları gözləyir. Binəqədi Rayon İcra Hakimiyyəti bu qayğıların həllinə hələ yazyay aylarından başlayıb. Məhəllədaxili istilik xətlərinin bərpası, mövcud qazanxanaların modernləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilib.

Uzun illər idi ki, rayonda bir çox binaların zirzəmilərini su basmışdı. Zirzəmiləri bu sulardan təmizləmək, xətləri dəyişmək isə problem idi. Sakinlərdə bir ümidsizlik yaranmışdı, qohum-qonşudan eşidirdim ki, bunu heç zaman düzəltmək mümkün olmayacaq. Sən demə, hər bir çətinliyin öhdəsindən gəlmək mümkündür. Sadəcə, işləmək, səy göstərmək, qüvvələri səfərbər etmək lazımdır. 31 binada aşağı istilik xətləri yenidən qurulub, 9 binada isə bu işlər davam edir. Bu yerdə alim həmkarlarımdan birinin sözlərini xatırlayıram: "Mən rayonumuzdakı bu inkişafı görəndə hədsiz sevinirəm, bütün səylər insanın rahatlığına yönəlib və biz rahat nəfəs almağa başlamışıq".

Hələ bu yaxınlaracan şəhərin ümumi mənzərəsinə yaraşmayan müxtəlif ölçülü su çənləri binaların damında, yerli-yersiz, harada gəldi quraşdırılırdı. Sakinlər susuzluqdan çıxış yolunu bunda görürdülər. Onları qınamaq olmazdı. Susuz həyat yoxdur. Bu gün rayon ərazisində su təchizatını sutka ərzində təmin etmək məqsədilə geniş layihələr həyata keçirilir. Elə yaşayış məntəqələri var ki, artıq sakinlər 24 saat ərzində su alır. Yaxın vaxtlarda belə təminat bütün rayon ərazisində olacaq. Rayonda poçt və rabitə xidmətinin də yaxşılaşdırılmasına xüsusi diqqət verilir. Xocasən qəsəbəsində yeni poçt binası tikilib istifadəyə verilmiş, 2 yeni ATS binasının inşasına başlanmışdır. Fəaliyyətdə olan ATS-lərdə internet xidmətinin tutumu da artırılmışdır.

Ulu öndər Heydər Əliyev deyirdi: "Təhsil millətin gələcəyidir". Biz harada yaşayıb, harada işləsək belə, yaşımızdan asılı olmadan orta məktəbə, təhsilə bağlıyıq. Sabahımız olan yeni nəsil orta ümumtəhsil məktəblərində formalaşır, inkişaf edir. Bu gün təhsilə ayrılan maliyyə vəsaiti sabahımıza, onun inkişafına hesablanıb. Yeni məktəb binalarının tikintisi, əsaslı təmiri, təzə sinif otaqları, müəllim və şagirdlərə göstərilən qayğı dövlətimizin diqqət etdiyi sahələrdəndir. Bu il Binəqədi rayonunda 3, 100, 102, 244, 246, 276 saylı məktəb binaları əsaslı təmir olunaraq şagird və müəllimlərin ixtiyarına verilmişdir. 86, 153, 159, 211, 219, 274, 294 və 298 saylı uşaq bağçaları, eləcə də 6 saylı Birləşmiş Şəhər Xəstəxanası və F.Əmirov adına musiqi məktəbi isə əsaslı təmir olunur. Bu sahədə görüləcək işlərə nöqtə qoyulmayıb, qarşıdakı ildə o daha geniş və əhatəli olacaq.

"Biz neft kapitalını insan kapitalına çevirməliyik" - deyən Prezident İlham Əliyevin bu sözləri Binəqədi rayonunda da həyata keçirilir. Rahatlıq və komfort inkişafa, əqli və zehni tərəqqiyə xidmət edir. Bu il rayonun orta məktəb məzunları arasında 63 nəfər 600- dən, 16 nəfər isə 650-dən çox bal toplamışdır. Bu tələbələrdən 6 nəfər Azərbaycan Respublikası Prezidentinin təqaüdünə layiq görülmüşdür. Ölkə başçısının sərəncamı ilə rayonun 4 pedaqoqu "Ən yaxşı müəllim" müsabiqənin qalibi olmuşdur.

Şəhərin ümumi simasında memarlıq baxımından diqqəti çəkən binaların öz yeri var. Bir zamanlar göz oxşayan təzə binalar zaman ötdükcə görkəmlərini dəyişir, gözəlliyə xələl gətirir. Hazırda Binəqədi rayonunda binaların müasir materiallarla üzlənməsi, müasir dizaynlı pəncərə və blokların quraşdırılması işləri aparılır. Azadlıq prospektinin rayon ərazisindən keçən hissəsində və Ə.Naxçıvani küçəsində 9 və 16 mərtəbəli binaların üzlənməsi başa çatmaq üzrədir. Ümumilikdə rayonda 100-dən çox binada üzlənmə işləri aparılır.

Sakinlər bu gün rayon icra hakimiyyətinə təkcə hər hansı şəxsi problemlərinin həlli üçün yox, rayonun abadlığına, inkişafına xidmət edən yeni təşəbbüslə, səmərəli təkliflərlə də müraciət edirlər. Bununla yerli sakinlər rayonun idarəçiliyinə, nəcib və xeyirxah əməllərin həyata keçirilməsinə qatılırlar. Nəticədə məhəllədəki təmir-tikinti işlərində nəzərdən qaçırılan müəyyən məsələlər, unudulanlar növbəti məhəllənin abadlaşdırılması zamanı nəzərə alınaraq öz həllini tapır. Məhəllələrdə oturacaqlar qoyulur, səkilər salınır, yaşıl otlar döşənir, uşaqlar üçün guşələr, idman meydançaları yaradılır. Bu gün gözümüzün qarşısında rayonun 8-ci mikrorayon ərazisi əsl istirahət parkına çevrilir.

Rayon rəhbərliyi deyir ki, insanların problemlərinin həllindən nə qorxmaq, nə də qaçmaq lazımdır: "Əksinə, bu problemlərin üstünə getmək, onların həllini tezləşdirmək lazımdır. Belə olduqda insanlar bizdən və bizim işimizdən razı qalacaqlar". Bu, məsələlərə müasir yanaşma metodudur. Odur ki, rayon icra hakimiyyətinin başçısı sakinlərlə tez-tez görüşməyə, onları qəsəbə-qəsəbə, məhəllə-məhəllə qəbul etməyə, dinləməyə üstünlük verir. Təkcə 9 ayda keçirilən 32 görüşdə 4500 nəfərdən artıq rayon sakini iştirak etmişdir. Bu görüşlərdə sakinlər rayonun problemlərinin həllində yaxından iştirak etməyə, təşəbbüs göstərməyə, fikir söyləməyə, dəyərli məsləhətlərlə çıxış etməyə dəvət olunur. İndi insanlar evdə su kranının xarab olmasını, sutka ərzində su ilə təmin olunmamasını, evinin giriş qapısının yaxşı bağlanmamasını yox, binanın liftinin sıradan çıxdığını, yolların təmirə ehtiyacı olduğunu, məhəllələrdə qocalar, uşaqlar üçün əyləncə və istirahət yerləri yaratmağın vacibliyini və digər ümumi məsələləri dilə gətirirlər. Necə deyərlər, əhali ilə yerli hakimiyyətin isti ünsiyyəti əsl xalq idarəçiliyi formasını yaradır.

Rayonda məişət tullantıları sutka ərzində üç dəfə daşınır. Bunun üçün kifayət qədər texnika alınıb, tullantılar üçün 1000-dək yeni konteynerlər gətirilib. Özü də konteynerlər harada gəldi qoyulmur. Onlar üçün xüsusi yerlər tikilir. Görünür, bu işdə şüarçılığın vaxtı çoxdan keçib. Əməli görməyin zamanıdır. Binəqədi rayonunda olduğu kimi. Bu gün rayon ərazisində hər kəs məişət tullantısını haraya gəldi atmır, yerə atdığı bir kibrit çöpünün belə,  təmizliyə xələl gətirdiyinin məsuliyyətini dərk edir. Əminik ki, qəsəbə və mikrorayonlardan ibarət olan Binəqədi tezliklə həm də öz təmizliyi ilə nümunəvi rayon olacaq.

Paytaxtın bütün ərazilərində olduğu kimi, Binəqədi rayonunda da qanunsuz tikililər sarıdan ciddi problemlər yaşanır. Uzun illər ərzində neft-qaz yataqları üçün ayrılmış ərazilərdə, su-kanalizasiya kəmərlərinin, yüksək gərginlikli enerji xətlərinin, dəmir və şose yollarının zolaqlarında heç bir sənəd olmadan, ən yaxşı halda bələdiyyə qərarları ilə minlərlə qanunsuz evlər tikilmiş, həyətyanı sahələr salınmışdır. Bu səbəbdən belə yaşayış sahələrində müxtəlif bədbəxt hadisələr baş verir, yanğınlar olur, evlər uçur. Xatırlayıram ki, bir neçə il bundan əvvəl Rəsulzadə qəsəbəsində həyətində ağac kəsən sakin budağın evinin üstündən keçən yüksək gərginlikli elektrik xəttinə toxunması nəticəsində həyatını itirmişdi. Digər tərəfdən, həmin ərazilərə heç bir mühəndis- kommunikasiya xətləri, yollar çəkilməmiş, sosial infrastruktur obyektləri, məktəb, xəstəxana, uşaq bağçaları, müxtəlif xidmət obyektləri yaradılmamış, onlar üçün torpaq sahələri saxlanılmamışdır. Məhz bu cür halların nəticəsidir ki, indi həmin ərazilərdə çoxsaylı problemlər yaşanır. Amma çətin də olsa, bu gün Binəqədi rayon rəhbərliyi problemlərin həllinə çalışır, həmin ərazilərdə sosial infrastruktur yaradılır və nəticədə müsbət dəyişikliklərə nail olunur.

Azadlıq prospektinin böyük bir hissəsi Binəqədi rayonu ərazisindən keçir. Prospektin müasir tələblərə uyğun olaraq geniş layihəsi tutulmuş, dünyanın və ölkəmizin təcrübəli memarları bu işə cəlb edilmişdir. Yaxın vaxtlarda prospektin yenidənqurulmasına başlanacaq. Burada müasir yeraltı, yerüstü keçidlər quraşdırılacaq, piyadalar, velosipedçilər və fiziki qabiliyyəti məhdud olan insanlar üçün zolaqlar salınacaq, ictimai nəqliyyatın gediş-gəlişi üçün ayrıca yoldayanacaqlar yaradılacaq.

Bakıya daxil olan insanlarda ilkin təəssürat şəhərin giriş qapısından başlanır. Bütün şəhərlər belədir. Bakı-Sumqayıt yolu paytaxtı təkcə sənaye şəhəri olan Sumqayıtla birləşdirmir. Bu yol həm də şəhərimizin şimal qapısıdır. Hazırlanmış geniş layihə əsasında indi bu yolun ətrafları yaşıl örtüyə, gül-çiçəyə bürünmüşdür. Belə bir mənzərə insanlarda könül xoşluğu, yüksək zövq yaratmaqla yanaşı, onların Bakı kimi gözəl bir şəhərə qədəm basmaları barədə xəbərdarlıq edir.

Aqillərdən biri deyirdi: "Sən çalış gözəllik yarat. O, həm dünyamızı, həm də ürəklərimizi işığa və nura qərq edəcək". İşıq və nur yaradanlara "Sağ ol!" demək isə bizim hər birimizin insani borcumuzdur.

 

 Akif MUSAYEV,

AMEA-nın müxbir üzvü

Azərbaycan.-2012.- 6 dekabr.- S.4.