Bakıda Dəmiryolçuların Həmkarlar İttifaqları Beynəlxalq

 Konfederasiyasının IV Konqresi keçirilir

 

Dekabrın 5-də Bakıda Dəmiryolçuların Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyasının (DHİBK) IV Konqresi işə başlamışdır.

AzərTAc xəbər verir ki, tədbir iştirakçıları Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə gül dəstələri düzülmüşdür.

Sonra Şəhidlər xiyabanına gələn tədbir iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə çiçəklər düzmüş, "Əbədi məşəl" abidəsini ziyarət etmişlər.

Əvvəlcə DHİBK-nın 42-ci yığıncağı keçirilmiş IV Konqresin təşkilati məsələlərinə baxılmış, Azərbaycan  Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqları Respublika Komitəsinin sədri Fəzail Bağırov və təşkilat şöbəsinin müdiri Samir Böyükzadə DHİB Konfederasiyasının IV Konqresinə  nümayəndə seçilmişlər.

"Abşeron Marriot" hotelində keçirilən tədbirin birinci günündə Dəmiryolçuların Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyasının sədri Nikolay Nikiforov çıxış edərək IV Konqresin gündəliyi barədə məlumat vermiş, müzakirə olunacaq mövzuların aktuallığını diqqətə çatdırmışdır.

Sonra Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının  (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev AHİK-in respublikamızın ictimai həyatında oynadığı mühüm roldan, iqtisadiyyatın və cəmiyyətin demokratik dəyərlərinin inkişafı sahəsində gördüyü işlərdən danışmışdır. Bildirilmişdir ki, əhalinin sosial-iqtisadi və məşğulluq problemlərinin həlli üçün hökumətlə sıx əməkdaşlıq edən AHİK və onun üzv təşkilatları qanunvericiliklə onlara həvalə edilmiş hüquq və səlahiyyətlərinin yerinə yetirilməsində uğurlu addımlar atırlar.

Qeyd olunmuşdur ki, respublika əhalisinin sağlamlığının qorunması və istirahətlərinin təşkili məsələlərinin həlli istiqamətində həmkarlar ittifaqları ardıcıl olaraq aparır. İşçilərin və ailə üzvlərinin məişət və istirahətinin təşkilinə, sağlam həyat tərzi sürmələri üçün şərait yaradılmasına xüsusi önəm verən Azərbaycan həmkarlar ittifaqları bu məqsədlə onların sağlamlığının qorunması, istirahətinin təşkili sahəsində ciddi tədbirlər və islahatlar həyata keçirir. İşçilərin sağlamlığını daim nəzarətdə saxlamaq üçün monitorinqlər keçirilir, istehsalat zədələrinin və peşə xəstəliklərinin azalmasına və profilaktikasına yönəldilmiş proqramlar işlənib hazırlanır.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Arif Əsgərov ölkəmizin polad magistralının inkişaf etdiyini, yeni layihələrin reallaşdırıldığını bildirmişdir. Qeyd olunmuşdur ki, Avropa ilə Asiya arasında çəkilən Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu daşımaların həcminin artmasında mühüm rol oynayacaqdır. Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçəcək yeni dəmir yol xətti ilə ilk qatarın 2014-cü ilin birinci rübündə yola salınması planlaşdırılır.

Bundan başqa, dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 kilometr yolun əsaslı təmirinə də başlanıldığını deyən QSC sədri, artıq 150 kilometr yolun əsaslı təmir olunduğunu, yenidənqurmadan sonra isə bu istiqamətdə qatarların sürət həddinin saatda 140 kilometrə çatdırılacağını söyləmişdir.

Dəmiryolçuların sosial vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində görülən tədbirləri də diqqətə çatdıran A.Əsgərov işçilərin sosial vəziyyətlərinin, mənzil şəraitlərinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən də danışmışdır.

İki gün davam edəcək tədbirdə Dəmiryolçuların və Nəqliyyat İnşaatçılarının Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyasının III Konqresindən sonrakı işi və 2012-2017-ci illər üçün fəaliyyət Proqramının əsas istiqamətlərinə və IV Konqresin təşkilati məsələlərinə dair müzakirələr aparılacaq, müvafiq qərarlar qəbul olunacaqdır.

 

Azərbaycan.-2012.- 6 dekabr.- S.5.