AzərTAc-da Çinin
«Sinxua» informasiya agentliyinin
Azərbaycan ilə ÇXR
arasında diplomatik münasibətlərin
qurulmasının 20-ci
ildönümünə həsr olunmuş fotosərgisi
açılmışdır
Azərbaycan Dövlət Teleqraf Agentliyində (AzərTAc) Çinin "Sinxua" informasiya agentliyinin Azərbaycan ilə ÇXR arasında diplomatik münasibətlərin qurulmasının 20-ci ildönümünə həsr olunmuş fotosərgi açılmışdır.
AzərTAc xəbər verir ki, açılış mərasimində ÇXR-in Azərbaycandakı səfiri Xun Tsyuin, AzərTAc-ın baş direktoru Aslan Aslanov, Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsiya İnstitutunun nümayəndələri, "Sinxua" agentliyinin Azərbaycandakı xüsusi müxbiri iştirak etmişlər.
Sərginin təşkilatçıları AzərTAc, Çinin "Sinxua" agentliyi, BDU yanında Konfutsiya İnstitutudur.
Mərasimi açan AzərTAc-ın baş direktoru Aslan Aslanov bu tədbiri Azərbaycan ilə Çin arasında dostluq münasibətlərinin nəticəsi kimi qiymətləndirmişdir. Dünyanın nüfuzlu xəbər agentliklərindən biri olan "Sinxua" agentliyinin sərgisinin AzərTAc-da açılması mühüm əhəmiyyət kəsb edir. İki agentlik arasında dostluq münasibətləri və informasiya mübadiləsi fəal inkişaf edir. Gələcəkdə bu əlaqələr yüksələn xətlə artacaqdır.
Baş direktor ümummilli lider Heydər Əliyevin tarixi kökləri olan Azərbaycan-Çin münasibətlərinin inkişafında xüsusi xidmətlərini diqqətə çatdırmışdır. Bildirilmişdir ki, ulu öndər Heydər Əliyev hələ Sovet İttifaqı KP MK Siyasi Bürosunun üzvü, Nazirlər Soveti sədrinin birinci müavini olduğu dövrdə iki böyük dövlət arasında yaranmış gərginliyin aradan qaldırılması üçün çox işlər görmüşdür. Aslan Aslanov müasir müstəqil Azərbaycanın Prezidenti Heydər Əliyevin 1994-cü ildə ÇXR-ə rəsmi səfəri zamanı Çin rəhbərliyinin, sadə vətəndaşların ümummilli lideri necə dərin hörmət və məhəbbətlə qarşıladıqlarının şəxsən şahidi olduğunu vurğulamışdır.
Azərbaycan ilə Çin arasında təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş mehriban dostluq və əməkdaşlıq münasibətlərini hazırda Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlət başçısının ÇXR-ə səfəri zamanı uğurlu danışıqlar aparılmış, ikitərəfli münasibətlərdə yeni mərhələnin təməlini qoymuş, vacib sənədlər imzalanmışdır.
Sonra Aslan Aslanov bildirmişdir ki, bir neçə il əvvəl AzərTAc ilə "Sinxua" arasında informasiya sahəsində əməkdaşlıq haqqında sənəd imzalanmışdır. AzərTAc və "Sinxua" uğurla əməkdaşlıq edir, müxtəlif dünya, regional, informasiya təşkilatlarında bir-birini dəstəkləyirlər.
Sonra çıxış edən BDU yanında Konfutsiya İnstitutunun direktoru xanım Xu Fenxua bildirmişdir ki, təmsil etdiyi qurum BDU-da Çin hökuməti yanında çin dilinin təbliği dəftərxanası nümayəndələrinin təşəbbüsü ilə təşkil olunmuşdur. Bundan məqsəd Azərbaycan ilə Çin arasında dostluq münasibətlərini, qarşılıqlı anlaşmanı, təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlığı genişləndirmək və möhkəmləndirməkdir.
Xanım Xu Fenxua sərginin yüksək səviyyədə təşkilinə görə təşəkkür etmiş və ümidvar olduğunu bildirmişdir ki, Konfutsiya İnstitutu və AzərTAc iki xalq arasında münasibətlərin inkişafı üçün bundan sonra da əməkdaşlıq edəcəklər.
"Sinxua" agentliyinin Azərbaycan üzrə müxbiri Lyu Yanq bildirmişdir ki, Çin ilə Azərbaycan arasında diplomatik əlaqələr yüksək səviyyədədir. Ölkələrimiz arasında xoş münasibətlər qurulmuşdur və bu sərgi göstərir ki, siyasi, mədəni və digər sahələrdə əlaqələrin inkişafı üçün böyük potensial vardır. Sərgi 20 il ərzində münasibətlərimizin dinamikasını nümayiş etdirir və fotoşəkillərin əksəriyyəti ÇXR ilə Azərbaycan arasında dostluğun tarixi məqamlarını əks etdirir. Lyu Yanq vurğulamışdır ki, sərgidə "Sinxua" agentliyinin aparıcı fotomüxbirlərinin ötən 20 ildə müxtəlif vaxtlarda çəkdikləri ən yaxşı fotoşəkillər nümayiş olunur və Azərbaycan vətəndaşlarının Çin, onun qədim mədəniyyəti, tarixi və ənənələri ilə tanışlığa kömək edəcəkdir.
Lyu Yanq sərginin yüksək səviyyədə təşkilinə görə AzərTAc-ın rəhbərliyinə, ÇXR-in Azərbaycandakı səfirliyinə, Konfutsiya İnstitutuna təşəkkürünü bildirmişdir.
Sonra sərginin rəmzi açılışını bildirən lent kəsilmişdir.
Sərgidə "Sinxua" agentliyinin fotomüxbirlərinin 90 işi nümayiş etdirilir. Bir sıra fotoşəkillərdə iki ölkə arasında siyasi, elmi, mədəni münasibətlərə dair tədbirlər, ÇXR və Azərbaycan rəhbərlərinin rəsmi səfərləri əksini tapmışdır.
Sərgi 10 gün davam edəcəkdir.
Azərbaycan.-2012.- 6 dekabr.- S.5.