Multikulturalizmin Azərbaycan modeli

 

İslam Qərb multikulturalizminə təhlükədirmi?

 

Avropaya fərqli mədəniyyət daşıyıcılarının işçi miqrasiyası Qərb multikulturalizmini yeni bir çağırışla qarşı-qarşıya qoydu. Türkiyədən, Şimali Afrika, Yaxın və Orta Şərqin keçmiş müstəmləkə ölkələrindən gələn miqrantlar müsəlman olduqları üçün Qərb İslamla yenidən qarşılaşmalı oldu. Tarix indiyədək İslam dini daşıyıcılarının Avropaya birbaşa təsiri ilə iki dəfə qarşılaşmışdır. Birinci dəfə İspaniyada Kordoba Xilafətinin yaradılması zamanı, ikinci dəfə isə Vyanayadək Avropa torpaqlarının Osmanlı imperiyasının nüfuz dairəsinə daxil olması ilə. Lakin hər iki halda imperiyaların zəifləməsi və ya dağılmasından sonra Avropa müsəlmanlara qarşı dini dözümsüzlük göstərmişdir. İspaniyada, Balkanlarda müsəlmanların dini səbəblərdən təqib olunması, islam mədəniyyətinin dağıdılması Qərbin İslama münasibətdə tarixi ənənəsini göstərir. İndi isə vəziyyət fərqlidir. İşçi miqrantlar Avropaya işğal yolu ilə deyil, cəmiyyətin içərisinə nüfuz etməklə daxil olurlar. Belə olan halda isə Avropanın bu yeni İslam dalğası ilə əvvəlki metodla mübarizə apara bilməsi real görünmür.

Avropada müsəlmanların öz dinlərinə sadiq qalmaları, bununla yanaşı, İslamın bir din olaraq populyarlaşması, müsəlman əhalinin demoqrafik artım göstəriciləri Qərb cəmiyyətinin gələcəyi üçün əsas narahatedici məqam kimi qəbul olunur. Bunun nəticəsidir ki, Qərbdə islamı bir fobiya olaraq görürlər. Azlıqların çoxluqlara çevrilməsi qorxusu Qərbsayağı multikulturalizmin qarşısında duran əsas çağırışdır. Bir müddət əvvəl Vatikan Ədalət və Sülh İcmasının sədri kardinal Pyotr Turksonun "Sinodo" ruhani məclisində İslam dinini Avropanın gələcəyinə təhdid kimi qiymətləndirməsi də bunu göstərir. O bildirmişdir ki, 2026-cı ildə Avropa müsəlmanlar qarşısında azlıqda qalacaq, Fransa isə 39 ildən sonra İslam dövləti olacaq.

Avropada belə hesab edirlər ki, miqrantlar Avropanın insan hüquqları Konvensiyasının verdiyi imkanlardan, burada mövcud olan insan hüquqları və azadlıqlarından sui-istifadə edirlər. İndi Avropada demokratiya, yaxud şəriət qaydaları, islam, yoxsa azadlıq kimi əslində qətiyyən müqayisə oluna bilməyəcək məfhumlar cəmiyyətin qarşısında əks dilemmalar kimi ortaya qoyulur.

Bundan başqa, iqtisadi faktor da mühüm rol oynayır. Miqrantların sayının artması fonunda Avropada dominant millət arasında artan işsizlik və zəif sosial təminat Qərbin multikultural dəyərlərinə və tolerantlığına zərbə vurmuş oldu. Belə bir fikir formalaşdırılır ki, multikulturalizmin Avropa modelinin məğlubiyyətə uğramasının səbəbi miqrantların universal Qərb həyat normasına daxil ola bilməmələri, demokratik prinsipləri və insan hüquqlarının aliliyini rəhbər tutan Avropa qanunlarının isə olduqca mülayim olması ilə əlaqədardır. Hadisələrin belə axarı isə Avropada ifrat millətçilik ideologiyasının və ultrasağçı siyasi partiyalarının tərəfdarlarının artmasına, irqçi və şovinist çıxışlara səbəb olmuşdur. Görünən odur ki, vaxtilə Avropa dövlətlərinin özlərinin dəvət etdiyi, stimullaşdırdığı miqrantların iqtisadi vəziyyət pisləşdikdə ədalət, demokratiya, tolerantlıq, insan haqları kimi bəşəri dəyərlərdən kənar hər cür münasibətlə üzləşməsi normal qarşılanmalı və bu Qərb identikliyinin özünü qoruması kimi qəbul olunmalıdır. Hətta miqrantlara qarşı hazırkı siyasi kursu demokratik prinsiplərdən geriyə addım olsa belə, Avropanın siyasi liderləri bu addımları atmaqdan çəkinmirlər. Qərb cəmiyyətinin bu tədbirləri dəstəkləməsi isə ümumilikdə "tolerant" yanaşmanın bariz nümunəsidir.

Maraqlıdır ki, multikulturalizmin böhranı ilə bağlı səslənən bəyanatlar qlobal iqtisadi böhranla zaman etibarilə üst-üstə düşür. Qərbdə bir çox dairələr qlobal iqtisadi böhranın yaranma səbəbi olaraq real iqtisadiyyata söykənməyən mexanizmin çökməsini deyil, miqrantların yaratdığı problemləri qabardırlar. Lakin Avropa cəmiyyətində miqrantlara sosial və iqtisadi problemlər yaradan təbəqə kimi baxanlar mühacirlərin elitası və orta təbəqəsi tərəfindən Qərbə gətirilən "intellekt" və "sərmayə" haqqında danışmaq istəmirlər. Halbuki Avropanın gələcəyi və davamlı inkişafı naminə bu nüanslar miqrantların yaratdığı problemləri dəfələrlə üstələyir. Ümumiyyətlə qlobal iqtisadi böhran Qərbdə multikulturalizmlə yanaşı, mənəviyyatın da, hətta beynəlxalq hüququn da böhran yaşadığını göstərdi. Beynəlxalq siyasi arenada dövlətlərə qarşı ikili standartlar prizmasından yanaşmanın da bununla əlaqəli olduğu açıq-aydın görünür.

Hazırda belə fikirlər səslənir ki, Qərb və İslam mədəniyyətləri yanaşı yaşaya bilməz. İslam əleyhinə kəskin çıxışları ilə tanınan hollandiyalı siyasətçi Qert Vilders "Multikulturalizmin yenilməsi, yaxud islam hücumunun qarşısını necə almalı" adlı məqaləsində İslamı təhlükəli ideologiya adlandırır və bildirir ki, İslam bizim Qərb həyat tərzimizlə uyğun deyil.

 İslam Avropada cəmiyyətə düzgün təqdim edilmir. Bəzi radikal qüvvələr və onların siyasətdə, mətbuatda havadarları tərəfindən islam və terror anlayışları yanaşı çəkilir. İslam dini abidələrinə, müsəlman geyim və davranış normalarına Fransa, İsveçrə, Belçika və digər Avropa ölkələrində dözümsüzlük nümayiş etdirilir. Tarixə nəzər saldıqda Avropada indi islama qarşı sərgilənən münasibətin zamanında digər dinlərin daşıyıcılarına da tətbiq olunduğunu görürük. Tarix boyunca yəhudilər fərqli dini əqidə daşıyıcıları olduğu üçün bir neçə dəfə Avropadan qovulmuşlar. XV əsrdə İspaniyadan yəhudilərin qovulmasını, II Dünya müharibəsi zamanı isə bütünlükdə Avropada yəhudilərin təqib olunmasını misal göstərmək olar.

Orta əsrlərdə baş qaldıran rekonkista hərəkatı Qərbin dini müxtəlifliyə dözümsüzlüyünün əyani göstəricisidir. Məlum olduğu kimi, Ərəb passionarlığının intibahı dövründə İslam dini bütün Cənubi Avropada geniş yayılmışdı. Xüsusilə, İspaniyada Kordova Xilafətinin təsiri altında əhali arasında İslam dini geniş yayılmışdı. Lakin xristianlıq ideyaları üzərində yüksələn və digər dinlərə qarşı dözümsüzlük göstərən rekonkista hərəkatı nəticəsində müsəlmanlarla bərabər yəhudilər də qitədən sıxışdırılıb çıxarıldılar. 1492-ci ildə İspaniyada ərəblərin hakimiyyətinə son qoyulmasından sonra, 1610-cu ilə qədər müsəlmanlar və yəhudilərin hamısı İspaniyadan qovuldu. İspaniyada güclü katolik dövləti yaradıldı. Xristianlığı qəbul edən müsəlmanlar vəzifələrə təyin olunur və onlara torpaq sahələri verilirdi. Təkcə XVI əsrdə üç milyon müsəlman sürgün və ölümlə üzləşmişdir. Xristianlar tərəfindən aparılan təbliğatın əsas istiqamətlərindən biri də, müsəlmanlar tərəfindən tikilmiş tikililərin dağıdılması və ya fəaliyyət sahələrinin dəyişdirilməsindən ibarət idi. Bu yolla onlarla məscid və kitabxana dağıdılaraq yandırılmışdır. Maraqlıdır ki, İspaniyadan qovulan yəhudiləri heç bir Avropa dövləti deyil, məhz Osmanlı imperiyası qəbul etmişdir.

Beləliklə, tarixi hadisələr göstərir ki, Qərbin dini tolerantlıq və multikultural dəyərləri yalnız öz dini dəyərlərinin digərlərinə qəbul etdirilməsi üzərində qurulmuşdur. Belə olan halda immiqrant ölkələr olaraq xarakterizə edilən Avropa dövlətləri fərqli mədəniyyət və dini daşıyıcılar olan mühacirləri Qərb cəmiyyətinə yalnız assimilyasiya etməyə çalışırlar. Yəni çoxmədəniyyətlik yalnız Qərb dəyərlərinin dominantlığı və vahid mozaik quruluşun heç nə ilə seçilməyən tərkib hissəsi kimi qəbul oluna bilər. Bu isə müasir dövrdə əhalisi müxtəlif mədəniyyətləri və millətləri təmsil edən Avropa üçün multikulturalizmin gələcək taleyini təhdid edir. Bugünkü reallıq ondan ibarətdir ki, Avropanın əksər dövlətləri artıq immiqrant ölkələrdir. Yəni əhalinin ən az 10 faizini əcnəbilər təşkil edir. Buna görə də multikulturalizm Qərb cəmiyyəti üçün bir seçim deyil, məhz zərurətdir.

Əhalisi gənc olan ölkələr üçün bu problem yaranmır. Lakin Avropanın əksər aparıcı ölkələrində əhalinin yaşlanması və əməkqabiliyyətli əhalinin xüsusi çəkisinin azalmasının inkişaf üçün əsas problemlərdən olduğunu nəzərə aldıqda Avropanın multikulturalizm ideologiyasından imtina etmək şansının da olmadığını görürük. Məsələn, aparılan tədqiqatlar göstərir ki, Avropanın əhalisinin sayına görə lider ölkəsi olan Almaniyada əhalinin sayı 50 ildən sonra 10 milyon nəfər azalaraq 72 milyon nəfər olacaq. Paralel olaraq əhalinin yaşlanması prosesi də nəzərəçarpacaq dərəcədə artacaq. Belə ki, 2012-ci ildə 65 yaşdan yuxarı əhalinin xüsusi çəkisi 20,5 faiz olduğu halda, 2062-ci ildə bu nisbətin 30,1 faiz olması proqnozlaşdırılır. Yəni kənardan işçi qüvvəsinin miqrasiyası qaçılmazdır. "Böyük yeddiliyin" digər Avropa ölkələrində də oxşar vəziyyətdir. Bu ölkələrə gələn miqrantların əksəriyyətinin isə müsəlmanlardan ibarət olduğunu nəzərə almaq lazımdır. Beləliklə də bütün bunlar onu göstərir ki, Qərbsayağı multikulturalizmin gələcək taleyi Avropada xristianlıq və islamın dialoqundan, dini və dünyəvi dəyərlərin birgəyaşayışından asılıdır.

 

 

 

Qərbin multikulturalizmin böhranından sonrakı strategiyası

 

 

Qərbsayağı multikulturalizmin bu mərhələsini bir vaxtlar keçmiş Sovet İttifaqında formalaşdırılmağa çalışılan beynəlmiləlçilik ideologiyası ilə müqayisə edirlər. Məlumdur ki, Sovet İttifaqında dövlət siyasəti milli mədəniyyət və ideologiyanın məhv edilməsinə yönəlmişdi. Süni yaradılmış xalqların qardaşlığı meyarına xidmət, dini, tarixi, mədəni ənənələrdən imtina və əvəzində vahid sovet cəmiyyəti və vətəndaşı yaradılması siyasəti özünü doğrultmadı. Çünki bu ideologiyada fərqli milli, mədəni, dini dəyərlərin birgəyaşayışına hörmət prinsipi gözlənilmirdi. Universal dəyərlər sistemi milli-mədəni mentaliteti nəzərə almadan formalaşdırılmağa çalışılırdı. Vahid mədəni məkanın yaradılması üçün isə ilk növbədə, tolerant münasibət zəruridir. Bu mənada, beynəlmiləlçilik və Qərbsayağı multikulturalizmin arasında müəyyən oxşarlıqların olduğu görünür. Beynəlmiləlçilik ideologiyası özünü doğrultmadı, fərqli mədəniyyətləri öz mədəni dəyərlərinə təhlükə hesab edən multikulturalizmin "Avropa modeli" isə böhran yaşayır.

Qərbin multikultural dəyərlərinin formalaşmasında böhrandan sonrakı dövr üçün yeni meyil müşahidə olunur. Qərb böhranla qarşılaşdıqdan sonra çıxış yolu kimi Qərb dəyərlərinin bəşəri ideya olaraq qlobal miqyasda qəbul etdirilməsinə çalışır. Bu mərhələni Qərb modelinin universal bəşəri dəyərə çevrilməsi istiqamətində cəhd kimi qiymətləndirmək olar. Yəni Avropaya yeni gələn miqrantlara Qərb dəyərlərinin qəbul etdirilməsi onlar hələ miqrasiya etməmişdən əvvəl öz ölkələrində ikən başlanır. Bununla da Qərb Avropa cəmiyyəti daxilində miqrantlara münasibətdə həll edə bilmədiyi problemləri qlobal miqyasda milli-mədəni mentalitetdən kənar kosmopolit dəyərlər hesabına həll etməyi düşünür. Bu gün qloballaşma prosesi multikulturalizm müstəvisində mədəni dəyərlərin universal modelini yaratmağa yönəlmişdir. Bu yeni tendensiyada əsas xarakterik xüsusiyyət ondan ibarətdir ki, Qərb mədəniyyəti təkcə öz mədəni dəyərlərini diktə etməklə kifayətlənmir, həm də başqa mədəniyyətlərin dəyər meyarlarının formalaşmasına nəzarət edir.

Qərb həyat tərzinin qlobal miqyasda dominant təsir mexanizminin yaradılması taktikası Qərbin mədəniyyətlərin qarşıdurmasından çıxış strategiyası kimi nəzərdən keçirilir. Bu gün siyasi, iqtisadi, mədəni həyatda qloballaşma prosesləri, tolerantlıq, çoxmədəniyyətlik kimi gündəlik həyatımızı zəbt edən proseslər bu istiqamətə yönəldilir. Beynəlxalq hüquq və universal normalar, mətbuat, internet, kino, musiqi, kulinariya, brend məhsullar və daha ağla gəlməyən hər bir şey bu məqsədlə istifadə olunur. Məsələn, günümüzdə sırf Qərbə məxsus ənənə olaraq "Cadılar bayramı" (Halloween) adlı bir mərasimi kütləviləşdirmək və qlobal miqyasda, xüsusən də İslam dünyasına təqdim etmək üçün "Macdonalds" restoranlar şəbəkəsindən istifadə olunur. Müsəlman ölkələrdə "Macdonalds" restoranlarında bu bayramın təmtəraqla keçirilməsi yeni nəslin hafizəsində qalmaqdır. Çünki məlum olduğu kimi, bu restoranlar ən çox uşaqların sevimli məkanıdır.

Hollivud kino industriyası da Qərb dəyərlərinin bəşərilik qazanması üçün xüsusi rola malikdir. Bu kinolarda təqdim olunan Qərb həyat tərzinin cazibədarlığı heç də reallığı əks etdirmir. Bir tərəfdən güclü texnologiyaya əsaslanan hərbi qüdrət, ədalət uğrunda mübarizə, gündəlik həyatda lüks avtomobillər, restoranlar, zərif cinsin ehtiraslı libidosunun təqdimatı izləyicilərdə fərqli təsəvvürlər yaradır. Uşaqlar üçün multfilm qəhrəmanlarının da yaradıcıları onlardır. Mickey Mouse, Tom və Ceri, Superman, Betman kimi personajlar Qərb dəyərlərinin təqdimatına öz töhfələrini verirlər. Bu gün kino mütəxəssisləri də həyəcan təbili çalırlar ki, artıq multfilmlər uşaqların vaxtından əvvəl böyüməsinə səbəb olur və ümumilikdə yaş kateqoriyasına uyğun deyil. Beləliklə, hələ uşaqlıqdan insanların hafizəsinə sevimli əyləncə kimi daxil olan media imperiyalar bütün sonrakı həyatı boyu insanlara təqdim etdiyi informasiyaya inandırmaq üçün bünövrə hazırlayırlar.

Musiqi də bəşəri dəyər ola bilmək üçün güclü təsirə malikdir. İslam ölkələrində Qərb musiqisi mühüm təsir vasitəsi hesab olunur. Belə ki, bəzi İslam ölkələri var ki, yerləşdiyi çətin coğrafi şəraitə görə Qərb üçün əlçatmazdır. Bu mənada, Əfqanıstanı xüsusi fərqləndirmək lazımdır. Lakin maraqlıdır ki, bir neçə yüz ildir Qərbə silahla təslim olmayan Əfqanıstana da Qərb dəyərləri musiqi vasitəsilə nüfuz etmək iqtidarındadır. 2011-ci ildə Kabildə keçirilən rok festivalının öz ətrafında əfqan gənclərini, hətta qadınları da toplaya bilməsi maraq doğurur.

Bu gün insan hüquqlarının müdafiəsi altında atılan addımlarda belə Qərbin sinxron münasibət tələb etməsi müəyyən maraqlara xidmət edir. Belə ki, Avropanın xüsusən İslam ölkələrində ən həssas yanaşdığı məsələlər gender bərabərliyi, cinsi azlıqların müdafiəsi, kənd yerlərində maarifləndirmə kimi demoqrafik struktura təsir edə biləcək məsələlərdir. Avropa İttifaqının İslam ölkələrinə yardım proqramlarında da qeyd edilən istiqamətlər prioritet təşkil edir. Göstərilən sahələrdə İslam ölkələrinin minillərdir formalaşmış ənənələri, əxlaq normaları heç bir halda nəzərə alınmır və Qərbdə tətbiq olan normalar İslam ölkələrinin qarşısında insan hüquqları standartı olaraq qaldırılır. Məsələnin görünməyən tərəfi isə bundan ibarətdir ki, bu yanaşma Qərbin demoqrafik siyasətinə xidmət edir. Belə ki, məlum olduğu kimi, Avropada əhalinin təbii azalması və eyni zamanda yaşlaşması prosesi gedir. Əsas səbəb kimi isə ailə dəyərlərinin tənəzzülə uğraması, müxtəlif cinsi azlıqların sayının artması, boşanmalar, qadınların karyeranı ailədən üstün tutması, urbanizasiya səviyyəsi və digər amilləri sadalamaq olar.

Bütün bunların fonunda Qərb inkişafı təmin edə biləcək insan resursları çatışmazlığını işçi miqrantlar hesabına doldurur. Bu miqrantların yeni gəldikləri ölkələrdə öz ənənəvi əxlaq və ailə normaları çərçivəsində həyatlarını davam etdirməsi isə onların say olaraq xüsusi çəkisinin artmasına səbəb olar. Belə olan halda, Qərb əvvəlcədən müsəlman ölkələrində cinsi azlıqları müdafiə etməklə, ailədə və işdə sərbəst qadın tipajı yaratmaqla, kənd yerlərində şüurlara təsir etməklə İslam ölkələri ilə demoqrafik balansı tənzimləmək istəyir.

Beləliklə, Qərbin multikulturalizm böhranından çıxa bilmək üçün bəşəri ideyalar adı altında qlobal müstəvidə universal dəyərlər yaratmaq niyyəti əvvəlcədən uğursuzluğa məhkumdur. Doğrudur, atılan addımlar təsirsiz də deyil. Çünki hazırda İslam ölkələrində cəmi 40-50 il əvvəl tabu kimi görünən bir çox xarakterik xüsusiyyətlər transformasiya olunmuş və ya adiləşmişdir. Ailə dəyərləri sürətli şəkildə deqradasiyaya uğrayır. Mətbuatda, televiziyada ənənəvi olmayan cinsi münasibətlər həyat tərzi olaraq təqdim olunur. Əhalinin müəyyən təbəqəsi üçün bütün bunlar adiləşmişdir və maraqlıdır ki, Avropa bu qismi mühacir olaraq heç bir şərtsiz qəbul edir. Bütün bunların islam ənənələrinə uyğun gəlməməsinə isə dözümsüzlük kimi baxılır. Belə olan halda Qərbsayağı multikulturalizmin gələcəyi dumanlı görünür və hansı trendlərə səbəb olacağını proqnozlaşdırmaq çətinlik yaradır.

 

 

 

Multikulturalizm - həyat tərzi

 

 

Beləliklə, mədəniyyətlərarası münasibətlərdə bir modelin hökmranlığı özünü doğrultmur. Qərbsayağı multikulturalizmin qarşılaşdığı böhran da bunu bir daha təsdiq edir. Yalnız Qərb dəyərləri üzərində qurulan universal dəyərlərin heç bir milli-mədəni xüsusiyyətləri nəzərə almadan qlobal arenada qəbul olunması mümkünsüzdür.

Lakin bu heç də o demək deyil ki, multikulturalizm iflasa uğrayıbdır, onun gələcəyi yoxdur. Qənaətimizə görə, multikulturalizmin bu günü də, gələcəyi də vardır. Hər bir regionun və hətta bəzən ayrılıqda götürülmüş hər bir ölkənin özünəməxsus multikultural dəyərləri mövcuddur. Min illərdir yanaşı yaşayaraq sərbəst qarşılıqlı təsir hesabına zəngin mədəni mühit formalaşdırılması bəşəriyyətin təbii inkişaf yolunu əks etdirir.

Belə məkanlardan biri də Azərbaycandır. Şərqlə Qərbin, Şimalla Cənubun, xristianlıqla islamın, müxtəlif sivilizasiya və mədəniyyətlərin qovşağında yerləşən Azərbaycan multikulturalizmin əbədiyaşar olduğunu təsdiqləyir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İkinci Bakı Beynəlxalq Humanitar Forumunda çıxışında bildirdiyi kimi, "Multikulturalizm bizim həyat tərzimizdir. Nisbətən yeni anlayış olmasına baxmayaraq, multikulturalizm əsrlər boyu xalqımıza xas olan bir anlayışdır. Əsrlər boyu müxtəlif dinlərin, millətlərin nümayəndələri Azərbaycanda bir ailə kimi yaşamışlar." Multikulturalizmin uğurunun başlıca şərti bəşəri və milli ideyaların birgə mövcudluğu, eləcə də multikultural dəyərlər sisteminin əhatə dairəsində olan xalqların milli identikliklərinin qorunmasıdır. Başqa mədəniyyətə, dinə, tarixə olan hörmət öz dəyərlərinə olan hörmətdən başlamalıdır.

Beləliklə, maraqlı mənzərə yaranır. Necə olur ki, dünyanın ən inkişaf etmiş regionu hesab olunan Qərbdə multikulturalizm böhran yaşayır, digər əksər yerlərdə isə multikulturalizm inkişaf üçün əsas prinsip hesab olunur. Fikrimizcə, əsas fərq bu anlayışa ideologiya, yaxud həyat tərzi olaraq baxılmasından yaranır. Qərbsayağı multikulturalizm dünyada universal model kimi təqdim olunmağa çalışılır, eyni zamanda, digər mədəniyyət daşıyıcılarının fərqli dəyərlərini qəbul etmir. Buna görə özünü doğrultmur. Halbuki qloballaşan dünya fərqli mədəniyyətlərin birgəyaşayışı olmadan mümkün deyil. Bu gün dünyada monoetnik dövlətlər çox az qalıb. Eyni zamanda, beynəlxalq münasibətlərdə də istər siyasi, istərsə iqtisadi və ya mədəni sahə olsun hər hansı dövlət özünütəcrid şəraitində inkişaf edə bilməz. Bəşəriyyət yalnız fərqliliklərin dəyərlərinə hörmət etməklə inkişaf edə bilər.

Lakin Qərb təcrübəsinin uğursuzluğu multikulturalizmin tənəzzülü və ya süqutu demək deyil. Fərqli sivilizasiya və mədəniyyət daşıyıcılarının eyni məkanda yanaşı yaşaması və qarşılıqlı zənginləşməsini həyat tərzi kimi qəbul etmək bəşəriyyətin nicat yoludur. Multikulturalizmin Azərbaycan modeli də sübut edir ki, müxtəlif millətlərin və dinlərin təmsilçiləri öz identikliklərini qorumaqla və digərinə hörmətlə yanaşmaqla inkişaf etmək iqtidarındadırlar.

Sadəcə olaraq, bunu fərqlilikləri assimilyasiya etməyə çalışan ideologiya deyil, əsrlər boyu davam edən gündəlik həyat tərzi kimi qəbul etmək lazımdır. Əslində bəşəriyyətin gələcək inkişafı üçün başqa yol da yoxdur! Ona görə də bəşəriyyət var olduqca multikulturalizm da mövcud olacaqdır. Bu dəyərlərdən standart meyar yaratmağa yönəlmiş ideologiya isə nəinki böhrandadır, hətta yaşamaq hüququnu itirmişdir!

 

 

 

Ərəstü HƏBİBBƏYLİ,

Azərbaycan Respublikası Prezidentinin

 Administrasiyasının Xarici əlaqələr

 şöbəsinin Analitik informasiya sektorunun müdiri,

 iqtisad elmləri üzrə fəlsəfə doktoru

Azərbaycan.-2012.- 6 dekabr.- S.6.