Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu «Gulf News»

 qəzetində Azərbaycanla bağlı geniş məqalə dərc edilmişdir

 

Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) "Azərbaycan" Cəmiyyətinin sədri Samir İmanovun bu ölkənin "Emirates Media" qrupunun məsul vəzifəli şəxsləri ilə keçirdiyi görüşlərin nəticəsi olaraq yerli mətbuatda Azərbaycanla bağlı silsilə yazıların dərci davam edir.

Cəmiyyətdən AzərTAc-a bildirmişlər ki, Azərbaycan haqqında növbəti geniş məqalə BƏƏ-nin ingilisdilli "Gulf News" qəzetində dərc edilmişdir.

Məqalədə Azərbaycan mətbəxinin ləziz təamları, şirniyyatları, Bakıda həyata keçirilən tikinti-quruculuq işləri haqqında ətraflı məlumat verilir. Bildirilir ki, Azərbaycan mətbəxinin dadlı xörəklərinin Bakının qədim tarixi abidələrinin, tikililərinin yaxınlığında yerləşən restoranlarda təqdim edilməsi turistlərin daha böyük marağına səbəb olur.

Məqalədə qeyd edilir ki, Azərbaycan dünyada təkcə öz milli mətbəxi, enerji resurslarının zənginliyi ilə tanınmır. Bu ölkənin paytaxtı Bakı yüksək səviyyədə ev sahibliyi etdiyi mötəbər idman yarışları və digər beynəlxalq tədbirlərlə də dünyanın diqqətini cəlb edir. "Eurovision-2012" mahnı müsabiqəsinin Bakıda yüksək səviyyədə keçirilməsinin buna nümunə olduğu diqqətinə çatdırılır.

Müəllif bu ilin sentyabrında Bakıda "İpək yolunun tamı: kulinariya, mədəniyyət və turizm" mövzusunda beynəlxalq konfransın keçirildiyini xatırladır. Diqqətə çatdırılır ki, bu beynəlxalq tədbir çoxlu sayda turistin Azərbaycan mətbəxinin təamlarını dadmaq üçün Bakıya gəlməsində mühüm rol oynayacaqdır.

Yazıda qeyd edilir ki, müasir Bakı rəngarəng işıqları və çoxlu şüşə binaları ilə hətta Las-Veqasdan daha çox öyünə bilər. Lüks otellər, brend restoranlar mağazalar hər zaman turistlərin diqqətini cəlb edir.

Müəllif yazır ki, Azərbaycanda iqtisadi dirçəlişin daha bir göstəricisi son illər ərzində Bakıda yeni beşulduzlu lüks otellərin tikilib istifadəyə verilməsidir. Hazırda paytaxtda "Jumeirah Beach", "Four Seasons", "Marriott", "Hilton" s. kimi otel brendləri fəaliyyət göstərir. 2013-cü ilin əvvəllərində isə daha bir beşulduzlu  "Fairmont" otelinin açılışı gözlənilir. Qeyd edilir ki, dünyanın ən nəhəng layihələrindən biri olan "Alov qüllələri" kompleksi şəhərə xüsusi yaraşıq verir.

Məqalənin tam mətni ilə http://gulfnews.com/about-gulf-news/al-nisr-portfolio/weekend-review/baku-s-cuisine-lures-gourmets-1.1111794 linkindən tanış olmaq mümkündür.

 

Azərbaycan.-2012.- 6 dekabr.- S.6.