«Qüvvət elmdədir - başqa
cür heç kəs
heç kəsə üstünlük
eləyə bilməz»
Bu günlərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində nəşr olunan Bakı Dövlət Universitetinin professoru, fizika-riyaziyyat elmləri doktoru, funksional analiz, differensial tənliklər və ehtimal nəzəriyyəsi sahəsində görkəmli mütəxəssis, əməkdar müəllim Nadir Süleymanovun "Ehtimal, tam funksiya və evolyusion tənliklər üçün Viman-Valiron tipli qiymətləndirmələr" adlı irihəcmli monoqrafiyası nəfis şəkildə çapdan çıxıb.
Kitabın əsasını N.Süleymanovun MDU-da müdafiə etdiyi doktorluq dissertasiyası təşkil edir. Bir faktı xüsusi qeyd etmək lazımdır ki, istər sovetlər dönəmində, istərsə müstəqillik illərində ilk dəfədir ki, azərbaycanlı riyaziyyatçı-alimin elmi monoqrafiyası M.V.Lomonosov adına MDU-da nəşr olunur.
Nadir Süleymanov hazırda müəllim kimi çalışdığı Bakı Dövlət Universitetini bitirib. Hələ tələbə ikən riyaziyyat elminə böyük maraq göstərən N.Süleymanov diplom işində istilikkeçirmə tənliyi üçün Koşi məsələsini eksponensial artan funksiyalar sinfində uğurla həll etdiyinə görə keçmiş SSRİ Ali Təhsil nazirinin birinci mükafatına layiq görülüb.
O, dəfələrlə dünyanın bir çox ölkəsində - Rusiya, İran, Özbəkistan, Ukrayna və başqa yerlərdə keçirilən elmi konfranslarda məruzələr edərək hamının diqqətini cəlb edib. Müəllif 1965-ci ildə M.V.Lomonosov adına MDU-da əvvəlcə namizədlik, 1982-ci ildə isə doktorluq dissertasiyasını müdafiə edib. Bu illər ərzində onun qələmindən çıxan 50-dən çox elmi məqalə, 3 monoqrafiya elmi ictimaiyyətə yaxşı məlumdur.
Müəllifin alimlərin, ziyalıların böyük marağına səbəb olan bu yeni kitabının təqdimat mərasimi AMEA-nın Riyaziyyat İnstitutunda keçirildi. Tədbiri açan Riyaziyyat İnstitutunun direktoru, akademik Akif Haçıyev elmi monoqrafiya haqqında geniş məlumat verərək bildirdi ki, kitab ehtimal nəzəriyyəsi, analitik funksiyalar nəzəriyyəsi, differensial tənliklər, keyfiyyət nəzəriyyəsi kimi müxtəlif elmlərin ortaq nöqtəsində yaranıbdır. Bu nəticələr analitik funksiyalarla differensial tənliklərin həllərinin xassələri arasında dərin, maraqlı və vacib analogiyalar yaradır. Analogiyalar yaratmaq xüsusi bir istedad tələb edir və dəqiq elmlər sahəsində bəzən həlledici rol oynayaraq bir növ təkan, başlanğıc funksiyasını yerinə yetirəcək.
Viman-Valiron tipli qiymətləndirmələr - başlanğıc şərtləri partlayıcı xarakterli olan riyazi fizika və texnika məsələlərində həllərin məxsusi nöqtələr ətrafında özlərini necə aparması haqqında informasiya yaradır. İnamla demək olar ki, Viman-Valiron tipli qiymətləndirmələr müasir keyfiyyət nəzəriyyəsində tamamilə yeni bir elmi istiqamət açır.
Bir faktı da qeyd etməyə dəyər: kitabda cəmləşən Viman-Valiron tipli nəticələr öz gözlənilməzliyi ilə hətta bu sahədə çalışan mütəxəssisləri də, bir növ heyrətləndirir. Həqiqətdə isə elə elmin gücü, hünəri də bu zaman ortaya çıxır.
Qeyd olundu ki, nəfis şəkildə buraxılan bu nəşr elmi ictimaiyyət və kitabsevərlər üçün yaxşı bir hədiyyədir. Müəllifin özünün də dediyi kimi, müasir kompyuter və internet əsrində kitab yenə öz canlı təsir gücünü qoruyub saxlamaqdadır. O, insanın ən qiymətli sərvəti, bəşəriyyətin əsrlər boyu kəşf etdiyi ən böyük nailiyyətdir.
Çıxış edən digər alimlər - AMEA-nın müxbir üzvü Rauf Hüseynov, professorlar Əkbər Vəliyev, Əli Əhmədov, Sadiq Abdullayev, Mamed Bayramoğlu, Rafiq Əmənzadə, Vəli Qurbanov, Vaqif Qasımov Nadir Süleymanovun bir alim kimi zəhmətsevərliyindən, insani keyfiyyətlərindən ürəklə danışdılar və dönə-dönə vurğuladılar ki, müəllifin əsas uğuru - evolyusion tənliyin həllər ilə ehtimal paylanmaları arasında münasibət düsturlarının qurulmasını aşkara çıxarmasıdır.
Eyni zamanda, professor Nadir Süleymanovun "Ehtimal, tam funksiya və evolyusion tənliklər üçün Viman-Valiron tipli qiymətləndirmələr" kitabı riyaziyyat təmayüllü məktəblərin tələbələri və elmi işçilər üçün olduqca maraqlı bir dərs vəsaitidir.
Hər bir elmi kəşf müəyyən qaranlıqları işıqlandırır, yeni-yeni kəşflərə gətirib çıxarır. Bu mənada, müəllifin yeni tədqiqat əsəri həmkarları və dostları, eləcə də elmə can atan hər bir gənc üçün əlamətdar hadisə, elmdə yeni bir istiqamətdir.
Tədbirin
sonunda çıxış edən professor Nadir Süleymanov
hamıya minnətdarlığını bildirərək ulu
Nizami Gəncəvinin yüz illərə güzgü tutan bu
misralarını yada saldı:
Hələ
açılmamış elm ilə göylər,
Lakin hər elmdə gülür bir səhər.
Bəxtiyar QARACA,
Azərbaycan.-2012.- 6 dekabr.- S.7.