Solmayan rənglərin nağılı

 

XVIII əsrin 60-cı illərinə aid Azərbaycan memarlıq abidəsi Şəki Xan Sarayının yaradılmasının 250 illiyi ilə əlaqədar keçirilən təntənəli tədbirlərdə onun divarlarında, fasadlarında əks olunan  işləmələrdən, əlvan şəbəkələrdən, rəngarəng rəsmlərdən, ornament və təsvirlərin zənginliyindən tez-tez söz açılırdı. Şəki Xan Sarayındakı divar rəsmləri XVIII əsrdə işlənmiş və XIX əsrdə dəfələrlə bərpa edilmişdir. Müxtəlif dövrlərdə yaşamış rəssamların işlədiyi bu təsvirlər, nəbati ornament kompozisiyalarından, insanquş, müharibə və ov səhnələrindən ibarətdir. Divar rəsmlərində əsasən qızılı, firuzəyi, qırmızı, göy, bənövşəyi və sarı rənglərdən istifadə olunmuşdur. Sarayın əsas tərtibatçısı nəqqaş usta Abbas Qulu sayılır. Lakin XIX əsrin sonlarında bu sarayda bərpa işlərini aparan sənətkarlar arasında şuşalı rəssam usta Qəmbər Qarabağinin adı çəkilir. O, Şəki Xan Sarayında divar rəsmlərini bərpa etməklə yanaşı, bəzilərini də yenidən işləmişdir.

Usta Qəmbər haqqında araşdırmalar apararkən "Kommunist" qəzetinin 1945-ci il 8 avqust tarixli sayında maraqlı bir yazı oxuduq. Bu məqalədə Qarabağın tarixi abidələrindən söz açılır, onun yaradılmasında şuşalı memarların fədakar zəhmətinə toxunulurdu. Qarabağ abidələrinin son dərəcə gözəl, sənətkarcasına maraqlı nəqşlərlə bəzədilməsində şuşalı xəttatların, rəssamların əməyindən ətraflı məlumat verilir. Bu yazıda oxuyuruq: "Elmi heyətin topladığı məlumata görə, XIX əsrdə Şuşa şəhərində 95 şair, 22 musiqişünas, 38 xanəndə, 12 nüsxəbənd, 19 xəttat, 16 nəqqaş, 18 memar, 5 astronom, 16 həkim, 42-yə qədər müəllim və başqaları olmuşdur".

Əlbəttə, belə bir böyük ziyalı ordusunun varlığı Şuşa şəhərini mədəniyyət mərkəzinə çevirməkdə böyük rol oynamışdır. Ağdamda, Bərdədə, eləcə də yaxın ətraf bölgələrdə tikilən imarətlərin, gümbəzlərin, imamzadələrin, türbələrin, məbədlərin yaradılmasında şuşalı sənətkarların adları çəkilir. Bunlardan biriusta Qəmbər Qarabağidir.

XIX əsrdə çəkilmiş bu divar rəsmlərinə baxanda heyrətə gəlirsən. Nə illərin, əsrlərin rüzgarları, nə dövrlərin basqıları, nə də həyatın müxtəlif olayları onun rənginə belə toxuna bilməmişdir. Bir qədər də dərindən nüfuz etdikdə at belindəki bu igidlərin az qala harayını eşidir, döyüş səhnələrinin neçə cür şəklini göz önünə gətirirsən. Hələ müxtəlif ornamentlərlə bəzədilmiş güllər, çiçəklər, qeyri-adi naxışlar, budaqlardakı minrəngli quşlar sanki nəğmə oxuyurmuş kimi qulaqlarımıza avaz gətirir. Adamın inanmağı gəlmir ki, iki əsrə qədər yaşı olan bu sənət əsərləri zamanın bütün qovğalarına öz zərifliyi ilə qalib gəlib. Sanki bir qoruyucu əl lazım idi ki, onları bütün bəlalardan hifz edib, gələcək nəsillərə ötənlərdən - olmuş həqiqətlərdən bir nağıl söyləsin. Bu nağılın baş qəhrəmanı usta Qəmbər Qarabağidir.

Usta Qəmbər Qarabaği 1830-cu ildə Şuşada doğulub. Doğma şəhərdə ustadlar yanında şəyird olub, mükəmməl təhsil alıb. Hələ kiçik yaşlarından rəngbərəng daşlarla möcüzələr qurmağı, güldən-çiçəkdən, müxtəlif meyvə-tərəvəz qabıqlarından rənglər almağı, onların sayəsində müxtəlif rəsmlər çəkməyi bacarırmış. Rəngi də özü düzəldirmiş, fırçanı da müxtəlif quş lələklərindən hazırlayırmış. Divarlara çəkdiyi rəsmlərin isə gözəlliyi, təbiiliyi Şuşa mənzərələrini əks etdirirmiş.

Sənətşünas Ziyadxan Əliyev ötən əsrin sonlarında bu rəssamın izinə düşərək usta Qəmbərin yaxın qohumlarını tapmış, onun nəvələri ilə görüşmüş, salamat qalmış sənət və əşyalarla bağlı bir yazı da qələmə almışdı. Məlum olur ki, usta Qəmbərin işlədiyi orijinal biçimli süjetli bir əlyazması qalıb. İkiüzlü cilddən ibarət olan bu orijinal əlyazmada Qarabağ mahalına məxsus geyimdə bir qız təsvir edilib. Digər üzündə isə dəbdəbəli bir otaqda açıq pəncərə qarşısında milli geyimli iki nəfərin görüş səhnəsi əks olunub. Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda da usta Qəmbər Qarabağinin naxışlarla bəzədilmiş bir əlyazması olub. XIX əsrdə xəttat Əsədulla ağa Hadi oğlu tərəfindən fars dilində yazılmış bu əlyazmadakı süjetli təsvirlər, miniatürlər, insan fiqurları, memarlıq tikililərinin əksi məhz usta Qəmbər tərəfindən çəkilib.

Aparılan araşdırmalar göstərir ki, ustadın zəngin obrazlar yaratmaq istedadı var imiş. O, təkcə Şəki Xan Sarayında deyil, Şuşada inşa edilmiş bir sıra malikanələrin, mülk və sarayların divarlarında da müxtəlif rəsm əsərləri işləyib. Xüsusilə də Mehmandarovların sarayında usta Qəmbərin əməyi daha çox olub.

Usta Qəmbər XIX əsr təsviri sənət tariximizə, ilk növbədə, Şuşa və Şəki şəhərlərində işlədiyi divar rəsmlərinin müəllifi kimi daxil olub. Müxtəlif arxiv materiallarını araşdırarkən bir daha aydınlaşır ki, bu böyük sənətkar əslində Azərbaycan təsviri sənətində evləri bəzəyən divar rəsmlərinin ən mükəmməl yaradıcısıdır. O, rəssamlıqla yanaşı, dekorativ tətbiqi sənətin müxtəlif sahələrində də çalışıb. Ustadın hazırladığı dekorativ biçimli güzgülər, əlvan bəzəkli məcməyilər, naxışlı sandıqlar, döymə nümunələri, zərif şəbəkələr, ağacdan yonduğu heykəllərin bəzisi (hətta Şuşanın işğalına qədər salamat qalıbmış) bu unudulmaz sənətkarın zəngin yaradıcılığından xəbər verir.

Belə bir məlumat da var ki, usta Qəmbərin qədim türk şəhəri İrəvanda yaşayan rəssam Mirzə Qədim İrəvani ilə yaxın dostluğu olub. Azərbaycan dəzgah boyakarlığının banisi sayılan Mirzə Qədim İrəvaninin Şuşada olması haqqında da məlumat var. Mirzə Qədimin atası Məhəmmədhüseyn ağac üzərində bədii oyma ustası olub. Öz sənətini oğluna böyük həvəslə öyrədən atanın heç ağlına da gəlməzdi ki, övladı sonralar monumental boyakarlıq və portret sahəsində möhtəşəm əsərlər yaradacaq, şöhrəti elləri dolaşacaq. İstər Mirzə Qədim, istərsə də usta Qəmbər bir tərəfdən klassik Şərq miniatürüxalq sənətinin zəngin ənənələrinə, digər tərəfdən isə Avropa realist boyakarlığına əsaslanaraq yaradıcılıqları ilə Azərbaycan mədəniyyətində öz adlarını əbədi həkk etdirdilər. Usta Qəmbər Qarabağinin Mirzə Qədim İrəvani ilə birlikdə İrəvanda Sərdar sarayının divar rəsmlərinin çəkilməsində də iştirak etməsi haqqında bəzi mənbələrdə söz açılıb. Klassik irsimizin tədqiqi bu gün çox vacibdir. Hələ də arxivlərdə və şəxsi kolleksiyalarda xalqımıza bəlli olmayan, öz qiymətini almayan, üstünü toz basmış maddi-mənəvi sərvətlərimiz çoxdur. Bir bəla da budur ki, erməni vandalları tərəfindən qədim yurd yerlərimizin işğal edilməsi təkcə torpaqlarımızın yaralanması və paralanması ilə nəticələnməyib. Minillik yaşı olan, sorağı eramızdan çox-çox əvvələ gedən maddi-mənəvi sərvətlərimiz də talan edildi, neçə-neçə mədəniyyət müəssisəsi sıradan çıxarıldı, sənət əsərləri yandırıldı.  İrəvan tamamilə erməniləşdirildi, Şuşa da işğal edildi... Hər iki sənətkarın ruhu bu gün çox narahatdır. Yaxşı ki, onlardan yadigar qalan rənglərin ab-havasında solmayan bir hekayət yaşayır.

 

 

Flora XƏLİLZADƏ,

Azərbaycan.-2012.- 6 dekabr.- S.7.