İnformasiya məkanı və mənəvi-psixoloji
təhlükəsizliyimizə təhdidlər
Hüquqi və mənəvi
sanksiyalar bir-birini tamamlayanda
Bir həqiqətdir ki,
hər bir dövlət milli-mənəvi əsaslar üzərində
qərar tutur, xalqın mənəvi suverenliyi siyasi suverenliyin
təməli və qarantıdir. Prezident Ilham Əliyev daim vurğulayır ki, Azərbaycan
dövlətinin inkişafı və möhkəmlənməsi
prosesləri həm də onların
milli-mənəvi təməllərə
dayaqlandığı halda uğurlu ola bilər.
XXI yüzilliyin reallığında milli şüurumuza
yol göstərmək iddiasında olan yad ideya və təlimlər
dövlətçilik idealımız və dəyərlərimizi
düşünərək seçməyimizi təmin edən
mənəvi təməllərin daha da möhkəmləndirilməsini
tələb edir. İnformasiya sivilizasiyasının
mövcud reallığı və milli dövlətçiliyin
yeni mərhələsi dövlət inkişafının
bütün istiqamətlərində müvafiq yeni siyasi
davranış üsullarının tətbiqini gündəmə
gətirir. Fasiləsiz olaraq dəyişən
reallığın mənəvi süzgəcdən
keçirilərək çevik dəyərləndirilməsi ən
vacib məsələlərdəndir.
Bəşəriyyət üçün hansı təhlükə
daha qorxuludur?
- texnogen,
antropogen mənşəli ekoloji fəlakətlər, terrorizm
, sivilizasiyaların toqquşması
və s.- sualına cavablar axtarılır. Lakin ilk baxışda görünməsə də,
onların hamısının kökündə insanın mənəviyyat
və dəyərlərə münasibətinin durduğu məlum
olur. Həm də son dövrlərdə onların sırasına daha biri - infogen
təhlükələr daxil olmuşdur. İnformasiya
təhlükəsizliyinin vacibliyini nəzərə
çatdırmaq üçün bəşəriyyəti
"İnformasiya Xirosimasının" gözlədiyinə
dair tədqiqatlar mövcuddur. İnformasiyanın
artmaqda olan əhəmiyyəti qarşılıqlı
informasiya təsiri proseslərinin tənzimlənməsinin təmin
olunması üçün dövlətin fəal müdaxiləsini
tələb edir. Biz unutmamalıyıq ki,
informasiya texnologiyalarının inkişafı artıq bu
gün cəmiyyətin həyatının demək olar
bütün sahələrində genişmiqyaslı mənfi nəticələr
doğurur.
2007-ci ilin mayın 23-də Prezident İlham Əliyevin sərəncamı
ilə təsdiqlənmiş Azərbaycan Respublikasının
milli təhlükəsizlik kosepsiyasının "4.Azərbaycan
Respublikasinin milli təhlükəsizlik siyasətinin əsas
istiqamətlər bölməsində" 4.3.3. Elm, təhsil, mədəniyyət
siyasəti və mənəviyyatın qorunması siyasəti"
adlı bəndində
qeyd edilir ki, Azərbaycan xalqının mədəni
irsinin, maddi və mənəvi dəyərlərinin
mühafizəsinə, onun mədəni tələbatlarının
ödənilməsi vasitələrinin daxili və xarici təhdidlərdən qorunmasına, mütərəqqi
daxili və beynəlxalq inkişafdan bəhrələnməsinə
yönəlmişdir."
İnformasiya təhlükəsizliyi
müasir dövrün qlobal problemidir
Artıq 20 ildən çoxdur ki,
dünya ictimaiyyəti tərəfindən hər il 30 noyabr Beynəlxalq İnformasiya Təhlükəsizliyi
Günü kimi qeyd olunur. Bu günün
keçirilməsinin əsas məqsədi informasiyanın təhlükəsizliyinin
önəmliyini ictimaiyyətin diqqətinə
çatdırmaqdır. Bu günlə əlaqədar
olaraq hər il ənənəvi olaraq
dünyanın müxtəlif ölkələrində
informasiya təhlükəsizliyinin müxtəlif problemlərinin
həlli yollarının araşdırılmasına həsr
olunmuş silsilə tədbirlər keçirilir.
Buna
görədir ki, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev Yeni Azərbaycan
Partiyasının 20 illiyinə həsr edilmiş mərasimdəki
nitqində dövlətimizin
milli təhlükəsizliyini təmin edən çoxşaxəli
amillərə xüsusi yer ayırmışdır. Dövlət
başçısı nitqində informasiya məkanımız
üçün təhdid olan qüvvələrin konseptual mənzərəsini
vermiş, bizə qarşı informasiya müharibəsi
aparıldığını vurğulamışdır.
Hazırda informasiya sivilizasiyasının inkişaf
tarixində yeni mərhələ başlayir ki, bu da informasiya
sistemlərinin mühafisəzi ilə paralel olaraq, artıq
insanın özünü informasiyanın təsirindən
qorumağı ön sıraya çıxarır. Burada
informasiya təhlükəsizliyinin texnoloji və humanitar
aspektlər kimi iki fundamental istiqamətinin diqqət mərkəzində
saxlanılması son dərəcə zəruridir.
Azərbaycanda da bu gün üçün informasiya təhlükəsizliyinin
texnoloji aspektlərinin təminatı və kadrların
hazırlanması diqqət mərkəzindədir. Dövlət
başçısı İlham Əliyevin sərəncamı
ilə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyi nəzdində Azərbaycanda İnformasiya Təhlükəsizliyi
üzrə Milli Mərkəzin yaradılması
reallaşdırılır. Bu istiqamətdə əsas
addım təşkilati məsələlər,
normativ-hüquqi bazanın hazırlanması və texniki məsələlərin
həll edilməsidir. Mərkəzin vəzifələrinə
informasiya infrastrukturlarında təhlükəsizliyinin
pozulması halı ilə üzləşən təşkilatlara
təcili kömək və s. daxildir.
Eyni zamanda, informasiya təhlükəsizliyi humanitar
aspektlərinin təmin edilməsi də taleyüklü məsələ
olduğu üçün onların həlli bir-biri ilə
paralel getməlidir. Məlum olduğu kimi, yaranmış
indormasiya reallığı milli təhlükəsizlik və
ilk növbədə, informasiya təhlükəsizliyi kimi
mühüm sahənin problemlərinə ənənəvi
yanaşmaların ciddi transformasiyasına gətirib
çıxarmışdır. Formalaşmaqda
olan yeni informasiya-kommunikasiya mühiti istənilən ölkənin
siyasi, iqtisadi və müdafiə təhlükəsizliyinə
fəal təsir göstərir. İnformasiyanın
artmaqda olan əhəmiyyəti qarşılıqlı
informasiya təsiri proseslərinin tənzimlənməsinin təmin
olunması üçün dövlətin fəal müdaxiləsini
tələb edir. Biz unutmamalıyıq ki,
informasiya texnologiyalarının inkişafı artıq bu
gün cəmiyyətin həyatının demək olar
bütün sahələrində genişmiqyaslı mənfi nəticələr
də doğurur.
2011-ci ildə
sentyabrin 9-da Rusiyanın Yekaterinburq şəhərində təhlükəsizlik
məsələlərinə cavabdeh olan yüksək vəzifəli
şəxslərin beynəlxalq görüşündə Azərbaycan
Prezidentinin Administrasiyasının rəhbəri, Təhlükəsizlik
Şurasının katibi, akademik Ramiz Mehdiyev "Beynəlxalq
informasiya təhlükəsizliyinin möhkəmləndirilməsinə
ümumi yanaşmalar" mövzusunda məruzəsində məhz
bu məsələlərlə bağlı qeyd etmişdir:
"Ölkənin firavanlığı və dünya
sivilizasiyasında yeri informasiya texnologiyaları sahəsində
siyasətin praqmatikliyindən və çevikliyindən
asılıdır. İnformasiya məkanının
qloballaşması və kütləvi kommunikasiya vasitələri
şəbəkəsinin təsiri altında cəmiyyətdə
baş verən dəyişikliklər təkcə müəyyən
üstünlüklər və mənfəətlərlə məhdudlaşmayıb,
həm də sosial-siyasi sahədə informasiya mübarizəsi
aparmaq üçün geniş imkanlar açır, bu da
öz növbəsində milli və beynəlxalq təhlükəsizliyə
təhdid doğurur."
Hazırkı
dövr üçün İnformasiya-psixoloji təhlükəsizlik
sahəsində qanunvericiliyin tənzimlənməsi mövcud reallıq və
ictimai münasibətlərdən geridə qalır. Mövzunun aktuallığı, habelə son dövrlərdə
baş verən məişət zorakılığı
halları və bununla bağlı aparılan müzakirələr
bütün cəmiyyətin, siyasətçi və alimlərin,
vətəndaş cəmiyyətinin səylərinin bir araya gəlməsini
tələb edir. Bu mərkəzin nəzdində
humanitar yönümlü problemlərin həlli ilə məşğul
olan qurumun da yaradılması çox yaxşı olardı.
KİV-nin sayına görə Azərbaycan MDB və
Şərqi Avropa ölkələri arasında qabaqcıl
mövqelərdən birini tutur. Azərbaycanda 4600 mətbuat
orqanı qeydiyyatdan keçib, yüzlərlə informasiya
portalı yaradılıb, 50-dən çox informasiya agentliyi
fəaliyyət göstərir. Bölgələrdə
100-ə yaxın qəzet və jurnal nəşr olunur. Azərbaycanda media orqanı təsis etmək və
jurnalist fəaliyyəti ilə məşğul olmaq
üçün yeni qanuna görə hər bir media fəaliyyəti
ilə məşğul olan insan 7 gün müddətində
öz bəyanatını qeydiyyat orqanına təqdim etməklə
mətbuat orqanı təsis edə və onun fəaliyyətini
həyata keçirə bilər. Təkcə ötən
il qeydiyyatdan keçmiş media vasitələrinin
ümumi sayı 206-dır. Bunlardan 105-ni qəzetlər
təşkil edib və cəmi 6 KİV elmi-populyar mövzuya
aiddir. Ötən ilin daha bir maraqlı cəhəti
bir şəxsin bir neçə KİV təsis etməsi,
2011-ci ildə 1 nəfərin yeddi KİV-nin təsisçisi
olmasıdır. Digər faktlar eyni şəxsin
2 nəşr yaratması ilə bağlıdır ki, belə
halların ümumi sayı 7-dir. 2011-ci ildə ölkədəki
universitetlərdən 3-ü özünə media vasitəsi
yaradıb. Məsələ onda deyil ki, bu
çoxdur, yoxsa azdır? Məsələ
ortaya qoyulan fəaliyyətin keyfiyyətində, milli maraqlara
cavab verməsindədir.
İnformasiya müasir insanın yaşayış
mühitidir. İnsanın sağlamlığı və təhlükəsizliyi
onu əhatə edən mühitdən necə
asılıdırsa, psixi sağlamlığı da media
mühitindən o dərəcədə asılıdır.
İnsanın kütləvi informasiya vasitələri ilə
ünsiyyəti onun
düşüncəsinə təsir edir. Yəni,
real ünsiyyətdə gərginlik, təzyiq, təlaş
və s. məqamlar insana necə təsir edirsə, informasiya məkanında
baş verən proseslər də buna
oxşar olur. İnformasiyanın təhlükəsizliyi
məhz bu məqamda ortaya çıxır.
Məşhur amerikalı alim M.Maklyuenə görə
KİV insanların "əsəb sisteminin
davamıdır." Doğrudan da, əgər KİV əsəb
sistemidirsə, onda informasiya da psixoloji ünsiyyətdir.
Yaradılan reallıqda artıq doğru olan gerçəklikdə baş
verən deyil, onun haqda KİV-nin nə və necə
yazdıqlarıdır. Gerçəklik haqda KİV-nin fikrinə insanlar
çox həssasdırlar. Hələlik isə
ümumi qənaətə görə KİV insana
düşünməyi deyil, öz istədikləri və
yazdıqları barədə düşünməyi uğurla
təlqin edə bilirlər. Mark Tvenin də
bir sözunü xatırlatmaq istərdik. O qeyd edirdi ki,
"Amerika cəmiyyətinin müsbət keyfiyyətlərindən
biri təkcə söz azadlığı deyil, həm də
bu azadlıqdan heç vaxt
şəraitə və əxlaqi qadağalara məhəl
qoymadan, necə gəldi istifadə etməməsidir."
Bütün
bunlar KİV-dövlət-cəmiyyət münasibətlərinə,
vətəndaşların bütövlüyünü,
birliyini təmin edən dəyərlərimizin və
mənəviyyatımızın bu günü və gələcəyinə
dair fundamental məsələləri gündəmə gətirir.
Məlum
olduğu kimi, akademik Ramiz Mehdiyev hələ 2009-cu ildə
"Azərbaycanın efir məkanı: problemlər və vəzifələr"adlı
konseptual əsərində bu məsələlərlə bağlı diqqəti
cəlb edərək demişdi: "Etiraf etməliyik ki,
KİV azadlığı fikir plüralizminin
inkişafında, şəffaflığın təmin
olunmasında mühüm şərt olsa da, onları müəyyən
neqativ halların təsirindən sığortalaya bilmir. Son dövrlər bu sahədə nöqsan və
çatışmazlıqların artması bu məsələnin
ictimai müzakirəyə çıxarılmasına, vəziyyətdən
çıxış yollarının axtarılmasına,
problemlərin aradan qaldırılması üçün əməli
tədbirlərin həyata keçirilməsinə zəmin
yaratmışdır. Azərbaycan KİV-nin
monitorinqi göstərir ki, maarifləndirici, məlumatlandırıcı
və əyləncə funksiyaları arasında ciddi disbalans
yaranmış, peşəkarlıq, yaradıcılıq,
yeniliklərin tətbiqi, milli-mənəvi dəyərlərin
qorunması kimi məsələlər teleradio rəhbərlərini
o qədər də maraqlandırmır. Görünür,
milli-mənəvi dəyərlərin qorunması ilə
bağlı proqramlara verilən tələblərin
pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə
inzibati tənbeh tədbirlərinin daxil edilməsi məsələsinin
baxılmasına ehtiyac var".
İnformasiya
təhlükəsizliyi ilk növbədə, kütləvi kommunikasiyaya
daxil olan insanın psixoloji təhlükəsizliyi deməkdir.
Bu da informasiyanın keyfiyyət meyarına, reallığı təhrif
etməməsinə böyük tələblər irəi
sürür.
İnformasiya
məkanı təkcə milli deyil, həm də transmilli xarakter
daşıyır və bunu unutmaq olmaz. Dövlətin
informasiya təhlükəsizliyinin humanitar aspekti informasiya sahəsində
şəxsiyyətin, cəmiyyətin və dövlətin maraqları balansının təmin
edilməsinə, informasiya texnologiyalarının geniş
istifadə edilməsinin sosial-psixoloji nəticələrinin
proqnozlaşdırılmasına, fərdi, qrup və kütləvi
şüura qeyri-qanuni informasiya təsirlərindən
informasiya-psixoloji mühafizənin təmin edilməsi sisteminin
yaradılması və inkişafına yönəlmişdir.
Bu baxımdan informasiya təhlükəsizliyinin hüquqi təminatının
inkişafı problemləri, fərdi, qrup və kütləvi
şüurun sosial, psixoloji təhlükəsizliyinin
təmin edilməsi, informasiya təhlükəsizliyinin kadr təminatı
xüsusi əhəmiyyət kəsb edir.
İctimai şüurun formalaşmasına təsiri hər
bir ailəyə və insanın dünyasına maneəsiz
daxil olan KİV də göstərir. Uşaq və yeniyetmələrin
dünyagörüşünə, müəyyən maddi və
mənəvi dəyərlərin formalaşmasına, cəmiyyətdə
ünsiyyətqurma və davranış qaydalarının bir
sistem kimi yaranmasına onlar ailə
və məktəbdən daha güclü təsir göstərir.
Kütləvi
informasiya vasitələrinin ictimai şüuru
manipulyasiya edilməsi, informasiyanın özünün təhlükəsizlik
vəziyyəti ciddi problemlər doğurur. KİV-nin öz fəaliyyətini
kommersiya prinsipləri üzərində qurması
hər gün minlərlə "şok" olayının
sel kimi axmasını şərtləndirib.
Kütləvi
informasiyadan danışanda ona münasibətdə "informasiya killeri, qara PR,
şantaj, informasiya təzyiqi" kimi sözlər işlədilir.
Öz sərtliyinə görə bu terminologiya başqa dövlətin
informasiya məkanına müdaxiləni nəzərdə
tutan mediastrategiya və
texnologiyalarda tətbiq edilir. Lakin ən dəhşətlisi
odur ki, bu texnologiyalar öz cəmiyyətimizə qarşı
tətbiq edilir və
auditoriya bu metodlar haqda bilməsə də, onlara
tam səmimi, açıqlıqla reaksiya verir.
Zorakılıq şüuraltı səviyyədə
insanı cəlb
edir. Zorakılığın şüuraltı səviyyədə
insanı cəlb edən psixoloji xüsusiyyət olması onu kino-tele ekranların və
KİV-nin əsas elementinə
çevirib. Dünyada cinayətkarlığın
səviyyəsinin artması bununla bilavasitə əlaqədardır.
Tədqiqatlar göstərir ki, baş verən cinayətlərin
30 faizi məhz bu mənbələrdən
qaynaqlanır. Buna görədir ki, "ekran-efir
zorakılığı" anlayışı gündəmə
gəlmişdir. Kütləvi mədəniyyətin
qeyd edilən aspekti Qərb cəmiyyətini müşayiət
edən əlamətlərdəndir. Məsələ
zərərli ənənələrin qloballaşma şəraitində
"milli fəlakət" miqyasını almağa yol verilməməsindədir.
Zorakılığı ona əks olan dəyərlərin -
humanizmin, şəfqətin, qayğı və ünsiyyətin təbliği
ilə durdurmaq daha səmərəli olur.
Problemin həll
yolu qadağalarda deyil, qanunverici əsasların müəyyənləşməsi
və təkmilləşməsindədir. Dünya təcrübəsində ekran-efir
zorakılığına qarşı durmağın daha bir
yolu media təhsil, media maarifçiliyi adlanan maarifləndirmə yoludur.
Media təhsilin əsas vəzifələri yeni nəslin müasir informasiya mühitinə
hazırlanması, müxtəlif məzmunlu informasiyanın qəbul edilməsinin
şüura təsirinin nəticələrinə bələd
olmasını öyrətməkdir. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev bölgələrə
səfəri zamanı
bu mövzuya toxunaraq qeyd etmişdir: "Sosial şəbəkələr
nisbətən yeni bir anlayışdır, dünyada geniş
şəkildə yayılır. Mən çox
istərdim ki, ilk növbədə, bu şəbəkələrdən
informasiya, bilik əldə edilməsi üçün istifadə
olunsun. Eyni zamanda, çox istərdim və
xüsusilə, mənim gənclərə müraciətim
ondan ibarətdir ki, ölkəmiz haqqında dolğun məlumatı
bax, bu sosial şəbəkələr vasitəsilə
dünyaya çatdırsınlar. Çünki
bəzi hallarda Azərbaycan haqqında qəsdən
formalaşdırılan rəy reallıqla tamamilə ziddiyyət
təşkil edir."
Dəyərlərin "dəyərsizləşməsi",
(desakralizasiya) nihilizm və neqativizm meyilləri müasir Qərb
cəmiyyətlərinin əsas xüsusiyyətlərindəndir. Bu isə tarix
boyu olduğu kimi, tərəqqinin tənəzzülə
çevrilməsinə səbəb olmuşdur. Neqativizm, agressiya postmodern dövrün qabarıq
xüsusiyyətinə və meylinə çevrilib.
Açıq-aşkar agressiya, pozitiv dəyər kəsb edən nə
varsa hamısının inkar edilməsi, əsrlərlə
formalaşan xeyirxahlıq, humanizm və həssaslığın
"dəbdən düşməsi" neqativizm adlanan meyillərin təzahürüdür.
Son illər
dünyada kriminal
statistikanın müşahidəsi ciddi problemlərin
olmasını göstərir. KİV haqda, reklam haqda,
informasiya hüququ haqda
və s. müvafiq qanunvericilik tam və ya qismən
mövcud olsa da, əsas məsələ ona əməl edilməsidir.
Hər bir media vasitəsinin özünü tənzimləyən
prinsiplərə malik olması həlledici rol oynayır.
Bütün
sivilizasiyalı ölkələrdə zorakılığın təbliği
və yayılmasını məhdudlaşdıran qanunvericilik
sistemi mövcuddur. Azərbaycan Avropa Şurasının
üzvüdür və İnsan Hüquqlarına dair Avropa
Konvensiyasının 10-cu maddəsində mənəviyyatın
qorunması, demokraik cəmiyyətdə zəruri olan qanunvericilik əsasında söz və mətbuat
azadlığı sahəsində məhdudiyyətlər tətbiq
edilməsinə imkan verir. Yaxud Avropanın televiziya
yayımı haqda konvensiyasının 7-ci bəndində tələb
edilir ki, "Gənclərin, yeniyetmə və
uşaqların fiziki, əqli və mənəvi
inkişafına zərər verə bilən bütün proqramlar
onların televiziyaya baxdığı müddətdə
yayımlana bilməz."
İstənilən
KİV, televiziya kanalı lisenziya alanda efir vaxtının 13-15 faizini uşaqlar
üçün verilişlər hazırlamağa sərf etmək
öhdəliyini götürür. Lakin əksər
hallarda belə verilişlər ümumiyyətlə,
hazırlanmır. Dünya təcrübəsində
mövcud olan qanunvericilik fonunda görülməli işlər
hələ çoxdur. Bunu xüsusilə
də, hər bir redaksiyanın öz ənənəvi prinsip
və etik kodekslərinin hələ də olmaması aydın
göstərir.
KİV haqda qanuna əməl edilmir
Beynəlxalq Jurnalistlər
Federasiyasının (BJF) Jurnalist
Davranışının Prinsipləri Haqqında Bəyannaməsində
peşə pozuntusu sayılan hallarda mənəvi öhdəliklər
də əksini tapmışdır. Hesab edirik
ki, hər bir media orqanı, hər bir jurnalist özünə
bu barədə mənəvi hesabat verməlidir.
Müasir
cəmiyyətlərdə kütləvi informasiyaya əsaslanan
"sosial təqlid" adlanan davranış mühüm əhəmiyyət
kəsb edir. Buna görə də asudə vaxt və oxucuya, izləyiciyə
təqdim edilən informasiyanın balansı, nisbəti məsələsi
gündəmə gəlir. Birmənalı şəkildə
hazırda bu nisbət əyləncə məzmunlu
informasiyanın, elmi-mədəni və ya maarifçilik məzmunlu
informasiya ilə müqayisədə dəfələrlə
üstələməsini, disbalansını göstərir.
Bu da öz növbəsində cəmiyyətin
sosial davranışına təsirini göstərir. Gərgin
süjetlərin bolluğu və yaradıcı mövqelərin
kölgədə qalması reallığı deyil, onun surroqatını
formalaşdırır. KİV hər kəsin əvəzinə
"günün qəhrəmanını" təyin edir.
"Televiziya və radio yayımı haqqında" Azərbaycan
Respublikasının Qanununun 3-cü maddəsində teleradio
yayımının əsas prinsipləri sırasında digər
vacib məsələlərlə yanaşı, milli-mənəvi
dəyərlərin qorunması, peşə etikasına və
əxlaq normalarına riayət edilməsi, proqramların
keyfiyyətliliyi prinsipləri öz əksini
tapmışdır. Əksəriyyəti ictimai əhəmiyyət
kəsb etməyən mövzulara həsr olunur, müəyyən
mənada cəmiyyətdə neqativ tendensiyaların
yayılmasına istiqamət verir, gənclərin və
yeniyetmələrin zövqünü,
dünyagörüşünü korlayır, təlim-tərbiyəsinə
mənfi təsir edir.
İnternet vasitəsilə dünyanın
ayrı-ayrı bölgələrinə yayımlanan
yazılarla xarici ölkələrdə dövlətimiz
haqqında hansı təsəvvür yaradırıq? Biz onlara
ölkəmizdə gedən ictimai-siyasi, sosial-iqtisadi, mədəni
proseslər haqqında hansı məlumatı veririk? KİV həm də ölkənin simasını
nümayiş etdirir, onun haqqında təsəvvür
yaradır. Azərbaycanın müharibə
vəziyyətində olması vətəndaşlarımızın,
xüsusilə, gənc nəslin milli vətənpərvərlik
ruhunun yüksəldilməsi, maarifləndirmə, jurnalist
araşdırmaları kimi vacib məsələyə daha məsuliyyətlə
yanaşma tələb edir. Analitik
yazılar, əhəmiyyətli məsələlərin
peşəkarlar səviyyəsində müzakirəsi yox dərəcəsindədir.
Bir çox xəbər portallarının konsepsiyası,
strateji hədəfləri yoxdur, halbuki redaksiya siyasəti
ictimai maraqlarla uzlaşdırılmalı, cəmiyyətimizin
saflaşması, milli-mənəvi dəyərlərimizin
qorunub saxlanmasına, Azərbaycan dövlətçiliyinin
möhkəmlənməsinə töhfə verməlidir. Cəmiyyətin
məlumatlandırılmasının, xəbər
proqramlarının keyfiyyəti artırılmalıdır.
Oxucu bu gün Azərbaycanda və dünyada baş verən
taleyüklü hadisə və proseslər haqqında obyektiv,
hərtərəfli informasiya
çatdırılmasını, onların yüksək
peşəkarlıqla şərh edilməsini, maarifləndirmə
xarakterli keyfiyətli yazılar gözləyir.
KİV-də elmi-populyar, publisistik materialların
qıtlığı da mühüm məsələdir. İctimai
şüur rasional bir materiyadır və müvafiq olaraq onun
elmi-rasional, praqmatik əsaslı məlumatlara ehtiyacı var.
Dünya ölkələri ilə müqayisədə milli və
xarici jurnalistika arasındakı fərqi aydın göstərir.
ABŞ-da və İngiltərədə
KİV-də dərc edilən bütün
çıxış və məlumatların dörddə
üçü elmə, mədəniyyətə, psixologiya və
davranışa aid olur. Normal cəmiyyətlərdə
insanların maraqlarını real məlumatlar cəlb etdiyi
üçün onun KİV-də
işıqlandırılması səmərəli nəticə
verir.
KİV cəmiyyətə ətrafda baş verənləri adekvat dərk etmək üçün elmi əsaslı, qərəzsiz məlumatlar təqdim edə bilər, lakin edirmi? Elmi-maarifçilik rubrikalarına əksər KİV-də rast gəlmək mümkün deyil. "Duyğu aclığı" adlı fenomenə hesablanmış informasiya da alver predmetinə çevrilir. Kim onu necə istəyirsə, elə də təqdim edir! Əbədi dəyərlər və keçici zövqlər arasında uçurum formalaşıb! Bu uçurumun aradan qaldırılması ilk növbədə, cəmiyyətin iradəsindən, mənəvi müqavimətindən, həm də çox dərəcədə KİV-nin mövqeyindən asılıdır.
Son illər demək olar ki, hər qəzet sorğu keçirir, oxuculara sual ünvanlayır, qəzet və jurnalistlərin, politoloqların kəmiyyəti hədsiz dərəcədə çoxalır, lakin keyfiyyətə keçid hələlik baş vermir. Ölkədə və dünyada baş verənlər barədə mötəbər mənbəli məlumatları "şok" rubrikaları, psixoloji agressiya olayları əvəzləyir.
Azərbaycanın dünyadakı nüfuzuna və imicinə zərər gətirməklə yanaşı, bu məlumatlar vətəndaşların mənəvi-psixoloji təhlükəsizliyinə də böyük zərbə vurur. Ölkənin obrazı, onun dünyada yeri və roluna mühüm təsir göstərir və onu hərə istədiyi kimi təqdim edə bilməz. Yaxud Azərbaycan haqda hansı mənbələrdən qaynaqlandığı yaxşı məlum olan neqativ məlumatlara bol yer verən KİV də var.
(Ardı var)
Rəbiyyət ASLANOVA,
Milli Məclisin İnsan hüquqları
komitəsinin sədri, professor
Azərbaycan.-2012.-
7 dekabr.- S.2.