Bakı Slavyan
Universitetində akademik Ramiz
Mehdiyevin
Səfəvi hökmdarı Şah
İsmayıl Xətainin siyasi fəaliyyəti
ilə bağlı
yazdığı məqalə geniş müzakirə
olunmuşdur
Dekabrın 6-da Bakı Slavyan Universitetində (BSU) İctimai-Siyasi Elmlər (Virtual) İnstitutu və Azərbaycanşünaslıq Tədris-Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Bakinski raboçi" qəzetində dərc edilmiş "Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi" məqaləsinin müzakirəsinə həsr olunmuş elmi seminar keçirilmişdir.
BSU-dan bildirmişlər ki, tədbirdə universitetin rektoru, professor Kamal Abdullayev çıxış edərək akademik Ramiz Mehdiyevin yazdığı məqaləni fundamental məsələləri qaldıran, təkcə öz mövzusu ilə məhdudlaşmayan geniş mənəvi məkanlara çıxış üçün imkan verən bir məqalə kimi qiymətləndirmişdir.
Rektor bildirmişdir ki, məqalənin əhəmiyyətini yalnız Şah İsmayıl Səfəvi ilə məhdudlaşdırmaq düzgün olmazdı, o, bizim XVI əsrdə mənəvi varlığımızın güzgüsü kimi dəyərləndirilməlidir: "Ramiz Mehdiyev hər zaman olduğu kimi, bu dəfə də son dərəcə dəqiq, uzaqgörən fikirləri ilə bizi düşündürür. Məqalə təkcə tarixin, ədəbiyyatın içindən deyil, eyni zamanda, həmin XVI əsrdən bugünkü ictimai müstəviyə verilən ismarıcları ilə də diqqətəlayiqdir".
Kamal Abdullayev qeyd etmişdir ki, Ramiz Mehdiyev Heydər Əliyev ideyalarının və müasir azərbaycançılıq ideologiyasının həyata keçirilməsində öndə gedən alimlərdən, dövlət xadimlərindən biridir. Bu məqalənin yazılışı həm nəzəri boşluğu, həm də Şah İsmayıl Xətai kimi tarixi şəxsiyyətlərlə bağlı praktik boşluğu doldurur. Xüsusilə Şah İsmayılın və Heydər Əliyevin öz dövrləri üçün etdiklərini paralel şəkildə müqayisə edərkən məqalənin ideoloji qatı bir daha açılır. Mən çox şadam ki, bizim dövlətimizin rəhbərliyində bu cür nəzəri və praktik fikri birləşdirən, dünyagörüşü, elmi intuisiyası, eyni zamanda, elmi üslub və dəqiqliyi ilə seçilən şəxsiyyət vardır".
Tədbirdə çıxış edən professor E.Nəcəfov, tarix elmləri namizədi Ə.Əhməd, tarix üzrə fəlsəfə doktoru S.Talıblı, F.Həsənov və digərləri məqalənin elmi əhəmiyyəti ilə yanaşı, siyasi əhəmiyyətinin vacibliyini də bir daha vurğulamışlar. Bildirilmişdir ki, bu məqalə bizi öz dəyərlərimizi bir vətənpərvər kimi yenidən əxz etməyə çağırır.
Xatırladaq ki, akademik R.Mehdiyev Səfəvilər dövlətinin yaradılması tarixinin heç də həmişə düzgün və ciddi elmi meyarlarla təqdim edilmədiyini vurğulamışdır. Eyni zamanda, bu problemi işıqlandırmaq məsuliyyətini öz üzərinə götürən bəzi müəlliflərin baxışlarının bir çox hallarda qərəzli və subyektiv xarakter daşıdığını bildirmişdir. Məhz bu fikir ətrafında müzakirə aparan iştirakçılar da xüsusi vurğulamışlar ki, "Azərbaycan tarixinin şanlı səhifələri təhrif olunmamalıdır!".
Sonda
Kamal Abdullayev mövzunun fakültə elmi şuralarında
müzakirə olunmasını tövsiyə etmişdir.
AzərTAc
Azərbaycan.-2012.- 7 dekabr.- S.3.