Mədəniyyət və Turizm
Nazirliyi ilə Romualdo
del Bianko
Fondu arasında anlaşma memorandumu
imzalanmışdır
Xəbər verdiyimiz kimi, Azərbaycanın mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Romualdo del Bianko Fondunun dəvətinə əsasən İtaliya Respublikasının Florensiya əyalətində bir sıra mühüm görüşlər keçirməkdədir.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, səfər çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi ilə Romualdo del Bianko Fondu arasında gələcək əməkdaşlıqla bağlı anlaşma memorandumu imzalanmışdır.
Tədbirdə İtaliyanın Florensiya əyalətini təmsil edən rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Mərasimdə çıxış edən Vaqif Əliyev tədbir iştirakçılarına ölkəmiz barəsində ətraflı məlumat vermiş və bildirmişdir ki, Azərbaycanın zəngin irsinin və milli mədəni kimliyinin tanıdılması dövlətin əsas prioritetlərindəndir. Bu sahədə bir çox beynəlxalq təşkilatlarla, eləcə də qeyri-hökumət təşkilatları ilə qarşılıqlı faydalı əməkdaşlıq üzrə layihələr həyata keçirilir. Bu mənada Romualdo del Bianko Fondu ilə əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Diqqətə çatdırılmışdır ki, ötən müddət ərzində fondun iştirakı və dəstəyi ilə Bakıda beynəlxalq konfrans keçirilmiş, Florensiyada azərbaycanlı rəssamların sərgisi açılmış və ölkəmiz "Dərəcə və sənət" regional festivalına qoşulmuşdur.
Mərasimdə
memorandumun münasibətlərimizin daha da genişlənməsinə
və inkişafına təkan verəcəyinə, eləcə
də Life Beyond Turizm portalının Azərbaycanın mədəniyyətinin,
incəsənətinin və irsinin daha geniş coğrafiyada
tanıdılması üçün mühüm vasitəyə
çevriləcəyinə inam ifadə olunmuşdur.
Azərbaycan.-2012.- 7 dekabr.- S.5.