Bakıda «İnsan alverinə və məcburi əməyə qarşı mübarizə

 sahəsində əməkdaşlığın gücləndirilməsi» mövzusunda

beynəlxalq konfrans işə başlamışdır

 

Dekabrın 6-da Bakıda "İnsan alverinə və məcburi əməyə qarşı mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi" mövzusunda beynəlxalq konfrans işə başlamışdır.

Azərbaycan Respublikasının daxili işlər nazirinin birinci müavini, insan alverinə qarşı mübarizə üzrə milli əlaqələndirici, polis general-leytenantı Vilayət Eyvazov tədbiri açaraq demişdir ki, bu gün insan alverinə və məcburi əməyə qarşı mübarizədə beynəlxalq əməkdaşlığın güclənməsinə, qabaqcıl təcrübənin öyrənilməsinə və tətbiqinə xidmət edən bu konfransın əhəmiyyəti danılmazdır. Çünki bu problemlər dünyanı narahat edən əsas məsələlərdəndir. Hər il dünyada orta hesabla 21 milyona yaxın şəxs insan alverinin qurbanı olur, 14 milyona yaxın şəxs isə məcburi əməyə cəlb edilir. Narkotiklərin və silahların qanunsuz dövriyyəsindən daxil olan vəsaitlər kimi, həmin cinayətlərdən əldə edilən gəlirlərin də məhz beynəlxalq terrorizmin maliyyələşdirilməsinə yönəldilməsi inkaredilməz həqiqətdir.

Azərbaycanda insan alverinə və insanların məcburi əməyə cəlb olunmasına qarşı mübarizə sahəsində görülən işlərdən danışan V.Eyvazov bildirmişdir ki,  2006-cı ildən bu günədək respublikamızda insan alveri ilə bağlı 484 cinayət faktı, məcburi əməyə cəlbetmə üzrə 10 fakt qeydə alınmışdır. Bununla bağlı 363 nəfər cinayət məsuliyyətinə cəlb edilmişdir.

Azərbaycan insan alverinə və məcburi əməyə cəlb olunmaya qarşı mübarizəyə, eləcə də bu sahədə beynəlxalq əməkdaşlığa xüsusi önəm verir. Ölkəmiz insan alverinə qarşı mübarizə üzrə beynəlxalq səylərin fəal iştirakçısına, regionda gerçək və mütərəqqi siyasət reallaşdıran dövlətlərdən birinə çevrilmişdir. Azərbaycan BMT-nin "Transmilli mütəşəkkil cinayətkarlığa qarşı" Konvensiyasına, onu tamamlayan Protokola, məlum Brüssel Bəyannaməsinə və Avropa Şurasının Konvensiyasına qoşulmuşdur. 

V.Eyvazov Azərbaycanda insan alverinə və məcburi əməyə cəlb olunmaya qarşı görülən işlər, qəbul olunan xüsusi dövlət proqramları və digər tədbirlər barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, 2004-cü ilin may ayında Azərbaycan Prezidentinin sərəncamı ilə ilk Milli Fəaliyyət Planı təsdiqlənərək növbəti beş ildə qarşıda duran vəzifələr müəyyən edilmişdir. Plana uyğun olaraq Daxili İşlər Nazirliyinin strukturunda İnsan Alverinə Qarşı Mübarizə İdarəsi yaradılmış, zəruri qanunlar qəbul edilmiş, Cinayət Məcəlləsinə insan alverini və məcburi əməyi qadağan edən normalar əlavə olunmuşdur.

Qurbanlar üçün təhlükəsiz sığınacaq, xüsusi "Yardım mərkəzi", "Qaynar xətt" telefon xidməti və s. istifadəyə verilmişdir.

Nazirin birinci müavini qeyd etmişdir ki, hər il büdcədən bu sahədə mübarizə üzrə 500 min ABŞ dolları vəsait ayrılır. Bu cinayətlərin qurbanlarına verilən müavinətlərin məbləği isə 510 dollaradək artırılmışdır.

ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Koray Tarqay tədbirin əhəmiyyətindən və dünyada insan alverinə qarşı mübarizənin əsas istiqamətlərindən danışmışdır. Bildirilmişdir ki, insan alveri günümüzün ən ağır insan hüquqları cinayətlərindən biridirbu, dövrümüzün köləliyidir. İnsan alveri və məcburi əmək beynəlxalq fəlakətdir və heç bir ölkə beynəlxalq əməkdaşlıq olmadan bu problemin öhdəsindən gələ bilməz. Koray Tarqay insan alveri və məcburi əməyə qarşı mübarizədə vətəndaş cəmiyyəti təşkilatlarının iştirakının vacibliyini qeyd etmişdir.

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar çıxışında demişdir ki, insan alverçilərinin yeni metodları psixoloji asılılığa əsaslanır. Bu, müasir quldarlıq formasıdır. Yəni, insanlar bir yerdə qapadılıb saxlanmaya da bilər, ancaq bu halda da insan alverinin qurbanı olurlar. Eyni sözləri seksual məqsədlə istismara da aid etmək olar. Bu məsələlər ölkələrin milli qanunvericiliyində də əksini tapmalıdır. Səfirin fikrincə, əgər qurban yüksək pul ödəyib xarici ölkəyə gedərsə və orada istismara məruz qalarsa, bu da insan alveri sayılmalıdır. İnsan alveri qeyri-qanuni miqrasiyadan ayrılmalıdır.

Qeyd edilmişdir ki, Beynəlxalq Əmək Təşkilatı dünyada məcburi əməyə 14,5 milyon insanın cəlb olunduğunu açıqlamışdır. Bu, məcburi seksual qurbanların sayından 3 dəfə çoxdur. Bu, aysberqin görünən tərəfidir. İnsan alverinə qarşı mübarizə ABŞ üçün prioritetdir. ABŞ insan alverinə qarşı mübarizə sahəsində 168 layihəyə 62 milyon dollar vəsait ayırmışdır.

Diplomat sonda vurğulamışdır ki, transmilli cinayətkarlığa qarşı mübarizə aparmaq üçün yalnız birlikdə işləməliyik. Vahid standartlar müəyyənləşdirməliyik ki, bütün ölkələr bu standartlara əməl etsinlər.

ATƏT-in insan alverinə qarşı mübarizə üzrə xüsusi təmsilçisi və əlaqələndiricinin məsləhətçisi xanım Astrid Ganterer konfransdakı çıxışında bildirmişdir ki, insan alveri cinayətlərindən hər il dünyada 32 milyard dollar gəlir əldə edilir. Problem yaradan məsələlərdən biriodur ki, bu cinayətlər ölkələrin qanunvericiliyinə görə, fahişəlik, qaçaqmalçılıq, iqtisadi cinayətkarlıq, saxtakarlıq adları altında aparılır. Bu isə insan alveri sahəsində qurbanları aşkar edib onlara yardım göstərilməsinə mane olur. İnsan alveri həmişə transmilli formada baş vermir. Bu, adicə ev qulluğu sahəsində məcburi əməyə cəlbetmə formasında da baş verir. Ona görə də insan alveri məsələsi çox geniş  müzakirə olunmalıdır. Bu, həm də miqrasiya məsələləri ilə əlaqəlidir. Qeyri-səmərəli miqrasiya insan alverinə şərait yaradır. Ona görə də səmərəli miqrasiya xidməti həyata keçirilməlidir.

Beynəlxalq Əmək Təşkilatı ev qulluqçuları kimi çalışan insanların diqqət mərkəzində saxlanılmasını, onların hüquqlarının qorunmasını zəruri sayır. Hesab edirik ki, bu problemə qarşı mübarizədə bütün səylər birləşdirilməlidir. Ona görə də Azərbaycan hökumətinin bu tədbirə verdiyi əhəmiyyəti yüksək qiymətləndiririk.

İki gün davam edəcək konfransda dövlət və qeyri-hökumət təşkilatlarının, beynəlxalq qurumların və diplomatik korpusun nümayəndələri iştirak edirlər.

Konfransda Azərbaycan, Bosniya və Herseqovina, Özbəkistan, Rusiya, Serbiya, Türkiyə, Türkmənistan və Ukraynadan olan hüquq-mühafizə orqanlarının və vətəndaş cəmiyyətinin nümayəndələri insan alverinə qarşı mübarizə ilə bağlı uğurlu təcrübələri bölüşəcəklər.

 

Azərbaycan.-2012.- 7 dekabr.- S.5.