Pekində dahi Azərbaycan şairi və mütəfəkkiri

 Nizami Gəncəvinin büstü qoyulmuşdur

 

Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərinin ən böyük parklarından biri olan Çaoyan parkında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin büstü qoyulmuşdur. Bu münasibətlə keçirilən tədbirdə Çin Xarici İşlər, Mədəniyyət nazirliklərinin rəsmiləri, Türkiyənin, Özbəkistanın, Gürcüstanın, Tacikistanın, Bosniya və Herseqovinanın, Əlcəzairin və Əfqanıstanın Pekindəki səfirləri, diplomatlar, şəhər rəhbərliyinin nümayəndələri, ziyalılar iştirak etmişlər.

Azərbaycanın Pekindəki səfirliyinin Şərq poeziyasının görkəmli nümayəndəsi Nizami Gəncəvinin 870 illik yubileyinin Çində də keçirilməsi istiqamətində apardığı işin nəticəsi olaraq paytaxt Pekindəki Çaoyan parkında şairin büstünün qoyulması barədə razılıq əldə olunmuşdur. Büstün qoyulması üçün Çaoyan parkının seçilməsi təsadüfi deyildir. Çünki parkda müxtəlif xalqların dahi şəxsiyyətlərinin, o cümlədən Fernand Magellanın, Simon Bolivarın, Taras Şevçenkonun, Mahatma Qandinin, Hristo Botevin və başqalarının büstləri vardır. Sahəsi 288,7 hektar olan və 1984-cü ildə salınmış parkda imperator iqamətgahı da yerləşir.

Çaoyan parkı pekinlilərin, eləcə də turistlərin ən çox ziyarət etdiyi yerlərdən biridir. Gün ərzində 10 minlərlə insan bu parka baş çəkir.

Dahi Nizami Gəncəvinin büstünün müəllifi Çaoyan parkının nəzdində fəaliyyət göstərən Cintay İncəsənət Mərkəzinin direktoru, professor Yüen Sikundur. Dünya tarixində və mədəniyyətində iz qoymuş şəxsiyyətlərin büstlərini hazırlamaqla tanınan heykəltəraş Y.Sikun Çin Xalq Siyasi Məsləhətləşmələr Şurasının, Çin Mədəniyyət Nazirliyinin İncəsənət Titulları Evaluasiya Komitəsinin üzvüdür.

Büstün üzərindən örtük götürüldükdən sonra önünə gül dəstələri qoyulmuşdur.

Cintay İncəsənət Muzeyində davam etdirilən tədbirdə çıxış edən Azərbaycanın Pekindəki səfiri Lətif Qəndilov, Çin Xarici İşlər Nazirliyinin məsul əməkdaşı Su Fanqçyu, Cintay İncəsənət Mərkəzinin direktoru, professor Yüen Sikun, Çin Dövlət Şurasının İnkişaf Araşdırmaları Mərkəzi yanında AvropaAsiya Sosial İnkişaf İnstitutunun professoru, türkoloq Xu Genxua dahi Nizaminin Pekin şəhərində büstünün qoyulmasının xalqlarımız arasında tarixən mövcud olan mədəni əlaqələrdə əhəmiyyətli bir hadisə olduğunu vurğulamışlar. Qeyd olunmuşdur ki, Azərbaycan tarixən istedadlar yurdu kimi tanınmış, xalqımız dünya mədəniyyətinə böyük töhfələr vermişdir. Dahi Nizami Gəncəvi ümumbəşəri mahiyyət daşıyan, ecazkar poetik qüvvəyə malik yaradıcılığı ilə Şərq bədii təfəkkürünü elmi-fəlsəfi fikirlərlə zənginləşdirmişdir. Mütəfəkkir şairin məşhur "Xəmsə"si dünya ədəbiyyatının şah əsərləri sırasında layiqli yer tutur. Korifey sənətkar öz ənənələri ilə seçilən ədəbi məktəbini yaratmışdır. Nizami Gəncəvinin dünyanın ən zəngin kitabxanalarını bəzəyən əsərləri Şərqdə incəsənətin, xüsusən də miniatür sənətinin inkişafına təkan vermişdir.

Sonra çinli məktəblilər Nizami Gəncəvinin əsərlərindən parçaları çin dilində səsləndirmişlər.

Tədbir çərçivəsində Azərbaycanın mədəniyyətini, tarixi yerlərini, turizm imkanlarını, Bakının müasir memarlıq nümunələrini əks etdirən fotosərgi, habelə Azərbaycanın Çindəki səfirinin xanımı Nailə Abbasovanın işlərindən ibarət rəsm sərgisi də təşkil olunmuşdur.

 

 

 

Şahin CƏFƏROV,

AzərTAc-ın xüsusi müxbiri

Pekin

Azərbaycan.-2012.- 7 dekabr.- S.6.