Bakıda beş cildlik «Böyük iqtisadi ensiklopediya»nın təqdimatı olmuşdur
Azərbaycanda Amerika Ticarət Palatası (AMCHAM) işgüzar nahar çərçivəsində Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə ilə görüş keçirmişdir.
AzərTAc xəbər verir ki, tədbir çərçivəsində Ziyad Səmədzadənin müəllifi olduğu beş cildlik "Böyük iqtisadi ensiklopediya"nın təqdimatı olmuşdur.
İşçi nahar zamanı AMCHAM-ın ölkədə məvacib bazarı üzrə illik sorğusu barədə təqdimatı keçirilmişdir. Bu il sorğuda müxtəlif sektorları əhatə edən 125 şirkət iştirak etmişdir.
Həmin şirkətlərin nümayəndələri və digər rəsmi şəxslərin iştirakı ilə keçirilən görüşdə Ziyad Səmədzadə Azərbaycanın artan iqtisadiyyatı haqqında məlumat vermişdir.
Bildirilmişdir ki, son 15 il ərzində Azərbaycanda inkişaf sürəti digər neft hasil edən ölkələrdən xeyli dərəcədə yüksəkdir. Hazırda Azərbaycan dünyanın ən nüfuzlu ölkələri ilə əməkdaşlıq edir, bir çox ölkələr ilə strateji tərəfdaşlıq əlaqələri qurur. Azərbaycan müstəqil dövlət olaraq Avropanın enerji təhlükəsizliyində iştirak edən bir ölkə kimi tanınır.
Azərbaycanın və digər ölkələrin iqtisadiyyatı haqqında məlumat toplusu olan "Böyük iqtisadi ensiklopediya" ictimaiyyətə təqdim edilmişdir.
Ensiklopediyada 10 minə yaxın iqtisadi terminin izahı verilir. Kitabda XX əsrdə
ayrı-ayrı ölkələrin
iqtisadiyyatını xarakterizə
edən diaqramlar, dünya iqtisadiyyatına təsir edən amillərin sistemli təhlili və digər konkret faktlar yer almışdır.
Oxucular burda neftin tarixi, strategiyası, dünya yanacaq kompleksləri ilə yanaşı, neft ilə əlaqədar
500-ə qədər terminlə
tanış ola bilərlər. Topluda banklar, marketinq, sığorta, turizm, beynəlxalq münasibətlər
və digər sahələri əhatə
edən məsələlərə
toxunulmuşdur.
Kitabın
Azərbaycan elminə töhfə olduğunu vurğulayan
AMEA-nın vitse-prezidenti, akademik Akif Əlizadə bunu əlamətdar
hadisə adlandırmışdır.
Azərbaycan.-2012.- 7 dekabr.- S.6.