Azərbaycan Texniki Universiteti binasının əsaslı təmiri

və bərpası ilə bağlı tədbirlər haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Azərbaycanın qabaqcıl təhsil ocaqlarından biri sayılan, ölkədə mühəndis kadrlarına, eləcə də informasiya-kommunikasiya texnologiyaları və texnikanın digər müasir sahələri üzrə mütəxəssislərə tələbatın ödənilməsində mühüm rolu olan Azərbaycan Texniki Universitetinin binasının əsaslı təmiri və bərpası məqsədi ilə qərara alıram:

1. Azərbaycan Texniki Universiteti binasının əsaslı təmiri və bərpası üçün Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Texniki Universitetinə ilkin olaraq 3,5 milyon (üç milyon beş yüz min) manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 dekabr 2012-ci il

Azərbaycan.-2012.- 8 dekabr.- S.1.