Milli statistika məlumatları
ilə beynəlxalq təşkilatların
məlumatlarıarasında niyə bəzən
uyğunluq olmur
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra bir çox beynəlxalq təşkilatların tamhüquqlu üzvü olmuş və bununla əlaqədar müəyyən öhdəliklər qəbul etmişdir. Onlardan biri də ölkənin sosial-iqtisadi inkişafı və dünya birliyinə inteqrasiyası ilə bağlı müxtəlif statistik məlumatların hazırlanaraq təqdim edilməsidir. Məhz bu səbəbdən Dövlət Statistika Komitəsinin fəaliyyətinin ən mühüm istiqamətlərindən birini beynəlxalq təşkilatlarla əməkdaşlıq təşkil edir.
Beynəlxalq təşkilatlar öz fəaliyyət istiqamətlərinə uyğun bütün ölkələrin statistika orqanlarından, o cümlədən Azərbaycandan məlumat toplayırlar. Hər il Dövlət Statistika Komitəsinə müxtəlif beynəlxalq təşkilatlardan 30-a qədər irihəcmli sorğu daxil olur və onlar dəqiq, dürüst cavablandırılır. Bu, çox əməktutumlu və məsuliyyətli işdir. Tələb olunan məlumatların bir qismi isə Dövlət Statistika Komitəsinin fəaliyyət sahəsinə aid olmadığı üçün və sorğulara maksimal dərəcədə dolğun cavab vermək məqsədilə ölkəmizdə rəsmi statistikanı təmsil edən digər təşkilatlara, inzibati məlumat mənbəyi sahiblərinə müraciətlər olunur və əlavə tədbirlər görülür.
Sorğuların tam və düzgün cavablandırılması üçün statistiklər əllərindən gələni əsirgəmirlər. Bununla əlaqədar milli statistika orqanlarının istək və cəhdləri başa düşüləndir və tərifəlayiqdir, çünki hər bir demokratik ölkə özü haqqında beynəlxalq səviyyədə ətraflı məlumatın olmasında maraqlıdır. Bu, beynəlxalq iqtisadi əlaqələrin möhkəmləndirilməsinə, ölkəyə xarici investisiyaların cəlb edilməsinə şərait yaradır, açıqlıq və şəffaflıq göstəricisi olmaqla ölkənin mütərəqqi imicinin formalaşdırılmasına xidmət edir. Bununla yanaşı, sorğuların cavablandırılma səviyyəsi ölkədə statistikanın inkişafı səviyyəsindən də xəbər verir.
Bundan əlavə, sorğularda təmsil olunan göstəricilər bir növ nümunə, etalon rolunu oynayan beynəlxalq statistik standartların tələblərinə əsaslanır ki, bu standartların tətbiqi ilə də Azərbaycan öz dövlət müstəqilliyini əldə etdiyi andan fəal məşğul olur. Bəzi hallarda sorğu vərəqələrində tələb olunan bütün göstəricilər üzrə məlumatların tam doldurulması mümkün olmur. Lakin bu, hadisə və ya prosesin ölkədə baş vermədiyinə görə deyil, həmin statistika müşahidəsinin və zəruri məlumatların işlənməsinin bu və ya digər səbəbdən hələ ki təşkil olunmadığına görə baş verir. Belə olan halda Dövlət Statistika Komitəsinin aidiyyəti şöbəsi qarşısında məsələnin öyrənilməsi və çatışmayan məlumatların əldə edilməsi üçün lazımi tədbirlərin həyata keçirilməsi vəzifəsi qoyulur.
Beləliklə, beynəlxalq təşkilatların sorğularının təmin edilməsinə Dövlət Statistika Komitəsi xeyli maliyyə, əmək və inzibati resurslar cəlb edir. Məqsəd beynəlxalq təşkilatların informasiya bazalarında ölkənin mümkün qədər dolğun təmsil olunmasını təmin etməkdən ibarətdir. Xarici investorlar qərar qəbul edərkən məhz bu məlumatları rəhbər tuturlar, reytinq agentlikləri bu məlumatlara əsaslanırlar. BMT-nin İnkişaf Proqramı (UNDP) da onlardan istifadə edərək hər il İnsan İnkişafına dair hazırladığı hesabatda ölkələri sıralayır, beynəlxalq təşkilatların (DB, BVF və s.) özləri də ölkələr üzrə proqnozlar verərkən elə bu məlumatları götürürlər. Göründüyü kimi, ölkə üçün bu məlumatların vacibliyi şübhəsizdir.
Beləliklə, xeyli səylər göstərib, beynəlxalq təşkilatların sorğularını cavablandırıb onlara göndərdikdən sonra biz tam əmin oluruq ki, məlumatlarımız beynəlxalq təşkilatların məlumat bazalarına gecikdirilmədən, bizim cavablandırdığımız kimi daxil ediləcək və həmin məlumat bazalarından istifadə edənlər ölkəmiz haqqında informasiya ilə vaxtında təmin ediləcəklər.
Lakin həqiqətdə bu belədirmi? Təəssüf ki, yox. Bəzən ayrı-ayrı beynəlxalq təşkilatların məlumat bazalarında çoxsaylı uyğunsuzluqlarla rastlaşanda çox məyus olduq.
Anlaşılmazlıqlar insan inkişafı haqqında BMT-nin İnkişaf Proqramı tərəfindən 2011-ci ilin sonunda açıqlanan hesabatından başladı. 2010-cu ildə dünya ölkələri arasında 67-ci yerdə olan Azərbaycan 2011-ci ildə birdən-birə 91-ci yerə endi. Məlumatların təhlili göstərdi ki, səhv "təhsilin orta müddəti" göstəricisi üzrə baş vermişdir. Müraciətlərimiz və yazışmalar nəticəsində UNDP öz səhvini etiraf etmiş, üzr istəmiş və Azərbaycan üzrə indeksin yenidən hesablanması nəticəsində ölkəmiz reytinqin 76-cı yerində qərarlaşmışdır.
Bu hadisə rəsmi milli statistika məlumatları və digər beynəlxalq təşkilatların elektron məlumat bazalarında ölkəmizə aid olan məlumatlar arasında uyğunluq monitorinqinin keçirilməsinə səbəb oldu. Nəticələr isə gözlənilməz və məyusedici oldu. Monitorinq nəticəsində 10 beynəlxalq təşkilat - Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Beynəlxalq Əmək Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı, Avrostat, BMT-nin İnkişaf Proqramı, BMT-nin Statistika Departamenti, BMT-nin Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatı, BMT-nin Uşaq Fondu, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatlarında 327 göstərici üzrə uyğunsuzluqlar aşkar edildi!
Sual olunur - bu kimi hallar
belə miqyasda necə baş verə bilər? Bəzi göstəricilər
üzrə kənarlaşmalar
5-10 faiz səviyyəsindədir.
Belə ki, Beynəlxalq Valyuta Fondunun məlumat bazasında 2008-ci il üzrə cari qiymətlərlə ÜDM həcmi
göstəricisi milli
göstəricidən 5,3
faiz, Dünya Bankının məlumat bazasında 2008-ci il üzrə muzdlu işçilərin məşğul
əhalinin sayında xüsusi çəkisi milli göstəricidən
9 faiz bəndi qədər fərqlənir.
Əlbəttə, Dövlət Statistika Komitəsi yuxarıda göstərilən təşkilatlara
rəsmi qaydada müraciət edərək
onların məlumat bazalarında olan uyğunsuzluqların aradan
qaldırılmasını tələb etmişdir. Artıq bəzi
müsbət irəliləyişlər
müşahidə olunmaqdadır.
Bununla yanaşı, çətinlik və bürokratik əngəllər
də var. Dörd aydan artıq müddətin keçməsinə
baxmayaraq, Beynəlxalq
Valyuta Fondu əvvəlki illərin uyğunsuzluqlarını saxlayaraq
yalnız son 3 ilin məlumatını və
ancaq bir göstərici - ÜDM üzrə
düzəltsə də,
Dünya Bankı və BMT-nin İnkişaf Proqramı hələlik heç bir dəyişiklik etməmiş, Beynəlxalq
Əmək Təşkilatı
özünün Laboursta
məlumat bazasının
2012-ci ilin sonunadək
təzələnməsinə söz vermişdir (halbuki məlumatlarımız
hələ mart ayında
göndərilmişdir) və
s.
Ədalət xatirinə qeyd etmək lazımdır ki, bəzi hallarda
məlumatların üst-üstə
düşməməsi başa
düşüləndir və
yol veriləndir. Belə
ki, Azərbaycanda Ümumdünya Səhiyyə
Təşkilatının "diri doğuş" meyarlarına keçid prosesi hələlik başa çatmadığından
milli səhiyyə statistikasının bir sıra göstəriciləri
BMT-nin Uşaq Fondunun və BMT-nin Əhali Fondunun müvafiq məlumatlarından fərqlənir.
Azərbaycanda və ÜST-də
istifadə edilən metodologiyanın müxtəlifliyini
nəzərə alsaq
ÜST-ün mövqeyini
başa düşmək
olar, lakin burada söhbət belə uyğunsuz məlumatdan getmir.
Məsələ ondadır ki, milli statistika orqanının rəhbəri
tərəfindən təsdiq
edilərək beynəlxalq
təşkilatlara rəsmi
qaydada göndərildikdən
sonra ölkə məlumatları onlar tərəfindən redaktə
olunur, təshih edilir, qiymətləndirmələr
aparılır, bir sözlə, məlumatlar ölkənin razılığı
olmadan müxtəlif dəyişikliklərə məruz
qalır. Bu hansı
səbəbdən, nə
üçün baş
verir? Ölkənin statistikləri bunu
anlamır. Beynəlxalq təşkilatların
belə hüququ varmı? Yəqin ki, yox.
Biz dəfələrlə şahid
olmuşuq ki, ən yüksək beynəlxalq forumların tribunalarından, o cümlədən
BMT-nin Statistika Komissiyasının hər
il keçirilən sessiyalarında komissiyanın
rəhbərliyi beynəlxalq
təşkilatlara müraciət
edərək onları,
uyğunsuzluqlar olduğu
halda, milli məlumatlara üstünlük
verməyə çağırmışdır.
Ölkənin rəqəmləri
əvəzinə beynəlxalq
təşkilatların özlərinin qiymətləndirmələrinə
yalnız o halda yol verilir ki,
ölkə bu və ya digər
məlumatı təqdim
edə bilməsin.
2012-ci il fevralın 29-da BMT-nin Statistika Komissiyasının 43-cü sessiyasında
təqdim edilən
BMT Baş katibinin məruzəsində qeyd edilir ki, Minilliyin
Bəyannaməsində göstərilmiş
inkişaf sahəsində
məqsədlərə nail olmaq üçün göstəricilər üzrə
idarələrarası ekspertlər
qrupunun məqsədlərindən
biri milli və beynəlxalq göstəricilər arasında
uyğunsuzluqların aradan
qaldırılmasıdır (sənəd E/SN.3/2012/29).
Oxşar məqsədlər yəqin
ki, ölkələrə
məlumat üçün
müraciət edən
bütün beynəlxalq
təşkilatlar qarşısında
durmalıdır. Təəssüf ki, milli və beynəlxalq göstəricilər arasında
uyğunsuzluqların aradan
qaldırılmasına yönəldilmiş
beynəlxalq təşkilatların
hər hansı təşəbbüsü və
ya marağı müşahidə olunmur.
Yuxarıda göstərilənlər və
qazanılmış təcrübə
bu nəticələrə
gəlməyə və
təkliflər irəli
sürməyə əsas
verir. Bunlardan birincisi ölkələrdən
məlumatların alınması
müddəti və bu məlumatın beynəlxalq təşkilatların
məlumat bazalarında
yenilənmə müddətlərinin
standartlaşdırılmasıdır.
Hər bir beynəlxalq təşkilatın öz
məlumat bazası və ölkə məlumatlarının aktuallaşdırılması
müddəti mövcuddur.
Misal üçün, Beynəlxalq
Əmək Təşkilatı
ölkələrdən sorğu
etdiyi məlumatları
martın 31-dək göndərilməsini
xahiş etsə də, Laboursta bazasını ilin sonunda, 9 aylıq ləngimə ilə yeniləyir. Beynəlxalq
Valyuta Fondu özünün bazasını
aprel və sentyabr aylarında aktuallaşdırır və
s. Nəticədə ölkəmizə
aid eyni tipli informasiya müxtəlif beynəlxalq təşkilatların
bazalarında fərqli
olur.
Buraya sorğularda
əksini tapan göstəricilərin ad və
metodologiyasının eyniləşdirilməsi,
sorğuların eyniləşdirilməsi,
birləşdirilməsi, təkrarçılığın
aradan qaldırılması
da daxildir. Beynəlxalq təşkilatlar
arasında bu sahədə olan əlaqələndirmə daha
yaxşı olmalıdır.
Beynəlxalq təşkilatların ekspertləri respondentlərə
düşən informasiya
yükünün azaldılmasına
dair milli statistika orqanlarına məsləhət verməyi
sevirlər. Lakin
beynəlxalq təşkilatların
məlumat toplama sahəsindəki fəaliyyətindən
ölkələrə düşən
informasiya yükünün
azaldılması hələlik
hiss olunmur.
Eləcə də metodoloji şəffaflığın təmin
edilməsi - milli məlumat əvəzinə,
beynəlxalq təşkilatlar
tərəfindən qiymətləndirilmiş
məlumatdan istifadə
və ya ölkə rəqəmlərinin
təshih edilməsinin
bütün halları
ölkə ilə razılaşdırılması əldə olunan nəticələrdəndir. Hazırda beynəlxalq
təşkilatların bu
sahədə fəaliyyəti
şəffaf deyildir.
Nəhayət, beynəlxalq təşkilatlardan
ölkələrə daxil
olan sorğu-məktublara
müqavilə statusunun
verilməsi (əlbəttə
ki, söhbət hüquqi statusdan getmir). Bu məktublarda tərəflərin öhdəlikləri
öz əksini tapmalıdır. Məlumatların vaxtlı-vaxtında və
mümkün qədər
dolğun şəkildə
təqdim edilməsini
ölkə öz üzərinə, uyğunsuzluq
və məlumat fərqliliklərinin razılaşdırılmasından
sonra, məktubda göstərilmiş müddətdə
özünün məlumat
bazalarında yerləşdirilməsini
isə müvafiq beynəlxalq təşkilat
öz üzərinə
götürməlidir.
Bütün böyük beynəlxalq təşkilatların vahid
məlumat bazasının
yaradılması yuxarıda
qeyd edilən bir çox anlaşılmazlıqları aradan
qaldırmış olardı,
lakin bunun da yaxın gələcəkdə
baş verəcəyi
inandırıcı deyil.
Bu mövzunu BMT-nin Statistika Komissiyasının
təsdiq etdiyi rəsmi statistikanın fəaliyyətinin 10 fundamental prinsiplərindən
biri olan beynəlxalq əməkdaşlığın
bir aspekti kimi beynəlxalq təşkilatlar tərəfindən
milli statistika orqanlarının rəhbərləri
üçün hər
il təşkil
edilən seminarların
birində müzakirə
etmək faydalı olardı.
Azərbaycan Respublikasının Dövlət
Statistika Komitəsində
məlumatların tutuşdurulub
yoxlanması üzrə
əməkdaşların fəaliyyətini
əlaqələndirmək məqsədilə müvafiq
əmr də verilmişdir. Əmrə əsasən, hər
sahə şöbəsi
onun profilinə uyğun beynəlxalq təşkilata təhkim edilərək ildə bir dəfə monitorinq aparır və həmin təşkilatların Azərbaycandakı
nümayəndəlikləri ilə məlumat fərqlərinin aradan qaldırılması məsələlərində
sıx əməkdaşlıq
edir.
Arif VƏLİYEV,
Dövlət Statistika Komitəsinin
sədri
Azərbaycan.-2012.- 8 dekabr.- S.3.