Yaponiyanın milli
bayramı şərəfinə
Dekabrın 7-də Yaponiyanın Azərbaycandakı səfirliyi imperator Akihitonun anadan olmasının 79-cu ildönümü münasibətilə rəsmi qəbul təşkil etmişdir.
Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra qonaqları salamlayan səfir Şusuke Vatanabe bildirmişdir ki, Konstitusiyaya görə, Yaponiya imperatoru yapon xalqının birlik rəmzidir və onun doğum günü milli bayram kimi qeyd olunur. Diplomat vurğulamışdır ki, ölkələrimiz arasındakı münasibətlər 2006-cı ildə Prezident İlham Əliyevin Yaponiyaya rəsmi səfərindən sonra yeni keyfiyyət mərhələsinə qədəm qoymuşdur. Azərbaycan ilə Yaponiya arasında əməkdaşlığın bütün istiqamətlərdə, xüsusilə də elm və təhsil sahələrində yüksək səviyyədə olduğunu söyləyən səfir əlaqələrimizin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini bildirmişdir.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov əlamətdar gün münasibətilə yapon xalqını Prezident İlham Əliyevin adından təbrik etmiş, dövlətimizin başçısının salamlarını və xoş arzularını çatdırmışdır. Nazir bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin 1998-ci ildə və Prezident İlham Əliyevin 2006-cı ildə Yaponiyaya səfərlərindən sonra ölkələrimiz arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Azərbaycan ilə Yaponiyanın müxtəlif sahələrdə fəal əməkdaşlıq etdiyini vurğulayan nazir əmin olduğunu bildirmişdir ki, iki ölkə arasında münasibətlər getdikcə daha da möhkəmlənəcək və genişlənəcəkdir.
Rəsmi qəbulda səfir Şusuke Vatanabe Azərbaycan ilə Yaponiya arasında dostluq əlaqələrinin inkişafına verdiyi töhfəyə görə Yaponiya xarici işlər nazirinin təşəkkür fərmanını və mükafatı Bakı Dövlət Universitetinin rektoru, Azərbaycan-Yaponiya parlamentlərarası dostluq qrupunun rəhbəri Abel Məhərrəmova təqdim etmişdir. Akademik Abel Məhərrəmov fərmana və mükafata görə təşəkkürünü bildirmişdir.
Tədbirdə
Azərbaycanın dövlət və hökumət rəsmiləri,
Milli Məclisin deputatları, xarici ölkələrin
Bakıdakı səfirləri, ictimaiyyətin nümayəndələri
iştirak etmişlər.
AzərTAc
Azərbaycan.-2012.- 8 dekabr.- S.3.