İnformasiya məkanı və mənəvi-psixoloji təhlükəsizliyimizə təhdidlər

 

Hüquqi və mənəvi sanksiyalar bir-birini tamamlayanda

 

 KİV-lərdə hansı dəyər oriyentasiyalarına üstünlük verildiyi naməlum qalır

 

 

 

Bəzi KİV-lər sanki vətəndaşımıza psixoloji-informasiya müharibəsi elan edərək  ünvanı səhv salıblar. Bir çox məsələlərə mətbuatın reaksiyası  saysız-hesabsız  suallar doğurur. Yazarların  milli mənəviyyat anlamına, dövlətçilik duyğusuna, insanların faciəsinə sayğısını ifadə edən  insaniyyət və vətəndaşlıq prinsiplərinə nə dərəcədə sadiq olduqlarına  nəzər salmağa imkan verir. Cəmiyyətdə baş verən proseslərin işıqlandırılmasına müxtəlif  baxış bucaqlarından baxmaq olar. Yalnız bir istisna olmaqla:  milli mənəviyyatın və əxlaqın fövqündə olan  baxış yolverilməzdir! Müxtəlif fikirli olmaq insanlıq duyğusundan məhrum olmaq deyil! Hər kəs dünyaya gələndə milli mənsubiyyəti ilə bərabər  üzərinə yazılı və yazılmamış mənəvi öhdəliklər, sanksiyalar  da götürür! Bir xalqın təmsilçisi, onun mentalitetinin  daşıyıcısı  olur. Azərbaycan demokratik ölkədir və hər kəs öz fikrini söyləməkdə sərbəstdir. Azərbaycanın   media məkanında ciddi  intellekt və mənəvi prinsiplərə söykənən mətbuata zərurət var! İstənilən mətbu orqan  kollektivdir. Senzuranın olmadığı şəraitdə mətbu nəşrin konsepsiyası, əxlaqi-mənəvi senzuranın  tətbiq edildiyi bir həddi var! Ümummilli məsələlərdə kollektiv konkret mövqelərə cavabdehdir. Lakin insaniyyət və qeyri-insanlığın   arasındakı hüdudu  aşmağa,  faciələrdən "şou" düzəltməyə, insanların  zövqünü və diqqətini, qəlbini təhqir etməyə, Azərbaycan cəmiyyətini yalnız  məhz bu şəkildə təqdim etməyə heç kimin  haqqı yoxdur. Bu da demokratiyanın mühüm  meyarıdır. Lakin bu gün  bəzi media adlanan  xəbər agentlikləri, bəzi ölkələrin  Azərbaycana münasibətdə  tətbiq etdiyi üsullarla, aqressiya və  faciələrdən "şok şoular düzəltməklə", mənfi ictimai rəy formalaşdırmaqla  hara qədər gəlmək olarsa, artıq gəliblər!

 

 

 

İnformasiya-psixoloji təhlükəsizliyinin sistemi

 

 

Son dövrlərdə baş verən məişət zorakılığı faktlarının və ailə faciələrinin "şou" formatında təqdim edilməsinə bir sıra tanınmış yerli KİV təmsilçiləri münasibət bildirərək, bunun yolverilməz olduğuna dair yekdil mövqe göstərdilər. Pis nümunənin həmişə geniş yayıldığı vurğulandı. Mətbuatda bütün sağlam düşüncəli  qüvvələrin həyəcan təbilini çalması məsələnin ciddi qoyuluşunu tələb edir.

Əsas narahatlıq bu sahədə hüquqi tədbirlərin görülməməsidir. Səbəb isə  müvafiq qanunvericiliyin olmamasıdır. Nəticədə vətəndaşlar bu təsir qarşısında  əliyalın vəziyyətdə qalır. Bəzi media vasitələrində cəmiyyətə qarşı   sanki  elan edilməmiş şəbəkə müharibəsi gedir. Məsələn, Azərbaycan ailəsi yalnız məişət zorakılığı baş verəndəmi  yada düşür? Nəsillərə örnək olan ailələr haqda yazılar yoxsa artıq "dəbdən düşüb?"

 Bugünkü qanunvericilikdə insanların öz psixi durumuna neqativ informasiyanın təsirindən  mühafizə edilməsinin kifayət qədər təminatları mövcud deyil.

Hələ 2008-ci ildə informasiya və psixoloji təhlükəsizlik haqda qanunun qəbul edilməsi barədə təkliflərimizi səsləndirəndə mediada buna "daha bir media senzurası təklifi" kimi reaksiyalar verildi.  

İnformasiya  cəmiyyəti quruculuğunda qarşıya çıxan ən vacib məsələlərdən biri   dövlətin  etibarlı informasiya-psixoloji təhlükəsizliyinin təmin edilməsidir. İnformasiya təhlükəsizliyi - informasiya və ona xidmət edən infrastrukturun sahibi və ya istifadəçilərinə ziyan vurmağa səbəb olan təbii və ya süni xarakterli, təsadüfi və ya qəsdli təsirlərdən mühafizə edilməsidir. İnformasiyanın mühafizəsi - informasiya təhlükəsizliyinin təmin olunmasına yönəlmiş tədbirlər kompleksidir. Təhdid dedikdə kiminsə maraqlarına ziyan vurmağa səbəb ola bilən potensial mümkün hadisə, şərait, hərəkət, proses və s. nəzərdə tutulur. İnformasiya müharibəsi  (İM) kimə qarşı, özümüzə, yoxsa bizimlə müharibə aparanlara yönəlməlidir? İM texnologiyaları konsepsiyasının ilk müəlliflərindən sayılan amerikalı alim L.Martin "İnformasiya müharibəsi nədir?" adlı məqaləsində onun yeddi forması sırasında  beşincini psixoloji müharibə kimi  göstərmişdir. O, qeyd edir ki, psixoloji müharibə ilk növbədə İnternet qlobal şəbəkəsində reallaşdırılır və İM texnologiyalarından istifadə qarşı tərəfin həyati əhəmiyyət kəsb edən sahələrini (maliyyə, bank sistemi, rabitə, elektrik təchizatı və nəqliyyat) iflic etməklə yanaşı, insanların davranışlarını idarə etmək üçün əsas vasitədir. İnternet vasitəsilə həyata keçirilən informasiya-psixoloji təsir vətəndaşların mənəvi durumunu dəyişir və mədəniyyətlər müharibəsi kimi xarakterizə edilir.

Dünya ölkələrində, məsələn, Fransada informasiya-psixoloji təhlükəsizliyinin təmin edilməsinə dair qanun qəbul olunub. Qanuna görə, əgər fransız xalqının tarixinə, mədəniyyətinə, mənəviyyatına, milli-mənəvi dəyərlərinə təsir edən hər hansı bir zərərli informasiya yayılırsa, ötürülürsə, dərhal onun qarşısı alınır və bunu edənlər

3 ildən 5 ilədək cinayət məsuliyyətinə cəlb olunurlar.

İnformasiya-psixoloji təhlükəsizliyi (İPT) anlayışı milli təhlükəsizliyə aid olan  normativ aktlara və qanunların mətninə əlavə edilməlidir.

Vətəndaşların şüurunun  informasiya ekspansiyasının qarşısını almaq üçün  şəxsiyyətin, cəmiyyətin və dövlətin informasiya-psixoloji təhlükəsizliyi qurumunun yaradılması çox mühüm məsələdir. Onların əsas vəzifəsi  yerli, region və mərkəzi səviyyələrdə neqativ təsirli İPT-nin önlənməsi, neytrallaşmasının  təmin olunması yönündə tədbirlərin həyata keçirilməsidir. Azərbaycanda sosial informasiyanın vahid  sisteminin təşkili zərurəti yaranır. Bununla bağlı dövlət informasiya monitorinqi sisteminin yaradılması gündəmdə durur.

İPT-nin obyekti aşağıdakılardır:

cəmiyyətin  informasiya-psixoloji mühiti;

informasiya resursları və mənbələri;

ictimai  rəyin və şüurun formalaşdırılması sistemi;

şəxsiyyətin davranışı.

informasiya-psixoloji təhlükəsizlik dedikdə, insan psixikasının destruktiv informasiyanın (destruktiv informasiyanın şüur və ya şüuraltına  yeridilməsi nəticəsində gerçəkliyin qeyri-adekvat  dərkinə səbəb olmasının) təsirindən mühafizə olunması, eləcə də onunla bağlı olan şəxsiyyətin, cəmiyyətin və dövlətin  informasiya sferasında həyati vacib maraqları nəzərdə tutulur. İnformasiya-psixoloji təhlükəsizliyin əsas təhdidlərinə aşağıdakılar aiddir:

Azərbaycanın vahid mənəvi-informasiya məkanını parçalamaq;

cəmiyyətin mənəviyyatını və ənənəvi dayaqlarını sarsıtmaq;

insan sağlamlığına zərər yetirmək;

vətəndaşın öz mənəvi, mədəni, siyasi identikliyini  müəyyən etməsinə maneə yaratmaq;

insanda özünüasılılıq sindromunu yaratmaq və şüurunu manipulyasiya etmək.

KİV-lər destruktiv informasiyadan istifadə edə bilməzlər.

İPT sisteminin formalaşdırılması bir sıra məsələlərin tənzimlənməsini nəzərdə tutur:

məlumatın azad mübadiləsi ilə onun  müəyyən qisminə tətbiq edilə bilən məhdudiyyətlər arasında balansın müəyyənləşdirilməsi;

vətəndaşların hüquq və informasiya mədəniyyətinin  inkişaf etdirilməsi;

bu sahədə beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi;

mənfi təsirli  informasiya psixoloji təsirlərin aşkarlanması və uçotunun, monitorinqinin  aparılması;

müvafiq kadrların yetişdirilməsi.

Qeyd edilənlər Azərbaycan vətəndaşlarını milli maraqlar çərçivəsində  destruktiv informasiya-psixoloji təsirlərdən qorumalıdır.

KİV-lərin manipulyativ imkanları genişdir və yazarlar onlar haqda hər dəqiqə xatırlamalıdırlar. İctimai rəyin manipulyasiyası müasir cəmiyyətin ən ağrılı  problemlərindəndir və onun  miqyaslarının genişlənməsi cəmiyyətin deqradasiyasına gətirib çıxarır. Məqsədyönlü şəkildə ictimai rəyin idarə edilməsi manipulyasiyadan  fərqlənir.

Azərbaycan cəmiyyəti üçün, xüsusilə də müharibə şəraitində yaşayan bir dövlət kimi pozitiv ictimai rəyin formalaşması taleyüklü məsələdir.

Tədqiqatlar göstərir ki, ictimai şüura və rəyə ən çox KİV-lər təsir göstərmək imkanına malikdir ki, bu da onların "parasosial" adlanan xüsusiyyətə malik olması ilə bağlıdır. Mənası o deməkdir ki, televiziya insanlarda ekranda göstərilən hadisələrdə "iştirak illüziyası" yaradır.

Olayların sensasion, mif və stereotiplərin istifadəsi ilə verilməsi, ardıcıl olaraq tirajlanması da manipulyasiyanın növlərindəndir. Bu baxımdan psixoloji depressiya və aqressiyanın, qətl hadisələrinin, mentalitetimizə uyğun olmayan təcavüz olaylarının, qəddarlıq və münaqişə səhnələrinin təsviri - bunlar hamısı özünəməxsus psixotexnologiyalar  olub, insanın şüuraltı səviyyəsinə güclü təsir edən amillərdəndir.

Vətəndaş cəmiyyəti Azərbaycanda keyfiyyət mərhələsinə keçid almaqdadır. Bu mərhələnin ən mühüm göstəricilərindən biri də sosial məsuliyyətin formalaşmasıdır.  Dövlət vətəndaşının doğru-düzgün, obyektiv informasiya almaq hüququnu təmin edir və onun ziyanlı informasiyadan mühafizə edilməsinə həssas yanaşır.

Zərərli informasiyadan müdafiə edilmək üçün məhdudiyyətlər konstitusion əsaslara, cəmiyyətin mənəviyyatına və başqalarnın sağlamlığına olan  təsirlə müəyyən olunur. Bunları əsas kimi götürdükdə, "zərərli informasiya" anlayışına aşağıdakılar aid edilir:

insanların şərəf və ləyaqətinə, işgüzar nüfuzuna  ziyan vuran məlumatlar;

qeyri-düzgün, düşünülmüş şəkildə yalan  məlumatların verilməsi;

insanların psixikasına destruktiv təsir göstərən informasiya;

ictimai, milli, irqi və ya dini nifaq yaradan məlumatlar; 

nifrət, aqressiya təbliğ edən məlumatlar.

Azərbaycanın orta məktəblərində zərərli informasiya yerləşdirilmiş dünyanın 18 milyon veb saytına çıxış məhdudlaşdırılmışdır. Qeyd etmək lazımdır ki, uşaqlar üçün təhlükəsiz internet problemi dünya ölkələrində ciddi yanaşılan məsələlərdən biri hesab edilir. Məsələn, Avstraliya bu sistemin təşkilinə 126 milyon dollar vəsait ayırmışdır. Bu prosesə yeni başlayan Rusiyada isə, bəzi hesablamalara görə, 500 milyon dollar tələb olunur. Böyük Britaniyada təhlükəsiz internet problemi ilə məşğul olan "Internet Watch Foundation" təşkilatının illik büdcəsi 1 milyon funt sterlinq təşkil edir. "Internet Watch Foundation" tərəfindən istifadəçilərin hər il təxminən 40 min şikayəti üzrə araşdırmalar aparılır.

Bütövlükdə qeyd edilən məzmunlu informasiyanın yayılmasını məhdudlaşdıran  qanunvericiliyin mövcud olmasına baxmayaraq, belə məlumatların KİV-lərdə monitorinqi, ekspertizası, eləcə də aşkarlanması mexanizmləri hələlik müəyyən edilməyib. Bu da öz növbəsində KİV-lərdə ayrı-ayrı şəxslərin qanunu pozması faktlarını aşkarlamağa və məsuliyyətə cəlb edilməsinə mənfi təsir göstərir.

Deyilənlər ən çox insan şüuruna destruktiv təsir edən informasiyanın dəyişməz mövzuya çevrilməsidir.

Psixoloji texnologiyalar sırasında, reklamlara  gizli proqramlaşdırma qismində əlavə edilən məşhur "25-ci kadr" elementi hamıya məlumdur. Həmin element insanı öz iradəsindən asılı olmayan hərəkətlərə sövq edirdi. 1997-ci ildə "kompyuter cizgi filminə" baxışdan sonra 700 yaponiyalı vətəndaş epilepsiya əlamətləri ilə  xəstəxanaya düşmüşdü. Nəticə kimi dünyanın bütün inkişaf etmiş ölkələrində bu tip reklama hüquqi qadağa qoyulmuşdur.

Aqressiya, zorakılıq kultu dəfələrlə tirajlandığı üçün yeniyetmələr, yaxud da psixikası möhkəm olmayan insanlar gördüklərini təqlid etmək, həmin davranış  stereotiplərini öz həyat tərzlərinə tətbiq etmək motivi yaradır ki, bu da cəmiyyətdə qanun pozuntularına və mənəvi təhlükəsizliyə təhdidlər törədir. Tədqiqatlara görə, son illərdə informasiya mübarizəsinə ABŞ-da 4 dəfə artıq maliyyə ayrılıb.

Xəbər sadəcə xəbər demək deyil! İnformasiya kimi verilən xəbər artıq strateji resursdur, "informasiya sılahıdır" ki, onun obyektiv   məqsədəuyğun istifadəsindən dövlətin inkişafı və təhlükəsizliyi asılı olur.  İnformasiya sılahının tətbiqi haqda aşağıdakı hallarda danışmaq olar:

insanların şüuruna  müəyyən vərdişlərin, təsəvvür və adətlərin, davranış modellərinin  kütləvi təbliği və tətbiqi;

 müxtəlif sosial qruplar arasında destruktiv hərəkətlərə sövq etmək,  panika və narazılıq yaratmaq.

Bu mənada informasiya silahının tətbiqinin məqsədlərini "kütləvi qırğın silahı" ilə müqayisə edirlər.  Həmin məqsədlər: əhalinin psixoloji  təsir dairəsinə daxil edilməsi, ideoloji dezinformasiya,  məqsədəuyğun şəkildə ictimai rəyin konkret məsələlərə yönəldilməsi, fərdi və kollektiv davranışın dəyişdirilməsi və idarə edilməsi.

Bütün bunlar  milli təhlükəsizliyə dair mövcud qanunvericiliyi təkmilləşdirməyin zəruriliyini, eləcə də beynəlxalq qanunvericiliyə də reallığa adekvat dəyişikliklər edilməsini tələb edir.

KİV-lərin zəruri psixoloji  mühafizə  qaydalarına riayət etməməsi, aqressiv terminologiyanın istifadəsi  müvafiq olaraq  psixoloji sarsıntı yaradan  olayların  fasiləsiz translyasiyasına səbəb olur. Bunun nəticəsində də əhali  psixoloji travma durumuna düşür. Tədqiqatçılar bilir ki,  informasiyanın təsiri "ölüm qorxusunun, təcavüz və zorakılığın, şaşqınlığın və s. aktuallaşdırılması, qabardılması" kütləvi travma alınmasına, zədələnməsinə səbəb ola bilər.

Dünya qanunvericiliyində bunu nəzərə alaraq informasiya təqdimində aşağıdakıların edilməsi qadağandır:

insanın faciə və dəhşət  yaşadığı məqamında qəfil şəklini çəkmək;

insanı onin ləyaqətinin alçaldığı, həqarət yaşadığı məqamlarında  göstərmək;

fiziki, mənəvi və əxlaqi işgəncələri və alçaldılma səhnələrini nümayiş etdirmək;

zorakılıq törədən şəxsə efirdə  söz vermək.

Dünya təcrübəsində zərərli informasiyadan mühafizənin müəyyən istiqamətləri mövcuddur. Buraya: zaman çərçivəsi, yaxud kateqoriyaları (yaş reytinqi), yeniyetmə və uşaqlar üçün ziyanlı olan  internet resurslarına filtrlərin qoyulması, qaynar xətlər və nəhayət, cinayət məsuliyyəti aiddir.

Problem ondadır ki, bəzi mətbu orqanlar özləri də fərqinə varmadan, bəziləri isə kommersiya prinsiplərinə əsaslanaraq mənəvi aşınma, milli-mənəvi, dini, mental dəyərlərdən uzaqlaşma kimi neqativ prosesin vasitəçilərinə çevrilirlər. Cəmiyyətin yüksək milli ideallar uğrunda səfərbər edilməsində, xalqın özünəməxsusluğunu şərtləndirən dəyərlərin gənc nəslə aşılanmasında, yüksək bədii-estetik zövqün, musiqi duyumunun formalaşmasında, insanların maariflənməsində, obyektiv informasiya təminatında həlledici rol oynamalı olan televiziyaların əksəriyyətində bu gün tamam fərqli mənzərə hökm sürür. Bir vaxtlar jurnalist tədqiqatları, sənədli filmləri, müəllif proqramları, analitik, maarifləndirici yazılar əvəzinə    bu gün telekanalların bütün mahiyyəti ilə primitiv oxucu və tamaşaçı  zövqünə hesablanan "şou-qalmaqallar"ının, ikrah hissi doğuran səviyyəsiz "şou" proqramlarının ümidinə qalması, ciddi maarifləndirici mövzulardan uzaqlaşması doğrudan da acınacaqlı mənzərədir.

Müasir insanın həyatı get-gedə daha çox informasiyadan asılı  hala düşür.  Psixoloqların  müəyyənləşdirdiyinə görə, bizim günümüzdə  "ağıllı insan, homo sapiens" artıq "informasiyalı insan"a çevrilməkdədir. Cəmiyyətin tənzimlənməsində  ənənəvi idarəetmə metodları sırasında informasiya manipulyasiyası sürətlə irəliləyir. "Cəmiyyətin informasiya-psixoloji təhlükəsizliyi" Konsepsiyasının və ya onun əsasında dövlət proqramının hazırlanması, mövcud mənəvi-psixoloji durum haqda tədqiqatların  monitorinqin aparılması, analitik jurnalistikanın inkişaf etdirilməsi, zərərli hesab ediləcək informasiyanın və onun qərəzli təqdimatının yayılmasının qarşısının alınması bununla müqayisədə çox geriləmiş vəziyyətdədir.

Bir çox ölkələrdə  informasiya-psixoloji təhlükəsizliyə dair qanunvericilik konsepsiyasının hazırlanması hələ 90-cı illərdən  başlayıb. İnformasiya-psixoloji təhlükəsizliyə dair qanunvericilik paralel olaraq "KİV-lər haqqında" qanuna, "Reklam haqqında", "Dini etiqad azadlığı haqqında", "Vətəndaşların sağlamlığının qorunması haqqında" qanunlara da əlavələr edilməsini gündəmə gətirir.

Azərbaycanda bu qanun layihəsi artıq hazırlanmalıdır. İstənilən vətəndaşın   psixikası mənfi yüklü informasiya təsirindən mühafizə edilməlidir. Bu da müvafiq dövlət siyasətini tələb edir. Mövcud təhdidlər haqda vətəndaşların maarifləndirilməsi, zərərli informasiyanın neytrallaşdırılması, eləcə də ondan  qorunma yollarının öyrədilməsi proiritet istiqamət təşkil edir.

Mənfi  ya zərərli informasiyanın  xüsusiyyəti ondadır ki, onun aşkarlanması yalnız xüsusi ekspertiza sayəsində mümkün ola bilər. Bunun da müəyyənləşməsi üçün xüsusi   təhlükəsizlik  standartları hazırlanmalı və tətbiq edilməlidir. Təcrübə göstərir ki, ekspertiza istənilən insan üçün anlaşıqlı olmalıdır. Həm konkret insanın xahişi ilə, həm də dövlət orqanları tərəfindən  tələb edilməklə keçirilə bilər.

Cəmiyyətimizin qeyd edilən sahədə narahatlığını nəzərə alaraq informasiya-psixoloji təhlükəsizliyin təminatında dövlətlə yanaşı vətəndaş cəmiyyətinin də fəal rol oynaması səmərəli nəticə verir. Qeyd edilən sahədə müvafiq qurum təsis edilərsə, büdcədən  vəsait ayrılar, və əksinə,  əgər  bu yöndə görülən işlər və səlahiyyətlər müvafiq   orqanlara həvalə edilərsə, onda həmin  qurumlara maddi vəsait köçürülə bilər.

Hazırda Azərbaycan dövləti və cəmiyyəti keyfiyyətcə yeni inkişaf dövrünü yaşayır, ictimai həyatın bütün sahələri yeniləşir, dünya standartlarına cavab verən informasiya-kommunikasiya texnologiyaları tətbiq olunur, insanların rifahı yüksəlir. Azərbaycanın informasiya məkanının  konsepsiyası, strateji hədəfləri milli və ictimai maraqlarla uzlaşdırılmalı, KİV-lər cəmiyyətimizin saflaşması, milli-mənəvi dəyərlərimizin qorunub saxlanması, Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi işinə öz töhfəsini verməlidir.

 

 Rəbiyyət ASLANOVA,

Milli Məclisin İnsan hüquqları

komitəsinin sədri, professor

Azərbaycan.-2012.- 8 dekabr.- S.4.