Müstəqillik dövrünün ən böyük büdcəsi

 

Azərbaycan Ermənistandan 10, Gürcüstandan

 isə 5 dəfə çox dövlət büdcəsinə malikdir

 

 Dövlət büdcəsi ölkənin hər il üçün xərcləri və onların ödənilməsi mənbələri üzrə illik maliyyə planıdır. Məqsədi ölkənin iqtisadi, sosial və digər strateji proqramlarının maliyyələşdirilməsini, dövlətin funksiyalarının həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə vəsaitinin toplanmasını və istifadəsini təmin etməkdir. Büdcə həm də iqtisadi-sosial inkişaf proseslərini tənzimləyən maliyyə vasitəsidir.

 

 

 

Cənubi Qafqazın lideri olan Azərbaycan dövlət büdcəsinə görə də birincidir

 

 Ölkənin inkişafının strateji məqsədlərinin reallaşması üçün əsas və mühüm rolu dövlət büdcəsi oynayır. Lakin təəssüflə qeyd etməliyik ki, Azərbaycanın müstəqilliyinin ilk illərində ölkədə baş qaldıran xaos və anarxiya, iqtidarda olanların dövlətin idarə olunmasındakı səriştəsizlikləri büdcədə də ağır vəziyyət yaratmışdır. Yalnız ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə dönüşündən sonra ölkədə həyata keçirilən siyasət nəticəsində əsas maliyyə planı olan dövlət büdcəsinin və onu tənzimləyən qanunvericilik aktlarının təkmilləşdirilməsi məqsədilə mühüm addımlar atıldı.

Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu iqtisadi inkişaf strategiyasının son 9 ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilməsi və yeni keyfiyyət mərhələsinə qaldırılması ölkə iqtisadiyyatının potensial imkanlarının daha da yüksəlməsinə imkan verib və nəticədə bu gün Azərbaycanda dayanıqlı və sabit iqtisadi sistem formalaşıb. Xalqın maraqları və tələbatı üzərində qurulmaqla, həyata keçirilməklə ilbəil yüksələn xətlə öz bəhrəsini verən bu strategiya Azərbaycanın tarixində görünməmiş inkişafı və yüksəlişi ölkə həyatının gündəlik reallığına çevirib, hər bir bölgəyə və cəmiyyətin bütün sferalarına sirayət edib. Artıq Azərbaycanın iqtisadi fenomeni dünyanın diqqət mərkəzindədir və respublikamızda gedən inkişaf prosesləri bir çox dövlətlər üçün nümunə modeli kimi qəbul olunur.

İnkişaf proseslərində mühüm əhəmiyyət daşıdığı üçün dövlət büdcəsinin formalaşdırılmasına və icrasına nəzarət də ölkə rəhbərliyinin xüsusi diqqət mərkəzindədir. Son illərdə respublikamızın dövlət büdcəsi də iqtisadi inkişafla mütənasiblik təşkil edərək sürətlə artıb. Hazırda Qafqazda bütün sahələrdə liderlik edən Azərbaycan dövlət büdcəsinin gəlir və xərclərinə görə də birincidir. Bir faktı xüsusilə qeyd etməliyik ki, ulu öndər Heydər Əliyevin ideyaları əsasında müəyyənləşdirilmiş və Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən iqtisadi kurs nəticəsində Azərbaycanın dövlət büdcəsinin gəlir və xərcləri xeyli artıb.

Son illərdə Azərbaycanın maliyyə imkanlarının genişlənməsi ilə əlaqədar olaraq dövlət büdcəsinin tərtibi zamanı ölkə üçün vacib məsələlərin maliyyələşdirilməsinə də diqqət artırılıb. Sosial və investisiya yönümlülüyə üstünlük vermək, dövlətin müdafiə qabiliyyətini daha da gücləndirmək, iqtisadi, enerji, ərzaq və ekoloji təhlükəsizliyi stimullaşdırmaq, maksimum dərəcədə ərzaq məhsullarının, o cümlədən taxıl istehsalını artırmaq, idxaldan asılılığı minimuma endirmək, regionların dinamik sosial-iqtisadi inkişafını təmin etmək dövlət büdcəsində diqqəti çəkən məsələlərdir.

Büdcə qanunvericiliyi də ötən illərdə təkmilləşdirilmişdir. "Büdcə sistemi haqqında" qanuna edilmiş əlavə və dəyişikliklər dövlət və icmal büdcələrə əlavə gəlirlərin cəlb edilməsinə, xərclərin daha şəffaf idarə olunmasına imkan vermişdir. Azərbaycanın büdcə sisteminə daxil olan büdcələr, habelə büdcədənkənar dövlət fondlar üzrə maliyyə əməliyyatlarının daha şəffaf müqayisəsini təmin edən "Vahid büdcə təsnifatı" hazırlanaraq qəbul edilib. Eyni zamanda, büdcə qanunvericiliyinin təkmilləşdirilməsi nəticəsində ölkədə ortamüddətli dövr, yəni növbəti və sonrakı 3 il üçün icmal və dövlət büdcə layihələrinin hazırlanmasına başlanılıb, iqtisadiyyatın bəzi aparıcı sahələrinə büdcədən verilən dolayı subsidiyalar ləğv olunub. Dövlət büdcəsinin strukturunda da əsaslı dəyişikliklər edilib, büdcə kəsirinin maliyyələşməsində inflyasiya yaradan mənbələrdən, əsasən də bank kreditlərindən imtina edilib, dövlət büdcəsinin kəsirinin ümumi daxili məhsulda xüsusi çəkisi daim artırılıb.

 

 

 

Gələn ilin büdcəsi daxili və xarici amillər diqqətlə öyrənilərək tərtib edilib

 

 Artıq bir neçə ildir ki, qlobal dünya böhranı bir çox ölkələrin iqtisadiyyatına və sosial şəraitinə ciddi zərbələr vurur. Bunun nəticəsində dünya iqtisadiyyatının inkişaf sürəti xeyli aşağı düşüb, böhrana düçar olmuş ölkələr ağır problemlərlə, sosial gərginliklərlə üzləşiblər. Ən nüfuzlu beynəlxalq təşkilatların, inkişaf etmiş dövlətlərin başçılarının iştirakı ilə dəfələrlə aparılan müzakirələr, antiböhran tədbirləri hələ də lazımi səmərə verməyib. Dünya böhranı onu da təsdiqlədi ki, inkişaf səviyyələrinə, siyasi sistemlərinə, tarixi şəraitinə və s. spesifik amillərə görə bir-birindən xeyli fərqlənən ölkələr üçün vahid oyun qaydaları effekt vermir, böhrandan daha çox azad bazar münasibətlərini tam fetişləşdirən, dövlətin rolunu minimuma endirən, real sektoru arxa plana atan ölkələr əziyyət çəkirlər.

Fərəhlə qeyd etməliyik ki, Azərbaycan dünya böhranından ən az itki ilə çıxan ölkə kimi tanınır. Bunun əsas səbəbi odur ki, Prezident İlham Əliyev Azərbaycan iqtisadiyyatını qlobal maliyyə böhranının dağıdıcı zərbələrindən qorumaq üçün düşünülmüş, milli maraqlara cavab verən strategiya müəyyənləşdirdi. O cümlədən,  hökumət qabaqlayıcı tədbirlər gördü, Milli Məclis bir sıra qanunlarda dəyişikliklər etdi, iqtisadiyyatın inkişafına dövlət dəstəyi artırıldı və s. Məhz bunun nəticəsində ötən illərdə ölkə iqtisadiyyatının dinamik inkişaf meyili qorunub saxlanıldı.

Bu mənada "Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında" qanun layihəsi əsas makroiqtisadi proqnoz göstəriciləri, mövcud sosial-iqtisadi vəziyyət və ortamüddətli inkişafa təsir göstərən daxili və xarici amillər, o cümlədən 2012-ci ilin ötən 8 ayı ərzində Azərbaycan iqtisadiyyatının inkişafının əsas meyilləri və nəticələri qiymətləndirməklə tərtib edilib. Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin inkişafı üçün müəyyən etdiyi strateji xəttə və prioritet vəzifələrə uyğun olaraq 2013-cü ilin dövlət büdcəsinin xərcləri ölkənin iqtisadi qüdrətinin daha da artırılmasına, iqtisadiyyatın stimullaşdırılmasına, onun effektliyinin və dayanıqlığının təmin edilməsinə, investisiya mühitinin daha da yaxşılaşdırılmasına, qeyri-neft sektorunun inkişaf etdirilməsinə, istehsal və sosial infrastrukturların müasir tələblər səviyyəsində qurulmasına maliyyə təminatı yaradacaq. Növbəti ilə dövlət büdcəsinin xərclərinin sosial və investisiya yönümlülüyü saxlanılmaqla xərclərin əhəmiyyətli hissəsi dövlətin təhlükəsizliyi və müdafiə potensialının daha da artırılması, iqtisadi, enerji, nəqliyyat, ərzaq və ekoloji təhlükəsizliyin təmin edilməsi, sahibkarlığın və kənd təsərrüfatının intensiv inkişafının stimullaşdırılması, əhalinin gəlirlərinin, pensiyaların və digər dövlət tədbirlərinin maliyyələşdirilməsi üçün yönəldiləcək. Dövlət büdcəsinin gəlirlərinin əhəmiyyətli hissəsini təşkil edən neft gəlirlərinin hesablanmasında bir barel neftin satış qiyməti isə 100 dollar səviyyəsində qəbul edilib.

 

 

 

Proqnoz göstəriciləri Azərbaycanın davamlı inkişafından xəbər verir

 

 

Ölkə iqtisadiyyatında sabitlik və davamlılıq meyillərinin güclənməsi, iqtisadi qanunvericilik bazasının təkmilləşməsi, məqsəd və vəzifələri dəqiq müəyyən edilmiş strateji proqramların qəbulu, bütövlükdə idarəetmə mədəniyyətinin yüksəlməsi yaxın və uzaq gələcəyi əhatə edən hədəflərin proqnozlaşdırılması işinə öz müsbət təsirini göstərib. Bu mənada büdcənin tərtibi zamanı qeyd olunan amillərlə yanaşı, İqtisadi İnkişaf Nazirliyinin hazırladığı respublikamızın iqtisadi və sosial inkişaf konsepsiyasına və əsas makroiqtisadi proqnoz göstəricilərinə də diqqət yetirilib.

Ölkəmizin inkişaf konsepsiyasının əsas məqsədləri kimi makroiqtisadi sabitliyin qorunub saxlanılması, iqtisadiyyatın diversifikasiyası, regionların dinamik inkişafı, ətraf mühitin qorunması və nəticədə dayanıqlı iqtisadi inkişafın təmin olunması, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması müəyyənləşdirilib. Konsepsiyada dünya iqtisadiyyatının inkişaf perspektivləri, ayrı-ayrı sektorlar üzrə ölkənin sosial-iqtisadi inkişafının mövcud vəziyyətinin təhlili, ortamüddətli dövrdə iqtisadi və sosial siyasətin prioritet istiqamətləri, habelə gözlənilən əsas nəticələr əks olunub.

Azərbaycan Respublikasının makroiqtisadi proqnoz göstəriciləri isə geniş müzakirələr aparılmaqla, habelə beynəlxalq maliyyə və digər təşkilatların dünya və Azərbaycan iqtisadiyyatına dair proqnozlar təhlil edilməklə hazırlanıb. Hazırda dünyanın aparıcı iqtisadiyyatlarında artım templərinin zəifləməsi, yüksək işsizlik səviyyəsi, borc probleminin əhatəsinin genişlənməsi və kəskinləşməsi, milli iqtisadiyyatlar üçün xarici iqtisadi mühitin pisləşməsi, qlobal maliyyə bazarlarında risklərin əhəmiyyətli dərəcədə artması kimi problemlər mövcuddur. Dünya iqtisadiyyatında qeyd olunan problemlərə baxmayaraq, Azərbaycanın dayanıqlı iqtisadi inkişafı davam edib, əldə olunmuş nailiyyətlər nüfuzlu beynəlxalq iqtisadi qurumlar tərəfindən yüksək qiymətləndirilib. Beynəlxalq reytinq agentlikləri tərəfindən regionda investisiya reytinqi verilmiş ilk və yeganə ölkə Azərbaycandır. "Qlobal rəqabət qabiliyyət indeksi"nə görə, Azərbaycan artıq üç ildir ki, MDB ölkələri arasında birinciliyi qoruyub saxlayıb, cari ildə dünya ölkələri arasında isə 55-ci yerdən 46-cı yerə yüksəlib. Azərbaycan müsbət iqtisadi artım tempi, inflyasiyanın idarə olunan səviyyəsi, manatın məzənnəsinin sabitliyi, xarici borclanmaya konservativ yanaşma, büdcə kəsirinin və onun ümumi daxili məhsula nisbətinin minimal həcmi, tədiyyə balansında gözlənilən əhəmiyyətli müsbət saldo, strateji valyuta ehtiyatlarının həcmi və dinamikası, əhalinin həyat səviyyəsinin göstəricilərinə dair proqnozlar onu göstərir ki, belə mürəkkəb qlobal iqtisadi mühitdə iqtisadiyyatımızın ortamüddətli dövrdə də makroiqtisadi sabitliyi davam edəcək.

Proqnozlara əsasən, 2013-2016-cı illər ərzində əhalinin gəlirlərinin orta hesabla illik 6,6 faiz artımı, eyni zamanda, əsas kapitala qoyulan böyük həcmli investisiyalar və ixrac ÜDM-nin tələb komponentlərinin iqtisadi artıma müsbət töhfəsini təmin edəcək. 2013-cü ildə iqtisadi artım 5,3 faiz, sonrakı üç ildə isə orta illik iqtisadi artım 5,3 faiz həcmində proqnozlaşdırılır ki, bunu da əsasən daha dinamik qeyri-neft sektoru təmin edəcək. Belə ki, qeyri-neft sektorunun 2013-cü ildə 11,7 faiz, növbəti üç ildə isə orta hesabla 7 faiz artacağı gözlənilir. Nəticədə ortamüddətli dövrdə qeyri-neft sektorunun ÜDM-də payı 47,6 faizdən 70,6 faizə qədər artacaq, neft sektorunun payı isə 52,4 faizdən 29,4 faizə qədər azalacaq. Neftin qiyməti ilə bağlı beynəlxalq maliyyə iqtisadi təşkilatların və neft hasil edən ölkələrin proqnozları təhlil edilmiş, bir barel neftin qiyməti gələn il üçün 100, növbəti üç il üçün isə 80 dollar qəbul edilib. Növbəti il üçün 1 dollar 78,5 qəpik qəbul edilib, inflyasiya tempi 5,7 faiz proqnozlaşdırılıb.

 

 

 

Deputatların təklif və tövsiyələri nəzərə alındı

 

 

"Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında" qanun layihəsi və büdcə zərfinə daxil olan digər sənədlər bu günlərdə Milli Məclisin iclaslarında geniş müzakirə edildi. Deputatlar tərəfindən əhalinin rifahının, ölkənin müdafiə potensialının gücləndirilməsi, elm, təhsil, səhiyyə, mədəniyyət və aqrar sahələrdə çalışanların əməkhaqlarının artırılması, qeyri-neft sektoruna, sosial ipotekaya, sahibkarlığa və siyasi partiyalara maliyyə köməkliyinin gücləndirilməsi, regionların inkişafı ilə bağlı məsələlər qaldırıldı, təklif və tövsiyələr irəli sürüldü. Müzakirələr zamanı deputatların qaldırdıqları məsələlərin, irəli sürdükləri təkliflərin öyrənilməsi üçün dövlət büdcəsinin layihəsi prosedur qaydalara uyğun olaraq hökumətə qaytarıldı.

Buna qədər isə qanun layihəsi Milli Məclisin komitələrində geniş müzakirə edilmiş, müvafiq məlumatlar və izahatlar verilmiş, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsinin nümayəndələri ilə büdcə gəlirlərinin formalaşmasına dair ətraflı araşdırmalar, fikir mübadiləsi aparılmışdı. Komitələrin iclaslarında deputatlar təqdim edilmiş qanun layihəsinin metodoloji əsaslarının ildən-ilə təkmilləşməsini qeyd etmişdilər. Müzakirələrdən çıxarılan ən mühüm nəticələrdən biri də ondan ibarətdir ki, hökumət və onun iqtisadi strukturları büdcəni çox böyük məsuliyyətlə, professionallıqla tərtib ediblər.

Milli Məclisin noyabrın 30-da keçirilən iclasında isə büdcə layihəsi və büdcə zərfinə daxil olan digər məsələlər təsdiq olundu. Milli Məclisin komitə və plenar iclaslarında deputatlar tərəfindən bir sıra təklif və tövsiyələr irəli sürülmüşdü. Deputatların təklif və tövsiyələri hökumət tərəfindən ilkin olaraq təhlil edilib, onların bəzilərinin müsbət həlli üzrə əməli addımlar atılıb. Təhlili daha çox vaxt tələb edən digər təkliflərlə bağlı hökumət tərəfindən görüləcək tədbirlər barədə məlumatlar bir qədər sonra veriləcək. Deputatların təklifləri nəzərə alınmaqla 2013-cü ilin dövlət büdcəsi layihəsində səhiyyə müəssisələrinin, o cümlədən xüsusi təyinatlı səhiyyə ocaqlarının maddi-texniki təminatının, dərman və ərzaq təchizatının yaxşılaşdırılması üçün onların xərclərinin 3 milyon manat artırılması məqbul hesab edilib.

2013-cü ilin dövlət büdcəsi layihəsində siyasi partiyalara maliyyə dəstəyi üçün nəzərdə tutulmuş vəsaitin də artırılması deputatlar tərəfindən təklif olunmuşdu. Bu təkliflər nəzərə alınmaqla əlavə 500 min manatın ayrılması və siyasi partiyalar üçün dövlət büdcəsində maliyyə vəsaitinin 2,5 milyon manata çatdırılması qərara alınıb.

Milli Məclisin xərclər smetasının müzakirəsi zamanı səslənən təkliflər əsasən nəzərə alınmaqla parlamentin maddi-texniki təminatının möhkəmləndirilməsi, o cümlədən xarici ezamiyyə, nəqliyyat vasitələrinin saxlanılması, alınması və digər xərclərin tənzimlənməsi üçün əlavə olaraq 726 min manat vəsaitin ayrılması məqbul hesab edilib.

Beləliklə, 2013-cü ilin dövlət büdcəsinin gəlirlərinin 5 milyon manat artırılaraq 19 milyard 159 milyon manata, xərclərinin 40 milyon manat artırılaraq 19 milyard 850 milyon manata, kəsirinin isə büdcə təşkilatlarının büdcədənkənar gəlirləri hesabına 35 milyon artırılaraq 691 milyon manata çatdırılması məqsədəuyğun sayıldı. Bu dəyişikliklərdən sonra 2013-cü ilin icmal büdcəsinin gəliri 20 milyard 729 milyon manat, xərcləri isə 24 milyard 500 milyon manat olacaq. Xatırladaq ki, buna qədər dövlət büdcəsinin gəlirləri 19 milyard 154 milyon manat, xərcləri 19 milyard 810 milyon manat, kəsiri isə 656 milyon manat nəzərdə tutulmuşdu.

 

 

 

Büdcə gəlirlərinin çoxalması ÜDM artımını üstələyir

 

 Ölkə iqtisadiyyatında mühüm maliyyə təminatı rolunu oynayan dövlət və icmal büdcələrdə risklərin qarşısının alınması, aparılan iqtisadi islahatların nəticəsi olaraq ölkə iqtisadiyyatında qeyri-neft sektorundan daxilolmaların artırılması istiqamətində tədbirlərin görülməsi 2013-cü ildə qarşıda duran vəzifələrdəndir. Dövlət büdcəsinin gəlirlərinin yığım əmsalının artırılması, mülkiyyət və yol vergilərinin dərəcələrinin optimallaşdırılması, əməkhaqqından gəlir vergisinin vergi tutulmayan məbləğinin yaşayış minimumuna yaxınlaşdırılması, müxtəlif vergi növləri üzrə vergi bazasının genişləndirilməsi və vergidən yayınmaların qarşısının alınması istiqamətində işlər növbəti illərdə də davam etdiriləcək.

2013-cü il dövlət büdcəsinin gəlirlərinin 11 milyad 350 milyon manatını və ya ümumi büdcə daxilolmalarının 59,3 faizini Dövlət Neft Fondundan transfertlər, 6,4 milyard  manatını və ya 33,4 faizini Vergilər Nazirliyi, 1,4 milyard manatını və ya 7,2 faizini Gömrük Komitəsinin xətti ilə, 0,1 faizini isə digər daxilolmalar təşkil edəcək.

Neft Fondundan dövlət büdcəsinə yönəldiləcək vəsaitlər mərkəzləşdirilmiş gəlirlərin təmin edilməsi üçün əsas mənbələrdən biri kimi çıxış edəcək. Davamlı inkişaf sosial proqramların daha səmərəli həlli naminə bu gün Neft Fondundan transfertlərin belə yüksək artması obyektiv zərurətdir. Fondda toplanmış vəsaitlərin bir qisminin dövlətin vacib ehtiyaclarının ödənilməsinə sərf edilməsi ilk növbədə ölkənin iqtisadi təhlükəsizliyini gücləndirməyə, davamlı inkişafın əsaslarını möhkəmləndirməyə hesablanıb.

Neft Fondundan ayrılan vəsaitlərlə Yeni Neft-Qaz və Neft-Kimya Kompleksinin, Türkiyə Respublikasında "Star" neft emalı kompleksinin tikintisi layihələrində Azərbaycan Respublikasının iştirak payı, "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" layihələri üçün gəmilərin alınması, "Şahdəniz" yatağında qazma platformasının tikintisi  maliyyələşdiriləcək. Bütün bunlar Azərbaycan dövlətinin iqtisadi gücünün, siyasi nüfuzunun artması, rəqabətə davamlı olması üçün müstəsna əhəmiyyət kəsb edən layihələrdir.

Ümumiyyətlə, yeni yüzilliyin əvvəlindən ÜDM-nin yüksək sürətlə artması ölkəmizin maliyyə imkanlarının genişlənməsini, büdcə gəlirlərinin daha da sürətlə artmasını təmin edib. Artıq 10 ilə yaxındır ki, büdcə gəlirlərinin artması ÜDM artımını üstələyir. Bu meyil 2013-cü il üçün də nəzərdə tutulur. Belə bir meyil müasir dövr, daha dəqiq, müəyyən mərhələ üçün obyektiv zərurətdir, dövlət büdcəsinin ölkənin sosial-iqtisadi inkişafında rolunun yüksəlməsini xarakterizə edir. Xatırladaq ki, 2003-cü ildə dövlət büdcəsinin gəlirlərinin ÜDM-də xüsusi çəkisi 17 faiz idi, 2013-cü ildə isə 34,2 faiz olacaq. Hər nəfərə düşən büdcə gəlirləri 147 manat idi, 2013-cü il üçün bu rəqəm 2037 manat nəzərdə tutulub. Yeni əsrin əvvəlində Azərbaycanın dövlət büdcəsi 1 milyard dollar idi. 2013-cü ildə büdcənin gəlir və xərcləri 24,4-25,2 milyard dollar civarında müəyyən edilib. Bu da müstəqil Azərbaycan dövlətinin çox mühüm tarixi nailiyyətlərindən biridir. Belə bir büdcə siyasətinin reallaşması nəticəsində ölkəmiz qarşıdakı onilliklərdə bu göstəriciyə görə qabaqcıl ölkələrə yaxınlaşmaq imkanlarını reallaşdıracaq.

 

 

 

Büdcə xərclərində diqqətdən kənarda qalan məsələ yoxdur

 

 2013-cü il dövlət büdcəsinin xərcləri ümumi daxili məhsulun 35,3 faizini təşkil edəcək. Bu, 2012-ci illə müqayisədə 12,1 faiz çoxdur. Növbəti ildə də dövlət xərcləri üzrə struktur islahatlarının davam etdirilməsi, ölkənin müdafiə qüdrətinin daha da yaxşılaşdırılması, dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlarda çalışan işçilərin əməkhaqlarının və bir sıra sosial ödənişlərin artırılması, yeni təşkilatların fəaliyyətə başlaması, bəzi tədbirlərin, yeni dövlət proqramlarının maliyyələşdirilməsi, ölkədə baş vermiş və ehtimal olunan təbii fəlakətlərin və digər fövqəladə halların nəticələrinin aradan qaldırılması və əvvəlcədən büdcədə nəzərdə tutulmayan tədbirlərin, keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin maliyyələşdirilməsi, ərzaq, dərman, inventar, cari təmir, dəftərxana və təsərrüfat malları və digər xərclər üzrə xərc normalarının orta respublika göstəricilərinə uyğunlaşdırılması və digər zəruri məsələlərin həlli üçün vəsaitin nəzərdə tutulması hesabına 2013-cü il dövlət büdcəsinin xərcləri artırılıb. Bununla bərabər, Azərbaycan hökuməti ölkənin maliyyə imkanlarının genişlənməsinə baxmayaraq, onlardan səmərəli istifadə edilməsini prioritet vəzifələrdən biri hesab edir.

Gələn il dövlət büdcəsinin xərclərinin strukturuna daxil olan cari xərclərə ümumi xərclərin 50,3 faizi həcmində vəsait yönəldiləcək. Mütləq ifadədə bu, 9 milyard 955,5 milyon manat təşkil edəcək. Əsaslı xərclərə isə ümumi xərclərin 45,8 faizi həcmində və yaxud 2012-ci illə müqayisədə 15,3 faiz çox vəsait ayrılıb. Mütləq ifadədə əsaslı xərclərə yönəldilmiş 9 milyard 73,8 milyon manat vəsait 2012-ci illə müqayisədə 15,3 faiz çoxdur.

Büdcə xərclərində sosialyönümlü xərclərə (iqtisadi təsnifata uyğun olaraq əməyin ödənişi, dərman, sarğı ləvazimatları və materiallarının alınması, ərzaq məhsullarının alınması, təqaüdlər və sosial müavinətlər üzrə xərclərin cəmi) 5 milyard 37,2 milyon manat vəsait yönəldiləcək. Bu, 2012-ci ilə nisbətən 333,1 milyon manat çoxdur.

Ölkə əhalisinin rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində məqsədyönlü kursun 2013-cü ildə də davam etdirilməsi qarşıda duran prioritet vəzifələrdən olacaq. Həmin vəzifələrə uyğun olaraq 2013-cü ildə dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan elm və elmi-tədqiqat, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, meşə təsərrüfatı, meliorasiya və su təsərrüfatı, müdafiə və hüquq-mühafizə orqanlarında çalışanların və dövlət qulluqçularının (700 min nəfər) aylıq əməkhaqları və minimum əməkhaqqının həddi artırılacaq.

2013-cü il dövlət büdcəsində elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən xərcləri üçün 4 milyard 427,4 milyon manat vəsait nəzərdə tutulub ki, bu da 2012-ci illə müqayisədə 2,1 faiz çoxdur. Bütövlükdə bu sahələr üzrə nəzərdə tutulmuş xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 22,3 faiz təşkil edəcək.

İlk dəfə olaraq 2013-cü ilin dövlət büdcəsində "Siyasi partiyalar haqqında" Azərbaycan Respublikasının Qanununun icrası üçün 2,5 milyon manat vəsait nəzərdə tutulub. Eyni zamanda, ilk dəfə olaraq 2013-cü ilin dövlət büdcəsində "Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun icrası üçün tələb olunan məbləğ ayrılıb.

Azərbaycan Respublikasının milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin gücləndirilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi üçün (Xüsusi müdafiə təyinatlı layihələrin və tədbirlərin maliyyə təminatı ilə bağlı əsas bölmələrə aid edilməyən xərclərdə nəzərdə tutulmuş vəsait də nəzərə alınmaqla) müdafiə xərcləri 2013-cü il dövlət büdcəsi xərclərinin 13,6 faizi həcmində nəzərdə tutulur.

2013-cü ildə dövlət əsaslı vəsait qoyuluşu xərcləri ilk növbədə tamamlanması nəzərdə tutulan sənaye, nəqliyyat, energetika, kənd təsərrüfatı və digər infrastrukturların, sosial-mədəni təyinatlı müəssisələrin tikintisinə və yenidən qurulmasına, bərpasına, əsas vəsaitlərin alınmasına, ölkənin müdafiə, milli təhlükəsizlik, sərhəd və digər tədbirləri üzrə əsaslı işlərin görülməsinə, bir sıra proqramlar üzrə nəzərdə tutulmuş layihələrə və digər dövlət əhəmiyyətli tədbirlərin maliyyələşdirilməsinə yönəldiləcək.

Bu mənbədən qəza vəziyyətində olan məktəblərdə əsaslı təmir və tikinti işlərinin aparılması, tələbələr üçün yataqxanaların tikintisi, respublikanın şəhər və rayonlarında qazlaşma proqramının həyata keçirilməsi, elektrik enerjisi təchizatı sisteminin yaxşılaşdırılması, su təchizatı və kanalizasiya sistemlərinin tikintisi və yenidən qurulması, Bakı kəndlərinin sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramının həyata keçirilməsi, ölkənin regionlarında kəndlərarası yolların tikintisi və əsaslı təmiri və digər zəruri investisiya layihələrinin icrasının davam etdirilməsi üçün vəsait proqnozlaşdırılır.

 

 

 

Növbəti illərdə daha böyük dövlət büdcələrinə şahidlik edəcəyik

 

 

2013-cü ilin dövlət büdcəsi ölkəmizdə əldə olunan bütün nailiyyətləri və təcrübəni özündə əks etdirir. Beləliklə, növbəti ilin ali maliyyə planlaşdırması Azərbaycan dövlətinin orta və uzunmüddətli prioritetlərini özündə birləşdirən iqtisadi xəttin həyata keçirilməsinə, sosial-iqtisadi inkişaf tempinin qorunub saxlanılmasına, iqtisadiyyatın tənzimlənməsi və stimullaşdırılmasına, ölkənin iqtisadi qüdrətinin daha da artırılmasına, milli maraqların beynəlxalq miqyasda uğurla təmin edilməsinə, qeyri-neft sektorunun və sahibkarlığın inkişaf etdirilməsinə, istehsal və sosial infrastrukturların müasir tələblər səviyyəsində qurulmasına, xalqın rifahının daha da yaxşılaşdırılmasına özünün layiqli töhfəsini verəcək.

Azərbaycan dövlət büdcəsi ilə də Cənubi Qafqazda ən güclü iqtisadiyyata malik olduğunu sübut edir. Azərbaycanın 2013-cü il üçün dövlət büdcəsi Gürcüstanın gələn il üçün proqnozlaşdırılan dövlət büdcəsindən 5,2 dəfə, Ermənistanın dövlət büdcəsindən isə 10 dəfə çoxdur. 2013-cü ildə Gürcüstanın dövlət büdcəsinin gəlirləri təxminən 4,8 milyard ABŞ dolları, Ermənistanın dövlət büdcəsinin gəlirləri isə təxminən 2,5 milyard ABŞ dolları proqnozlaşdırılır.

Ölkə həyatında yeni kəmiyyət və keyfiyyət dəyişiklikləri ilə müşayiət olunacaq 2013-cü ilin dövlət büdcəsi Azərbaycanın dövlət müstəqilliyini qazandıqdan sonra  hələlik ən böyük büdcəsidir. Şübhə yoxdur ki, növbəti illərdə biz daha böyük dövlət büdcələrinə şahidlik edəcəyik.

 

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2012.- 8 dekabr.- S.5.