İnformasiya təhlükəsizliyinin elmi problemləri müzakirə olundu
Qlobal informasiya cəmiyyətində informasiya təhlükəsizliyi bütün bəşəriyyəti narahat edən problemə çevrilmişdir. Bu səbəbdən müvafiq beynəlxalq qurumlar informasiya təhlükəsizliyinin təmin olunması istiqamətində intellektual potensialını səfərbər edərək qarşıda duran vəzifələri birgə həll etməyə çalışırlar. Təsadüfi deyil ki, ənənəvi olaraq dünyanın bir sıra ölkələrində informasiya təhlükəsizliyinin müxtəlif problemlərinin həlli yollarının araşdırılmasına həsr olunmuş silsilə tədbirlər keçirilir.
AMEA İnformasiya Texnologiyaları İnstitutunda 30 noyabr Beynəlxalq İnformasiya Təhlükəsizliyi Gününə həsr olunmuş elmi-praktik seminar da bu qəbil tədbirlərdəndir. Bu günün keçirilməsində əsas məqsəd kompyuter sistemləri və şəbəkələrində informasiya təhlükəsizliyinin təmini, bu sahədə mövcud olan müxtəlif problemlərin araşdırılması və onların həllinin önəmliyini ictimaiyyətin diqqətinə çatdırmaqdır.
Tədbiri giriş sözü ilə açan İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev artıq 24 ildir ki, dünya ölkələrinin qeyd etdiyi Beynəlxalq İnformasiya Təhlükəsizliyi Gününün əhəmiyyətindən danışaraq bu əlamətdar hadisənin yaranma tarixi haqqında məlumat verdi: "1988-ci il noyabrın 30-da Stenford Universitetinin tələbəsi Robert Morris tərəfindən yaradılmış "Morris soxulcanı" adlanan ilk kompyuter virusu Amerikanın elmi-tədqiqat institutlarının, hərbi idarələrinin fəaliyyətini iflic vəziyyətinə saldı. Bu hadisə bəşəriyyətin kompyuter təhlükəsizliyi haqqında təsəvvürlərini dəyişdi və mütəxəssislər informasiya təhlükəsizliyinin təmini məsələlərinə kompleks yanaşmanın zəruriliyi haqqında ciddi düşünməyə başladılar. Beləliklə, 30 noyabr bəşəriyyət tarixinə İnformasiya Təhlükəsizliyi Günü kimi daxil oldu".
İnformasiya təhlükəsizliyi məsələlərinin Azərbaycan Respublikasının milli təhlükəsizliyinin əsas tərkib hissələrindən biri kimi mühüm rol oynadığını bildirən alim bu sahədə normativ-hüquqi bazanın formalaşmasının informasiya cəmiyyəti quruculuğunda prioritet məsələlərdən olduğunu vurğuladı. Elektron hökumətin dayanıqlı və təhlükəsiz fəaliyyətini təmin etmək məqsədilə vətəndaşlara dövlət orqanları tərəfindən elektron informasiya xidmətlərinin göstərildiyini qeyd edən R.Əliquliyev informasiya təhlükəsizliyi sahəsində ölkə başçısının rəhbərliyi ilə bir sıra dövlət proqramlarının həyata keçirildiyini önə çəkdi: "Ölkəmizdə cəmiyyət üçün böyük önəm daşıyan demokratiya, insan hüquqları, vətəndaşların informasiya əldə etmək hüququ və ümumilikdə informasiya azadlığının təmin olunması məsələlərinin həlli istiqamətində mühüm addımlar atılır, mövcud qanunvericilik bazası təkmilləşdirilir".
Qeyd etdi ki, cəmiyyətin informasiyalaşması, internet və informasiya texnologiyalarının ictimaiyyətin bütün sferalarına sürətlə müdaxilə etməsi informasiya təhlükəsizliyinin lazımi səviyyədə təmin olunmaması riskini də artırır. İnformasiya təhlükəsizliyi sahəsində məqsədyönlü işlərin aparılmasının zəruriliyindən danışan R.Əliquliyev Azərbaycan Respublikası Prezidentinin imzaladığı "İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında" fərmandan söhbət açaraq bu istiqamətdə mühüm addımlar atıldığını, informasiya resurslarının mühafizəsi, vətəndaşların informasiyalara sərbəst çıxışının təmini məsələləri ilə bağlı əhəmiyyətli işlərin görüldüyünü və müvafiq sahədə ölkə başçısının apardığı siyasətin dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırdı. Bu sahəyə aid qanunvericilik bazasının təkmilləşdirilməsi, normativ-hüquqi bazanın gücləndirilməsi istiqamətində görülən tədbirlərə elmi dəstək verən İnformasiya Texnologiyaları İnstitutunda informasiya təhlükəsizliyinin müxtəlif problemlərinin həlli ilə bağlı araşdırmaların aparıldığını və müntəzəm olaraq müvafiq elmi seminarların keçirildiyini vurğuladı.
Azərbaycanda söz, ifadə azadlığı, informasiya əldə etmək hüququ kimi məsələlərə toxunan alim Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 12-ci bəndindən irəli gələn müddəaları önə çəkdi, elektron mühitdə insanların şəxsi həyatı ilə bağlı məlumatların qorunması məsələləri istiqamətində həyata keçirilən işlərdən danışdı.
Qeyd etdi ki, milli informasiya təhlükəsizliyinin formalaşmasına elmi-praktik dəstək vermək, onun nəzəri əsaslarını inkişaf etdirmək, həmçinin dünya elminə töhfə vermək institutun əsas istiqamətlərindəndir. R.Əliquliyev informasiya təhlükəsizliyi mədəniyyətinin cəmiyyətə aşılanması, informasiya etikasının formalaşdırılması kimi məsələlərin informasiya təhlükəsizliyi sahəsində qarşıda duran əsas məqsədlərdən olduğunu nəzərə çatdırdı.
"İnformasiya təhlükəsizliyi sahəsində elmi-praktik tədqiqatların əsas istiqamətləri" adlı məruzə ilə çıxış edən institutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Yadigar İmanquliyev Azərbaycan Respublikasında informasiya təhlükəsizliyi üzrə qəbul edilmiş qanunvericilik aktları və keçirilmiş tədbirlər, institutda bu sahə üzrə elmi kadr hazırlığı haqqında məlumat verdi. İnformasiya təhlükəsizliyinin texnoloji, humanitar və kadr hazırlığı problemlərini təhlil edərək müasir şəraitdə informasiya təhlükəsizliyinin humanitar problemlərinin ön plana çıxdığını vurğuladı. İnformasiya təhlükəsizliyi üzrə kadr hazırlığı problemləri, ACMIEEE kurikulumu barədə, e-dövlət mühitində informasiya təhlükəsizliyi üzrə treninqlər və maarifləndirmə proseslərində ABŞ təcrübəsindən danışdı.
Sonra institutun sektor müdiri İradə Ələkbərova "Viki-mühitdə reallaşdırılan informasiya müharibəsi texnologiyalarının analizi" adlı məruzəsini təqdim etdi. Vikipediya və onun imkanları, onlayn ensiklopediyadan istifadə ilə bağlı statistik məlumatlar, viki-layihələr, viki-kontentin dillər üzrə statistikası haqqında danışan İ.Ələkbərova viki-mühitdə Azərbaycan xalqının maraqlarının qorunması, milli-mənəvi dəyərlərinin tanınması məqsədilə İnformasiya Texnologiyaları İnstitutunda vikimetrik problemlərin araşdırıldığını vurğuladı. Viki-mühitdə informasiya müharibəsi texnologiyaları - dezinformasiyalar, mətnin silinməsi, psixoloji təsir, ziyanlı botların fəaliyyəti, viki-mühitə "kuklalarla" təsir, spam xarakterli məlumatların daxil edilməsi kimi məsələlərdən söhbət açdı.
Texnika üzrə fəlsəfə doktoru Elşən Rəhimov "Korporativ informasiya mühitinin (KİM) informasiya təhlükəsizliyinə cavabdeh proqram təminatlarının qiymətləndirilməsi" mövzusunda çıxış edərək KİM informasiya təhlükəsizliyini təşkil edən komponentlər və s. haqqında məlumat verdi, görüləcək işlərdən danışdı.
İnternetin tənzimlənməsi problemlərindən danışan institutun böyük elmi işçisi Rasim Mahmudov İnformasiya Texnologiyaları İnstitutunda internetin inkişaf perspektivləri və problemləri, internet-asılılıqla mübarizə, internet-media, əşyaların interneti və internet iqtisadiyyatı problemləri istiqamətində aparılan araşdırmalar haqqında ətraflı məlumat verdi, müxtəlif texnokratik və sosial-humanitar yanaşmaların araşdırılaraq təhlil olunduğunu diqqətə çatdırdı.
İnstitutun böyük elmi işçisi Elçin Əliyev "İnformasiya sistemlərinin infrastruktur komponentlərinin, onların təhlükəsizliyinə risklərin və mühafizə metodlarının birgə təsnifatlaşdırılması modeli" adlı məruzəsində informasiya təhlükəsizliyi siyasəti, planlaşdırma, realizasiya, bu sahədə metod və modellər haqqında ətraflı məlumat verdi, informasiya təhlükəsizliyi obyektinin komponentləri reyestrinin bölmələrini nəzərə çatdırdı.
İnternetdə domen adları sisteminin təhlükəsizliyi problemlərindən danışan institutun sektor müdiri Rəna Qasımova bu sahədə fəaliyyət göstərən beynəlxalq təşkilatlar haqqında məlumat verdi, domen adlarının hüquqi, təhlükəsizlik, texnoloji və s. kimi problemlərindən danışdı. Virtual məkanda vandalizmə və müxtəlif növ cinayətkarlıqlara qarşı, domen adlarının həqiqi sahiblərinə qaytarılması üçün beynəlxalq səviyyədə qəbul olunmuş sənəd və mexanizmlərdən söhbət açdı.
İnstitutun
sektor müdiri, texnika üzrə fəlsəfə doktoru Ramiz
Şıxəliyev "Kompyuter şəbəkələrinin
intellektual monitorinqi və idarə edilməsi
texnologiyalarının işlənilməsi" adlı məruzəsini
təqdim edərək kompyuter şəbəkələrinin
intellektual monitorinqi və idarə edilməsinin müasir vəziyyətinin
analizi, arxitekturalarının işlənilməsi, kompyuter
şəbəkələrinin monitorinqi və idarə edilməsi
üsullarının intellektuallaşıdırılması
üçün metodların işlənilməsi və s. məsələlərdən
danışdı.
"Elektron dövlət mühitində dövlət sirrinin təmin olunması mexanizmlərinin işlənməsi" mövzusunda çıxış edən institutun elmi işçisi Davud Rüstəmov işin məqsədi, aktuallığı məsələlərindən danışaraq bu sahədə qanunvericilik tələblərindən söhbət açdı. E-dövlət mühitində dövlət sirrinin yer aldığı informasiya sistemlərində hüquq və səlahiyyətlərin idarə olunması üçün təklif edilmiş konseptual model barədə ətraflı məlumat verdi.
"İnsan hüquqlarının reallaşdırılmasında elektron demokratik təsisatların rolu haqqında" danışan institutun elmi işçisi Aygün Əhmədova məsələnin aktuallığını önə çəkərək bildirdi ki, elektron demokratik institutların yaradılması vətəndaşların cəmiyyətin və dövlətin siyasi fəaliyyətində fəal iştirakını təmin edir. Bu gün insan hüquqlarının təmin olunması və onun qorunması bəşəriyyət qarşısında duran ən mühüm problemlərdən biridir.
İnstitutun elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Fərqanə Abdullayeva "Bulud hesablamaları sistemlərinin informasiya təhlükəsizliyi problemləri" adlı məruzəsini təqdim etdi. Bulud hesablamaları sistemlərinin mahiyyəti, təhlükəsizlik problemləri və standartları, bu sistemlərin təhlükəsizlik problemləri ilə məşğul olan təşkilatlar və s. haqqında ətraflı məlumat verdi.
İnformasiya təhlükəsizliyi mədəniyyəti məsələlərindən danışan institutun Tədris-İnnovasiya Mərkəzinin rəhbəri Rəsmiyyə Mahmudova informasiya cəmiyyətinin yaratdığı imkanlar, informasiya cəmiyyətinə hazırlıq problemləri, informasiya mədəniyyətinin komponentləri haqqında danışdı. İnternet-asılılıq, internetdə yeni davranış stereotipləri, arzuolunmaz məzmunlu mətnlər, fərdi məlumatların qorunması və s. barədə məlumat verdi.
İnstitutun elmi işçisi Lyudmila Suxostat "Şəxsin səsə görə biometrik identifikasiyası sistemlərinin sintezi üçün metod və alqoritmlərin işlənməsi" mövzusunda məruzə ilə çıxış etdi. İşin məqsədi, aktuallığı, mövzu üzrə mövcud problemlər və çatışmazlıqlar haqqında danışdı, görüləcək işlər barədə məlumat verdi.
Sonra institutun sektor müdiri Babək Nəbiyevin "Şəbəkə təhlükəsizliyinin təmin edilməsi üçün intellektual monitorinq sisteminin işlənməsi" mövzusunda məruzəsi dinlənildi. O, şəbəkə təhlükəsizliyinin monitorinqinin təkamülü, bu sahədə keçirilən beynəlxalq konfranslar, elmi araşdırma mərkəzləri, tanınmış alimlər və s. haqqında ətraflı məlumat verdi, şəbəkə təhlükəsizliyinin monitorinqinin elmi problemlərindən danışdı.
Mövzular ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı. Qeyd olundu ki, İnformasiya Texnologiyaları İnstitutunda artıq 17 ildir informasiya təhlükəsizliyinin elmi-praktik problemləri araşdırılır. İnformasiya təhlükəsizliyinin müxtəlif problemləri üzrə 200-dən artıq elmi məqalə, 7 kitab, 10 ekspress-informasiya nəşr olunmuş, informasiya təhlükəsizliyi sahəsində 1 elmlər doktoru və 10 fəlsəfə doktoru hazırlanmışdır. Hazırda doktoranturada 15 nəfər təhsil alır, kütləvi informasiya vasitələrində mütəmadi çıxışlar edilir. Bu sahədə əldə olunan nailiyyətlərə görə ölkəmiz MDB məkanında qabaqcıl yerlərdən birini tutur.
Sonra Beynəlxalq İnformasiya Təhlükəsizliyi Gününə həsr olunmuş elmi-praktik seminarın qərar layihəsi təqdim edildi. Dünyanın bir sıra aparıcı tədqiqat qurumlarının qoşulduğu İnformasiya Təhlükəsizliyi Tədqiqatları üzrə Beynəlxalq Konsorsiuma üzvlük məsələsi müzakirə olundu, bu istiqamətdə fəaliyyətin genişləndirilməsi qərara alındı. "İnformasiya cəmiyyəti problemləri" jurnalının Beynəlxaq İnformasiya Təhlükəsizliyi Gününə həsr olunmuş xüsusi buraxılışının hazırlanması təklif edildi, Tədris-İnnovasiya Mərkəzində informasiya təhlükəsizliyi üzrə təhsil fəaliyyətinin gücləndirilməsi tövsiyə olundu. İctimaiyyətin informasiya təhlükəsizliyi sahəsində maarifləndirilməsi məqsədilə elmi-praktik seminarın materiallarının kitabça şəklində çap olunması və ölkənin ali məktəblərində həmin biliklərin yayılması istiqamətində işlər aparılmasının vacibliyi bildirildi.
Tədbirdə həmçinin ölkənin milli informasiya təhlükəsizliyi sisteminin formalaşmasında institutun yaxından iştirakının zəruriliyi vurğulandı. Elmi-nəzəri araşdırmaların keyfiyyətinin daha da artırılması, institutun şöbələri və elmi işçilərinin qarşısında duran vəzifələrin həyata keçirilməsi, informasiya təhlükəsizliyinin elmi-texniki problemlərinə həsr olunmuş seminarların təşkili və digər məsələlər müzakirə olundu, rəy və təkliflər səsləndirildi.
Azərbaycan.-2012.- 8 dekabr.- S.6.