Siyəzənlilər uğurları artırır

 

Azərbaycanın hər bir bölgəsində müşahidə edilən inkişaf Siyəzənin  simasında da aydın görünür. Regional inkişaf II Dövlət Proqramı çərçivəsində rayonda çoxsaylı işlər görülür, o cümlədən infrastrukturun yaradılması, müasir tipli obyektlərin inşası, mövcud obyektlərin müasir standartlara uyğunlaşdırılması, ixracyönümlü məhsul istehsalının stimullaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Həmçinin əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması, məşğulluq səviyyəsinin artırılması, yoxsulluğun səviyyəsinin azaldılması xüsusi diqqət mərkəzindədir.

Bu gün Siyəzənin inkişafı bir sahə üzrə deyil, çoxşaxəli xarakter daşıyır. Sosial həyat, infrastrukturbaşqa sahələrdəki inkişaf biri-birini tamamlayır. Rayonda istehsal olunan məhsulların çeşidinin artırılması,  ticarət, iaşə və məişət sahələrində xidmət səviyyəsinin yüksəldilməsi, istehlak, o cümlədən ərzaq mallarının keyfiyyətinə və təhlükəsizliyinə nəzarətin gücləndirilməsi əsas fəaliyyət istiqamətləri sırasındadır. Eləcə də rayonda qeyri-neft sektorunun genişləndirilməsi,  rəqabətədavamlı sənaye məhsullarının istehsalının dəstəklənməsi qarşıya qoyulan əsas məqsədlərdəndir. Təkcə cari ilin əvvəlindən rayon üzrə ümumi məhsul buraxılışı faktiki  qiymətlərlə 58,6 milyon manat olmaqla  əvvəki ilin eyni dövrü ilə müqayisədə 20,8 faiz artmışdır. Ümumi məhsul buraxılışında qeyri-dövlət sektorunun xüsusi çəkisi isə 85,9 faizə çatmışdır.

Siyəzəndə sahibkarlığın inkişafı istiqamətində də konkret tədbirlər həyata keçirilir. Hazırda rayondakı özəl müəssisələrdə istehsal edilən məhsullar siyəzənlilərin ən çox istifadə etdikləri gündəlik tələbat mallarıdır. Həmçinin rayonda region üçün nümunə ola biləcək irikiçik sahibkarlıq müəssisələri fəaliyyət göstərir.

Sahibkarlığın inkişafı bütünlükdə özəl sektora aid aqrar sahədə də özünü göstərir. Belə ki, ilin əvvəlindən bəri  rayonun təsərrüfatlarında 13438 ton ət, 8014,5 ton süd, 19,7 milyon ədəd yumurta, 12059 ton quş əti istehsal olunmuşdur. Təsərrüfatlarda hazırda 12192  baş qaramal, 53638   baş davar vardır.

Rayondakı abadlıq və quruculuq işlərindənsə xüsusi danışmaq lazımdır. Respublikamızın hər yerində olduğu kimi, Siyəzəndə də  tikinti, abadlıq və yenidənqurma işləri xüsusi proqram üzrə aparılır. Bakı-Quba avtomobil yolunun 103-cü kilometrindən Siyəzən şəhərinə çəkilən giriş yolunda aparılan tikinti işləri başa çatmaq üzrədir. Artıq həmin ərazinin ətrafında olan obyektlər müasirləri ilə əvəzlənir. Yolu ikiyə bölən dəmir yolu keçidinin genişləndirilməsi, kommunikasiya xətlərinin köçürülməsi və digər mühəndis qurğularının tikintisi işləri isə başa çatmışdır. Hazırda həmin yolun ətrafında yaşıllıq zolağının salınması üçün əraziyə münbit torpaq daşınır və yeni işıqlanma sistemi çəkilir.

Siyəzəndə yol infrastrukturunun yenidən qurulması istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. Artıq Siyəzən-Qalaaltı yolunun tikintisi yekunlaşıb, eləcə də ətrafda olan bir neçə kənd yolunun asfaltlanması başa çatıb. Bəzi kənd yollarında da analoji işlər görülür. Eyni zamanda rayonun daxili imkanları hesabına Çandahar kəndindən keçməklə Balaca Həmyə kəndi ərazisindən dəniz kənarına yeni yolun çəkilməsi işlərinə də başlanılıb ki, bu da yaxın gələcəkdə rayonda turizmin inkişafına təkan verəcək amillərdən biri hesab olunur. Bunlardan başqa, rayon mərkəzinin küçələrindəki yaşayış binalarının dam örtükləri dəyişdirilir, fasadları, balkonları xüsusi suyadavamlı materialla üzlənir. Habelə "Gənclik" yaşayış massivində park salınması üçün hazırlıq tədbirləri görülür, "Bayraq Meydanı" və "Gənclər evi"nin tikintisində işlər davam etdirilir.

 

 Akif ƏLİYEV,

Azərbaycan.-2012.- 8 dekabr.- S.7.