Arzular gerçəyə dönür
...Həmin gün Balakəndə "Məhsul bayramı" keçirilirdi. Ulu öndərin adını daşıyan parkda böyük qələbəlik idi. Musiqi sədaları altında kənd təsərrüfatı məhsulları sərgisinə baxan kim, bir kənara çəkilib fikir mübadiləsi aparan, tanınmış müğənnilərin ifasını dinləyən kim... Bayram tədbirində Balakən rayon rəhbərliyi, sakinlər, yaxından-uzaqdan qonaqlar iştirak edirdilər. Belə tədbirlər insanların əhval-ruhiyyəsinin yüksəlməsinə, işgüzarlığın artmağına həmişə müsbət təsir edir.
Balakənin böyük yaşayış məntəqələrindən olan Qazma kəndinin bələdiyyə sədri Tahir Məmliyevlə vədələşdiyimiz kimi bayram tədbirində görüşdük və tədbirin sonunda yol aldıq Qazma kəndinə tərəf...
Ölkə Prezidenti İlham Əliyev çıxışlarının birində demişdir: "Biz istəyirik ki. Azərbaycanın hər bir bölgəsində yeni, müasir tələblərə cavab verən infrastruktur yaradılsın, elektrik xətləri, qaz kəmərləri, su kəmərləri çəkilsin, yollar salınsın, müasir nəqliyyat infrastrukturu möhkəmlənsin. Əlbəttə ki, insanları ən çox narahat edən sosial problemlər də uğurla həll edilsin".
Dövlət başçısının bu diqqət və qayğısı balakənlilərin, o cümlədən Qazma kəndinin sakinlərinin də qurub-yaratmaq, ölkəmizin rifahı naminə çalışmaq əzmini daha da artırır. Bələdiyyə sədri Tahir Məmliyev yol boyu görülən işlərdən söhbət açaraq qeyd etdi ki, ən böyük çətinliyimiz yol problemi idi, o da həll olundu.
2012-ci ilin martın 28-də on altı min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Balakən-Qazma-Darvazbinə avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Balakən Rayon İcra Hakimiyyətinə üç milyon manat vəsait ayrılması barədə ölkə rəhbəri İlham Əliyev sərəncam imzalamışdır. Həmin sərəncama əsasən nəzərdə tutulan işin xeyli hissəsi görülüb. T.Məmliyevin verdiyi məlumata görə, Qazma ərazisindən keçən 11,5 kilometrlik yolun 9,5 kilometrinə asfalt döşənib. Elə bu getdiyimiz rahat yol həmin yoldur. Keyfiyyətinə görə şəhər yollarından heç də fərqlənmir.
Qazma kəndinin mərkəzində maşından düşürük. Əksər kəndlərdə olduğu kimi, burada da ağsaqqallar havanın xoş olmasından istifadə edərək gəlimli-gedimli dünyanın "dərdləri"ni bölüşə-bölüşə söhbət edirlər. Yaxınlaşıb görüşürük. Əhməd Əliyev, Mustafa Əliyev, Məhəmməd Şakirov, Kamal Zohorov və digərləri mehribanlıqla hal-əhval tuturlar. "Azərbaycan" qəzetindən olduğumuzu biləndə Əhməd Əliyev dedi:
- Yol sarıdan çox əziyyət çəkirdik, xüsusilə qarda-yağışda gediş-gəlişimiz müşkülə çevrilirdi. Hansısa bir iş dalınca vaxtında gedə bilmirdik. Yol tikintisi ilə bağlı möhtərəm Prezidentin sərəncamını eşidəndə sevincimizin həddi-hüdudu olmadı. Artıq yolumuz hazırdı. Evdən çıx, beş dəqiqədən sonra ol rayon mərkəzində. Bu diqqətə görə ölkə rəhbəri İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk. Yəqin ki, qəzetiniz vasitəsi ilə ürək sözlərimizi möhtərəm Prezidentə çatdırarsınız...
Qazma ərazi nümayəndəliyi 6 yaşayış məntəqəsini birləşdirir - Qazma, Bedağar, Cillik, Şambulbinə, Öküzovtala və Darvazbinə kəndlərini. Ərazi nümayəndəliyi üzrə 4 orta məktəb, 2 uşaq bağçası, 3 tibb məntəqəsi, 2 poçt şöbəsi, 400 yerlik mədəniyyət evi və 300 yerlik klub fəaliyyət göstərir. Kənd sakinlərinin əsas məşğuliyyəti maldarlıq, tərəvəzçilikdir. Son dövrlər qarğıdalı əkininə diqqət xeyli artıb. Yerli iqlim şəraiti (rütubətin çoxluğu) qarğıdalı əkininə münbit şərait yaradır. Məhsul bol olur. Yaxşı gəlir götürürlər. Yığım vaxtı alıcılar başlarının üstünü kəsdirir, satış üçün harasa getməyə ehtiyac qalmır. Buralarda torpaq dəmyə olsa da çıxış yolu tapmaq çətin olmur. Ərazi icra nümayəndəsinin müavini Carullah Şindiyevin dediyinə görə, 35-dən yuxarı su quyusu var. Elə örüş yerləri də çox uzaqda deyil.
Qazma tam qazlaşdırılıb. Sayğaclaşma işləri də başa çatdırılıb. İşıq və içməli su ilə bağlı heç bir problemləri yoxdur.
Öküzovtala kənd sakini Zakir Ukalayev də ürək sözlərini bildirdi:
- Kəndin ki yolu rahat, gediş-gəlişi asan oldu, o kənd öz gün-güzəranını quracaq. Bu rahatlığı bizə bəxş etdiyinə görə, mən də möhtərəm Prezidentə minnətdarlığımı bildirirəm. Camaatımız çox işgüzardır, necə deyərlər, daşdan çörək çıxarandır. Dövlətin, dövlət başçısının qayğısını görəndə daha həvəslə, əzmlə işdən-gücdən yapışırıq. Mövcud xırda-para çətinliklər də inanırıq ki, tezliklə öz həllini tapacaq.
Balakənin digər kəndlərində olduğu kimi, Qazmada da payız çox əsrarəngiz olur. Yarpaqlarını tamamilə tökmüş xurma ağacları həyət-bacaya xüsusi yaraşıq verir. Payız günəşi dağlardan sıyrılıb gələn duman arxasından şüalarını yayanda çılpaq ağaclardakı qızılı xurmalar elə ecazkar görünür ki, saatlarla dayanıb bu cənnət meyvəsinə baxmaq istəyirsən. Ancaq təəssüflər olsun ki, bu ecazkar meyvənin satış problemləri hələ də kompleks şəkildə həll edilmədiyindən elə ağaclardaca qurda-quşa yem olur. Bu bir daha onu göstərir ki, meyvəsaxlama anbarlarının sayının artırılmasına ciddi ehtiyac var. Ancaq ümid edək ki, uzun illərdən sonra həllini tapan yol problemi kimi, digər çətinliklər də tezliklə aradan qaldırılacaq.
Telman NƏZƏRLİ,
Azərbaycan.-2012.- 8 dekabr.- S.7.