Dağlar zəngin yataqlar
xəzinəsidir
Naxçıvan
MR-də tikinti-abadlıq işlərində
yerli materiallara üstünlük
verilir
Naxçıvan Muxtar Respublikasında aparılan tikinti-quruculuq, abadlıq işlərində daha çox yerli məhsullara üstünlük verilir. Binaların tikintisində, təmirində, dizaynında muxtar respublikanın yerli istehsal müəssisələri bu baxımdan işlərini günün tələbləri səviyyəsində qurublar. Muxtar respublikada özəl sektorun inkişafı üçün yaradılan şəraitdən, göstərilən dövlət qayğısından bəhrələnərək daxili bazarı tələbata uyğun yüksək keyfiyyətli yerli tikinti materialları ilə təmin edən istehsal müəssisələrindən biri də Kəngərli rayonunun Qarabağlar və Çalxanqala kəndlərindəki daş ocaqlarıdır.
Müəssisə ilə daha ətraflı tanış olmaq üçün Qarabağlar kəndinin şimalında - Kiçik Qafqaz dağlarının ətəklərində yerləşən "Gəmiqaya Daş Məhsulları Sənaye Kompleksi" Məhdud Məsuliyyətli Cəmiyyətinin Qarabağlar Daş Ocağına yollandıq. İstehsal müəssisəsinin müdiri Tələt Əhmədov işçilərlə yeni kəsiləcək daş blokları barədə söhbət edirdi. Tapşırıqlarını verdikdən sonra həmsöhbət olduğumuz T.Əhmədovdan öyrəndik ki, bu daş ocağı 2004-cü ildən fəaliyyət göstərir:
- Naxçıvanın hər tərəfi yataqlarla zəngindir. Naxçıvan təkcə mineral sularıyla deyil, daş yataqları, duz mədənləri ilə də məşhurdur. Bu gördüyünüz böyük bir ərazidə 2003-2004-cü illərdə böyük geoloji axtarışlar aparıldı. Daş karxanalarının yerləşdiyi dağlıq ərazilərə avtomobil yolu, su xətti çəkildi, kəşfiyyat xarakterli qazıntılar aparıldı, daş nümunələri kəsilərək tərkibi, keyfiyyəti laboratoriyalarda yoxlanıldı. Nəticə göz qabağındadır. Qarabağlar dağlarının hər tərəfindən müxtəlif tərkibli, tikinti-quraşdırma işlərində böyük pay sahibi olan antibakterial keyfiyyətə malik travertin və mərmər daş məhsulları çıxarılır.
Həmsöhbətim qeyd etdi ki, 2007-ci ildən axtarışlar aparılan və 2010-cu ildən fəaliyyətə başlayan Çalxanqala kəndi yaxınlığındakı daş ocağı da onların tabeliyindədir. Hər iki daş ocağında ümumilikdə 120 nəfərdən çox işçi çalışır ki, onların da əksəriyyəti adıçəkilən kəndlərin sakinləridir. Yataqlarda iş rejimi iki növbəlidir. Hər iki yataqda Almaniya və Türkiyə istehsalı olan texnika vasitəsilə dağdan bloklar şəklində qaya parçaları qoparılır. Bunun üçün əvvəlcə şaquli və vertikal dəliklər açılır. Dəliklər bir koordinatda birləşdirilir, daha sonra almaz tellər dəliklərə yerləşdirilərək bloklar kəsilir. Kəsilmiş daş parçaları hidravlik qaldırıcı və hava şarı ilə dağdan aralanır. Hər qaya parçasının çəkisi 200-350 ton aralığında dəyişir. Sonra onlar yük avtomobillərinə yüklənərək Şahtaxtı dəmiryol stansiyasındakı vaqonlara daşınır, oradan da Naxçıvan şəhərindəki və Babək rayonunun Araz kəndindəki "Gəmiqaya Daş Məhsulları Kompleksi" MMC-yə göndərilir. Burada həmin bloklar kəsilərək plitələr çıxarılır, üzlük daşlar hazırlanır, müxtəlif təyinatlı məhsullar halına gətirilir. Həmin məhsullar isə cilalandıqdan sonra tikinti obyektlərinə göndərilir. Böyük və kiçik ölçülü travertin plitələrdən istər binaların fasadlarının üzlənməsində, istərsə də həyətyanı sahələrin bəzədilməsində, evlərin daxilində istifadə edilir. Onu da vurğulayım ki, istehsal olunan məhsul Bakıya da göndərilir.
Qeyd edək ki, Qarabağlar daş ocağında müxtəlif rəngli və tərkibli travertin daşı çıxarılırdısa, artıq bir müddətdir burada dünya miqyasında tanınan oliv (olive) bəzək daşı yatağı da aşkarlanıb və bu ilin iyul ayından həmin məhsulun çıxarılmasına başlanılıb. Binaların daxili bəzədildikdə, yerə döşəndikdə xüsusi gözəllik verən oliv qəhvəyi mərmər daşdır.
Müəssisə rəhbəri onu da bildirdi ki, hazırda aşkar olunan daş yataqları ilə kifayətlənmirlər. İdarənin geoloji axtarış qrupunun mühəndisləri yaxın ərazilərdə yeni yataqların üzə çıxarılması üçün səy göstərirlər.
Tələt Əhmədov bir məqama da diqqət çəkərək söylədi ki, bəzən dağdan ayrılan bloklar parçalanır. Bu zaman onun daşınma xərci istehsal xərcini üstələyir. Belə olan halda daşdan ayrılmış qaya parçalarının tələf olmaması, atılmaması üçün daş yatağının yaxınlığında, Qarabağlar dağ ocağının tabeliyində istehsal sexi yaradılıb. Bu sexdə parçalanmış daşlar seçilərək müxtəlif ölçülü plitələr halında kəsilir və zavodlara sadəcə cilalanmaq üçün göndərilir. Beləliklə də iş prosesində çəkilən zəhmətin hədər getməsinin qarşısı alınır.
Elxan MƏMMƏDOV,
Azərbaycan.-2012.- 8 dekabr.- S.7.