Qırx illik səhnə
ömrü
Sənət
dünyası
Azərbaycan professional teatrının formalaşması təbii ki, ilk növbədə, sənət aşiqlərinin yaradıcı əməyi sayəsində mümkünləşib. Ötən əsrin əvvəllərindən başlayaraq bu prosesin daha mütəşəkkil xarakter alması teatrın intibah dövrü kimi xarakterizə edilir. Bir çox professional aktyorlar teatr tarixinə məhz həmin dövrün yetirmələri kimi yazılıblar. Aktyorun özfəaliyyətdən peşəkarlığadək keçdiyi yol bir daha təsdiqləyir ki, bu sənətə maraq, həvəs və təbii istedad əsas şərtdir. O da məlumdur ki, həvəs və maraq bəzən ən kiçik epizodla sənətini tamaşaçıya sevdirmək məharəti hər səhnəyə çıxan aktyora nəsib olmur.
Sənət dünyasında öz izi olanlardan biri də ömrünün qırx ilini səhnədə obrazlar qalereyası yaradan Elxan Ağahüseynoğlu idi. Təəssüf ki, bu gün professional səhnənin onun kimi qüdrətli sənətkarlara ciddi ehtiycı var.
1942-ci il dekabrın 8-də Bakıda dünyaya gələn Elxan Ağahüseynoğlu şəhər 18 saylı orta məktəbi bitirdikdən sonra Mədəni-Maarif Texnikumuna daxil olub. Ondakı istedad və səhnəyə olan həvəsə görə, tələbəlik illərində Akademik Milli Dram Teatrının yardımçı heyətinə qəbul edilib. 1962-1965-ci illərdə hərbi xidmətə çağırılması ilə bağlı təhsilini yarımçıq qoyan Ağahüseyn ordudan qayıtdıqdan sonra Akademik Milli Dram Teatrın yardımçı heyətində aktyorluq fəaliyyətini davam etdirməklə yanaşı, texnikumda təhsilini də başa vurub.
Yaradıcılığının ilk illərində Hüseynov soyadı ilə çıxış edib. Lakin bacarıqlı və işgüzar aktyor sonralar Elxan Ağahüseynoğlu kimi tanınıb. Teatrın baş rejissoru Tofiq Kazımov 1967-ci ildə Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsi üçün qəbul keçirəndə Elxan Ağahüseynoğlu da həmin kursa daxil olub. Təhsil müddətində teatrdan ayrılmayıb. O, eyni zamanda, repertuardakı əsərlərdə oynamaqla yanaşı, yenı rollarla da səhnəyə çıxıb. 1971-ci ildə ali aktyorluq kursunu bitirən Elxan Ağahüseynoğlunun Akademik Milli Dram Teatrın tələbnaməsinə əsasən, təyinatı bu qədim sənət ocağına verilib.
Müəyyən fasilələr də daxil olmaqla, o, qırx ildən çox Akademik Milli Dram Teatrının aktyoru kimi tanınıb. Ötən illər ərzində çox səmərəli fəaliyyət göstərən Elxan Ağahüseynoğlu ən müxtəlif janrlı tamaşalarda əlvan və rəngarəng, bədii tip kimi çoxxarakterli rollar oynayıb. Onun Varri (Vilyam Şekspir - "Antoni və Kleopatra"), Dondurmasatan (Sabit Rəhman - "Əliqulu evlənir"), İkinci oğlan (İlyas Əfəndiyev - "Sən həmişə mənimləsən"), Eyiden (Fridrix Şiller - "Orlean qızı"), Kürd Musa, Zülfüqar və İbrahim xan (Səməd Vurğun - "Vaqif"), Özdəmir (Cəfər Cabbarlı - "Od gəlini"), Əli (Cəlil Məmmədquluzadə - "Ölülər"), Müstəntiq (Çingiz Aytmatov - "Ana torpağı"), Professor (Elçin - "Poçt şöbəsində xəyal"), Birinci aktyor (Kral) (Vilyam Şekspir - "Hamlet"), Şarmankaçalan (Həsən Həsənov (Əzizoğlu) - "Brüsseldən məktublar") kimi teatr rolları istər səhnə sənətinin korifeyləri, istərsə də geniş tamaşaçı auditoriyası tərəfindən həmişə alqışlarla qarşılanıb.
Televiziya ekranlarından da yaxşı tanınan Elxan Ağahüseynoğlu tamaşalarda müxtəlif tiplərin iç üzünü çox məharətlə açmağı bacarıb. Məşhur teatr aktyoru səhnədən ayrılmadan televiziya tamaşalarında onlarca yaddaqalan obraz yaradıb. Salam Qədirzadənin "Ürək rahatlıq sevmir" əsərində Müdir, Seyfəddin Dağlının "Sevdagül və Şarlotta"sında Yolçu, ikihissəli "Sabiqlər"də Müdir, "Adı sənin, dadı mənim"də Nəzarətçi, Mirzə İbrahimovun "Candaranın üsyanı"nda Mister Smit, Anatoli Dudarevin "Astana"sında Nikolay, Sabit Rəhmanın "Şirin bülbül"ündə Sərnişin və digər rollarını nümunə göstərmək olar.
Hər bir teatr aktyorunun arzularından biri də kinofilmlərə çəkilməkdir. Elxan Ağahüseynoğlu da xoşbəxt aktyorlardandır ki, "Axırıncı aşırım", "Ömrün səhifələri", "Dantenin yubileyi", "Qəm pəncərəsi" kimi tamaşaçı sevgisi qazanan bədii filmlərdə ömür qazanıb.
Xalqın sevimlisinə çevrilmək əsas şərt hesab edilsə də, dövlət və hökumət tərəfindən əməyi qiymətləndiriləndə, sənətkar daha fədakarlıq nümunəsinə çevrilir. Haqqında söz açılan Elxan Ağahüseynoğlu da xoşbəxt sənətkarlar sırasındadır. Aktyorluq sənətində qazandığı nailiyyətlərə görə 1991-ci ildə əməkdar, 2002-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb. Prezident təqaüdçüsü idi.
Xalq artisti Elxan Ağahüseynoğlu 2009-cu il avqust ayının 2-də, ömrünün 67-ci ilində, uzun sürən xəstəlikdən sonra vəfat edib. Lakin o, könül verdiyi sənəti ilə, səhnəyə sədaqətli xidmət göstərdiyinə görə ölməzlik qazanan sənətkarlardan biri kimi yad edilir. Nəhayət, yaratdığı obrazlarda yaşayan xalq artisti Elxan Ağahüseynoğlu Azərbaycan teatr və kino tarixində öz yolu olan sənətkarlar sırasına adını yazmağı bacarıb.
Anadan olmasının 70 illiyini onsuz qeyd edən sənət dostları xiffətlə bu sözləri dilə gətirirlər ki, Elxan həmişə aramızdadır. Hər dəfə yeni tamaşa hazırlananda onun yeri görünür.
Məhəmməd
NƏRİMANOĞLU,
Azərbaycan.-2012.- 8 dekabr.- S.8.