TANAP «İlin layihəsi» elan edilib

 

İstanbulda keçirilmiş Beynəlxalq Xəzər Forumu çərçivəsində tədbirin təşkilatçısı Xəzər Strateji İnstitutunun mükafatları təqdim olunub. Xəzər mükafatlarının təqdimolunma mərasimində forum iştirakçıları, hökumət nümayəndələri, deputatlar, ictimaiyyət təmsilçiləri iştirak ediblər.

"İlin dövlət adamı" nominasiyası üzrə mükafata Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan layiq görülübmükafat baş nazirin müavini Bəkir Bozdağa təqdim olunub. Türkiyə və Azərbaycan arasında son illərin ən mühüm enerji layihələrindən olan Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) "İlin layihəsi" elan edilib. Bu nominasiya üzrə mükafatlar ARDNŞ-nin prezidenti Rövnəq Abdullayevə və Türkiyənin energetika naziri Taner Yıldıza təqdim olunub.

Xatırladaq ki, TANAP-ni tikmək üçün Azərbaycan və Türkiyə arasında hökumətlərarası saziş bu ilin iyun ayında imzalanıb. Bu günlərdə isə Azərbaycan Respublikasının Prezidenti "Azərbaycan Respublikasının hökuməti və Türkiyə Respublikasının hökuməti arasında təbii qazın Türkiyə Respublikasına satışı və Azərbaycan Respublikasından gələn təbii qazın Türkiyə Respublikasının ərazisi vasitəsilə tranziti haqqında və təbii qazın Türkiyə Respublikasının ərazisindən nəql edilməsi üçün müstəqil boru kəmərinin inşasına dair" həmin sazişi qanunla təsdiqləyib.

TANAP layihəsində iştirak paylarının 80 faizi ARDNŞ-yə, qalan 20 faizi isə Türkiyənin BOTAŞ və TPAO şirkətlərinə məxsusdur. Bu kəmərin tikintisinin 2018-ci ilin əvvəllərində başa çatacağı nəzərdə tutulur. TANAP-ni haqlı olaraq BTC-dən sonra regionda ən böyük layihə adlandırırlar. Bu kəmər Türkiyəni önəmli enerji dəhlizinə çevirəcək.

Sözügedən Beynəlxalq Xəzər Forumunda ARDNŞ-nin prezidenti 2025-ci ilədək Azərbaycanın ümumi ixrac potensialının minimum 40-50 milyard kubmetr qaz həcminə çatdırılacağını və bu qazın çox hissəsinin Avropa bazarına çıxarılacağını deyib. Belə böyük həcmlərin nəqli üçün mavi yanacağın Avropaya təhlükəsiz daşınmasını təmin etmək gücündə olanötürücülük qabiliyyətinin artırılması potensialına malik müvafiq qaz nəqli infrastrukturu lazımdır. Belə bir sistem məhz TANAP olacaq.

"Şahdəniz" qaz-kondensat yatağının işlənməsində və istismarında tərəfdaşlıq edən şirkətlərdən 3-ü TANAP-yə qoşulmaq niyyətindədir. Bunlar "Şahdəniz" layihəsinin əməliyyatçısı olan BP, tərəfdaşlardan "Statoyl" və "Total" şirkətləridir. BP və "Statoyl"un hər biri layihədə 12, "Total" isə 5 faiz payla iştirak etməyi nəzərdə tutublar.

Hələ keçən il aparılan müzakirələr nəticəsində "Şahdəniz"in ikinci mərhələsindən əldə olunacaq təbii qazın ildə 6 milyard kubmetrinin Türkiyəyə satışına, 10 milyard kubmetrinin isə bu ölkənin ərazisindən Avropaya nəqli ilə əlaqədar Türkiyə və Azərbaycan arasında razılığa gəlinib.

 

Azərbaycan.-2012.- 9 dekabr.- S.1.