Yüklərin düzgün
çeşidlənməsi işin ahəngdarlığını
artırır
Dəmir yolunu ölkənin polad arteriyasına bənzədənlər heç də yanılmırlar. Çünki müxtəlif növ yüklərin daşınmasında nəqliyyatın bu sahəsinin rolu böyükdür.
Cari ilin əvvəlindən bəri daşınmış yüklərin 10,9 faizi dəmir yolunun payına düşüb. Polad magistrallarla yük daşınması keçən ilin eyni dövrü ilə müqayisədə 4,6 faiz artıb. Orta hesabla sutkada 681 vaqon yüklənib, 562 vaqon boşaldılıb. Sutka ərzində Şimal istiqaməti üzrə 27 min ton, Qərb istiqaməti üzrə 6,4 min ton və Cənub istiqaməti üzrə 4,2 min ton yükləmə işi yerinə yetirilib.
Polad magistrallarda işin ahəngdar getməsində Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin çeşidləmə stansiyasının kollektivinin əməyi böyükdür. Burada gündə müxtəlif yüklərlə dolu 40 qatar qarşılanır. Sonra qatarlar yüklərin təyinatı üzrə təzədən tərtib edilərək hərəsi özünün çatacağı ünvana göndərilir. İş ən müasir cihazların köməyi ilə, çeşidləmə təpəsindən verilən göstərişlərə əsasən həyata keçirilir.
Şəkildə: Çeşidlənmiş məhsullarla yüklənmiş qatarlar yola düşməyə hazırdır. Operator Firudin Bəbirov və stansiya rəisinin operativ işlər üzrə müavini Məmməd Osmanov son göstərişlərini verirlər.
Azərbaycan.-2012.- 9 dekabr.- S.1.