Artan beynəlxalq nüfuzun
və etimadın göstəricisi
Beynəlxalq
konfransların Bakıda keçirilməsi
ölkəmizin haqq səsinin
dünyaya çatdırılmasında
mühüm əhəmiyyət kəsb
edir
Dinamik inkişaf edərək regionun lider dövləti statusunu təmin edən Azərbaycan artıq müxtəlif xarakterli - idman, səhiyyə, iqtisadiyyat və digər sahələrlə bağlı tədbirlərin keçirildiyi məkana çevrilib. Əlbəttə, bütün bunlar ölkəmizin artan nüfuzundan xəbər verir. Artıq Azərbaycanın mədəniyyətlərarası və sivilizasiyalararası dialoq üzrə mərkəzlərdən biri olmasını bütün dünya qəbul edir. Bununla yanaşı, Azərbaycanın beynəlxalq siyasi tədbirlərin keçirildiyi ünvana çevrilməsi də reallıqda özünü göstərən həqiqətdir. Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) VII Baş Assambleyasının Bakıda keçirilməsi də bunu təsdiqlədi.
Belə mötəbər beynəlxalq siyasi tədbirin keçirilməsi üçün məhz ölkəmizin seçilməsi təsadüfi deyil. Əvvəla ona görə ki, qədim və zəngin mədəniyyətə malik, müxtəlif ənənələrin, sivilizasiya və konfessiyaların əsrlər boyu dinc yanaşı yaşadığı Azərbaycan həm də zəngin tarixinə və müasir dünyanın siyasi səhnəsində oynadığı rola görə də bu cür tədbirlərin keçirilməsi üçün əhəmiyyətli məkandır. Bununla bərabər, Azərbaycanın sürətli inkişafı, dünya birliyində nüfuzunun artması ölkəmizdə siyasi anlaşmaya xidmət edən belə tədbirlərin keçirilməsini şərtləndirir. Bu isə öz növbəsində, qloballaşan dünyada siyasi dialoqa, qarşılıqlı anlaşmaya kömək edir.
Bir
faktı da xüsusi qeyd etmək lazımdır: Azərbaycan
dünyada nadir ölkələrdəndir ki, eyni zamanda həm
Avropa, həm də Asiyanı təmsil edən müxtəlif beynəlxalq qurumlarda, o cümlədən
Avropa Şurasında, İslam Əməkdaşlıq Təşkilatında
təmsil olunur. Bu baxımdan Azərbaycanın
siyasi əməkdaşlığa və dialoqa verdiyi töhfələr
sanballı olmaqla bərabər, çağdaş
çağırışlarla daha çox səsləşir.
Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı 52 dövlətdən 300-dən çox partiyanı birləşdirir və dünyada ən nüfuzlu siyasi strukturlardan biridir. İCAPP ilə münasibətlərin inkişaf etdirilməsi Azərbaycanın hakim və aparıcı siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının xarici əlaqələrinin mühüm istiqamətlərindən birini təşkil edir. Yeni Azərbaycan Partiyası bu konqresin idarə heyətinə daxil olan 21 partiyadan biridir.
YAP bu nüfuzlu beynəlxalq qurumda təmsil olunmaqla mühüm tribuna əldə edib
Yeni Azərbaycan Partiyası dövlətin həyata keçirdiyi uğurlu xarici siyasət xəttinə özünəməxsus töhfələr vermək üçün beynəlxalq əlaqələr sahəsində geniş və çoxşaxəli fəaliyyət göstərməkdədir. Bu kontekstdə müxtəlif ölkələrin hakim partiyaları və demokratik təsisatları ilə Yeni Azərbaycan Partiyası arasında işgüzar və səmimi münasibətlər qurulur, səmərəli və yaddaqalan görüşlər keçirilir, mühüm layihələr gerçəkləşdirilir. YAP ölkəmizdə fəaliyyət göstərən səfirliklər, beynəlxalq qurumlar, Avropa, Asiya və Amerikanın respublikamızdakı müxtəlif nümayəndəlikləri, institutları və digər demokratik təşkilatları ilə əlaqalərini daim inkişaf etdirir.
Xatırladaq ki, İCAPP 2000-ci ildə Filippinin paytaxtı Manila şəhərində təsis edilib. Qurumun yaranmasında məqsəd Asiya qitəsində fəaliyyət göstərən, müxtəlif ölkələri, millətləri, dini konfessiyaları, mədəniyyətləri və siyasi sistemləri təmsil edən partiyalar arasında qarşılıqlı dialoq mühitinin və səmərəli əməkdaşlığın əsasını qoymaqdır. Təşkilat qarşıya qoyduğu məqsədləri həyata keçirmək üçün dünya və Asiya qitəsi üçün aktual olan mövzularda toplantılar təşkil edir, siyasi partiyalar arasında faydalı təcrübə mübadiləsi həyata keçirir. 2000-ci ildə ilk assambleya iclasını keçirəndən bəri İCAPP inkişaf edərək regionun müxtəlif dövlət, müxalif və müstəqil qurumları arasında dialoq və əlaqələndirmə forumuna çevrilib. Bu günə qədər Çin, Qazaxıstan, Koreya kimi Asiyanın böyük dövlətləri Baş Assambleyanın iclaslarına ev sahibliyi ediblər.
Yeni Azərbaycan Partiyası da təşkilatın yarandığı dövrdən etibarən onunla sıx əməkdaşlıq münasibətləri saxlayır və qurumun həyata keçirdiyi tədbirlərdə fəal iştirak edir. Həmçinin Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Daimi Komitəsi 2009-cu il oktyabr ayının 30-da keçirdiyi toplantıda Yeni Azərbaycan Partiyasının Daimi Komitəyə üzvlüyünü təsdiqləyib. Beləliklə, Yeni Azərbaycan Partiyası Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı kimi nüfuzlu beynəlxalq qurumun ali orqanlarında təmsil olunmaqla Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində mühüm tribuna əldə edib. İCAPP qəbul etdiyi qətnamələrdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycanın haqlı mövqeyini dəstəkləyib və ölkəmizin ərazi bütövlüyünün təmin olunmasında maraqlı tərəf kimi çıxış edib. Baş Assambleyanın müxtəlif bəyannamələrində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə geniş yer verilib.
İCAPP-nin konfransının Bakıda keçirilməsi Azərbaycanın artan nüfuzunun təsdiqidir
İCAPP-nin
daxili Nizamnaməsinə əsasən,
assambleyalararası dövrlərdə qurumun
daimi komitəsinin müxtəlif ölkələrdə
hazırlıq və proqram tərtib etmək
məqsədi ilə iclasları keçirilir.
Daimi
komitə Azərbaycanın beynəlxalq aləmdəki böyük nüfuzunu,
ölkədəki sürətli inkişafı və Yeni Azərbaycan Partiyasının bu uğurlardakı rolunu
yüksək qiymətləndirərək təşkilatın
VII Baş Assambleyasının Bakıda
keçirilməsi barədə hələ ötən il qərar qəbul etmişdir.
Cari ilin iyun ayında isə İCAPP-nin
Daimi Komitəsinin 17-ci iclasında qurumun VII Baş
Assambleyasının 2012-ci ilin noyabr ayının 22-23-də Azərbaycanın
paytaxtı Bakı şəhərində keçirilməsi
barədə konkret qərar qəbul edilib.
Son illərdə dinamik inkişaf edən Azərbaycan həm də siyasi müstəvidə öz mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirib. Bu, tək regional deyil, qlobal miqyasda dərindən hiss edilir. İCAPP-nin konfransının Bakıda keçirilməsi də bunun təsdiqidir.
İCAPP-ni ölkələr arasında əməkdaşlığı inkişaf etdirmək üçün uğurlu platforma adlandıran Prezident İlham Əliyevin konfrans iştirakçılarına məktubunda bu barədə deyilir: "Asiyada təhlükəsizlik, sülh və əməkdaşlıq mövzusuna həsr olunmuş bu tədbirin Bakıda keçirilməsi Azərbaycanın regionda artan nüfuzunun və ona olan etimadın göstəricisidir. Asiya və Okeaniyanın 300-dən çox siyasi partiyasını birləşdirən bu mötəbər qurum ölkələrimiz arasında əməkdaşlığı inkişaf etdirmək üçün uğurlu platformadır. Bu baxımdan Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının müasir dünyamızı düşündürən aktual çağırışlara xüsusi diqqət yetirməsini təqdirəlayiq hal hesab edirəm".
Azərbaycanın siyasi həyatında önəmli hadisə kimi tarixə düşən belə mötəbər forumun ölkəmizdə keçirilməsi həm də Yeni Azərbaycan Partiyasının beynəlxalq nüfuzunun göstəricisi kimi dəyərləndirilir. Çünki ölkəmizə göstərilən bu cür yüksək etimad Yeni Azərbaycan Partiyasının İCAPP Daimi Komitəsinin üzvü kimi səmərəli fəaliyyətinin nəticəsidir.
Noyabrın 22-də Gülüstan sarayında öz işinə başlayan İCAPP-nin VII Baş Assambleyasında Azərbaycanın tarixindən, mədəniyyətindən, turizm imkanlarından, təbii sərvətlərindən, ölkə iqtisadiyyatının sürətli inkişafından, eləcə də torpaqlarımızın 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalından bəhs edən film nümayiş etdirilmişdir. Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov VII Baş Assambleyanı açıq elan edərək bildirmişdir ki, insan və təbii resursları ilə dünyanın ən böyük regionu olan Asiya ölkələrində özünü göstərən inkişaf modelləri bəşəriyyətin yeni istiqamət və formalarını müəyyənləşdirməkdədir. Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra keçən qısa müddətdə böyük uğurlara imza atdığını deyən Ə.Əhmədov torpaqlarımızın Ermənistan silahlı qüvvələri tərəfindən işğalının acı nəticələrindən də danışmışdır. Azərbaycanın güclü, sivil, modern dövlət qurmaq modelini seçdiyini qeyd edən Ə.Əhmədov məhz bunun nəticəsində ölkəmizin müstəqil siyasət yeritdiyini diqqətə çatdırmışdır.
Bir məsələni də fərəhlə qeyd etməliyik ki, İCAPP VII Baş Assambleyasına sədrlik səlahiyyətləri Azərbaycan Prezidenti İlham Əliyevə verilib. Sədrlik səlahiyyətlərini rəmzi olaraq qəbul edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev dövlət başçısı İlham Əliyevin tədbir iştirakçılarına ünvanlanmış təbrik məktubunu oxuyub.
Daha bir beynəlxalq təşkilat Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi
İCAPP VII Baş Assambleyasında təhlükəsizlik, sülh və davamlı inkişaf məsələləri müzakirə edildi. Hansı ki bu məsələlər nəinki Asiya, bütün dünya üçün olduqca mühüm əhəmiyyət daşıyır. Qloballaşan dünyamızın müasir siyasi mənzərəsinin formalaşmasında isə Asiya regionu ölkələrinin rolu və əhəmiyyəti gündən-günə artır. Hazırda Asiya dünyanın iqtisadi mərkəzinə çevrilməkdədir. Aparıcı Asiya dövlətlərinin dinamik inkişafının kökündə dayanan yeni iqtisadi modellərin öz təsdiqini tapması dünya iqtisadi sisteminin əsas meyillərini təşkil edir. Ona görə də İCAPP-nin VII Baş Assambleyası müasir dünyamızı düşündürən və narahat edən məsələlərin və problemlərin həllinə mühüm töhfə verəcək. VII Baş Assambleya partiyalararası dialoqun da inkişafına yardım edəcək.
Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının VII Baş Assambleyasında müzakirə olunan məsələlər Birləşmiş Millətlər Təşkilatının rəhbərliyi tərəfindən də dəstəkləndi. Bu, BMT-nin Baş katibi Pan Gi Munun assambleyanın birinci iş günü videomüraciətində öz əksini tapdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, İCAPP-nin rəsmiləri - təsisçisi və icraçı sədri, həmçinin baş katib, Daimi Komitənin həmsədrləri Xose de Venesiaya və Çanq Eui-Yonqa salamlarını çatdıran Pan Gi Mun toplantının mövzusu olan təhlükəsizlik, sülh və barışıq məsələlərinin bu gün bəşəriyyət üçün çox aktual olduğunu bildirərək BMT-nin enerjidən tutmuş təhsilə, münaqişələrin qarşısının alınmasından tutmuş fəlakət risklərinin azaldılmasına qədər bütün məsələlərdə tərəfdaş olaraq qalacağını bəyan edib.
İCAPP-nin ölkəmizdə keçirilmiş VII Baş Assambleyasında Bakı Bəyannaməsi qəbul edilmişdir. Bəyannamədə Azərbaycanın ərazi bütövlüyü birmənalı şəkildə dəstəklənmiş, Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin mümkünlüyü vurğulanmışdır. Bakı Bəyannaməsində deyilir: "Biz, Cənubi Qafqaz regionunda ədaləti, qanunun aliliyini, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri dəstəkləyirik. Bildiririk ki, Azərbaycanın ərazi bütövlüyü pozulmazdır. Biz Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin regionda sülhün, barışığın və təhlükəsizliyin təmin edilməsi, ölkədə demokratik strukturların gücləndirilməsi ilə bağlı mövqeyini yüksək qiymətləndiririk". Beləliklə, daha bir beynəlxalq təşkilat - Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişdir.
Bakı görüşü təkcə Asiyanı deyil, dünyanı narahat edən problemlərin müzakirəsi baxımından yüksək əhəmiyyət kəsb etdi
Müasir dünyamızda sülh hər şeyin əsasında dayanır. Bu məqsədlərə nail olunması üçün siyasi iradə və əməkdaşlıq olduqca mühüm əhəmiyyət kəsb edir. Beynəlxalq sülh və təhlükəsizliyin təmini üçün beynəlxalq əlaqələrdə mədəniyyətlərin qarşılıqlı anlaşması və dəyərlərə hörmət, sağlam rəqabət, terrorizmə qarşı mübarizədə əməkdaşlıq, başqa dövlətlərin daxili işlərinə qarışmamaq kimi məsələlər vacibdir. Bu mənada "Asiyada təhlükəsizlik, sülh və əməkdaşlıq" mövzusunda müzakirələrin aparıldığı İCAPP-nin VII Baş Assambleyası iştirakçı ölkələri bir-birinin təcrübəsindən faydalanaraq beynəlxalq və regional əməkdaşlıq sahəsində yeni imkanları lazımınca dəyərləndirmələri və dövrümüzün aktual problemlərinin həllinə layiqli töhfələrini vermələri baxımından mühüm əhəmiyyəti ilə yadda qaldı. Digər tərəfdən, qaldırılan məsələlərin aktuallığına görə Bakı görüşü təkcə Asiya qitəsini deyil, ümumilikdə bütün dünyanı narahat edən problemləri müzakirə etmək baxımından böyük əhəmiyyət kəsb etdi.
Bütövlükdə 30-a yaxın ölkənin 55-dən çox siyasi partiyasını təmsil edən nümayəndələrin iştirakı və 84 məruzənin dinlənilməsi ilə yadda qalan İCAPP-nin Bakıda iki gün davam edən VII Baş Assambleyası həm də yüksək səviyyədə təşkil olunması ilə tarixə düşdü. Tədbir iştirakçıları mətbuata açıqlamalarında VII Baş Assambleyanın əhəmiyyətini vurğulamaqla yanaşı, həm yüksək səviyyəli təşkilatçılıq üçün, həm də səmimi qonaqpərvərliyə görə Azərbaycan hökumətinə və xalqına, Yeni Azərbaycan Partiyasına, xüsusilə də, Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər. Bu konfransın Bakıda keçirilməsi həm də Asiya dövlətlərinin Azərbaycanı daha yaxından tanımaları və ölkəmizin haqq səsinin beynəlxalq aləmə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb etdi.
Rəşad
CƏFƏRLİ,
Azərbaycan.-2012.- 9 dekabr.- S.1-3.