İdxal olunmuş malların kabotaj daşınması qaydası

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il

6 dekabr tarixli 283 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

  1. Ümumi müddəalar

 

1.1. Bu Qayda Azərbaycan Respublikası Gömrük Məcəlləsinin (bundan sonra - Gömrük Məcəlləsi) 204.1-ci maddəsinə əsasən hazırlanmışdır və idxal olunmuş malların gömrük nəzarəti altında gəmi vasitəsilə kabotaj daşınma yolu ilə gömrük məntəqələri arasında daşınması və boşaldılması qaydasını müəyyən edir.

1.2. Malların gəmi vasitəsilə kabotaj daşınması proseduru gömrük ərazisinin bir məntəqəsində yüklənərək bu ərazini tərk etmədən (Qaydanın 1.3-cü bəndində göstərilən hallar istisna olmaqla) digər məntəqəyə daşınmaqla boşaldılan aşağıdakı mallara şamil edilir:

1.2.1. sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilmiş mallara;

1.2.2. gətirildiyi gəmi ilə deyil, başqa gəmi ilə gömrük ərazisində daşınan bəyan olunmamış mallara.

1.3. Mallar barəsində səlahiyyəti olan şəxsin (bundan sonra - şəxs) müraciəti əsasında və onun qanunvericiliklə müəyyən edilmiş tələblərə riayət edilməsi şərtilə, gömrük ərazisindən kənarda birya bir neçə yerdə dayanması nəzərdə tutulan gəmi vasitəsilə malların kabotaj daşınmasına gömrük orqanları tərəfindən icazə verilir.

1.4. Bu Qaydanın 1.3-cü bəndində qeyd olunan malların gəmi vasitəsilə kabotaj daşınması zamanı gömrük orqanları tərəfindən eyniləşdirmə vasitələrindən aşağıdakı hallarda istifadə edilir:

1.4.1. şəxsin bu barədə müraciəti olduqda;

1.4.2. gəminin göyərtəsindən malların götürülməsi ehtimalı olduqda;

1.4.3. gəminin göyərtəsinə kabotaj daşınan mallardan başqa digər mallar yerləşdirildiyi hallarda.

 

 2. İdxal olunmuş malların kabotaj daşınması zamanı gömrük nəzarətinin aparılması

2.1. Gömrük orqanları malların eyniləşdirilməsinə və digər tələblərin yerinə yetirilməsinə əmin olduqda, onların başqa mallarla birlikdə gəminin göyərtəsində kabotaj daşınma proseduru altında daşınmasına icazə verirlər.

2.2. Kabotaj daşınma proseduru altında yerləşdirilmiş malları daşıyan gəminin göyərtəsində bəyan edilməmiş, yaxud başqa gömrük prosedurları altında yerləşdirilmiş mallar olduqda, gömrük orqanları malların kabotaj daşınma proseduru altında yüklənməsinə və boşaldılmasına gəmi yükləmə və boşaltma yerinə gəldikdən sonra 24 saat müddətində icazə verirlər.

2.3. Malları kabotaj daşınma proseduru altında daşıyan gəmi müəyyən olunmuş marşrutdan kənarlaşaraq gömrük ərazisindən kənarda dayanmağa məcbur olduğu hallarda, gömrük orqanları gəminin göyərtəsində olan malların əvvəlcədən bu prosedur altında yerləşdirilmiş mallar olmasına əmin olduqda, həmin mallara kabotaj daşınma proseduru altında yerləşdirilmiş mallar kimi baxmalıdır.

2.4. Şəxsin müraciətinə əsasən, gəminin göyərtəsində olan malların istənilən vaxtda və istənilən yerdə yüklənib-boşaldılmasına gömrük orqanları tərəfindən gəmidə yalnız sərbəst dövriyyəyə buraxılmış mallar kabotaj daşınma proseduru altında daşındıqda icazə verilməlidir.

2.5. Gəmidə bəyan olunmadan gömrük ərazisinə gətirilmiş və ya başqa prosedur altında yerləşdirilmiş mallar daşındıqda gömrük orqanları şəxsin müraciətinə əsasən kabotaj daşınma proseduru altında yerləşdirilmiş malların yüklənib-boşaldılmasına bu məqsəd üçün nəzərdə tutulmuş yerlərdən əlavə, digər yerlərdə də icazə verməlidir.

2.6. Mallar kabotaj daşınma proseduru altında daşınarkən, fors-major hallarda gəmi kapitanı və ya digər səlahiyyətli şəxs gömrük qanunvericiliyinin tələblərinin pozulmaması üçün gömrük orqanlarını və digər aidiyyəti orqanları baş vermiş hadisə barədə xəbərdar etməklə, malların daşınmasına dair təhlükəsizlik tədbirlərini təmin edir.

2.7. Müntəzəm olaraq, ölkənin müəyyən limanları arasında ticarət reyslərini həyata keçirən gəmilərə malların kabotaj daşınması üçün gömrük orqanları tərəfindən müəyyən müddətə çoxdəfəlik icazə verilir. Bu halda, gömrük orqanları malların gəmiyə yüklənməsindən əvvəl yalnız kabotaj daşınma proseduru altında yerləşdirilən malların siyahısını tələb edirlər.

 

 3. İdxal olunmuş malların kabotaj daşınması zamanı gömrük rəsmiləşdirilməsinin aparılması

3.1. Gəmi kapitanı və ya şəxs malların kabotaj daşınması zamanı gəmi haqqında məlumatları, kabotaj daşınma proseduru altında yerləşdirilmiş malların siyahısını və gömrük ərazisində malların boşaldılması həyata keçirilən limanya limanların adlarını özündə əks etdirən vahid sənədi gömrük orqanlarına təqdim edirlər.

 3.2. Gömrük orqanları tərəfindən qəbul olunanbu Qaydanın 3.1-ci bəndində göstərilən sənəd malların kabotaj daşınma proseduru altında daşınmasına icazə sənədi hesab edilir.

3.3. Sərbəst dövriyyə buraxılış gömrük proseduru altında yerləşdirilmiş mallar kabotaj daşınarkən gömrük orqanları gəmidə onların digər mallardan ayrı yerləşdirilməsinə nəzarət edirlər.

3.4. Kabotaj daşınma zamanı eyniləşdirmə plomblarının vurulması, rəqəmlə və hərflə nişanlama, markalama, eyniləşdirmə işarələrinin, möhürlərin və ştampların vurulması, prob və nümunələrin götürülməsi, malların və nəqliyyat vasitələrinin təsviri, çertyojların çəkilməsi, miqyaslı təsvirlərin, fotoşəkillərin, illüstrasiyaların hazırlanması malların müşayiətedici və başqa sənədlərindən və digər eyniləşdirmə vasitələrindən istifadə yolu ilə həyata keçirilir.

3.5. Xüsusi icazə tələb olunanixrac nəzarəti altına düşən mallar kabotaj daşınma proseduru altında daşınarkən gömrük orqanları bu Qaydanın 3.1-ci bəndində göstərilən vahid sənəddən əlavə, qanunvericilikdə nəzərdə tutulmuş icazə sənədlərini də tələb edirlər.

3.6. Çatdırıldığı yerdə malların gəmidən boşaldılması zamanı gömrük orqanları onların eyniləşdirilməsini apararaq boşaldıldığı yerdə gəmidə daşınan digər mallardan ayrı yerləşdirilməsinə nəzarət edirlər.

3.7. Malların boşaldılması zamanı gömrük orqanlarına malların eyniləşdirilməsinin aparılması məqsədi ilə bu Qaydanın 3.1-ci bəndində göstərilən sənədlər təqdim olunmalıdır.

4. Kabotaj daşınan mallara dair gömrük təminatı

4.1. İxrac zamanı gömrük ödənişlərinin ödənilməsi tələb olunan və ya ixracına qadağa və ya məhdudiyyətlər qoyulan sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilmiş mallar kabotaj daşınarkən onlara Gömrük Məcəlləsinin 258-ci maddəsi ilə müəyyən edilmiş üsullarla təminat verilməlidir.

 

 

Azərbaycan.-2012.- 9 dekabr.- S.2.