1 ilin 101 yadigarı

 

Rayon böyük, yenilik çox, hamısını bir yazıda sadalamaq mümkün deyil. Dəqiq təsəvvür yaratmaq üçün təkcə bir yaşayış məntəqəsində - sərhəd bölgəsinin yenilməz qalası sayılan Tap Qaraqoyunlu kəndində görülən işləri yada salmaq kifayətdir.

Tap Qaraqoyunlu ön atəş xəttində yerləşir. Ən gərgin günlərdə düşmənə mərdliklə sinə gərib, neçə-neçə şəhid verib, milli qəhrəman yetirib. Bir ailə belə  doğma yurdu tərk etməyib. İndi də, demək olar, hər gün atəş səsləri eşidilir. Elə bina, elə ev çətin tapılar ki, düşmən gülləsi "yara" açmamış olsun. Kənd isə yaşayır, yaradır. Əkin-biçin işləri gedir. Yol-riz sahmana salınır, keçidlər, körpülər tikilir. Təzəlikcə bir neçə xidmət obyekti, o cümlədən xeyir-şər evi açılıb. Mühafizə məqsədilə 792 metr istinad divarı çəkilib. Bərpa Agentliyinin dəstəyi ilə 28 yaşayış evi bərpa olunub, daha 63 evin əsaslı təmirinə hazırlıq görülür. İl ərzində dörd subartezian quyusu qazılıb. Milli üslubda giriş qapısı tikilib. Ən baxımlı yerdə "Naməlum əsgər" abidəsi və üçrəngli bayraq ucaldılıb.

Rayonun mərkəzində, hər bir qəsəbədə və kənddə il ərzində bir-birindən dəyərli yadigarlar yaradılıb. "Goranboy rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə  dair əlavə tədbirlər haqqında" Prezident İlham Əliyevin 24 yanvar 2012-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar çoxlu görülüb.

Ən səfalı guşədə yaşayış üçün gen-bol şəraiti olan qəsəbə salınıb. Qısa vaxt ərzində bütün evlərə təbii qaz çəkilib. Xəstəxana və məktəb binaları tikilib.

Abadlıq və quruculuğun miqyası getdikcə genişlənir. Cari ildə dövlət başçısının xeyir-duası ilə YAP rayon təşkilatının ikimərtəbəli binası istifadəyə verilib. Prezident İlham Əliyev Şahmat məktəbinin, əsaslı təmirdən sonra Mədəniyyət evinin, üç nömrəli məktəbin yeni binasının, Nizami Gəncəvi adına mədəniyyət və istirahət parkının açılışında iştirak etdi. Sərhəd bölgəsində mərd-mərdanə dayanan goranboyluların işinə yüksək qiymət verdi. Məhz elə bu qayğı və diqqətdən ruhlanan  goranboylular il ərzində regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası sahəsində bir-birindən dəyərli işlər gördülər.

Hazırda qaz istismarı və su-kanal idarələrinin inzibati binalarında son tamamlama işləri aparılır. Goran istiqamətində istirahət mərkəzi yaradılır. Köhnə mehmanxana binası müasir üslubda yenidən qurulur. Şəhər avtovağzalının və paylayıcı elektrik şəbəkəsi üçün inzibati binanın tikintisi davam etdirilir.

Goranboy güllü-çiçəkli məkana çevrilir. Nizami Gəncəvi adına mədəniyyət və istirahət parkı əsl seyrangaha çevrilib. Burada əbədiyaşar şairin heykəli qoyulub, ətrafında "Xəmsə"sinin incilərini əks etdirən maraqlı, məzmunlu kompozisiya yaradılıb, bir neçə fəvvarə quraşdırılıb, bulaq və əyləncə yerləri inşa edilib, istirahət guşəsi düzəldilib, oturacaqlar qoyulub, ağacgül kolları əkilib, yaşıllıq zolaqları yaradılıb. Hazırda bu yeni parkın 2 hektarlıq ikinci hissəsində tikinti işləri aparılır.

Gəncə səmtindən rayonun giriş hissəsində ikitərəfli yolun tikintisi başa çatdırılıb, həmin ərazidə ulu öndərin portret-abidəsi inşa edilib. 58-ci kvartalda salınmış yeni yaşayış massivinə və şəhərin bir neçə küçəsinə asfalt örtük çəkilib.

C.Cabbarlı küçəsindəki beşmərtəbəli binanın dam örtüyü dəyişdirilib. N.Nərimanov, R.Mustafayev, V.Bayramov, S.Civəzadə küçələrində, habelə İrəvanlı kəndi ərazisində milli ornamentli istinad divarları hörülüb, mövcud hasarlara aqlaysüni üzlük daşları vurulub.

C.Cabbarlı küçəsində müasir işıqlandırma dirəkləri quraşdırılıb. Nəqliyyatın hərəkətinin tənzimlənməsi üçün 5 yerdə rəqəmli işıq sistemi qoyulub. Qızılhacılı qəsəbəsini, Borsunlu kəndinin ərazisində, ayrı-ayrı yaşayış məntəqələrində, bir neçə yol ayrıcında dayanacaqlar inşa edilib.

Aşağı Ağcakənd qəsəbəsinin yaxınlığında ucaldılan "Qala" kompleksi  hamının diqqətini cəlb edir. Ətrafda milli üslubda istinad divarı hörülüb, torpağa gül-çiçəklə bəzənən Azərbaycan xəritəsi həkk olunub. Mərkəzdəki təpədə üçrəngli bayraq ucaldılıb.

Rayonda sosial problemlər uğurla həll olunur. Prezident İlham Əliyevin tapşırığına əsasən hazırda "Goranboy şəhərinin içməli su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması" layihəsi həyata keçirilir. Bu layihə başa çatdıqdan sonra rayon mərkəzi ilə yanaşı, 12 kəndin içməli su təminatı tamamilə ödəniləcəkdir.

Günümüzün ən xarakterik  cəhəti budur ki, hər yerdə küçələr, yollar yenidən qurulur. 15 min əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Həmənli yolunun tikintisi üçün Prezident İlham Əliyevin 18 iyun 2012-ci il tarixli sərəncamı ilə 4,6 milyon manat vəsait ayrılmışdı. Hazırda həmin yolun yarıdan çoxunda işlər artıq başa çatmışdır.

Dəliməmmədli şəhərinin M.Əsədov və S.Vurğun küçələrində 600 metr yola asfalt örtük salınıb. Ağamalıoğlu kəndlndə küçələrə beş kilometr uzunluğunda içməli su xətti çəkilib. Səmədabad-Əhmədabad, Dəliməmmədli-Quşçular yolunun inşası başa çatıb.

Qədim yaşayış məskəni olan Faxralı kəndində İcma Mərkəzi istifadəyə verilib.

Müharibənin ən qaynar çağında mərdliklə vuruşmuş Todan kəndində Xatirə Kompleksi inşa edilib. Ümumən rayonun hər yerində şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün tədbirlər görülür.

Son illərdə Goranboyda gözəl bir ənənə yaranıb. Burada hər il təşəbbüs yolu ilə mədəniyyət ocaqları üçün binalar inşa olunur. Mədəniyyət şöbəsinin müdiri Gündüz Hacıyev deyir ki, cari ildə Ağamalıoğlu kənd uşaq musiqi məktəbində əlavə tədris korpusu, İrəvanlı, Zeynallı, Qaramusalı kəndlərində isə kitabxana binaları istifadəyə verilib. Nərimanlı və Sarov kənd mədəniyyət ocaqlarında, Qızılhacılı qəsəbə kitabxanasında, Qaradağlı kənd mədəniyyət evində, Dəliməmmədli şəhər, Xanqərvənd və Borsunlu kənd uşaq musiqi məktəblərində, tarix-diyarşünaslıq muzeyində təmir işləri aparılıb. Hazırda H.Əliyev Mərkəzinin inşasında qızğın gedir.

Goranboyda tədrisin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülən işlər xüsusilə diqqəti cəlb edir. Şəhərin mərkəzində, Qızılhacılı qəsəbəsində, Nərimanlı kəndində müasir məktəb binaları istifadəyə verilib. Təhsil şöbəsinin müdiri İlham Hüseynov deyir ki, dövlətin qayğısı sayəsində son on il ərzində rayon üzrə otuz məktəb binası tikilib, yaxud əsaslı surətdə təmir edilib. Qəza vəziyyətində olan Tatarlı, Səmədabad, Şadılı məktəbləri üçün müvafiq binalar inşa olunub. Hazırəhmədli, Həmənli, Nizamikənd və Goran qəsəbə məktəblərində əsaslı təmir işləri aparılıb.

Rayonun hər sahəsində sosial problemlər uğurla həll olunur. Son bir neçə ay ərzində məcburi köçkünlərin yaşadıqları 9 beşmərtəbəli yaşayış binası ilə yanaşı, Tatarlı, Qarqucaq, Şəfibəyli Hacallı kəndləri təbii qazla təmin edilib. Hazırda 3 kənddə - Qaraçinara, Yolqullara Aşağı Ballıqayaya yeni qaz xətləri çəkilir. Azad, Dəyirmanlar Baxçakürd kəndlərinin qazlaşdırılması üçün layihə-smeta sənədləri hazırlanır.

 

Goranboyda onu da bildirdilər ki, yaxın vaxtlarda Prezident İlham Əliyevin tapşırığına əsasən Olimpiya İdman Kompleksi tikiləcək, əlil şəhid ailələri üçün 54 mənzilli yaşayış binası 20 fərdi yaşayış evi inşa ediləcəkdir.

İl başa çatır. Hər yerdə görülən işlərə yekun vurulur, qarşıda duran vəzifələr müəyyən edilir. Elə bir kənd, elə bir qəsəbə, yaşayış məntəqəsi yoxdur ki, il ərzində orada bir sıra abadlıq-quruculuq işləri görülməsin. Həmsöhbətim Elçin İsmayılov deyir ki, xırda cari təmir-bərpa işlərini nəzərə almasaq, bir ildə Goranboy rayonunda azı 101 yadigar yaranıb. Bu isə, heç şübhəsiz, dövlət başçısı İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi tükənməz qayğının nəticəsidir.

 

 

Əhməd İSAYEV,

Azərbaycan.-2012.- 9 dekabr.- S.5.