Ağdabanlı Qurbanın 150 illik yubiley gecəsi
Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə Azərbaycan Akademik Milli Teatrında Ağdabanlı şair Qurbanın anadan olmasının 150 illik yubileyi keçirilmişdir.
Tədbiri mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev açaraq bildirdi ki, Azərbaycan aşıq ədəbiyyatının dərin qatlarının üzə çıxmasında elmi və ədəbi ictimaiyyətin ayrı-ayrı nümayəndələrinin müstəsna xidmətləri var: "Bu əvəzedilməz sərvətin toplanıb dünya ədəbiyyatı inciləri sırasına qovuşması istiqamətində müstəqil dövlətimizin yürütdüyü mədəniyyət siyasəti ilə yanaşı, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr mühüm əhəmiyyət daşıyır. Aşıq sənətinin UNESCO-nun Mədəni irs siyahısına daxil edilməsi bu sahənin inkişafına yeni, həm də beynəlxalq təkan verdi. 1992-1993-cü illərdə erməni vandalları tərəfindən odlara qalanaraq yer üzündən silinmiş Ağdaban ədəbi aləmə, saz-söz dünyasına Dədə Şəmşir kimi böyük aşıq vermiş şair Qurbanı ilə daim öyünüb, ağdabanlılar isə bu adla fəxr ediblər".
Tədbirin aparıcısı, filologiya üzrə elmlər doktoru, professor Məhərrəm Qasımlı dedi ki, söz sənətinin kamil ustadlarından sayılan Ağdabanlı Qurban unudulmaz el şairlərindən biri olub: "Qurban Məşədi Məhərrəm oğlu 1859-cu ildə Kəlbəcərin Dəmirçidam kəndində anadan olmuş, sonralar Ağdabana köçərək ömrünün sonuna kimi, yəni 1925-ci ilədək orada yaşamışdır. Azərbaycan və fars dillərində mükəmməl mədrəsə təhsili almış Qurban Məşədi Məhərrəm oğlunun çoxlu qoşma, gəraylı, müxəmməs, divani, təcnis və s. formalarda şeirləri dillər əzbəri olmuşdur, hərçənd, repressiya illərində şairin əlyazmalardan ibarət bir neçə kitabı öz qohumları, sonralar isə erməni vandalları tərəfindən yandırılaraq məhv edilmişdir".
Ağdabanlı Qurban uzun müddət ozan-aşıq kimi təqdim edilib. Bu da ondan irəli gəlib ki, aşıq ədəbiyyatından məlum olan divani, təcnis, qoşma, gəraylı, müxəmməs formalarında, bir sözlə, heca vəznində yazıb-yaradan şairlərə eyni zamanda aşıq kimi baxıblar. Ağdabanlı Qurban da məhz buna görə uzun müddət aşıq kimi təqdim edilib. Lakin müasirlərinin xatirələrindən məlum olur ki, o, heç vaxt saz götürüb toy-nişanda, yaxud da başqa əlamətdar günlərdə özünü aşıq kimi göstərməyib, hərçənd, ustadsayaq saz çalıb-oxumağı var imiş.
Musiqi və bədii qiraətçilərin müşayiəti ilə keçirilən tədbirdə Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub, şair-publisist, Prezident təqaüdçüsü Məmməd Aslan, Aşıq Əhliman Şirvanlı Ağdabanlı Qurbanın həyat və yaradıcılığından söz açdılar. Qeyd edildi ki, Aşıq Ələsgər kimi məşhur ustadlarla dostluq etməsi bir daha göstərir ki, Ağdabanlı Qurban nəinki müasirlərinə, sonrakı nəsillərə də örnək söz ustası olmuşdur. Miskin Abdal nəsil şəcərəsinin davamçısı, o ocaqdan od götürmüş Ağdabanlı Qurbanın Aşıq Ələsgər, Növrəs İman və Bimar Əli ilə maraqlı deyişmələri yaddaşlardan yazılı ədəbiyyata köçürülüb. Onun əlyazmalarının bir qismini oğlu, hələ sağlığında aşıq sənətində dədəlik zirvəsinə ucalan Dədə Şəmşir qoruyub saxlayıb. Ədəbi yaradıcılıq nümunələrindən ibarət "Kəpəzin kəkliyi, maralı, getmə" və tədbir iştirakçılarına hədiyyə edilən, Qənbər Şəmşiroğlunun sinələrdən və əlyazmalardan toplayıb çap etdirdiyi "Qumrutək ləhcəli, xoşxandı Qurban" kitabları şairin yaradıcılığı barədə geniş məlumat verən zəngin mənbə hesab edilə bilər. "Kəlbəcər dünyası: yüz şairin bir kitabı" antologiyası və bir çox bədii məcmuələrdə də Ağdabanlı Qurbanın ədəbi irsinə geniş yer ayrılıb.
Yubiley gecəsində aşıqların və musiqiçilərin, eləcə də gənc aktyorların ifasında Ağdabanlı Qurbanın şeirləri səsləndirildi.
Sonda
şairin nəvəsi, respublika Ağsaqqallar Şurası
İdarə Heyətinin üzvü, "Aşıq Şəmşir
Ocağı" İctimai
Birliyinin sədri Qənbər Şəmşiroğlu Azərbaycan
mədəniyyəti və incəsənətinə, o
cümlədən aşıq sənətinə göstərdiyi
xüsusi diqqət və qayğıya görə dövlət
başçısı cənab İlham Əliyevə, Heydər
Əliyev Fondunun prezidenti, Milli Məclisin
deputatı, UNESCO və ISESCO-nun
xoşməramlı səfiri Mehriban xanım Əliyevaya, həmçinin
Ağdabanlı Qurban və Dədə Şəmşir irsinə
məhəbbətinə görə tədbirin təşkilatçıları
və iştirakçılarına minnətdarlığını
bildirdi.
Məhəmməd
NƏRİMANOĞLU,
Azərbaycan.-2012.- 9 dekabr.- S.6.