Tarixə böyük ehtiramla

 

Gəncədə milli-mənəvi dəyərlərə, ulu soy-kökümüzə, şanlı tariximizə böyük ehtiramla yanaşılır. Dövlət başçısının tapşırığı ilə İmamzadə kompleksi yenidən qurulur. Şəhərin müqəddəs guşələrindən biri də Səbiskar məzarlığıdır. Bu məzarlıq da  əsaslı təmir olunur, hər yan abadlaşdırılır, türbələr, sərdabələr sahmana salınır. Ətrafa milli üslubda istinad divarları hörülür. Su çəkilir, gül-çiçək əkilir.

Səbiskar Gəncənin ictimai-siyasi həyatında xidmətləri olan insanların məzarları, türbələri, sərdabələri, qədimi abidələri ilə zəngindir. Belə abidələrdən biri də Əsgərağa Gorani türbəsidir. Məzarlığın giriş qapısında ucalır. Hündürlüyü azı, on metrdir. Elə uzaqdan diqqəti cəlb edir.

Əsgərağa Gorani kimdir?

Goranboy şəhərində imkanlı ailədə anadan olub. Məşhur "Qarabağnamə"nin müəllifi, tarixçi Mirzə Adıgözəlbəyin nəslindəndir. İlk təhsilini Gəncədə üçüncü dərəcəli şəhər rus məktəbində alıb, sonra Bakıda realnı gimnaziyanı qızıl medalla bitirib.

Əsgərağa Bakıda Nəcəf bəy Vəzirovla birgə oxuyurdu. Həmin illərdə Həsən bəy Zərdabi gimnaziyada dərs deyirdi. Həsən bəy gənclərdə təkcə elmə, biliyə yox, həm də səhnəyə, sənətə xüsusi maraq oyadırdı. Günlərin birində yuxarı sinif şagirdlərini bir yerə yığaraq Mirzə Fətəlinin ona göndərdiyi komediyalar kitabını göstərdi:

- Alın, - dedi. - Təvəqqe edirəm, oxuyun. Onlardan birini seçək, oynayaq.

Oxudular, "Hacı Qara" seçdilər. Həvəskarlar Həsən bəylə birgə işə girişdilər. Rollar paylandı. Hacı Qara rolu Əsgərağa Goraniyə həvalə edildi. Məşqlər başlandı. Hər kəs özünə paltar tapdı. Elanlar yazıldı, otaqlar bəzəndi. Bahar günlərindən birində pərdə açıldı. "Hacı Qara" ana dilində öz xoşbəxt həyatının, uzun və şərəfli səfərin ilk addımını atdı. Hacı Qaranın ilk ifaçısı bu məşhur rolu necə oynadı? Həsən bəy Zərdabi 1905-ci ildə "Həyat" qəzetində yazırdı: "Oynayanlar çox yaxşı oynadılar. Ələlxüsus, Əsgərağa Adıgözəlov Hacı Qara rolunu..." Nəcəf bəy Vəzirov sonralar xatırlayırdı: "Hacı Qara"nı ...mərhum Əsgərağa Gorani oynayırdı... Bizim bu teatrımız camaata nəhayət dərəcədə xoş gəldi".

Əlbəttə, Ə.Gorani peşəkar aktyor deyildi. Peşəkar aktyor da olmadı. Onun həyatda öz yolu, öz yönü vardı - teatr,  məktəb və bir də mətbuat... Əsgərağa gimnaziyanı qızıl medalla bitirir. Nəcəf bəy Vəzirovla birgə təhsilini davam etdirmək üçün Moskvaya gedir. Dövrün çox nüfuzlu təhsil ocağı sayılan Petrovski-Razumovski adına Kənd Təsərrüfatı Akademiyasında oxuyur. Moskvada həyata baxışı püxtələşir, el-obanın cəhalətdən çıxması, maarif nuruna boyanması üçün yollar axtarır. Elə bu arzu, bu istək onu tələbə gənclərin gizli "İmdadiyyə" təşkilatının fəal üzvlərindən birinə çevirir. Əsgərağa sevimli müəllimi Həsən bəy Zərdabi ilə müntəzəm əlaqə saxlayır. "Əkinçi"nin daha da pərvazlanması üçün əlindən gələni edir. Qəzetin 17 nömrəsində müxtəlif imzalarla onun 39 məqalə və məktubu dərc edilib. Hamısı da aktual mövzuda, hamısı da kəskin, səlis, sanballı. İstər bu yazılarda və istərsə də Zərdabiyə göndərdiyi "şəxsi" məktublarında onun cəhalətə, nadanlığa qarşı hiddətin, elmə, biliyə gur çağırışın coşqun sədaları aydın eşidilir.  Hələ o dövrdə bu müdrik insan yazırdı: "Bakıda məktəb bina etmək mümkün oldumu? Mən oranın üzvüyəmsə, məndən çatacaq məbləği göndərim".     

"Azərbaycan dilində yazılmış hesab və əlifba kitablarını aldınızmı?.. İndi mən coğrafiyatarix dərsliklərini yazmağa hazırlaşıram".   

"Təhsilimi bitirdikdən sonra qəti qərarım var, Gəncədə ana dilində jurnal nəşr etdirimbunun bütün xərclərini öz öhdəmə götürüm".   

Əsgərağanın bu cür nəcib arzuları da, xeyirxah əməlləri də çox olub. Yoxsul uşaqları öz hesabına oxutmaq, onlara maddi kömək etmək barədə çoxlu fakt məlumdur. O, daim müasir tipli məktəblər açmaq, yeni üsulla dərs keçmək, ana dilində dərsliklər hazırlamaq arzusunda idi: "Ey qardaşlar, yaddan çıxarmayın ki, uşaqlar millətin ümididirlər... Millətin gələcəkdə xoşbəxt və ya bədbəxt olmasına bais uşaqların əvvəl yaxşı, ya yaman tövr əlif-bey oxumağıdır..."  Ə.Goraninin bu sahədəki cidd-cəhdi dövrün ziyalılarına, eləcə də S.Ə.Şirvaniyə ümid, işıq, inam verirdi:

 

 

Məyər ol Əsgəri Gorani gələ

Neçə məktəb dəxi gələ əmələ.

 

 

Akademiyanı qurtarandan sonra Əsgərağa uzun illər ədliyyə orqanlarında çalışıb. Gəncədə, Suxumidə, Kutaisidə, Tiflisdə və s. məhkəmələrdə işləyib. Ömrünün son beş ilində Gəncədə bələdiyyə idarəsinin rəisi olub. Lakin həmişə arzularına sadiq qalıb, Gəncədə öz hesabına kitabxana açıb, müalicə ocağı təşkil edib. Şəhərdə xeyli abadlıq işi görüb. Gəncə çayının sahilində geniş park saldırıb. Babası Mirzə Adıgözəl bəy kimi, o da dahi Nizami Gəncəvinin məqbərəsini təmir etdirib.

Başqa bir önəmli fakt da var. 1912-ci ildə "İqbal" qəzetindəki "Adıgözəlov qız məktəbi" adlı məqalədə deyilir: "Məlum olduğu üzrə 1909-cu ildə mərhum Əsgərağa Adıgözəlov naminə şəhər idarəsi Gəncədə öz hesabına iki sinifli qız məktəbi açmışdı. Bu məktəb hər sənə bir şöbə artmaq ilə indiyə qədər gözəl və olduqca mükəmməl bir surətdə davam edir".

Ə.Goraninin ən böyük xidməti, sənətlə, ədəbiyyatla bağlıdır. "Azərbaycan ədəbiyyatı tarixi"nə onun adı belə daxil olub: "Ə.Gorani dövrün diqqəti cəlb edən simalarından biri idi... "Əkinçi" qəzetində çap olunmuş elmi-kütləvi məqalələri isə onu istedadlı publisistlərdən biri kimi tanıtmaqdadır. Ə.Goraninin dram əsərləri də vardır ki, bunlardan hələlik ancaq "Qocalıqda yorğalıq" pyesi məlumdur". O da məlumdur ki, həmin əsər Tiflisdə Azərbaycan dilində nəşr olunub, həvəskarlar tərəfindən dəfələrlə tamaşaya qoyulub.   

Əsgərağa rus, alman, fransız dillərini mükəmməl bilirdi, rus ədəbiyyatına xüsusi rəğbət bəsləyir, M.Y.Lermontovu rus şeirinin basılmaz sərkərdəsi sayırdı. 1889-cu ildə onun "Yel gəmisi" əsərini Azərbaycan dilinə tərcümə edərək çapdan buraxmışdı. Bu, rus poeziya aləminə bizim eldən açılan pəncərələrdən biri idi.

"Novoye obozreniye" qəzetinin 1 iyul 1891-ci il tarixli məlumatına görə, Əsgərağa İran şahı Qacarın Şuşaya gəlişi barədə "Qara yel" adlı tarixi roman da yazıb. Lakin bu əsər hələlik tapılmayıb.

Ə.Gorani 1910-cu il martın 9-da Gəncədə vəfat edib. O zaman Zaqafqaziyanın bir sıra qəzetlərində bu barədə geniş yazılar verilib, onun el üçün əvəzsiz xidmətləri xüsusi vurğulanıb. Bilirdik ki, o, Səbiskarda dəfn olunub. Özü də qəbrinin üzərində qırmızı kərpicdən tağlı, qübbəli, milli ornamentli dördkünc türbə tikilib. İndi bu türbə yeni görkəmdə, yeni həyata qovuşur. Səbiskar məzarlığı əsl xatirə xiyabanına çevrilir. Bu da xalqın ulu tarixinə, müqəddəs soykökünə, mənəvi dayaqlarına ehtiramın bir nişanəsidir.

Əhməd İSAYEV,

Azərbaycan.-2012.- 9 dekabr.- S.7.