Prezident İlham
Əliyev Avropa Olimpiya
Komitəsinin 2015-ci
ildə birinci Avropa
Olimpiya Oyunlarının Bakıda keçirilməsi ilə
bağlı qərarı
münasibətilə Azərbaycan xalqını təbrik
etmişdir
Xəbər verdiyimiz kimi, Avropa Olimpiya Komitəsi 2015-ci ildə birinci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərar qəbul etmişdir.
Prezident İlham Əliyev bu münasibətlə dekabrın 10-da Azərbaycan xalqını təbrik edərək demişdir:
- Dekabrın 8-də Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında 2015-ci ildə ilk Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərar qəbul edilmişdir. Bu böyük tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu, doğrudan da, tarixi hadisədir. Çünki bu vaxta qədər Avropa Olimpiya Oyunları keçirilməmişdir və ilk oyunların Bakıda keçirilməsi böyük tarixi hadisədir, ölkəmizin böyük uğurudur.
Bu qərarın qəbul edilməsində iştirak etmiş bütün insanlara, Avropa Olimpiya Komitəsinə böyük minnətdarlığımı, təşəkkürümü bildirmək istəyirəm. Qeyd etmək istəyirəm ki, Azərbaycan bu oyunları yüksək səviyyədə keçirəcəkdir. Beləliklə, Bakı şəhəri birinci oyunların keçirilməsində böyük xidmətlərinə görə Avropa Olimpiya Oyunlarının tarixinə daxil ediləcəkdir.
Bu qərarın qəbul edilməsində bir neçə amil öz rolunu oynamışdır. İlk növbədə, ölkəmizin beynəlxalq nüfuzu öz rolunu oynamışdır. Azərbaycan bu gün dünyada böyük hörmətə malik olan bir ölkədir. Dünya birliyində bizim rolumuz, təsir imkanlarımız artır və dünya birliyi Azərbaycana böyük hörmətlə və etimadla yanaşır.
Keçən il ölkəmizin tarixində böyük hadisə baş vermişdir, Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzv qəbul edilmişdir. Biz bu şərəfə 155 ölkənin dəstəyi ilə layiq görüldük və bir il ərzində Təhlükəsizlik Şurasının üzvü kimi Azərbaycan öz prinsipial mövqeyini göstərir. Əvvəllər də bəyan etdiyim kimi, biz Təhlükəsizlik Şurasında beynəlxalq hüquq normalarını və ədaləti müdafiə edəcəyik.
Bir sözlə, beynəlxalq əlaqələrimiz genişlənir, dostlarımızın sayı artır və ölkəmizin beynəlxalq imici də çox müsbətdir. Digər amil ondan ibarətdir ki, Azərbaycanda uzun illər ictimai-siyasi sabitlik hökm sürür. Bu da çox vacibdir. Ölkəmizin dinamik, uğurlu inkişafı üçün ictimai-siyasi sabitlik çox mühüm rol oynayır və Azərbaycan bu baxımdan nümunəvi ölkə kimi dünyada özünü təsdiqləyibdir.
Əlbəttə ki, iqtisadi uğurlarımız da bu qərarın qəbul edilməsində öz rolunu oynamışdır. Son doqquz il ərzində Azərbaycan dünyada ən sürətli templərlə inkişaf edir. İqtisadiyyatımız üç dəfə, yəni, 300 faiz artmışdır. İqtisadiyyatımızın şaxələndirilməsi prosesi uğurla gedir. Biz bu ilin yekunlarına görə də yenidən gözəl iqtisadi uğurları görürük və bununla fəxr edirik.
Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə dünya miqyasında 46-cı, MDB məkanında birinci yerdədir. Bütün əsas beynəlxalq reytinq agentlikləri Azərbaycanın kredit reytinqlərini hətta böhranlı illərdə də artırıblar. Yəni, iqtisadi imkanlar da öz rolunu oynamışdır.
Ölkəmizdə və Bakı şəhərində müasir infrastruktur layihələri həyata keçirilir. Onların bir çoxu artıq tamamlanmışdır. Bakı dünyanın ən gözəl şəhərlərinin siyahısındadır. Təsadüfi deyildir ki, bu amil də öz rolunu oynamışdır. Növbəti illərdə də Bakının infrastrukturunun genişləndirilməsi, müasirləşdirilməsi istiqamətində əlavə tədbirlər görüləcəkdir.
Şəhərimizdə müasir infrastruktur, xidmət obyektləri tikilir. Şəhər gündən-günə gözəlləşir. Böyük işlər görülür, ictimai yerlər, parklar salınır, binalar bərpa edilir. Özəl sektorun inkişafı üçün çox gözəl şərait vardır. Azərbaycanda investisiya iqlimi çox müsbətdir. Eyni zamanda, iqtisadi, yəni, maliyyə resurslarımız da bizə imkan verəcəkdir ki, Olimpiadanı yüksək səviyyədə keçirək.
Onu da qeyd etmək istəyirəm ki, Bakıda və bütövlükdə Azərbaycanda idman infrastrukturunun yaradılması istiqamətində böyük işlər görülmüşdür. Vaxtilə başlanmış layihələrin bir çoxu başa çatmışdır. Hazırda tikilməkdə olan idman obyektləri yaxın iki il ərzində istifadəyə veriləcəkdir. Yəni, biz Avropa Olimpiya Oyunlarını keçirmək üçün bütün imkanlara malikik. Həm idman infrastrukturu, eyni zamanda, inkişaf etmiş şəhərimiz vardır.
Bu xəbər cəmiyyətdə də böyük sevinc hissi ilə qarşılanmışdır. Bu qərarın qəbul edilməsində şübhəsiz ki, idmançılarımızın uğurları da öz rolunu oynamışdır. Azərbaycan bu gün dünyada və Avropada idman dövləti kimi tanınır. Bizim uğurlarımız həm beynəlxalq yarışlarda əldə etdiyimiz medallarla ölçülür, eyni zamanda, Azərbaycanda, Bakıda yaradılmış müasir idman infrastrukturu da uğurlarımızı tamamlayır. Buna Azərbaycanda və Bakıda keçirilmiş dünya, Avropa çempionatlarını əlavə etsək, görərik ki, doğrudan da Azərbaycanda idman uğurla, sürətlə inkişaf edir. İdmanın kütləviliyi təmin edilir və Azərbaycanda Olimpiya hərəkatı çox yüksək səviyyədədir.
İdmançılarımızın uğurları özünü Yay Olimpiya Oyunlarında da göstərmişdir. Bu il Yay Olimpiya Oyunlarında biz tarixi qələbə qazanmışıq, on medal qazanmışıq. Dünya miqyasında 30-cu, Avropa ölkələri arasında isə 15-ci yerə layiq görülmüşük. Yəni, bütün bu amillər bu qərarın qəbul edilməsində öz rolunu oynamışdır.
Bir daha demək istəyirəm ki, birinci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi barədə qərar böyük tarixi hadisədir. Bu, bizə göstərilən böyük inamdır, böyük etimaddır, böyük hörmətdir, eyni zamanda, üzərimizə düşən böyük məsuliyyətdir. Mən şübhə etmirəm ki, biz bu sınaqdan da uğurla və şərəflə çıxacağıq, bu oyunları yüksək səviyyədə keçirəcəyik.
Oyunların keçirilməsi 2015-ci ildə nəzərdə tutulur. Yəni, bizim hazırlıq üçün cəmi iki il vaxtımız vardır. Əminəm ki, biz bu oyunlara hazırlıqla bağlı bütün tədbirləri görüb onu yüksək səviyyədə keçirəcəyik. Bir daha dünyaya göstərəcəyik ki, gənc, müstəqil, dinamik inkişaf edən Azərbaycan böyük uğurlara nail olubdur.
Bu
gözəl hadisə münasibətilə bütün Azərbaycan
xalqını ürəkdən təbrik edirəm. Eşq
olsun Azərbaycana!
AzərTAc
Azərbaycan.-2012.- 11 dekabr.- S.1.