Azərbaycan Prezidenti İlham Əliyev ABŞ dövlət katibinin demokratiya,

 insan hüquqları və əmək məsələləri üzrə müşavirinin başçılıq etdiyi

 nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 10-da ABŞ dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə müşaviri Tomas O.Melianın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

ABŞ dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə müşaviri Tomas O.Melia nümayəndə heyətinin üzvlərini dövlət başçısına təqdim etdi. Regiona səfərlərinə Azərbaycandan başladıqlarını deyən qonaq bildirdi ki, səfərin əsas məqsədi region ölkələri ilə tərəfdaşlıq əlaqələrinin yeni istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparmaqdır.

ABŞ Beynəlxalq İnkişaf Agentliyi administratorunun AvropaAvrasiya Bürosu üzrə müavini xanım Aleksander Peyc təmsil etdiyi qurumun Azərbaycanda həyata keçirdiyi müxtəlif sosialhumanitar layihələrin bundan sonra da davam etdiriləcəyini bildirdi.

Dövlət başçısı Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğuladı. Prezident İlham Əliyev ölkələrimiz arasında əməkdaşlığın bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, təhlükəsizlik və digər sahələrdə daha da genişləndirmək üçün yaxşı imkanların olduğunu qeyd etdi. Dövlət başçısı ABŞ dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə müşaviri Tomas O.Melianın Azərbaycana səfərinin əlaqələrimizin daha da inkişaf etdirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirdi. 

 

 AzərTAc

Azərbaycan.-2012.- 11 dekabr.- S.1.