AMEA-nın Tarix İnstitutunda akademik Ramiz Mehdiyevin
«Şah İsmayıl Səfəvi
ali məramlı tarixi şəxsiyyət kimi»
məqaləsi
müzakirə olunmuşdur
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutu Elmi Şurasının növbəti iclası keçirilmişdir.
İnstitutdan AzərTAc-a bildirmişlər ki, bu elmi müəssisənin direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Yaqub Mahmudovun rəhbərliyi ilə keçirilən iclasda akademik Ramiz Mehdiyevin "Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi" məqaləsi ətrafında müzakirələr aparılmışdır.
İclasda Y.Mahmudov bildirmişdir ki, Azərbaycanın görkəmli tarixçi-filosofu, akademik Ramiz Mehdiyevin bu məqaləsi vaxtında yazılmış istiqamətverici məqalə kimi çox böyük əhəmiyyətə malikdir.
Qeyd olunmuşdur ki, "Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi" məqaləsi həm də görkəmli tarixi şəxsiyyət Şah İsmayıl Səfəvi ilə bağlı Azərbaycan dövlətinin mövqeyidir. Ciddi elmi mənbələrə və tarixi ədəbiyyata əsaslanan məqalə Azərbaycanın daxilində və ölkə xaricində tariximizi, tarixi şəxsiyyətlərimizi təhrif edənlərə tutarlı cavabdır, eyni zamanda, tarixçi alimlər üçün çox qiymətli, uzunmüddətli elmi istiqamətdir.
Bildirilmişdir ki, akademik Ramiz Mehdiyev AMEA-nın prezidenti, akademik Mahmud Kərimova ünvanlandığı məktubda Azərbaycan Respublikasının Prezidenti Administrasiyası və AMEA-nın Tarix İnstitutu tərəfindən Azərbaycan tarixi haqqında yığcam və aydın tarixi arayışların hazırlanması vəzifəsini qoymuşdur. Mühüm dövlət sənədlərində, xüsusilə Azərbaycan Respublikası Prezidentinin sərəncamlarında AMEA-nın Tarix İnstitutu bütün ölkəmizdə tarixi araşdırmaların mərkəzi kimi qiymətləndirilir. Bütün bunlar dövlətimizin Tarix İnstitutuna olan çox böyük etimadının nümunəsidir.
Yekdilliklə qeyd olunmuşdur ki, institutun alimləri bu etimadı doğrultmaq üçün əllərindən gələni əsirgəməyəcəklər.
İclasda
akademik Ramiz Mehdiyevin tarixçi alimlərlə əlaqədar
məktubunun Elmi Şuranın iclaslarından birində
müzakirə olunması və
bununla bağlı konkret tədbirlərin görülməsi
qərara alınmışdır.
Azərbaycan.-2012.- 11 dekabr.- S.4.