Avropa İttifaqının 2012-ci il Nobel sülh
mükafatına
layiq görülməsi münasibətilə
Bakıda tədbir keçirilmişdir
Dekabrın 10-da Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi quruma 2012-ci il Nobel sülh mükafatının təqdim olunması münasibətilə rəsmi qəbul təşkil etmişdir.
AzərTAc xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia bildirmişdir ki, qurumun Nobel sülh mükafatına layiq görülməsi Aİ-nin İkinci Dünya müharibəsindən sonrakı 60 illik fəaliyyəti dövründə Avropada sülhün və barışığın, demokratiyanın, insan hüquqlarının inkişafında əldə etdiyi uğurlarına verilən qiymətdir. Aİ qitədə uzunmüddətli sülhün bərqərar olması və möhkəmlənməsində, regional münaqişələrin nizamlanmasında vacib rol oynamış, bu məqsədlə bir çox sülhməramlı əməliyyatlar həyata keçirmişdir. Diplomat vurğulamışdır ki, Aİ özünü beynəlxalq təhlükəsizliyin təmin edilməsində əhəmiyyətli güc mərkəzi kimi tanıtmışdır.
Fransanın ölkəmizdəki səfiri Paskal Mönye, Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayılova, ADA-nın prorektoru Fariz İsmayılzadə Avropa məkanında sülhün və təhlükəsizliyin inkişafında, əməkdaşlığın güclənməsində, demokratiyanın və insan hüquqlarının bütün dünyada bərqərar olunması istiqamətində Aİ-nin fəaliyyətini yüksək qiymətləndirmişlər. Onlar Aİ-yə bu sahədəki fəaliyyətində müvəffəqiyyətlər arzulamışlar.
Sonda
tədbir iştirakçıları Norveçin paytaxtı
Osloda keçirilən 2012-ci il Nobel sülh
mükafatının Aİ-yə təqdim olunması mərasiminin
canlı yayımını izləmişlər.
Azərbaycan.-2012.- 11 dekabr.- S.4.