Baş Prokurorluğun nümayəndə heyəti Moskvada

 keçirilmiş elmi-praktiki konfransda iştirak etmişdir

 

Moskvada Rusiya Baş Prokurorluğunun Akademiyası MDB iştirakçı dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurası ilə birgə "2011-2013-cü illər üçün cinayətkarlıqla mübarizədə birgə tədbirlərə dair dövlətlərarası Əməkdaşlıq Proqramı" çərçivəsində "MDB iştirakçı dövlətlərinin korrupsiyaya qarşı mübarizədə əməkdaşlığı: problemlər və perspektivlər" adlı elmi-praktiki konfrans keçirilmişdir.

Tədbirdə Azərbaycanı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil etmişdir.

Baş Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, konfransı Rusiyanın Baş prokuroru Yuri Çayka açaraq korrupsiyaya qarşı mübarizənin əhəmiyyəti, mövcud problemlər və onların aradan qaldırılması imkanları barədə geniş məlumat vermişbu sahədə MDB iştirakçısı olan dövlətlərin prokurorluqları arasında qarşılıqlı əlaqələrin daha da genişləndirilməsinin zəruriliyini vurğulamışdır.

Belarusun və Tacikistanın Baş prokurorları, eləcə də digər ölkələrin və beynəlxalq təşkilatların nümayəndələri çıxış edərək prokurorluq orqanlarının korrupsiyaya qarşı mübarizə sahəsində aparıcı rolunu qeyd etməklə milli təcrübənin təkmilləşdirilməsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyinə diqqət yetirmişlər.

Konfransda "Korrupsiyaya qarşı mübarizə: Azərbaycan modeli" mövzusunda çıxış edən K.Əliyev korrupsiyaya qarşı mübarizə sahəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq həyata keçirilmiş tədbirlər, o cümlədən Açıq Hökumətin təşviqinə və Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planları, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılması, eləcə də Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin strukturunun təkmilləşdirilməsi və səlahiyyətlərinin genişləndirilməsi,  İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsi tərəfindən İstanbul Fəaliyyət Planına əsasən  dəyərləndirmə hesabatlarında korrupsiyaya qarşı mübarizə sahəsində Azərbaycanda həyata keçirilən tədbirlər barədə ətraflı məlumat vermiş, tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırmışdır.

Konfransda Azərbaycan nümayəndə heyətinin təklifləri nəzərə alınmaqla yekun sənəd - "Tövsiyələr" qəbul edilmişdir.

Konfrans ərəfəsində Rusiya, Qazaxıstan, Tacikistan və Qırğızıstan nümayəndələri ilə ikitərəfli görüşlər keçirilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun Elmi-Tədris Mərkəzinin rəisi Nazir Bayramovun Rusiya Federasiyası Baş Prokurorluğunun Akademiyasının rəhbərliyi ilə keçirdiyi işçi görüşlərdə ikitərəfli əməkdaşlığın yeni formaları və perspektivləri müzakirə edilmişdir.

Tədbir iştirakçılarına Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlər barədə məlumatları özündə əks etdirən kitabçalar paylanmışdır.

 

Azərbaycan.-2012.- 11 dekabr.- S.4.