Böyük Britaniya parlamentində İngiltərə-Azərbaycan

 Cəmiyyətinin ənənəvi tədbiri keçirilmişdir

 

Böyük Britaniya parlamentinin Nümayəndələr Palatasının "Çörçil" zalında İngiltərə-Azərbaycan Cəmiyyətinin ənənəvi illik naharı təşkil olunmuşdur.

Azərbaycanın Böyük Britaniya, Şimali İrlandiya Krallığındakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, tədbirdə İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədrləri Lord Freyzer və Nərgiz Paşayeva, Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov, həmçinin cəmiyyətin üzvləri və müxtəlif ölkələrin nümayəndələri iştirak etmişlər.

Lord Freyzer İngiltərə-Azərbaycan Cəmiyyətinin fəaliyyəti, cari ildə görülmüş işlər barədə ətraflı məlumat vermişdir. Təşkilatın fəaliyyətini dəstəkləyən ayrı-ayrı şəxslərə və şirkətlərə, o cümlədən Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə minnətdarlığını bildirən Lord Freyzer həmsədri olduğu İngiltərə-Azərbaycan Cəmiyyətinin bundan sonra da ölkələrimiz arasında mədəni-humanitar əlaqələrin genişləndirilməsi istiqamətində səylərini daha da artıracağını vurğulamışdır.

Qonaqları salamlayan professor Nərgiz Paşayeva həmsədri olduğu İngiltərə-Azərbaycan Cəmiyyətinin tarixi, keçdiyi inkişaf yolu, reallaşdırdığı müxtəlif layihələr haqqında ətraflı məlumat vermişdir. 1997-ci ildən fəaliyyət göstərən cəmiyyətin ölkələrimiz arasında münasibətlərin genişləndirilməsində əvəzsiz xidmətlərinin olduğunu bildirən natiq təşkilatın son illərdə daha fəal çalışdığını, ölkəmizdə və həmçinin Böyük Britaniyada bir sıra uğurlu humanitar, sosial, mədəni layihələr həyata keçirdiyini xüsusilə qeyd etmişdir.

Nərgiz Paşayeva həmçinin Azərbaycan-Britaniya mədəni və humanitar əlaqələrinin inkişafında xüsusi rolu olan cəmiyyətə həmsədrlik etməkdən və ölkəmizi təbliğ etməkdən qürur duyduğunu bildirmişdir.

F.Qurbanov İngiltərə-Azərbaycan Cəmiyyətinin fəaliyyətini yüksək qiymətləndirmiş və onun ölkələrimiz arasında mədəni-humanitar əlaqələrin inkişafına xüsusi töhfə verdiyini vurğulamışdır. Cari ildə səfirliyin və İngiltərə-Azərbaycan Cəmiyyətinin birgə həyata keçirdikləri tədbirlər haqqında məlumat verən səfir diplomatik nümayəndəliyimizin təşkilatın bundan sonrakı fəaliyyətinə də hərtərəfli dəstək verəcəyini bildirmişdir.

Tədbir çərçivəsində İngiltərə-Azərbaycan Cəmiyyətinin dəstəyi ilə Londonda təhsil alan gənc azərbaycanlı skripkaçı Nigar Mirzəyeva dünya klassiklərinin əsərlərindən parçalar ifa etmişdir.

 

Azərbaycan.-2012.- 11 dekabr.- S.5.