Yaşa uyğun, ada layiq
11 dekabr
Uşaqların Beynəlxalq Televiziya və Radio
Günüdür
Ötən əsrin sonlarından BMT tərəfindən hər il dekabrın 11-i Uşaqların Beynəlxalq Televiziya və Radio Günü kimi qeyd olunur. Ölkəmizdə də uşaqlara diqqət və qayğı getdikcə artmaqdadır. Ümummilli lider Heydər Əliyev tərəfindən 1998-ci il mayın 19-da imzalanmış "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində deyilir: "Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir". Uşaqlara göstərilən qayğının daha bir bariz nümunəsi 22 iyun 1999-cu il tarixdə qüvvəyə minmiş "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşuqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunudur.
Ümummilli lider Heydər Əliyev uşaqları çox sevirdi. Həmişə onların əlamətdar günlərində, bayramlarda balacalarla bir yerdə olmağa, şənlənməyə üstünlük verirdi. 1997-ci ildə Uşaqların Beynəlxalq Televiziya və Radio Günü münasibətilə keçirilən şənlikdə ümummilli lider Heydər Əliyev çıxışında demişdi: "İnsanın uşaqlıq dövrü ən xoşbəxt dövrüdür. Uşaqlar bunu bəlkə də bilməzlər. Ancaq uşaqlıq dövrünü yaşamış, həyatın ağır və çətin illərini, eləcə də çox xoşbəxt günlərini yaşamış insanlar bunu yaxşı bilirlər. Mən də belə insanlardan biriyəm. Uşaqlığın nə olduğunu yaxşı bilirəm, gəncliyin nə olduğunu və yaşlı həyatın nə olduğunu da bilirəm. Ona görə də mən sizə həqiqəti deyirəm. Həqiqət ondan ibarətdir ki, uşaqlıq dövrü insanın ən xoşbəxt dövrüdür. Mən arzu edirəm ki, müstəqil Azərbaycanın uşaqları həyatlarının bu xoşbəxt dövrünü tam firavan keçirsinlər. Biz də - Azərbaycan dövləti, hökuməti, Azərbaycan Prezidenti kimi mən də bütün xalqımızın xoşbəxtliyi uğrunda çalışaraq birinci növbədə uşaqların xoşbəxt həyatını təmin etməyi özümüzə müqəddəs vəzifə kimi qəbul etmişik. Biz bu yolda çalışırıq. Şəxsən mən hesab edirəm ki, uşaqlara qayğı göstərmək, uşaqların təhsili, tərbiyəsi üçün şərait yaratmaq uşaqlara həyatda sərbəst yaşamaq, sərbəst inkişaf etmək adət-ənənələrini aşılamaq uşaqlarla aparılan işin əsas hissəsi olmalıdır". Həmin gün ulu öndər uşaqlarla bir yerdə oldu, onların mahnılarını dinlədi, rəqslərinə baxdı, söylədikləri şeirlərə qulaq asdı.
Demək olar ki, ulu öndər Heydər Əliyev həmişə uşaqların bu əlamətdar günündə onlarla bir yerdə olmağı çox sevirdi. Ulu öndər uşaqlara göstərilən bu diqqəti belə dəyərləndirirdi ki, Televiziya və Radio Günü ilə əlaqədar uşaqların hazırladığı mərasimdə iştirak etməkdən böyük zövq alır. Hətta aparıcıların uşaqlardan ibarət olmasını Heydər Əliyev təqdirəlayiq sayırdı: "Mən çox sevindim ki, verilişi idarə edən Azərbaycanda tanınmış televiziya aparıcısı Roza xanımla bərabər iki uşaq - bir qız, bir oğlan bu verilişi gözəl aparmağa başladılar... Görün, bizim xalqımızda nə qədər istedadlılar var. Bizim uşaqlar öz istedadlarını kiçik yaşlarından büruzə verirlər, nümayiş etdirirlər".
Uşaqların Beynəlxalq Televiziya və Radio Gününün növbəti bir mərasimi də 1999-cu ildə UNİSEF-in 50 illiyi ilə əlaqədar hazırlanmış "Uşaqlar dünyanın sevincidir" adlı şənlik tədbirində qeyd edildi. Yenə də uşaqları təbrikə gələn ulu öndər nitqində fidanlara qayğı göstərməyin, onların təhsili, tərbiyəsi üçün şərait yaratmağın, həyatda sərbəst yaşamaq, sərbəst inkişaf etmək adət-ənənələrini aşılamağın uşaqlarla aparılan işin əsas hissəsi olduğunu vurğuladı.
Fərəhlə demək olar ki, uşaq və gənclərə göstərilən diqqətin, qayğının daha da artırılmasında ölkə Prezidenti İlham Əliyevin xidməti çoxdur. Yeni məktəblərin tikilməsi, təmir olunması, idman komplekslərinin yaradılması buna əyani sübutdur. Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın bu yolda gördüyü işlər xüsusi qeyd edilməlidir. Fondun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində həyata keçirilən genişmiqyaslı inşaat və yenidənqurma işləri bölgələrimizdə uşaqların təhsili üçün gözəl imkan yaratdı. Azərbaycanın ən ucqar dağ kəndində də belə uşaqların təhsili üçün hər cür şəraiti olan təhsil ocaqlarının tikilməsi bu qayğının təzahürü kimi təqdir edilməlidir.
Təbii ki, uşaqların diqqətini çəkən, onların maraq dairəsinə daxil olan vərdişlərdən biri də televiziyadır. Hər bir kanalın uşaqlar üçün ayrıca redaksiyası var və mütləq də olmalıdır. Bu sarıdan Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin ənənələrə söykənərək uşaqlar üçün proqramlar hazırlanması diqqət çəkir. İstər AzTV-də, istərsə də onun "Mədəniyyət" kanalında uşaq və gənclərə həsr olunan verilişlərin təkcə adlarına fikir verək: "Təmas nöqtəsi", "Tələbə dünyası", "Mən də uşaq olmuşam", "Çoxbilmişlərdənsinizmi?", "Mən azərbaycanlıyam", "Müasir Azərbaycan gəncliyi", "Biləyən", "Bəbək", "Ana dili" və s. əlbəttə, bu verilişlərin hər biri haqqında ayrıca danışmaq da olar. Təqdir edəsi cəhət budur ki, hər bir verilişdə tamaşaçının yaşı nəzərə alınır. Çalışılır ki, fidanlara, onların dünyagörüşünə, təfəkkürünə uyğun mövzular seçilsin. Uşaq baxdığı hər bir şeydən mənəvi qida alsın. Öz yaşıdlarının uğurlarından, qabiliyyətlərindən xəbər tutsun. Nəticədə öz potensialına, marağına uyğun məşğuliyyət tapsın. Kimi müntəzəm kitab oxumağı ilə, kimi rəsm çəkməyi, kimi musiqi alətlərində ifa etmələri ilə fərqlənsin. Uşaqlar arasında aparılan yarışma və müsabiqələr də məhz bu mənada maraqlı qurulur. Xüsusilə də verilən sualların cavabları hər bir uşağın təfəkkürünü, dünyagörüşünü, həyata baxışını əks etdirir.
Bir məsələdə təəssüflənirik ki, Azərbaycanda telekanallar çoxaldıqca uşaq verilişlərinin sayı azalır. Özəl telekanalların əksəriyyəti, demək olar ki, bu sarıdan ancaq cizgi filmləri göstərməkdə öz işlərini bitmiş hesab edirlər. Bəzən bu filmlər sübh tezdən, bəzən də gecəyarısı göstərilir. Çox halda da kanallar eyni saatda eyni cizgi filmləri nümayiş etdirirlər.
ANS telekanalında hər şənbə yayımlanan "Uşaqdan böyüyə" verilişində balacalar iştirak etsə də, burada gedən söhbətlərin uşaq dünyasına qətiyyən dəxli yoxdur! Çünki körpənin yaşına, təfəkkürünə uyğun olmayan suallar verilir, onlardan alınan (bəzən də öyrədilmiş, çox vaxt da əzbərlətdirilmiş) cavablar "gülüş" yaradır. Uşaqları böyüklər kimi danışdırmaq onların mənəviyyatının zədələnməsinə gətirib çıxarır. Məsələn, "atan sənə layla deyirmi" sualına uşağın verdiyi cavaba fikir verin: "Atam o biri otaqda anamla yatır". Bu, nə deməkdir?! Verilişdəki böyüklər də qəşş edərək gülürlər. Əlbəttə, belə şit, duzsuz, səviyyəsiz misalları çox gətirmək olar. Hər bir telekanalın borcudur ki, uşaqlar üçün onun yaşına uyğun, adına layiq verilişlər hazırlasın. Azərbaycanda yalnız müğənni axtarmaq həvəsi ilə qapı-qapı gəzməkdənsə, elmin, yaradıcılığın müxtəlif sahələrinə, idmana maraq göstərən istedadlıları axtarıb tapmaq daha məqsədəuyğundur. ATV kanalının "Şərq ulduzu" devizi altında keçirdiyi müsabiqədə qışın oğlan çağında körpə qızların fəslə uyğun geyinmədən səhnəyə çıxarılması heç də xoş olmayan gələcəkdən xəbər verir. Bu qızcığazın nə günahı var ki, valideynləri və televiziya işçiləri onun yaşını unudaraq hansısa ucuz bir şöhrətin ardınca çəkirlər?.. Bu yarışmaya qatılan uşaqların əksəriyyəti də yaşlarına uyğun nəğmələr yox, məhz böyüklərin ifa etdiyi məhəbbət mahnılarını oxuyurlar. Körpələrin qəmli məhəbbət şərqilərini uşaq səsi ilə ifa etməsi çox lüzumsuzdur. Əlbəttə, belə misallar olduqca çoxdur.
Sadəcə, bu əlamətdar bir gündə biz fərəhli işlərdən, proqramlardan daha çox danışmaq istərdik, nəinki nöqsanlardan... Amma özəl telekanalların uşaqlarla əlaqədar yayımladığı verilişlərə baxdıqca qanımız qaraldı. Uşaqların iştirak etdiyi reklamların birində qızcığaz əlindəki çobanyastığının ləçəklərini bir-bir dartaraq qəribə bir həvəslə deyir: "Sevir, sevmir". Sonda sevinclə qışqırır: "Sevir". Azyaşlı qız uşağının bu cür reklama çəkilməsi və əksər kanallarda nümayişi hansı əxlaqa sığır? Bəlkə bu barədə düşünək?!
Rusiyanın, Türkiyənin müxtəlif telekanallarında uşaqlar üçün dolğun proqramlar nümayiş etdirilir. Hətta onların çəkildiyi reklamlar da maraqlı və baxımlıdır. Yaxşılardan öyrənmək, nümunə götürmək isə heç vaxt gec deyil! Uşaqlar bizim gələcəyimizdir. Onların düzgün formalaşmasında mənəvi tərbiyənin böyük əhəmiyyəti var. Məhz televiziyalar da onların yaşlarına uyğun, adına layiq verilişlər hazırlamağa borcludurlar!
Flora XƏLİLZADƏ,
Azərbaycan.-2012.- 11 dekabr.- S.6.