Heydər Əliyev xalqımızın yaddaşına

 əbədi həkk olunmuş dahi şəxsiyyətdir

 

Ümummilli lider Heyər Əliyevin vəfatının ildönümü ilə əlaqədar hər il olduğu kimi, bu il də Səbail rayonunda silsilə tədbirlər keçirilir, rayonun idarə, müəssisə və təşkilatlarında, təhsil və səhiyyə müəssisələrində ulu öndərin əziz xatirəsi dərin hörmət və ehtiramla anılır. Səbail rayon rəhbərliyinin, idarə və təşkilat, aliorta təhsil müəssisələrinin, veteran və gənclər təşkilatının, din xadimlərinin, rayon ictimaiyyətinin nümayəndələrinin, Milli Məclis deputatlarının, elm və mədəniyyət xadimlərinin,  KİV nümayəndələrinin və çoxsaylı qonaqların iştirakı ilə dünən Azərbaycan Dövlət Filarmoniyasında ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş təntənəli anım mərasimi keçirildi. Öncə tədbir iştirakçıları ulu öndərin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolu barədə geniş məruzə ilə çıxış etdi. Natiq bildirdi ki, qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən, xarizmatik lider Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmişdi. Ulu öndərin Fəxri xiyabandakı məzarı ötən illər ərzində xalqımızın müqəddəs ziyarətgahına, gənclərin and yerinə çevrilib. Bütün il boyu insanlar bura gəlir, xalqımızı, Azərbaycanı dünyaya tanıtmış, özü də dünyanın görkəmli şəxsiyyətlərindən biri kimi şöhrət tapmış böyük Azərbaycanlının xatirəsinə ehtiramlarını ifadə edirlər. Bu gün Azərbaycan dövlətçiliyini, xalqımızın müstəqilliyini əbədiyyətədək yaşatmaq üçün Heydər Əliyev irsi, onun dövlət idarəçiliyi təcrübəsi misilsiz mənəvi sərvətlər xəzinəsidir. Azərbaycanın hər bir vətəndaşının bu nadir xəzinəyə yiyələnməsi, dahi şəxsiyyətin zəngin dövlət idarəçiliyi təcrübəsini, onun həyatının ən ağır anlarında belə doğma xalqına necə misilsiz sədaqətlə, cəsarətlə xidmət etməsini öyrənməsi Azərbaycanın parlaq gələcəyi deməkdir.

Mərasimdə qeyd edildi ki, Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucuxilaskar dövlət xadimi, milli liderxalq məhəbbətini qazanan öndər kimi qalır və qalacaq da. Ümummilli lider Heydər Əliyevin adı Azərbaycan xalqının təxminən 40 illik bir dövrünü əhatə edən tarixinin simvoluna çevrilib. Heydər Əliyev böyük siyasət üçün yaranan, təkcə bir ölkə miqyasında yox, dünya əhəmiyyətli məsələlərin həllində sözünü qətiyyətlə deyə bilən mahir siyasətçi idi. Dünyanın ən görkəmli siyasət və dövlət xadimləri bir qayda olaraq Heydər Əliyevlə məsləhətləşdiklərini, ondan öyrəndiklərini dönə-dönə etiraf etmişlər. Təsadüfi deyildir ki, siyasətçilər bu dahi insanı "liderlərin lideri" adlandırırdılar.

Bildirildi ki, bu gün Azərbaycan Respublikası Heydər Əliyev siyasəti ilə irəliləyir və yaşayır. Ulu öndərin başladığı, lakin axıra çatdıra bilmədiyi işlər onun siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın sabaha olan inamını qat-qat artırıb, Heydər Əliyev yolunun layiqincə davam etdirildiyinə, memarı olduğu müasir Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaradıb. Heydər Əliyev siyasətinin uğurla həyata keçirilməsi müstəqilliyimizi möhkəmləndirir, dövlətçiliyimizi qüdrətləndirir və nəticədə beynəlxalq aləmdə Azərbaycan Respublikasının rolununüfuzunu artırır.

Sonra mərasimdə əməkdar artist Ağalar Bayramov Vahid Əzizin "Heydərdən öyrəndim bu ləyaqəti" şeirini oxudu, onun  və Kəmalə Mehdiyevanın ifasında Zəlimxan Yaqubun "Böyük ömrün dastanı" poeması səsləndi, əməkdar artist Aygün Bəylərin ifasında "Elegiya", Arzu Əliyevatın ifasında "Gözünə qurban" mahnısı   mərasimi daha rəngarəng etdi. İştirakçıların sürəkli alqışları ilə gənc və istedadlı müğənni Ramin Qasımovun ifasında ulu öndərin ən çox sevdiyi mahnılarından olan "Alagöz" və Təyyar Bayramovun ifasında "Küçələrə su səpmişəm" mahnıları səsləndi, Qara Qarayev adına Dövlət Kamera Orkestri Fikrət Əmirovun "Nizami xatirəsinə" simfoniyasının finalını ifa etdi.

Tədbir ulu öndərə həsr olunmuş "Heydər-xalq" mahnısının səslənməsi ilə başa çatdı.

 

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2012.- 11 dekabr.- S.6.