Azərbaycanda insan
hüquqlarının inkişafı sahəsində
qazanılan
nailiyyətlər və perspektivlər
müzakirə olunmuşdur
Dekabrın 10-da Ombudsman Aparatında "Azərbaycan Respublikasında insan hüquqlarının inkişafı: nailiyyətlər və perspektivlər" mövzusunda konfrans keçirilmişdir.
Tədbir Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (Ombudsman) fəaliyyətə başlamasının 10 illiyinə və 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuşdur.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin insan hüquqlarının müdafiəsi məsələləri üzrə sektorunun müdiri Çingiz Əsgərov bildirmişdir ki, ölkədə insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativ-hüquqi bazanın və hüquq müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. Dövlət başçısı İlham Əliyevin 2011-ci il 27 dekabr tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı" təsdiq olunmuşdur.
Cari ildə Milli Fəaliyyət Proqramının həyata keçirilməsi istiqamətində ciddi tədbirlər görüldüyünü deyən Ç.Əsgərov bildirmişdir ki, insan hüquqları üzrə müvəkkilin səlahiyyətləri artırılmış, milli preventiv mexanizminin funksiyaları və informasiya əldə etmək hüququnun məhkəmədən kənar müdafiəsi mexanizmi müəyyən edilmişdir. Dövlət orqanlarında xidmət prosedurları sadələşdirilmiş, müasir idarəçilik metodları tətbiq edilmiş, "bir pəncərə" prinsipinin, elektron xidmətlərin tətbiqi mexanizmləri təkmilləşdirilmişdir. Korrupsiyaya qarşı mübarizə sahəsində preventiv tədbirlərlə yanaşı, cinayət təqibinin keyfiyyətinin artırılması istiqamətində də mühüm işlər görülmüşdür.
İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova Azərbaycanda insan hüquqlarının inkişafı və bu sahədə Ombudsman Aparatının 10 illik təcrübəsi barədə məlumat vermişdir.
Bildirilmişdir ki, Azərbaycanda Ombudsman təsisatının təşəkkül tapması ölkəmizdə insan hüquqlarının qorunması üzrə yeni sistemin yaranmasının parlaq təzahürlərindən biridir. Artıq 10 ildir ki, bu institut ölkədə insan hüquq və azadlıqlarının məhkəmədən kənar müdafiəsini həyata keçirən müstəqil bir qurum kimi fəaliyyət göstərməkdədir. Bu qurum BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən ilk dəfə 2006-ci ildə, ikinci dəfə isə 2012-ci ildə ən yüksək A statusu ilə akkreditasiya olunmuşdur.
Dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirak etdikləri tədbirdə Ombudsman təsisatının ədliyyə, polis orqanları, Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil nazirlikləri və digər dövlət qurumları ilə əməkdaşlığından bəhs edən çıxışlar dinlənilmişdir. Eyni zamanda, qaçqın və məcburi köçkünlərin hüquqlarının təmini istiqamətində görülən işlər, qadın və uşaqların hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verilmişdir.
Sonda
müvəkkilin ənənəvi olaraq keçirdiyi
"Hüquqlar hamı üçün!" mövzusunda
jurnalist yazıları, "Mən və hüquqlarım"
mövzusunda uşaq rəsm müsabiqələrinin qalibləri
mükafatlandırılmışlar.
AzərTAc
Azərbaycan.-2012.- 11 dekabr.- S.6.