«54 gün mühasirədə» filminin təqdimatı olmuşdur

 

Bu günlərdə 1993-cü ildə Laçın rayonunun şimal hissəsinin və Kəlbəcər rayonunun işğalı zamanı erməni mühasirəsində qalan 19 nəfərin başına gələn hadisələri əks etdirən "54 gün mühasirədə" filminin təqdimatı olmuşdur.

Mərasimdə Milli Məclisin deputatları, Laçının və Kəlbəcərin işğalı zamanı erməni mühasirəsində qalmış canlı şahidlər və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

Tədbirdə Milli Məclisin deputatı Nazim Fərəcov, ssenari müəllifi Vəsilə Vahidqızı və başqaları çıxış edərək ekran əsərinin əhəmiyyətindən danışmışlar.

Filmin qəhrəmanı "54 gün erməni mühasirəsində" kitabının müəllifi, hadisələrin canlı şahidi Laçının Oğuldərə kəndinin sakini Əli Əliyevdir. Bu filmdə Əli Əliyev və onun ailəsinin məruz qaldığı müsibətlər, mühasirədə olmuş yeganə qadın Nübar Rzayevanın xatirələri lentə alınmışdır. Ekran əsərində ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri deportasiya siyasəti, törətdikləri vəhşiliklər, soyqırımı aktları konkret faktlarla diqqətə çatdırılır.

Qeyd olunmuşdur ki, bu film Qarabağ həqiqətlərinin, erməni qəddarlığının dünya ictimaiyyətinə və gələcək nəsillərə çatdırılmasında böyük əhəmiyyət kəsb edir.

Çıxışlarda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin münaqişənin sülh yolu ilə ədalətli həllində qətiyyətli siyasət yürütdüyü xüsusi vurğulanmış, ölkəmizin əzəli və əbədi torpaqlarının işğaldan azad olunacağına, məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıdacağına əminlik ifadə olunmuşdur.

Sonra filmin nümayişi olmuşdur. Ekran əsərində erməni cəlladlarının işğal olunmuş ərazilərdə törətdikləri vəhşilikləri, talan və qarətləri, mühasirədə qalmış insanların ağır, dözülməz şəraitdə yaşadıqlarını əks etdirən kadrları ürək ağrısız izləmək mümkün deyildir.

 

Azərbaycan.-2012.- 11 dekabr.- S.7.