Birinci Avropa Olimpiya Oyunlarının ölkəmizdə keçirilməsi

 Azərbaycan Prezidentinin apardığı siyasətin qələbəsidir

 

Dünən Milli Məclisin növbəti plenar iclası keçirildi. İclasın gündəliyinə müzakirə üçün 24 məsələ daxil edilmişdi. Bu məsələlərin əksəriyyəti imzalanmış sazişlərin təsdiqi və qanunlara nəzərdə tutulan dəyişikliklərdən ibarət idi.

İclasda Milli Məclisin Sədri Oqtay Əsədov cari məsələlərin müzakirəsi üçün vaxt ayırdı.

Deputatlar Vahid Əhmədov və Əli Məsimli bir müddət öncə Gürcüstan Respublikasına edilən səfər və keçirilən görüşlərlə bağlı məlumatlar verdilər. Deputatlar qeyd etdilər ki, erməni diasporu Gürcüstanda yaşayan soydaşlarımızın deportasiya edilməsi üçün bütün imkanlardan istifadə edir.

Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov çıxış edərək bildirdi ki, dekabrın 8-də Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında 2015-ci ildə ilk Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərar qəbul edilib. Azərbaycan Prezidenti İlham Əliyev bu münasibətlə xalqı təbrik edib: "Hesab edirəm ki, tarixdə ilk dəfə Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərarın qəbul olunması ölkəmizin bütün dünyada artan nüfuzunun təzahürüdür. Bu, ölkəmizdə həyata keçirilən siyasətin uğurlarından xəbər verir. Eyni zamanda Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasının nəticəsidir. Bir neçə ildir ki, Azərbaycan Avropanın və dünyanın mötəbər toplantılarının keçirildiyi məkana çevrilib". Ə.Əhmədov bildirdi ki, dövlətimiz tarixdə ilk dəfə 2015-ci ildə Birinci Avropa Olimpiya Oyunlarını keçirməklə Azərbaycanın müasir tarixinin çox şərəfli bir səhifəsini yazacaqdır. Deputatın sözlərinə görə, bütün bunların hamısı Azərbaycan dövlətinin maraqlarına xidmət edir. Ancaq çox təəssüf ki, ölkədə müxalifət adını öz üzərinə götürən çox az sayda qruplar Azərbaycanın imicinə kölgə salmaqla məşğuldurlar. Onların iki gün öncə keçirdikləri icazəsiz aksiya məhz bunu bir daha sübut edir. Bütün bu hadisələri qətiyyətlə pisləmək lazımdır.

Spiker Oqtay Əsədov da Birinci Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçiriləcəyini yüksək dəyərləndirərək bildirdi ki, bütün bunlar ölkədə aparılan məqsədyönlü siyasətin uğurlarıdır. Oqtay Əsədov Azərbaycana irad tutan bəzi qüvvələrə də mesaj verdi: "Azərbaycan 2020-ci ildə keçiriləcək Olimpiya oyunlarına ev sahibliyi etmək üçün öz namizədliyini irəli sürmüşdü. O zaman demişdilər ki, Azərbaycanın Olimpiya oyunlarını keçirmək təcrübəsi yoxdur. Ancaq onlar bilməlidirlər ki, bu təcrübəyə malik olmaq üçün  gərək ölkədə Olimpiya oyunları keçirilsin. Birinci Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi barədə qərarın qəbul olunması xalqın, Azərbaycan Prezidentinin apardığı siyasətin qələbəsidir. Bu münasibətlə bütün Azərbaycan xalqını və Prezident İlham Əliyevi təbrik edirik".

Sonra çıxış edən deputat Mübariz Qurbanlı Qəbələ Radiolokasiya Stansiyası ilə bağlı verilən qərardan söz açdı. Onun sözlərinə görə, bu barədə qərarın qəbul edilməsi Azərbaycanın apardığı siyasətin nəticəsidir. Ancaq bu mövzu ətrafında bəzi dairələr ajiotaj yaratmaq istəyirlər. Xüsusilə mətbuatda Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirən müxtəlif yazılara yer verilir. Bəzi "araşdırmaçılar" uydurma fikirlər səsləndirirlər: "Azərbaycanın bu məsələdə mövqeyi birmənalıdır. Prezident İlham Əliyev Azərbaycanın xarici siyasətində iki əsas istiqamətə yer verir. Bunlardan biri müstəqil xarici siyasət, ikincisi isə beynəlxalq münasibətlərdə ədalətli mövqeyin müdafiə olunmasıdır. Ona görə də həmin şəxslərə çatdırmaq istəyirəm ki, yalan məlumatlar yaymaqla Azərbaycan xalqında əks fikir yaratmağa cəhd etməsinlər. Bütövlükdə Azərbaycan üçün hansısa təhlükə mövcud deyil. Qəbələ RLS-lə bağlı verilən qərar Azərbaycan-Rusiya münasibətlərinə hansısa formada təsir göstərməyəcək. Dövlətlərarası münasibətlər olduğu səviyyədə davam edir".

Spriker Oqtay Əsədov da bildirdi ki, sözügedən məsələ ilə bağlı hər iki dövlət tərəfindən yaradılan komissiyada müzakirə aparılıb və belə qərar qəbul edilib. Bu, Azərbaycan-Rusiya münasibətlərinə heç bir mənfi təsir göstərməyəcək.

Deputat Aydın Mirzəzadə, Siyavuş Novruzov, Sahib Alıyev isə Birinci Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi barədə qəbul olunmuş qərarı alqışlayaraq qeyd etdilər ki, bu, Azərbaycan üçün tarixi bir hadisədir. Onların fikrincə, artıq Azərbaycan dünyada yalnız idman ölkəsi kimi deyil, qüdrətli bir dövlət kimi qəbul edilir.

Cari məsələlərin müzakirəsindən sonra gündəliyin müzakirəsi başlandı və  Azərbaycanın bir neçə ölkə ilə imzaladığı sazişlər təsdiqləndi. Bunlar "Azərbaycan Respublikası hökuməti və Türkiyə Respublikası hökuməti arasında axtarış və xilasetmə xidmətlərinin əlaqələndirilməsi haqqında" Saziş, "Azərbaycan Respublikası hökuməti və Türkiyə Respublikası hökuməti arasında "Azərbaycan-Türkiyə Toxumçuluq və Araşdırma Birgə Müəssisəsi"nin fəaliyyətinin nizamlanması haqqında" Protokol, "Azərbaycan Respublikası hökuməti və Türkiyə Respublikası hökuməti arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında" Saziş, Türk Mədəniyyəti və İrsi Fondunun Nizamnaməsinin təsdiq edilməsi,  "Azərbaycan Respublikası hökuməti və Belarus Respublikası hökuməti arasında odlu silahların, döyüş sursatlarının, partlayıcı maddələrin və partlayıcı qurğuların qanunsuz hazırlanması və dövriyyəsi ilə mübarizədə əməkdaşlıq haqqında" Saziş, "Azərbaycan Respublikası hökuməti və Belarus Respublikası hökuməti arasında cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasına (yuyulmasına) və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Saziş, "Azərbaycan Respublikası hökuməti və Belarus Respublikası hökuməti arasında mədəni sərvətlərin talanması ilə mübarizə və onların geri qaytarılmasının təmin edilməsi sahəsində əməkdaşlıq haqqında" Saziş, "Azərbaycan Respublikası hökuməti və Belarus Respublikası hökuməti arasında lizinq fəaliyyətinin genişləndirilməsi üçün əlverişli hüquqi, iqtisadi və təşkilati şəraitin yaradılması haqqında" Saziş, "Azərbaycan Respublikası höküməti və Böyük BritaniyaŞimali İrlandiya Krallığı hökuməti arasında hava əlaqəsi haqqında Saziş, "Azərbaycan Respublikası və Argentina Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə qanun layihələri idi. 

İclasda "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası hökuməti arasında sərhədyanı rayonlarda yaşayan Azərbaycan Respublikası və İran İslam Respublikası vətəndaşlarının sadələşdirilmiş qaydada sərhədi keçmələri haqqında" Memorandumun təsdiq edilməsi barədə" 2005-ci il 5 aprel tarixli 879-IIQ nömrəli Qanunun ləğv edilməsi haqqında qanun layihəsi və "Azərbaycan Respublikası hökuməti və İran İslam Respublikası hökuməti arasında Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında daimi yaşayan vətəndaşları və İran İslam Respublikası vətəndaşları üçün sadələşdirilmiş qaydada gediş-gəliş haqqında" Memorandumun təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının 2006-cı il 1 mart tarixli 67-IIIQ nömrəli Qanununun ləğv edilməsi haqqında Azərbaycan Respublikasının qanun layihəsi təsdiqləndi. Sənədlərlə bağlı məlumat verən parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, bu memorandumların əsasında SSRİ dövründəki mövcud qaydalar əksini tapıb. Hazırda isə Azərbaycan bütün ölkələrlə münasibətləri tənzimləyən bir viza sistemi yaradıb. Eyni zamanda, sərhəd rejimini, təhlükəsizliyi tənzimləyən qanunlar mövcuddur: "Miqrasiya, vətəndaşların gedib-gəlməsini tənzimləyən mükəmməl qanunvericilik bazası yaradılıb. Hüquqi baxımdan belə bir memorandumun müddəalarına ehtiyac qalmır. Hər iki dövlətin səlahiyyətli orqanı bu memorandumun ləğvi barədə mövqeyini bildirir. Azərbaycan Xarici İşlər Nazirliyi dekabrın 9-da memorandumun ləğvi barədə mövqeyini bildirib".

 

İclasda İnzibati Xətalar, Cinayət-Prosessual və Cinayət məcəllələrində dəyişikliklər edilməsi haqqında qanun layihələrinə redaktə xarakterli dəyişikliklər də təsdiqləndi.

Gündəlikdə olan digər 6 məsələ - Cinayət, Mülki, İnzibati Xətalar, İnzibati Prosessual məcəllələrə dəyişiklik, "Həmkarlar ittifaqları haqqında" və "Mühasibat uçotu haqqında" qanunda dəyişikliklər edilməsi siyasi partiyaların qanunvericiliyi ilə bağlı məsələlər idi. Yenilik Cinayət Məcəlləsinə 169.1 maddəsinin əlavə edilməsini nəzərdə tutur. Həmin maddədə siyasi partiyaya daxil olmağaya onun üzvlüyündə qalmağa məcburetməyə görə bu cəzalar yer alır: 1000 manatdan 3000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlıqdan məhrumetmə.

Bununla da qanun layihələri səsə qoyularaq qəbul edildi.

İclasda həmçinin Ağdaş rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında, Astara rayonunun Ərçivan kəndinə qəsəbə statusunun verilməsi haqqında və "Sosial müavinətlər haqqında" qanunda dəyişikliklər edilməsi barədə qanun layihələri səsə qoyularaq qəbul edildi.

 

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2012.- 12 dekabr.- S.2.