«Azərbaycan-2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasının

 müzakirəyə çıxarılması ictimaiyyətin böyük marağına səbəb olmuşdur

 

Prezident İlham Əliyevin tapşırığı ilə hazırlanmış "Azərbaycan - 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının müzakirəyə çıxarılması ictimaiyyətin böyük marağına səbəb olmuşdur. Azərbaycanın gələcəyinin möhkəm təməllər üzərində qurulması, müasir dövrün çağırışlarına cavab verən dinamik və uzunmüddətli inkişafın təmin edilməsi hər bir vətəndaşı fəal şəkildə müzakirələrdə iştirak etməyə təşviq etmiş, onların öz gələcəklərinə uyğun olan yeni inkişaf meyilləri haqqında fikir və təkliflərini verməyə sövq etmişdir. Ölkənin bu günü və gələcəyi ilə bağlı strateji əhəmiyyətli sənədlərin hazırlanmasında vətəndaşların iştirakı Azərbaycan demokratiyasının yetkinliyinin bariz göstəricisidir.

Konsepsiya insan fəaliyyətinin bütün sahələrini əhatə edən və rifah dövləti quruculuğu istiqamətində atılan mühüm addımdır. İnkişaf geniş məfhumdur və ilk olaraq insan kapitalından başlayır. Bu baxımdan milli inkişafımızın yeni mərhələyə keçidi ilk növbədə demokratik prinsiplərin hakim olduğu biliklərə və innovasiyalara əsaslanan cəmiyyətin tərəqqisini, rəqabətədavamlı və çoxşaxəli iqtisadi fəaliyyətin genişlənməsini, müasir tələblərə cavab verən sosial müdafiə sisteminin formalaşmasını nəzərdə tutur. Konsepsiyanın əsas məğzi insan amilinin hərtərəfli inkişafı üçün zəruri şərtlərin, mühitin və imkanların yaradılmasıdır. Bütün sosial kateqoriyalara aid olan vətəndaşların müzakirələrdə fəal iştirakı faktı özlüyündə Azərbaycanda insan kapitalı sahəsində mövcud irəliləyişin mühüm göstəricisidir.

2012-ci il ərzində müxtəlif qurum və ali təhsil ocaqlarında, elmi müəssisə və araşdırma mərkəzlərində keçirilən tədbirlərdə konsepsiya ətrafında geniş müzakirələr aparılmışdır. Vətəndaşlar və müxtəlif təşkilatlar tərəfindən elektron poçt vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına göndərilmiş iradlar və təkliflər ümumiləşdirilmiş və onların əsasında konsepsiyaya müvafiq əlavələr edilmişdir. Konsepsiyanın yeniləşmiş forması yenidən cəmiyyətin açıq müzakirəsinə çıxarılır.

 

 

AzərTAc

Azərbaycan.-2012.- 12 dekabr.- S.2.