Elmimizin böyük hamisi
Parlaq zəkası, dövlətçilik təcrübəsi, yenilməzliyi və cəsarəti ilə müstəqil Azərbaycan dövlətini məhvolma təhlükəsindən qoruyub saxlayan, onu yaşadan və bu dövlətin bütün atributlarını qurub-yaradan ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısında xidmətləri əvəzsizdir. Bu böyük şəxsiyyət ilk növbədə dövlətçilik tariximizin müasir mərhələsinin əsasını qoydu, Azərbaycan gerçəkliyini, onun ictimai-siyasi, mədəni-mənəvi həyatının bütün sahələrini əks etdirən mükəmməl bir elmi-nəzəri sistem - dövlət quruculuğu fəlsəfəsini, dövlətçilik ideologiyasını yaratdı.
Azərbaycan bir xalq, ölkə və dövlət kimi bütün hallarda sistemlərin kəsişdiyi və qovuşduğu mövqedə yerləşir. Burada mədəni-siyasi baxımdan Şərqlə Qərb, siyasi-ideoloji baxımdan Qərblə Rusiya, dini-ideoloji dəyərlər baxımından islamiyyətlə xristianlıq və s. çarpazlaşır. Keçmiş SSRİ-nin siyasi strukturunda nisbətən "donuq faktura" olan Azərbaycan onun dağılması ilə gözləmədiyi həyati dilemma ilə üzləşdi: ya dünya ilə ünsiyyətimizin heç bir müasir stereotipinin formalaşmadığı şəraitdə ayaqlar altında qalıb fiziki və mənəvi cəhətdən məhv olmaq, ya da etnosun malik olduğu tarixi və müasir potensiya mexanizmlərini fövqəladə sürətlə hərəkətə gətirib ayağa qalxmaq. Ulu öndər Heydər Əliyevin milli tarix qarşısında ən böyük xidməti ondan ibarətdir ki, o, Azərbaycanı həmin dilemmanın sonu görünməyən variantından xilas edib, milli varlığımızı fiziki mövcudluqdan siyasi, mənəvi, mədəni, iqtisadi mövcudluğa qovuşdura bildi. Bu, tarix və onun bizə miras qalan təcrübəsidir.
Ölkənin intellektual ehtiyatlarının qorunması və inkişaf etdirilməsi müasir Azərbaycan dövləti və onun qurucusunun davamlı siyasətinin tərkib hissəsi olmuşdur. Məlumdur ki, bəşər tarixində silinməz iz qoymuş böyük şəxsiyyətlərin elm və təhsilə münasibəti, bu sahələrin inkişafına verdikləri töhfələr onların əbədiyaşarlığını təmin edən başlıca amillərdən biridir. Müstəqil Azərbaycan dövlətinin qurucusu ümummilli lider Heydər Əliyev də hakimiyyətinin bütün mərhələlərində elm və təhsilin inkişafına xüsusi qayğı ilə yanaşaraq, ilk növbədə, xalqın intellektual gələcəyini düşünmüşdür. Bu sahədə mütərəqqi prinsiplər əsasında bütün zəruri tədbirləri həyata keçirmişdir. Ümummilli liderin hələ Azərbaycana birinci rəhbərliyi dövründə böyük uzaqgörənliklə reallaşdırdığı elm, təhsil və mədəniyyət siyasəti müstəqillik illərində milli ziyalı elitasının intellektual potensialının yüksəkliyində özünü göstərməklə aparılan islahatların praktik nəticələr verməsini təmin etmişdir. 1970-1980-ci illərdə ulu öndərin rəhbərliyi altında təhsil müəssisələrinin zəngin şəbəkəsinin yaradılması və onların maddi-texniki bazasının formalaşdırılması, respublika hüdudlarından kənarda yüksək ixtisaslı mütəxəssislərin yetişdirilməsi, Elmlər Akademiyasının elmi-tədqiqat institutlarında fundamental elmin inkişafının təmin olunması gələcəkdə milli müstəqilliyimiz üçün zəruri intellektual zəmin yaratmışdır. Heydər Əliyev peşəkar strateq olaraq daim deyirdi ki, intellektual baza istənilən ölkədə dövlət müstəqilliyinin əsasını təşkil edən mühüm amillərdən biridir. Ulu öndərin yeritdiyi siyasətin uzaq hədəflərə hesablanması da məhz onun dərin elmi prinsiplər üzərində qurulması, zəngin intellektual potensiala söykənməsi ilə şərtlənir.
Müasir elm öz sosial funksiyası və insan həyatının müxtəlif sahələri ilə qarşılıqlı əlaqələri etibarilə ictimai inkişafın əsasını təşkil edən amillərdən biridir. İnkişafın başlıca tendensiyaları "yeni postindustrial mərhələ"nin şərtlərinə uyğun olaraq mənəvi və maddi mədəniyyətin müxtəlif fenomenləri ilə sıx bağlılığıyla fərqlənir. Ona görə də elm cəmiyyət strukturunun vacib tərkib hissəsi kimi müasir dünyanın qlobal və lokal problemlərinin həllində son dərəcə əhəmiyyətli rola malikdir.
Bu baxımdan elm və təhsilə qayğının artırılması, bu işə dövlət siyasətinin üstün istiqaməti kimi yanaşılması Heydər Əliyevin rəhbər və vətəndaş epoxasının ümdə qayəsini ifadə edən önəmli cəhət kimi daim böyük rəğbətlə xatırlanır. Məhz bu amil ötən əsrin 70-ci illərindən başlayaraq, Heydər Əliyev epoxasının mənəvi yüksəliş tarixinin inkaredilməz gerçəkliyinə çevrilmişdir. Böyük strateq mövcud ideologiyanın qəlibləri çərçivəsində belə, Azərbaycanda milli elm və təhsil sistemlərinin sıxışdırılmasına yol verməmiş, əksinə, onu yüksəltmək yolunda bütün imkanlardan maksimum dərəcədə istifadə etməyi bacarmışdır. Heydər Əliyev dühasının böyüklüyü də məhz ondadır ki, o, bütün fəaliyyəti boyu yüksək bilikli, intellektual və elitar təbəqənin formalaşmasına çalışmışdır. Təsadüfi deyil ki, 1969-1982-ci illər həm də Azərbaycan elminin, təhsilinin intibah dövrü kimi xatırlanır. Ulu öndərin şəxsi təşəbbüskarlığı, qətiyyəti və iradəsi sayəsində həmin illərdə 700-dən artıq məktəb binası tikilərək istifadəyə verilmişdir. Bu illərdə respublikada ali təhsil müəssisələrinin sayı 12-dən 17-yə, həmin təhsil ocaqlarında oxuyanların sayı isə 70 mindən 100 minə çatmışdı.
Azərbaycan Milli Elmlər Akademiyasının, bütövlükdə Vətən elminin yüksək tərəqqisi - intibah dövrü də Heydər Əliyevin XX əsrin 70-80-ci illərində respublikaya rəhbərliyi ilə bilavasitə bağlıdır. O dövrdə Azərbaycan Elmlər Akademiyasında, ali məktəblərdə və başqa elm sahələrində yeni institutların, laboratoriyaların, konstruktor bürolarının, bu müəssisələrdə çalışan elmi işçilərin sayı xeyli artmışdı. 1972-ci ildən Azərbaycan EA-nın Naxçıvan Elmi Mərkəzi, 1975-ci ildən "Kaspi" Elmi Mərkəzi, 1978-ci ildə Bakıda Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyi fəaliyyətə başlamışdı.
Azərbaycan alimlərinin gərgin zəhməti nəticəsində yeni neft, qaz və başqa faydalı qazıntı, tikinti materialları yataqları, mineral su qaynaqları üzə çıxarılıb istifadəyə verilmişdi. Xəzər dənizinin Azərbaysan sektorunda perspektivli neft yataqları aşkar edilmişdi. Respublikanın bütün ərazisinin geoloji təsviri hazırlanmış, geoloji, geotektonik, dərinlik yataqları, soğrafi və s. xarakterli atlaslar tərtib edilmişdi. "SSRİ geologiyası" çoxcildliyinin 47-ci cildini təşkil edən "Azərbaycan SSR" (iki kitabda), "Azərbaycan SSR Atlası" (1979), "Azərbaycan SSR-in istilik balansı" (1979) və s. fundamental kitablar işıq üzü görmüşdü.
Bu dövrdə Azərbaycan alimlərinin neftlə bağlı tədqiqatları, neft-kimya, geologiya sahəsindəki işləri respublika hüdudlarını aşıb bütün SSRİ miqyasında böyük nüfuz qazanmışdı. Geologiya-mineralogiya elmləri doktoru Fərman Salmanovun başçılığı ilə Qərbi Sibirdə, Tümen vilayətində onlarca neft və qaz yataqları kəşf olunmuşdu. Azərbaycan geofizikləri Xəzərin İrana məxsus şelfində qonşu dövlətin xahişinə əsasən qırxdan çox perspektivli neftli-qazlı struktur üzə çıxarmışdılar.
Azərbaycanın neft kimyası alimləri ittifaqda ilk dəfə "qaynar layda" baş verən hadisələri öyrənmiş, yeni texnologiya üzrə işləyən qurğuların hazırlanmasında iştirak etmişdilər.
O dövrdə artıq Azərbaycan astronomlarının elmi uğurları dünyada tanınırdı. Beynəlxalq Astronomiya İttifaqının qərarı ilə astronom Nadir İbrahimovun şərəfinə Mars kraterlərindən birinə "İbrahimov krateri" adı verilmiş, bir neçə kiçik planet "Azərbaycan", "Nizami Gəncəvi", "Hüseyn Cavid" və "ŞAR" (Şamaxı Astrofizika Rəsədxanası) adlandırılmışdı.
Riyaziyyat və mexanika sahəsində yeni elmi məktəblər yaradılmış, fiziklər yeni yarımkeçirici materiallar, çoxtəbəqəli quruluşlar almış, şüalanma qəbulediciləri, elektrik və optik yaddaş qurğuları yaratmışdılar.
Kosmik tədqiqatlar əsasında Elm-İstehsalat Birliyində ölkədə ilk dəfə ətraf mühitə operativ nəzarət edən peykaltı nəzarət-ölçü sistemləri düzəldilmişdi.
Dördcildlik "Azərbaycan faunası"nın II-IV cildləri (1976-1978), Azərbaycanın "Qırmızı kitab"ı nəşr olunmuşdu. Elmdə xidmətlərinə görə 80-ci illərdə Azərbaycan Elmlər Akademiyasının beş alimi Lenin mükafatına, on dörd nəfər isə SSRİ Dövlət mükafatına layiq görülmüşdü. Fundamental tədqiqatlar əsasında əldə edilmiş elmi uğurlarına görə akademiklərdən R.H.İsmayılov, M.A.Topçubaşov, M.F.Nağıyev, M.Ə.Hüseynov, M.Ə.İbrahimov Sosialist Əməyi Qəhrəmanı adı, onlarca alim Dövlət mükafatı almışdılar.
Keçən əsrin 70-ci və 80-ci illərinin əvvəllərində Azərbaycan Elmlər Akademiyası alimlərinin fəaliyyəti dövlət və dünya elmi ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilmişdir. Elm, iqtisadiyyat və mədəniyyətin inkişafı, yüksək ixtisaslı kadrların hazırlanması sahəsində qazandığı nailiyyətlərə görə Azərbaycan Elmlər Akademiyasının aldığı yüksək mükafat - "Xalqlar dostluğu" ordeni 1975-ci ildə Heydər Əliyev tərəfindən təqdim edilmişdir.
Ümummilli lider ictimai-siyasi fəaliyyətində tarixə, ədəbiyyata, mədəniyyətə, bilavasitə humanitar elmlərə böyük əhəmiyyət vermiş, xalqın milli-mənəvi həyatında onların müstəsna rolunu yüksək qiymətləndirmişdir.
Bu gün müstəqil Azərbaycan Respublikasının milli-mənəvi meyarları respublikamızın ötən əsrin 70-ci illərindəki ədəbi-mədəni mühitin konteksti ilə möhkəm bağlıdır. Həmin illərdə millilik dövlət siyasəti səviyyəsində aparılırdı. Heydər Əliyev bunu böyük müdrikliklə həyata keçirirdi. Sovet rejiminin sərt qanunlarına baxmayaraq, respublikamızda böyük iqtisadi, elmi və ədəbi-mədəni potensialın yaradılması uzaqgörən bir siyasət idi.
Ulu öndər Azərbaycan ədəbiyyatının nəşrinə və təbliğinə ayırdığı böyük qayğı ilk növbədə özünü klassik ədəbi abidələrin timsalında göstərir. İlk dəfə respublika rəhbərliyinə gəldiyi 1969-cu ildən başlayaraq klassik ədəbi-mədəni irsin öyrənilməsi, təbliği, nəşri, qlobal səviyyədə tanıdılması və bununla da Azərbaycan xalqının, Azərbaycan Respublikasının dünya səviyyəsində layiq olduğu yüksək mövqeyin bərqərar edilməsi bir an belə Heydər Əliyevin diqqətindən kənarda qalmayıb. Mənəvi mədəniyyət və ədəbiyyat məsələlərini prioritet sahələrdən biri kimi müəyyənləşdirən ulu öndər 1969-cu ilin noyabrında, Azərbaycan Dövlət Universitetinin 50 illiyi münasibəti ilə söylədiyi proqram səciyyəli nitqində qarşıda duran mədəniyyət siyasətinin əsas tezislərini belə ifadə etmişdi:
"...Məşhur filosof Ə.Bəhmənyarın və mütəfəkkir şair Nizaminin, riyaziyyatçı-astronom Nəsirəddin Tusinin və dahi lirik şair Füzulinin, orta əsrlərin böyük alimi Rəşidəddinin və üsyankar şair Nəsiminin, tarixçi Abbasqulu ağa Bakıxanovun və realist yazıçı Mirzə Fətəli Axundovun, görkəmli satiriklərdən Mirzə Ələkbər Sabirin, Cəlil Məmmədquluzadənin və bir çox başqalarının adları bu mədəniyyətin çoxəsrlik tarixinin bəzəyidir.
Biz Azərbaycan xalqının bu və bir çox digər görkəmli oğullarına ona görə minnətdarıq ki, onlar zülmətli irtica və özbaşınalıq şəraitində Azərbaycan xalqının ictimai fikrini, elm və mədəniyyətinin məşəlini göz bəbəyi kimi qorumuşlar."
Sonrakı fəaliyyətində məhz bu tezisdən çıxış edən böyük rəhbər klassiklərimizin ölməz irsinə yüksək səviyyədə göstərdiyi qayğı və diqqətə görə də qədirbilən Azərbaycan xalqının ürəyində öz əbədi heykəlini ucaltmışdır. Ulu öndərin diqqəti və qayğısı ilə Azərbaycanın görkəmli şair və yazıçılarının yubileylərinin keçirilməsi, onlara abidələrin qoyulması xalqın mədəni-ictimai həyatının ayrılmaz əlamətinə çevrilmişdi. Heydər Əliyevin iştirakı ilə Şuşada M.P.Vaqifin möhtəşəm məqbərəsinin açılışı olmuşdu. 1981-ci ildə H.Cavidin nəşi vətənə qaytarılmış, böyük sənətkarın ev-muzeyi açılmış, Naxçıvanda onun məqbərəsi inşa edilmişdir.
Ulu öndərin bilavasitə qayğısı və rəhbərliyi sayəsində ilk oncildlik universal milli Azərbaycan Ensiklopediyası işıq üzü görmüşdür.
Ötən əsrin sonlarında istiqlaliyyətini əldə edən Azərbaycan yenə də məhz Heydər Əliyevin respublikaya birinci rəhbərliyi dövründə formalaşmış zəngin iqtisadi və elmi potensiala istinad etmişdir. Fəqət 1991-1993-cü illərdə respublikamızda hökm sürən ümumi böhranlı vəziyyət - iqtisadi tənəzzül prosesinin dərinləşməsi, ictimai-siyasi sabitliyin kövrək xarakter daşıması elm və təhsil sahəsində də əsaslı problemlərə gətirib çıxarmışdı. Azərbaycan elmi tənəzzül girdabında çırpınır, mənəvi depressiya elmi mühitə getdikcə daha çox hakim kəsilirdi. Bu böhranlı vəziyyəti yalnız ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə respublika rəhbərliyinə qayıdışından sonra aradan qaldırmaq, elm və təhsil sahəsində dövlət siyasətinin mühüm istiqamətlərini müəyyənləşdirmək mümkün olmuşdur. Ulu öndər həmin mərhələdən ictimai həyatın ən müxtəlif sahələrində, o cümlədən elmi-intellektual sferada hökm sürən tənəzzülün qarşısını almış, təhsilin öz məcrasına düşməsi, inkişafı üçün əlverişli iqtisadi şərait, hüquqi və mənəvi-əxlaqi mühit formalaşdırmış, qanunun aliliyini təmin etmişdir. Elmin inkişafına, bu prosesi həyata keçirən çoxminli ziyalılar ordusuna diqqət və qayğı gücləndirilmiş, Heydər Əliyev Azərbaycan elminin milli əsaslar üzərində dünyaya inteqrasiyası başlıca vəzifə kimi aktuallaşdırmışdır.
Hər bir mütərəqqi islahatın uğuru, şübhəsiz, onun ictimai şüurla nə dərəcədə səsləşməsi, cəmiyyət tərəfindən qəbul olunub-olunmamasından bilavasitə asılıdır. Bu gerçəklikdən çıxış edən ulu öndər Heydər Əliyev ilk gündən milli elm və təhsil sistemlərində islahatların təkamül yolu ilə aparılması tərəfdarı kimi çıxış etmiş, bu mövzuda ictimai müzakirələrin açılmasına nail olmuşdur.
Akademiyanın çoxminli kollektivi fəxr edir ki, Heydər Əliyevin böyük siyasətə yenidən qayıdışı bu elm məbədindən başlayıb. Azərbaycan tarixinin dönüş nöqtələrindən biri olan 1993-cü ildə Naxçıvandan Bakıya qayıdan ümummilli lider Heydər Əliyev ilk görüş yeri kimi Elmlər Akademiyasını seçmişdi. Bununla o, türk dövlətçilik ənənələrini sistemli şəkildə davam etdirən görkəmli dövlət xadimi kimi yeni yaratmağa başladığı müstəqil dövlətin bünövrəsinin elmi sütunlar üzərində qurulduğunu, intellektual potensiala arxalandığını ictimai fikrə çatdırmışdı. Bu, bir tərəfdən böyük rəhbərin Azərbaycan elminə, intellektinə dərin hörmətinin təsdiqi idisə, digər tərəfdən Azərbaycan ziyalılarının Heydər Əliyev şəxsiyyətinə sonsuz inam və yüksək etimadının bariz nümunəsi idi. Azərbaycan Prezidenti cənab İlham Əliyev AMEA-nın 60 illik yubileyində etdiyi çıxışında məhz bu məqamı xatırlayaraq ümummilli liderin bu müdrik addımına belə aydınlıq gətirmişdir: "O görüş rəmzi xarakter daşıyırdı. Çünki Azərbaycan alimləri, ziyalıları ölkəmizin, cəmiyyətimizin elitasıdır. Onların dünyagörüşü, mövqeyi, hərəkətləri, fəaliyyəti Azərbaycanın inkişaf dinamikasını, inkişaf perspektivlərini xeyli dərəsədə müəyyən edir".
1997-ci il yanvar ayının 31-də Heydər Əliyev Azərbaycan Elmlər Akademiyasının rəhbərliyini, aparıcı alimlərin bir qrupunu qəbul edərək elm sahəsində yeni islahatların aparılmasının vacibliyini xüsusi vurğulamış, onun inkişaf strategiyasının əsas müddəalarını və Milli Elmlər Akademiyasının bundan irəli gələn vəzifələrini müəyyənləşdirmişdir. Bu görüş tariximizdə elmə və alimə verilən böyük qiymət, dərin siyasi və mənəvi tutumu olan bir fakt kimi qalacaq.
Azərbaycan alimlərinin və ziyalılarının yaşamaq, var olmaq səlahiyyəti müdrik dövlət rəhbəri tərəfindən təsdiq olundu. Bu görüşdə ulu öndər dedi: "İndi Azərbaycan müstəqil bir dövlətdir. Azərbaycan Elmlər Akademiyası dövlət Elmlər Akademiyasıdır. Bizim akademiyamızın gərək strategiyası olsun, akademiya gərək öz işini bu strategiya əsasında qursun". Beləliklə, ümummilli liderin hamiliyi altında elmin əhatəli inkişafı və AMEA-da islahatların konsepsiyası hazırlandı.
Prezident Heydər Əliyevin 2001-ci il 15 may tarixli fərmanı ilə Azərbaycan Elmlər Akademiyasına "Milli Elmlər Akademiyası" statusu verildi. Ümummilli liderin bu tarixi fərmanı Azərbaycan fundamental elminin əldə etdiyi nailiyyətləri, ölkənin sosial-iqtisadi, mədəni və mənəvi təşəkkülündə elmin rolunu, respublikanın, xalqımızın ictimai-siyasi həyatında nüfuzunu və akademik elmin suveren Azərbaycan dövlətinin tərəqqisinin təminatçısı olduğunu bir daha təsdiqləyərək elmimizin salnaməsinə "Heydər Əliyev şəhadətnaməsi" kimi daxil oldu.
Ümummilli liderin 4 yanvar 2003-cü il tarixli fərmanı isə akademiyaya, müstəqil dövlətimizin elmi və elmi-texniki siyasətini həyata keçirən ali dövlət orqanı statusu vermiş oldu. Bu fərmanla Azərbaycan MEA-nın Nizamnaməsinə dövlət sənədi, onun prezidentinə ali icra hakimiyyəti üzvü səlahiyyəti verilmişdir. Beləliklə, Azərbaycan MEA-nın hərtərəfli inkişafı üçün yüksək səviyyədə hüquqi zəmin yaranmış, akademiyanın fəaliyyət dairəsi genişlənmiş və qarşısına məsul vəzifələr qoyulmuşdur.
Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra ilk dəfə 2001-ci ilin iyun ayında AMEA-nın tarixində xüsusi yer tutan seçkilər ərəfəsində akademiya üzvlərinin ümumi sayının 200 nəfər müəyyən edilməsi haqqında Prezident sərənsamı imzalanmışdır.
Heydər Əliyevin 7 avqust 2002-ci il tarixli sərəncamına əsasən Azərbaycan MEA-nın Naxçıvan Bölməsi yaradılmışdır. Bölmənin tərkibinə Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu, İncəsənət, Dil və Ədəbiyyat İnstitutu, Bioresurslar İnstitutu, Əlyazmalar Fondu və Batabat Astrofizika Rəsədxanası daxildir.
Akademiyada çalışan işçilərin sosial müdafiəsini gücləndirmək, onların fəaliyyətinin səmərəsini artırmaq, Azərbaycan elminin maddi bazasını keyfiyyətcə yaxşılaşdırmaq məqsədilə həmin dövrdə ümummilli lider bir sıra qərarlar qəbul etmişdir.
Bu böyük siyasət adamının və elm təşkilatçısının xatirəsinə böyük hörmət və ehtiram əlaməti olaraq Akademiyanın Rəyasət Heyətinin binasında ona büst qoyulması bütün elm adamlarının, çoxminlik kollektivimizin böyük arzusu idi. Böyük fəxrlə qeyd etmək istərdik ki, elmi ictimaiyyətin bu arzusu akademiyanın ümumi yığıncağının 2005-ci il aprelin 29-da keçirilmiş iclasında reallaşdı.
Heydər Əliyevin fiziki yoxluğundan, əbədiyyətə qovuşmasından keçən bu illər ərzində müstəqil dövlətçiliyimizin günbəgün möhkəmlənməsi, dünya dövlətləri birliyində getdikcə daha inamlı addımlar atması, səsinin daha ali kürsülərdən gəlməsi, xalqın rifah halının yaxşılaşdırılmasına, mədəniyyətimizin, ədəbiyyatımızın inkişafına göstərilən yüksək dövlət qayğısı tam əminliklə belə deməyə əsas verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin simasında ümummilli lider Heydər Əliyevin ideyaları bu gün də yaşayır, inkişaf edir, xalqa və dövlətə xidmət yolunda bütün gücü ilə fəaliyyət göstərir.
Son illər ölkə rəhbərliyi səviyyəsində irəli sürülən səmərəli təşəbbüslər, həyata keçirilən tədbirlər məhz mövcud potensialın reallaşdırılması, Azərbaycanda sivil dünyanın gerçəklikləri ilə ayaqlaşmağı bacaran yüksək intellektual səviyyəyə, geniş dünyagörüşünə malik vətəndaşların yetişdirilməsinə, azərbaycanlı alimlərin qlobal elm məkanı ilə inteqrasiyasının təmin edilməsinə yönəlmişdir.
Azərbaycanın hərtərəfli inkişafının keyfiyyətcə yeni mərhələsində sosial, iqtisadi, hüquqi, siyasi və mədəni sahələrdə həyata keçirilən çoxşaxəli islahatların ictimai düşüncədə obyektiv dərkinə təminat yaradan mühüm amillərdən biri də respublikanın çağdaş elmi imkanlarının dəyərləndirilməsi, əldə olunan pozitiv nəticələrin praktik şəkildə tətbiqidir. Universal xarakterli elm sahələrində mövcud bazanı qoruyub saxlamaq və onu inkişaf etdirmək Azərbaycanın elm siyasətinin əsas prioritetlərindən biridir.
Elmin 2009-2015-ci illər ərzində inkişaf strategiyasını müəyyənləşdirən dövlət proqramının hazırlanması və qəbul edilməsi Azərbaycan elm siyasətinin yeni konsepsiyada reallaşdırılması istiqamətində irəliyə doğru bir addımdır. Bu sənəd özündə dünya və Azərbaycanın reallıqlarını birləşdirir. Elmin inkişafının dünya təcrübəsi Azərbacan elminin bu təcrübəyə hansı statusda (enerji ehtiyatlarının işlənməsi sahəsində milli elmi infrastrukturdan və intellektual potensialdan müəyyən proporsiyalarda istifadə olunması, yaxud dünya elmi təcrübəsinin nəzəri cəhətdən mənimsənilməsi) qoşulmasından asılı olmayaraq, milli intellektual potensialın reallıqlar fonunda dəyərləndirilməsini və qiymətləndirilməsini tələb edir. Son illərdə ictimai-humanitar elmlərin durumuna diqqətin artırılması, bu sahədəki vəziyyətin daha çox müzakirə obyektinə çevrilməsi Prezident İlham Əliyevin elm siyasətinin reallıqlara söykənməsini əyani şəkildə nümayiş etdirir.
Azərbaycan dövləti elm və təhsilin inkişafını ilk növbədə insan potensialının inkişafı bağlılığında nəzərə alır. Elm və təhsil insana, onun intellektual və mənəvi inkişafına xidmət etməlidir.
Prezident İlham Əliyev elə siyasət həyata keçirir ki, orada milli ideya özündə həm siyasi məkanın demokratikləşməsini, mütərəqqi və hərtərəfli iqtisadi inkişafı, dünya birliyinə inteqrasiyanı, həm də milli ruhu və özünəməxsusluğu qoruyub saxlamağı ehtiva edir. Qloballaşma şəraitində bu, olduqca vacib amillərdən biridir.
Müstəqil Azərbaycanın son illərdə ciddi iqtisadi uğurlara imza atması, ümumi daxili məhsulun artım tempinə görə dünyada lider mövqelərini qoruyub saxlaması, regional layihələrin gerçəkləşməsində əsas söz sahibi kimi cıxış etməsi məhz dövlət idarəçiliyinin uzun illər ərzində formalaşmış, təcrübədən uğurla çıxmış təkmil mexanizmlər əsasında həyata keçirilməsi nəticəsində mümkün olmuşdur. Ümummilli liderin ciddi elmi təməllərə söykənən inkişaf strategiyasının inamla davam etdirilməsi qısa müddətdə Azərbaycanı Cənubi Qafqaz regionunun ən sürətlə inkişaf edən, sabit və qüdrətli dövlətinə çevirmişdir.
Prezident İlham Əliyev respublika iqtisadiyyatının çoxşaxəli və tarazlı inkişafı məqsədilə bir çox yeni layihələrin həyata keçirilməsinin bilavasitə təşəbbüskarıdır. Bu gün Azərbaycan Cənubi Qafqaz ölkələri iqtisadiyyatının 75 faizini özündə birləşdirir. Respublikamız güclü investisiya qoyulan ölkə kimi qalmaqla bərabər, həm də başqa ölkələrdə böyük sərmayələr yatıran ölkəyə çevrilmişdir.
Azərbaycanın
müasir sosial-iqtisadi inkişafının sürəti və
onun davamlı xarakteri, ölkəmizin tezliklə
dünyanın ən qabaqcıl ölkələrindən birinə
çevriləcəyinə və xalqın yüksək
rifahına nail olunacağına tam əminlik yaradır. Nəzərə almaq lazımdır ki, ölkəmiz
indi həm də imperiyalar dövründə ədalətsizliklə
qarşılaşaraq nail ola bilmədiyi inkişaf
qüsurlarını aradan qaldırdığından, onun
imkanları vaxtilə bilə-bilə unudulmuş
çoxşaxəli problemlərin həllinə yönəldilir.
Az vaxt keçsə də, bu sahədə nailiyyətlərimiz
çox böyükdür. Elə
dünyanın qabaqcıl ölkələrinin respublikamız
haqqında söylədikləri fikirlər bir daha sübut edir ki, Azərbaycan
artıq əsas inkişaf meyarlarına görə yüksək
ümumbəşəri inkişafa və dəyərlərə
çox sürətlə yaxınlaşır. Şübhə
yoxdur ki, keçmişin ölkəmizə mənfi
miraslarını tezliklə aradan qaldırmaqla, Azərbaycan
daha da hər cəhətdən dünyanın ən
qabaqcıl məkanlarından biri olacaqdır. Bu
sarsılmaz əminlik ölkəmizdə daha yüksək
sosial-iqtisadi inkişafın cəsarətli təşkilatçısı
Prezident İlham Əliyevin böyük yaradıcı fəaliyyətinin
nəticəsində yaranan "Azərbaycan 2020: gələcəyə
baxış" İnkişaf Konsepyasının
hazırlanması barədə imzaladığı sərəncamda
öz parlaq ifadəsini tapmışdır. Sərəncamda
deyildiyi kimi: "Hazırda Azərbaycan yeni inkişaf mərhələsinə
qədəm qoyur. Bu mərhələnin əsas
hədəfi çoxşaxəli, səmərəli və
innovasiya yönümlü iqtisadiyyatın formalaşması,
sosial sahədə önləyici inkişaf trendinin təmin
olunması və əhalinin rifahının layiqli, qabaqcıl
beynəlxalq standartlara uyğun səviyyəyə
çatdırılması, habelə elmin, mədəniyyətin
inkişafında, ictimai həyatın bütün istiqamətlərində
yeni nailiyyətlərin əldə olunmasıdır".
Beləliklə, bu gün Heydər Əliyev şəxsiyyəti Azərbaycan tarixində, milli siyasi təfəkkürümüzdə, dövlətçilik şüurumuzda çox böyük məna yükünü daşıyan fenomenə çevrilmişdir. Bu fenomeni ulu öndərin öz millətinə, Vətəninə həsr olunan, hər səhifəsi son yarıməsrlik tariximizin şanlı salnaməsi olan ömür kitabı, bir qərinədən artıq Azərbaycana rəhbərlik fəaliyyəti, xalqın ona - ümid və nicat mənbəyi kimi baxdığı liderinə olan böyük sevgisi və inamı yaratmışdır. Ümummilli liderimizin xatirəsi onu həmişə əziz tutan milyonları bir daha öz işığına toplayır, nuruna bürüyür.
Mahmud
KƏRİMOV,
Azərbaycan Milli Elmlər Akademiyasının
prezidenti, akademik
Azərbaycan.-2012.-
12 dekabr.- S.3.