Siyasətimizin patriarxı
Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır. Bütün şüurlu ömrümü onun inkişafına, tərəqqisinə həsr etmişəm. Azərbaycana məhəbbət, xalqıma məhəbbət və bağlılıq mənim qanımdadır, beynimdədir, varlığımdadır.
Heydər ƏLİYEV
Azərbaycan xalqının böyük oğlu, vətənə və xalqa hədsiz məhəbbəti ilə seçilən Heydər Əliyevin əbədiyyətə qovuşmasından artıq 9 il keçir. İnsanın dünyaya gəlişi və öz həyatını başa vurduqdan sonra haqq dünyasına qovuşması təbii prosesdir və təbiətin qanunudur. Ancaq qısa bir ömürdə əsrlərə sığmayan əməlləri ilə zamanın fövqünə ucalmış və adı tarixin yaddaşına böyük hərflərlə yazılmış dahi şəxsiyyətin dünyadan getməsi bütün xalqlar və bütün zamanlar üçün böyük kədər, böyük faciədir. Azərbaycan tarixində dövlətçiliyimizin xilaskarı kimi əbədi qalan, bütün dünyada görkəmli siyasi və dövlət xadimi kimi tanınan Heydər Əliyev şəxsiyyəti barədə söz demək nə qədər şərəflidirsə, bir o qədər də məsuliyyətlidir. Onun parlaq şəxsiyyəti, vətənimiz və xalqımız qarşısında ölçüyəgəlməz xidmətləri barədə nə qədər çox kitablar, tədqiqat əsərləri yazılsa da, yalnız Azərbaycanda deyil, dünyanın bir çox ölkəsində parlaq siması əbədiləşdirilsə də, hələ də yetərincə deyil. Heydər Əliyevin mənalı həyatı və yorulmaz fəaliyyəti Azərbaycanın yarım əsrlik tarixini özündə əks etdirən böyük bir külliyyatdır, öyrənilməli və öyrədilməlidir.
Siyasətimizin patriarxı, müstəqil dövlətçiliyimizin qurucusu Heydər Əliyevi ümummilli lider səviyyəsinə qaldıran əsas cəhət və amil, düşünürəm ki, onun faktiki olaraq ölçüyəgəlməz xarizması idi! Sadə dildə desək, xarizma ilahi vergidir və yalnız seçilmişlərə verilir.
Siyasi mənada isə bu, xalqı öz liderlik qabiliyyətinə və missiyasına inandırmaq, kütlələri öz arxasınca aparmaq bacarığına və qüdrətinə malik olmaq deməkdir!
1994-cü ilin oktyabr hadisələrini xatırlayaq, Heydər Əliyevin "Vətən təhlükədədir" çağırışı ilə gecənin bir aləmində yüz minlərlə insan meydana axışdı. Xalq - Heydər Əliyev birliyi reallaşdı, Azərbaycan faciələrdən, parçalanmaq təhlükəsindən qurtardı. Fəlsəfi cəhətdən bu, nəticə idi, səbəb Heydər Əliyev xarizması, şəxsiyyətinin dahiliyi idi. Xalq öz liderinə inanırdı, onun çağırışı ilə arxasınca ölümə getməyə hazır idi!
Deməli, siyasi lider böyük xarizmaya malik olmaqla bərabər, eyni zamanda böyük dövlətçi, məharətli diplomat olmalı, xalqının maraqlarını dünyanın maraqlarına uyğunlaşdırmağı bacarmalı, sözü ilə əməlləri üst-üstə düşməli, ona öz talelərini etibar edənləri arxasınca xoşbəxt gələcəyə - əmin-amanlığa və firavanlığa apara bilməlidir.
Qısa nəzəri təhlil aparsaq görərik ki, siyasi liderə, böyük dövlətçiyə xas olan bütün nadir keyfiyyətlər Heydər Əliyevdə bəs deyincə vardı və məhz bu keyfiyyətlər onu siyasətimizin patriarxı səviyyəsinə ucaltmışdı!
Düşünürəm ki, Heydər Əliyev dühası Allah vergisi olan fitri istedadla, nəhəng intellektual potensialla, qeyri-adi xarizmlə yanaşı, ölçüyəgəlməz iş qabiliyyətinin, sonsuz öyrənmək istəyinin və böyük vətən sevgisinin nəticəsidir! Taleyin qismətilə bu dahi insanın rəhbərliyi altında uzun müddət işləmək, ona xas olan nadir şəxsi və insani keyfiyyətləri yaxından müşahidə etmək mənə nəsib olub. Ailə tərbiyəsinin və həyat məktəbinin nəticəsi olan düzlük və təmizlik onun xarakterində idi, sadəlik və səmimiyyətlə səciyyələnən yüksək mədəniyyət sahibi idi, mərd olduğu qədər də mübarizdi, fikirlərində və prinsiplərində dönməzdi, ardıcıldı, səbirlə qulaq asmağı və dinləməyi, sözü harada və necə deməyi fitrən bacarırdı. O, daim çalışırdı, öz üzərində işləyirdi, dünya təcrübəsini öyrənirdi, dövlət idarəçiliyi ilə birbaşa bağlı olan siyasəti, iqtisadiyyatı, kadrların seçilməsi və yerləşdirilməsi prosesini yaxşı bildiyi kimi, fəlsəfəni, tarixi, mədəniyyət sahəsini də gözəl bilirdi. Heydər Əliyev dühasının sirri də bütün bu keyfiyyətlərin bir şəxsiyyətdə cəm halında olması idi. Onda qeyri-adi bir uzaqgörənlik, dərin hissiyyat vardı, hadisələri hiss etdiyi kimi, insanları da hiss edirdi, insan psixologiyasını dərindən bilirdi, hər kəsi öz dilində dindirirdi. Xeyirxahdı, alicənabdı, gözəl insan olduğu kimi, gözəl rəhbərdi, öz əməkdaşlarının, iş yoldaşlarının qayğısına qalmağı, problemləri ilə maraqlanmağı və həllinə nail olmağı bacarırdı. Heydər Əliyevdə böyük sərkərdəlik qabiliyyəti vardı, insanları özünə çəkirdi, insanlar ona inanır, etibar edirdilər, arxasınca gedirdilər.
Bir məqamı xüsusilə vurğulamaq istərdim ki, ulu öndər Heydər Əliyev böyük siyasətdə qarşıya qoyduğu məqsədlərə və hədəflərə nail olmaq üçün yalnız fenomenal şəxsi keyfiyyətlərinə, daxili inamına və iti fəhminə deyil, eyni zamanda ictimai rəyə əsaslanır və ən böyük dəstəyi və enerjini öz xalqından alırdı: "İstər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun Prezidenti kimi mənim həyat amalım ancaq bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyinə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam". Heydər Əliyevin ilahi istedadı, tükənməz enerjisi, siyasi prosesləri yönəltmək məharəti, cəmiyyətin maraq və mənafelərini hər zaman əsas prioritet hesab etməsi, sözü ilə əməlinin üst-üstə düşməsi Azərbaycan xalqının bu böyük insana hədsiz inamının əsas səbəbləridir. Onun analitik təfəkkürünə, həyati əhəmiyyətli məsələlərin mahiyyətinə dərindən nüfuz etmək və onların həlli yollarını göstərə bilmək qabiliyyətinə yalnız biz azərbaycanlılar yox, bütün dünya heyran olurdu! Odur ki, Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzinə çevrilmişdi, "Azərbaycanın Heydər Əliyevi" və "Heydər Əliyevin Azərbaycanı" aforizmləri bu vəhdətin göstəricisi idi.
Heydər Əliyevin dahi siyasi lider kimi fenomenal xüsusiyyətlərindən biri də orijinal fikirlərini, möhtəşəm ideyalarını sadə sözlə, dəmir məntiqlə xalqa çatdıra bilməsi idi. O, böyük təşkilatçılıq və idarəçilik qabiliyyətinə malik olmaqla bərabər, həm də məharətli natiq idi. Gur səsi, parlaq nitqi və dəmir məntiqi ilə dərhal diqqəti cəlb edir, siyasət, iqtisadiyyat, mədəniyyət və s. mövzularda təkrara və fasiləyə yol vermədən saatlarla danışa bilirdi. Bu da bir Allah vergisi idi, hamı diqqət kəsilirdi, auditoriya yorulmadan onu dinləyirdi, onun kimi dərin düşünmək, onun kimi geniş görmək, hadisələrə onun kimi obyektiv qiymət vermək istəyirdi. Onun intellektual potensialı, faktiki olaraq, sonsuz idi, təfəkkürün bütün sahələrinə nüfuz edə bilirdi. Qeyri-adi, fenomenal yaddaşı vardı, intellekti kimi, yaddaşının da hüdudları bilinmirdi. Amma o, öyrəndiklərini, eşitdiklərini, gördüklərini yalnız yadında saxlamaqla, auditoriyaya çatdırmaqla kifayətlənmirdi, onun böyüklüyü onda idi ki, öyrəndiklərini tətbiq edə bilirdi, həyata keçirə bilirdi. Heydər Əliyev ən çətin məqamlarda, böhranlı vəziyyətlərdə də geri çəkilmirdi, sarsılmaz iradə və qətiyyət nümayiş etdirməyi, çıxış yolları axtarmağı və tapmağı bacarırdı. "Azərbaycan dövlətçiliyinin, müstəqilliyinin keşiyində bir vətəndaş kimi də, bir Prezident kimi də durmuşam, duracağam və bu yolda hər dəqiqə, hər gün şəhid olmağa hazıram" deyən Heydər Əliyev məhz güclü iradəsi və əzmi ilə bütün çətinliklərə sinə gərərək, xalqımızı səfərbər etməyə, öz arxasınca aparmağa və müstəqil dövlətçiliyimizi ardıcıl inkişaf yoluna çıxarmağa qadir olduğunu sübut etmişdir.
Məsələyə şəxsiyyətin tarixdə rolu prizmasından yanaşsaq, deyə bilərik ki, müstəqillikdən məhrum olmuş bir xalqın müstəqillik amalı ilə yaşayan, bütün mənalı həyatını bu amala həsr edən, dünya səviyyəli nəhəng bir siyasətçini yetişdirməsi, şübhəsiz ki, bir qanunauyğunluq, zamanın tələbi idi. Tarixi şəxsiyyətlər, bir qayda olaraq, ağır, böhranlı zamanlarda, xalq ölüm-dirim dilemması qarşısında qalanda xalqın yanında olurlar və onun taleyini müəyyən etmək məsuliyyətini öz üzərlərinə götürürlər. Heydər Əliyev Azərbaycanın 60-cı illərdə düşdüyü ağır vəziyyətdə xalqın və həmin zamanın yetişdirdiyi lider idi. Hələ sovetlər dönəmində Azərbaycan Respublikasına rəhbərlik etdiyi ilk illərdə Heydər Əliyev Sovetlər İttifaqında cərəyan edən ictimai-siyasi, sosial-iqtisadi və beynəlxalq hadisələrə ümumi qəbul edilmiş standart meyarlarla deyil, tarixi meyarlarla qiymət verirdi. Məhz Heydər Əliyevin titanik səylərinin, rasional təşəbbüslərinin nəticəsi idi ki, qısa zamanda Azərbaycan iqtisadiyyatına külli miqdarda investisiya cəlb edildi, respublikada güclü sənaye potensialının yaradılmasına başlandı. Konstitusiyada Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması, dövlət orqanlarında milli kadrlara üstünlük verilməsi, milli-mənəvi dəyərlərimizin qorunması, mədəniyyətin, incəsənətin, ədəbiyyatın inkişaf etdirilməsi istiqamətində həyata keçirilmiş çoxsaylı tədbirlər isə xalqımızın milli özünüdərkinin yüksəlişinə şərait yaratdı. Azərbaycanla bir yerdə Heydər Əliyev də ucaldı, bütün İttifaqda şöhrət qazandı, Sov.İKP MK-nın Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini vəzifələrinə irəli çəkildi. Moskvada yüksək dövlət və partiya vəzifələrində işlədiyi illərdə də o öz xalqına sadiq qalaraq bütün bacarığını və dövlətçilik təcrübəsini Azərbaycanın inkişafına və dünya miqyasında tanınmasına həsr etmişdir. Həmin dövrdə zamanın və xalqın onun üzərinə qoyduğu vəzifələri Heydər Əliyev uğurla yerinə yetirmiş, quruculuq missiyasını həyata keçirərək tarixi şəxsiyyətə - xalqının liderinə çevrilmişdir.
Qeyd etmək lazımdır ki, Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründəki, 70-ci illərdəki missiyası 90-cı illərdəki missiyasından formaca fərqli olduğu kimi, mahiyyətcə də fərqli idi. Birinci halda o, qapalı sistemdə ideoloji çərçivələr daxilində qurub-yaratmalı, neqativ hallara qarşı mübarizə aparmalı, gələcək müstəqilliyin iqtisadi-mənəvi bazasını yaratmalı və həddindən artıq ehtiyatlı olmalı idi. Həmin zamanda, həmin məkanda müstəqillikdən danışmaq partiya-dövlət ideologiyasına qarşı çıxmaq, deməli, özünə ölüm hökmü yazmaq demək idi. Heydər Əliyev də respublikanın iqtisadiyyatını qururdu, elmi, mədəniyyəti inkişaf etdirirdi, azərbaycançılığın milli-mənəvi əsaslarını hazırlayırdı. Heç də təsadüfi deyil ki, vətənimizin müstəqilliyinin və dünya iqtisadiyyatına dərin inteqrasiyası prosesinin hazırkı təməli Heydər Əliyev tərəfindən həmin illərdə, yəni 1969-1982-ci illərdə yaradılmış iqtisadi potensiala əsaslanır. Heydər Əliyev respublikanın iqtisadiyyatını inkişaf etdirməklə bərabər, cəmiyyətdə də bir saflığın, düzgünlüyün mübarizəsinə qalxmışdı. Həmin dövrdə bütün İttifaqı cənginə almış bürokratiya və rüşvətxorluğa qarşı Azərbaycanda, sözün əsl mənasında, müharibə elan olunmuşdu. Heydər Əliyev problemlərdən qaçmırdı, onları qabartmağa və həllinə nail olmağa üstünlük verirdi. Bu, ümummilli liderin idarəçiliyinin əsas prinsiplərindən biri idi və onun Azərbaycana birinci rəhbərliyi dövründə qazanılan uğurların əsasını təşkil edirdi.
Heydər Əliyevin Azərbaycana ikinci rəhbərliyi dövründə, 90-cı illərdə müstəqilliyin əldə edilməsi ilə ideoloji çərçivələr götürülsə də, respublikada vəziyyət həddindən artıq ağır idi - xarici qüvvələrin dəstəyi ilə qərbdən erməni təcavüzü başlamış, şimalda və cənubda isə separatçılıq meyilləri güclənmişdi, ölkəni iqtisadi tənəzzül və siyasi xaos bürümüşdü, dövlətçilik böyük təhlükə altında idi. Ölkədə cərəyan edən mürəkkəb və ziddiyyətli proseslər də bir daha təsdiqlədi ki, müstəqilliyin qorunub saxlanılması onun qazanılmasından qat-qat çətindir. Belə ağır bir şəraitdə Heydər Əliyev yalnız öz siyasətinə və xalqın dəstəyinə arxalanaraq quruculuq missiyasını bacarıqla həyata keçirdiyi kimi, xilaskarlıq missiyasını da uğurla həyata keçirdi, dövlətçiliyi möhkəmləndirdi, müstəqilliyi əbədiləşdirdi. Burada maraqlı bir məqamı qeyd etmək yerinə düşərdi. Bir qayda olaraq tarixi şəxsiyyətlərə konkret tarixi məqamda ehtiyac yaranır və onlara öz missiyasını yerinə yetirmək üçün bir dəfə şans verilir. Amma Azərbaycan hər dəfə sınağa çəkiləndə, böhrana düşəndə Heydər Əliyevə ehtiyac yaranmışdır. Heydər Əliyevin böyüklüyü ondadır ki, o, hər hansı konkret bir məqamda gərəkli olan və konkret missiyanı həyata keçirən şəxsiyyət deyildi, zaman və məkan çərçivələrinə sığmayan, xalqının, Azərbaycanın hər problemini hər zaman həll etməyə qadir olan nəhəng şəxsiyyət idi. "Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır. Bütün şüurlu ömrümü onun inkişafına, tərəqqisinə həsr etmişəm. Azərbaycana məhəbbət, xalqıma məhəbbət və bağlılıq mənim qanımdadır, beynimdədir, varlığımdadır" deyən ulu öndər bütün mənalı həyatını xalqına həsr etmiş, obrazlı desək, xalqının yolunda şam kimi yanmış, onun yolunu işıqlandırmışdır.
Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtdığı ilk günlərdən görkəmli siyasətçi, mahir diplomat kimi ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsi istiqamətində fəaliyyətə başladı. O, təcrübəli dövlət xadimi kimi çox gözəl bilirdi ki, sabitlik olmayan yerdə nizami ordu qurmaq, demokratik islahatlar aparmaq, iqtisadi inkişafa nail olmaq mümkün deyil. Həmin dövrdə Azərbaycanın Silahlı Qüvvələrinin böyük bir hissəsi ayrı-ayrı cinayətkar əllərdə cəmləşmişdi, siyasi məqsədlərə, hakimiyyət uğrunda mübarizələrə cəlb edilmişdi, vətən torpağı müdafiəsiz qalmışdı, ərazilərimiz işğal olunurdu. İlk növbədə bu qeyri-qanuni silahlı dəstələri ləğv etmək, siyasi təxribatların, dövlət çevrilişi cəhdlərinin qarşısını qətiyyətlə almaq lazım idi. Uzun sürən daxili çəkişmələrdən sonra ölkədə ictimai-siyasi sabitlik yaratmaq çətin olsa da, siyasətimizin patriarxı bu çətin işlərin öhdəsindən xalqın dəstəyi ilə, məharətlə gəldi. Heydər Əliyev Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti və arxasında duran qüvvələrin məkrli niyyəti ilə yaxından tanış idi (sovet dövründə bu məsələ dəfələrlə qaldırılmış və onun tərəfindən qarşısı qətiyyətlə alınmışdı) və müharibənin Azərbaycana qandan və ziyandan başqa heç nə gətirməyəcəyini hiss edirdi. Məlum xarici qüvvələr bu müharibədən torpaqlarımızı işğal etmək və neftimizin Avropaya çıxmasına imkan verməmək vasitəsi kimi istifadə edirdilər və geri çəkilmək niyyətində deyildilər. Odur ki, dahi siyasətçinin uzaqgörənliyinin və müdrikliyinin növbəti göstəricisi Dağlıq Qarabağ müharibəsində atəşkəs istiqamətində danışıqlara başlanması oldu. Həmin dövrdə Azərbaycan Ordusunun əks-hücumlarından qorxuya düşən erməni tərəfi də danışıqlara getdi və 1994-cü ilin mayında Ermənistanla Azərbaycan arasında atəşkəs elan olundu. Cənubi Qafqaz regionunda müharibənin dayanması və sabitliyin yaranması xarici neft şirkətlərinin Azərbaycana inamını artırdı və həmin ilin sentyabrında ARDNŞ ilə dünyanın aparıcı neft şirkətləri arasında respublikamızda iqtisadi tərəqqinin əsasını qoymuş "Əsrin müqaviləsi" imzalandı. Azərbaycanda iqtisadi tənəzzülü cilovlamaq, ordu quruculuğu ilə məşğul olmaq üçün vaxt və imkan yarandı.
Xüsusi olaraq vurğulamaq istərdim ki, Azərbaycan iqtisadiyyatının dirçəlməsi birbaşa Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsi ilə bağlı olmuşdur. "Əsrin müqaviləsi"nin bağlanması ilə başlanmış və 20-dən çox sazişin imzalanması ilə müşayiət olunmuş, Bakı - Tbilisi - Ceyhan, Bakı - Tbilisi - Ərzurum kimi beynəlxalq layihələrin həyata keçirilməsi ilə zirvəyə ucalmış yeni neft strategiyası ilk dövrlərdən Azərbaycana böyük uğurlar gətirmişdir. Əldə olunan gəlirlərin Dövlət Neft Fonduna cəlb edilməsi və respublika iqtisadiyyatının şaxələndirilməsinə yönəldilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi, yeni istehsal sahələrinin yaradılması, yeni iş yerlərinin açılması məhz bu strategiyanın həyata keçirilməsi nəticəsində mümkün olmuşdur. Həmin dövrdə Heydər Əliyev mütəmadi olaraq sahibkarlarla görüşlər keçirir, yeni formalaşmaqda olan bu təbəqənin problemləri ilə maraqlanır, bəzilərini yerindəcə həll edir, vaxt və maliyyə qoyuluşu tələb edənlərin həlli istiqamətində tapşırıq və tövsiyələrini verirdi. Artıq hamıya aydındır ki, o zaman müdrik dövlət başçısı tərəfindən bu taleyüklü addımlar atılmasaydı, dağılmış iqtisadiyyatı yenidən qurmaq, demokratik islahatlar aparmaq, müstəqil Azərbaycan Respublikasını yaratmaq və yaşatmaq da mümkün olmayacaqdı.
Bu gün birmənalı olaraq demək olar ki, Azərbaycan xalqının demokratik, hüquqi dövlətdə yaşamaq ideallarının real və dayanıqlı əsaslar üzərində gerçəkləşməsi Heydər Əliyevin adı ilə bağlıdır. Siyasi-iqtisadi və sosial-mədəni sahələrdə olduğu kimi, qanunvericilik məsələlərində də zamanın nəbzini düzgün tutmağı bacaran Heydər Əliyev Konstitusiyanın müstəqil dövlətin həyatında oynadığı rolu tam ciddiliyi ilə qiymətləndirərək və onun inkişafa doğru yolda, bir növ, kompas olduğunu bilərək diqqəti müstəqil respublikamız üçün həyati əhəmiyyətli bu qanunlar toplusunun yaradılmasına yönəltdi. Müstəqil Azərbaycanın ilk demokratik Konstitusiyası ulu öndərin təşəbbüsü və rəhbərliyi ilə hazırlandı və 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi ilə qəbul olundu. Yeni Konstitusiyanın qəbulu prosesində dahi dövlət başçımız təkcə müdrik bir siyasi xadim kimi deyil, həm də humanitar elmlərin bütün sahələrinə dərindən bələd olan şəxs kimi ensiklopedik bilik nümayiş etdirmişdir. Avropa standartlarına uyğun olan və haqlı olaraq "İnsan haqları manifesti" adlandırılan bu sənəd ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çəkmişdir. Konstitusiyada hakimiyyət bölgüsü prinsipləri dəqiq formalaşmış, zamanın tələbi ilə səsləşən demokratik islahatların həyata keçirilməsi üçün fundamental hüquqi baza yaradılmışdır. Konstitusiyada əksini tapmış strateji məqsədlər ilk növbədə hüquqi islahatların aparılmasını və insan haqlarının qorunması prinsipinin reallaşdırılmasını zərurətə çevirmişdir.
Bu, bir həqiqətdir ki, millətin gücü və nüfuzu onu təmsil edən rəhbərin şəxsiyyətindən, məqsədyönlü siyasətindən, diplomatik məharətindən birbaşa asılıdır. Ümummilli lider məhz bu keyfiyyətləri sayəsində xalqın dəstəyi ilə gənc dövlətimizə ziyan verəcək amilləri və qüvvələri neytrallaşdırmağı bacarır, fayda verə biləcək bütün mütərəqqi ideyaları səylə bir yerə cəmləyir, onları elmin və nəzəriyyənin süzgəcindən keçirərək təcrübədə ardıcıllıqla tətbiq edirdi. Azərbaycanı mövcud problemlərdən qurtarmaq və onu dünyanın sivil ölkələri səviyyəsinə qaldırmaq üçün nadir intellektual potensialından, tükənməz enerjisindən və hələ sovet dövründə qurduğu beynəlxalq əlaqələrindən məharətlə istifadə edirdi. Dünyanın aparıcı dövlətlərinin respublikamıza marağı bir tərəfdən onun zəngin iqtisadi potensialı və əlverişli geosiyasi mövqeyi ilə əlaqədar idisə, digər tərəfdən dövlət başçısı kimi yürütdüyü praqmatik və iqtisadi cəhətdən perspektivli siyasətlə, bu siyasətin yaratdığı ictimai-siyasi sabitliklə bağlı idi. Heydər Əliyevin müdrik xarici siyasəti bizə qərəzli münasibət bəsləyən ölkələrin də Azərbaycana qarşı xeyirxah niyyətdə olmalarını təmin etməyə, dost ölkələrlə əlaqələri daha da möhkəmləndirməyə, bütün bu münasibətlərdən isə qarşılıqlı faydalı, milli maraqlara uyğun olaraq daha səmərəli istifadə etməyə xidmət edirdi. Düşünürəm ki, ulu öndərin vətən, xalq qarşısında ən möhtəşəm tarixi xidməti, vətəndaş qarşıdurması və dünya xəritəsindən silinmək təhlükəsi ilə üzləşmiş bir ölkədə xaosa, anarxiyaya qətiyyətlə son qoyması, ictimai-siyasi sabitliyə nail olması, Dağlıq Qarabağ münaqişəsinin həllini hərb müstəvisindən sülh müstəvisinə keçirməsi, iqtisadi və siyasi cəhətdən müstəqil demokratik Azərbaycan Respublikasını yaratması, onun idarəçilik mexanizmini formalaşdırması, milli-mənəvi dəyərlərimizi bərpa və inkişaf etdirməsidir.
Heydər Əliyevin müstəqilliyimizin əbədiləşdirilməsi, dövlətçiliyimizin möhkəmləndirilməsi, xalqımızın xoşbəxt gələcəyinin təmin edilməsi istiqamətində həyata keçirdiyi titanik siyasəti barədə danışarkən bu siyasi kursun davam etdirilməsinin alternativsizliyini qeyd etmək zərurəti yaranır. Xüsusi olaraq vurğulamaq lazımdır ki, Heydər Əliyev qeyri-adi uzaqgörənliyə malik böyük siyasətçi, zəmanəsinin və millətinin dahi lideri kimi xalqının gələcəyini və vətəninin taleyini düşünərək özündən sonra siyasi kursu davam etdirəcək monolit siyasi komandanın və müdrik siyasi liderin yetişdirilməsinin qayğısına qalmışdır. Yeri gəlmişkən, 1992-ci il noyabr ayının 21-də ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış Yeni Azərbaycan Partiyası fəaliyyətdə olduğu 20 il müddətində milli birliyin, vətəndaş həmrəyliyinin, sabitlik və tərəqqinin başlıca təminatçısı qismində çıxış etmiş, milli maraqları uca tutmaqla xalqın dərin etimadını qazanmış və regionun ən böyük siyasi təşkilatına çevrilmişdir. Heydər Əliyevin ölkəmizin inkişafı sahəsində başladığı nəhəng işlər, möhtəşəm layihələr də onun layiqli davamçısı möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla və yaradıcılıqla davam etdirilir. Dövlət başçısı əsası ulu öndər tərəfindən qoyulan vətəndaş sülhü və ümumxalq həmrəyliyinin möhkəmləndirilməsi xəttini davam etdirmiş, bu siyasi xətti özünün konkret addımları ilə ictimai-siyasi sabitliyin möhkəmləndirilməsi istiqamətində daha da inkişaf etdirmiş, faktiki olaraq dönməz etmişdir. Prezident İlham Əliyevin həyata keçirdiyi elmi cəhətdən əsaslandırılmış, məqsədyönlü iqtisadi siyasət nəticəsində ölkəmiz böyük uğurlar qazanmışdır. Son on ildə Azərbaycanda ümumi daxili məhsul üç dəfədən çox, dövlət büdcəsi isə iyirmi iki dəfə artmışdır, ölkənin ərzaq təhlükəsizliyi məsələsi birmənalı olaraq həll edilmişdir. Respublikada milyon yarım yeni iş yeri açılmış, işsizlik probleminin həlli istiqamətində əsaslı addımlar atılmışdır. Yoxsulluğun səviyyəsi on dəfəyə qədər azalmış, inkişaf etmiş ölkələrlə müqayisə ediləcək səviyyəyə çatmışdır. Dinamik inkişaf ictimai-sosial həyatın bütün sahələrini əhatə edir, sosial problemlər sürətlə həll edilir, insanların sosial rifahı daha da yüksəlir. Dünyanın qabaqcıl ölkələrinin maliyyə böhranından əziyyət çəkdiyi bir dövrdə Azərbaycan iqtisadiyyatı yüksələn xətlə inkişaf edir, dünya iqtisadiyyatına inteqrasiya prosesi uğurla davam etdirilir.
Xüsusi olaraq vurğulamaq istərdim ki, Prezident İlham Əliyev Heydər Əliyev məktəbinin layiqli davamçısı kimi daxili siyasətdə sosial ədalətin, xarici siyasətdə humanizmin tərəfdarı olsa da, milli maraqlar məsələsində kifayət qədər sərt mövqe və prinsipiallıq nümayiş etdirir, bir addım da geri çəkilmir. Möhtərəm Prezidentin Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində tutduğu mövqe bariz nümunədir. Məlum xarici təzyiqlərə baxmayaraq, Prezident İlham Əliyev Azərbaycanın haqlı mövqeyini dünyanın ən yüksək tribunalarından elan edir və birmənalı olaraq qeyd edir ki, tarixi Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaranmasına imkan verilməyəcəkdir, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalı, qaçqınlar və məcburi köçkünlər öz tarixi torpaqlarına qayıtmalıdırlar. Azərbaycanın haqlı sözü artıq bütün dünyada eşidilir, ölkəmiz aparıcı beynəlxalq təşkilatlarda əsas söz sahiblərindən birinə çevrilir. Onu göstərmək kifayətdir ki, 155 ölkənin dəstəyi ilə Azərbaycan 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının üzvü seçilmişdir və bu ali təşkilatın kürsüsündən öz sülhməramlı siyasi baxışlarını dünya ictimaiyyətinə çatdırır.
Biz bu gün qürurla deyə bilərik ki, Azərbaycan Respublikası özünün şərəfli dövrünü yaşayır. Ulu öndər Heydər Əliyev cismən aramızda olmasa da, təsəllimiz odur ki, onun ölməz ideyaları, xalqımıza ərməğan etdiyi müstəqil Azərbaycan Respublikası möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə işıqlı gələcəyə doğru inamla addımlayır. Ölkədə demokratik dövlət quruculuğu prosesi qanunvericiliyimizə və beynəlxalq təcrübəyə uyğun olaraq uğurla davam etdirilir, bütün sahələrdə həyata keçirilən islahatlar xalqımızı daha genişmiqyaslı tərəqqiyə və inkişafa aparır. Ölkəmiz üçün böyük siyasi əhəmiyyət kəsb edən bütün nailiyyət və uğurlarımızın hər biri Heydər Əliyevin strateji kursunu yaradıcılıqla davam etdirən dövlət başçısının yorulmaq bilməyən ardıcıl, məqsədyönlü təşkilatçılıq və idarəçilik fəaliyyətinin nəticəsidir. Artıq demək olar ki, dünyanın bütün ölkələri Azərbaycanla hesablaşır, dostlar nailiyyətlərimizə sevinir, dost olmayanlar həsəd aparırlar. Azərbaycanda beynəlxalq toplantılar, simpoziumlar, forumlar, beynəlxalq səviyyəli tədbirlər keçirilir. Ölkəmizə gələn dövlət və hökumət başçılarının, digər dövlət xadimlərinin bəyanatları və çıxışları göstərir ki, Azərbaycan Cənubi Qafqazda ən qüdrətli və lider dövlət olmaqla yanaşı, iqtisadi və siyasi göstəricilərinə görə inkişaf etmiş Qərb dövlətləri ilə bir sırada addımlayır. Bu əzəmətli tərəqqi yoluna nəzər salarkən bir daha dərk edirsən ki, Heydər Əliyev uzaqgörənliyi ilə əsası qoyulmuş Azərbaycanın parlaq sabahı qaçılmazdır.
Mən Heydər Əliyevin ölməz xatirəsinə həsr etdiyim bu qısa qeydlərimi ulu öndərin Azərbaycan xalqına ünvanladığı vəsiyyəti ilə tamamlamaq istəyirəm: "Azərbaycanı qoruyun, Azərbaycanın müstəqilliyini möhkəmləndirin, Azərbaycanın daxili imkanlarından və potensialından səmərəli istifadə edin. Azərbaycan bundan sonra heç vaxt öz müstəqilliyini itirməyəcək. Yalnız və yalnız öz imkanlarını ortaya qoyaraq daha da möhkəm dövlətə çevriləcək, dünyaya günəş kimi doğacaqdır".
Ziya
YUSİF-ZADƏ,
MTN-in Heydər Əliyev adına
Akademiyasının rəisi,
general-leytenant
Azərbaycan.-2012.-
12 dekabr.- S.5.