LIDERLIK ZIRVƏSI

 

 Heydər Əliyevin siyasəti yaşamalıdır, bu, zamanın tələbidir. Bu, yeganə siyasətdir ki, Azərbaycanı daha da gücləndirəcək, Azərbaycan xalqının həyat səviyyəsinin yaxşılaşdırılmasına xidmət edəcəkdir...

Heydər Əliyev siyasətinin gücü eyni zamanda ondan ibarətdir ki, ondan sonrakı dövrdə bu siyasət yaşayır. Azərbaycan xalqının qəlbində onun xatirəsinə olan hörmət və məhəbbət yaşayır. Azərbaycanın hər bir bölgəsində onun tərəfindən başlanmış islahatlar özünü büruzə verir.

 

                      İlham ƏLİYEV

 

 Böyük şəxsiyyətlər yaşayıb-yaratdıqları, fəaliyyət göstərdikləri zamanlarda siyasi, iqtisadi və digər prosesləri öz xalqlarının rifahı naminə irəliyə aparmaqla adlarını əbədi olaraq tarixə yazmışlar.  Hər bir xalq öz tarixi şəxsiyyətləri ilə fəxr edir, onların yaratdığı irsə böyük ehtiramla yanaşır. Azərbaycan xalqı da hər zaman tarixi şəxsiyyətləri ilə qürur duymuşdur. Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, bununla bağlı tarixi proseslərə təsir göstərmiş Heydər Əliyev hər zaman iftixar hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir.

 

 

                  Xalqa bağlı rəhbər

 

 

Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin milli mənafeyini hər şeydən uca tutan, onu ümumi məqsədlər naminə səfərbər etməyi bacaran, cəmiyyətdə qanunçuluğu, hüquq qaydalarını təmin edən bir rəhbər idi. Hələ 1969-cu ildə Azərbaycana rəhbərliyinin elə ilk günlərindən Heydər Əliyevin Azərbaycan Respublikasının və xalqımızın inkişafı istiqamətində gələcək fəaliyyətinin, atacağı addımların konturları aydın idi. 1969-cu ildə Heydər Əliyevin respublikamızda rəhbərliyə gəlməsi, sovet rejiminin sərt qanunlarına baxmayaraq, Azərbaycanda böyük iqtisadi, elmi və ədəbi-mədəni inkişafa, müstəqil düşüncəyə yol açdı. Qısa zaman kəsiyində Azərbaycan SSRİ-nin tərkibində o zaman üçün müasir iqtisadi potensiala malik olan respublikaya çevrildi. Onun rəhbərliyi altında başlanan genişmiqyaslı işlər nəticəsində Azərbaycan İttifaq respublikaları arasında öz layiqli yerini tapdı. Müstəqil Azərbaycanın sosial-iqtisadi bünövrəsi məhz Heydər Əliyevin sayəsində ötən əsrin 70-80-ci illərində qoyuldu və ölkəmizin gələcəyi üçün möhkəm təməl yaradıldı.

Heydər Əliyevin təşəbbüsləri ilə sovet dövründə xalqımızın milli mənlik şüurunun inkişafına güclü təkan verən tədbirlər həyata keçirildi. Təkcə sosial-iqtisadi yüksəliş deyil, o dövrdə milli-mənəvi dəyərlərə qayıdış da Heydər Əliyevin adı ilə bağlı idi. Sovet ideologiyasının hakim kəsildiyi bir zamanda Heydər Əliyev xalqımızın mənəvi dəyərlərinin əriyib itməməsi üçün əlindən gələni edirdi. Bu böyük şəxsiyyət sovet ideologiyasının bütün maneələrini adlayaraq Azərbaycanın milli inkişaf konsepsiyasını önə çəkdi, ictimai şüurdakı qorxunu, ehtiyatlılığı aradan qaldırdı, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi yüksəlişlərə ruhlandırmağı bacardı. Heydər Əliyev Azərbaycanın müstəqil dövlət olacağını qabaqcadan hiss edərək buna lazımi zəmin formalaşdırmaq üçün əzmkarlıq və uzaqgörənliklə fəaliyyət göstərirdi. Heydər Əliyev 1969-cu ildə Azərbaycan KP MK-nın plenumunda ana dilində çıxış etməklə cəmiyyətə milliləşmənin zəruriliyi ismarışını vermiş, dilə, dinə, dəyərlərə bağlı olmağı, tarixi irsi yaşatmağı ictimai fikrə böyük müdrikliklə təlqin etmişdi. Ulu öndərin Azərbaycan dövlətçiliyinin varlığını təsdiqləyən rəmz və atributlara münasibəti də həssas və birmənalı idi. 1978-ci ildə Azərbaycan SSR-in konstitusiya layihəsi qəbul edilərkən ulu öndərin Azərbaycan dilinin bu ali sənəddə dövlət dili kimi təsbitlənməsi və qorunub saxlanılması sahəsində nümayiş etdirdiyi rəşadəti xatırlatmaq kifayətdir.

Bu mənada Heydər Əliyevin sovet illərində ölkəmizə rəhbərliyini Azərbaycanın milli intibah dövrü kimi də səciyyələndirmək olar. Sözün əsl mənasında o illərdə Azərbaycan xalqı özünü tapdı. Manqurtlaşmaqdan, başqa mədəniyyətlərin təsirinə düşməkdən xilas oldu, mənəvi dəyərlərimiz özümüzə qaytarıldı. Təbii ki, Heydər Əliyevin sayəsində. O zamanlar milli düşüncə sahibi olduqlarına görə təqib edilən ziyalıları ən çətin məqamlarda müdafiə etməyi qanı, canı, bütöv ruhu ilə milli köklərə bağlı olan Heydər Əliyev şəxsiyyəti üzərinə götürə bilərdi və götürdü də.

 

 Tarixi zərurətin tələb etdiyi xilaskarlıq missiyası

 

 Heydər Əliyevi həqiqəti deməkdən çəkindirmək mümkün deyildi. Onun əzmkarlığı, qarşıya qoyduğu bütün hədəflərə çatması SSRİ rəhbərliyində təmsil olunan bəzi şəxslərin qısqanclığı ilə müşayiət olunurdu. Bu adamlar hər addımda Heydər Əliyevi ləkələməyə, fəaliyyətinə qara yaxmağa çalışırdılar. Elə Azərbaycanda da bir qrup şəxs Heydər Əliyevin ictimai-siyasi fəaliyyətinə kölgə salmağa çalışır, onun ölkəyə qayıdışını əngəlləməyə cəhd göstərirdi. Amma tarix sübut etdi ki, Azərbaycanın gələcəyi Heydər Əliyevsiz mümkün deyildi.

Müstəqilliyimizin ilk illərində hakimiyyətə yiyələnən qüvvələrin səriştəsizliyi ölkəmizi parçalanmaq, dövlətçiliyimizi itirmək təhlükəsi qarşısında qoymuşdu. Hakimiyyət uğrunda çəkişmə Ermənistanla aparılan müharibəni də arxa plana keçirmişdi. Azərbaycan dövlətçiliyinə qənim kəsilən dairələrin fikrincə, xaotik proseslərin nəticəsi olaraq Azərbaycan parçalanmalı və nəticə etibarilə iri dövlətlərdən asılı vəziyyətə düşməli idi. Xarici dairələrin təsiri altına düşən sapı özümüzdən olan baltaların rəvac verəcəkləri vətəndaş müharibəsi xalqa böyük müsibətlər gətirməli idi. Amma onlar ən mühüm məqamı - Azərbaycan xalqının böyük inam bəslədiyi Heydər Əliyevin ətrafında birləşmək istəyini nəzərə almamışdılar. Xalq Heydər Əliyevin hakimiyyətə gəlişini vəziyyətdən yeganə çıxış yolu kimi görürdü və vaxtında öz böyük oğlunu Bakıya dəvət etməklə çox düzgün bir addım atdı. Heydər Əliyev də özünün qayıdışının əsas qayəsini, mənasını ilk növbədə xalqın ən böyük sərvəti saydığı müstəqilliyin qorunub saxlanmasında görürdü. Elə bu addım və ümdə mənəvi borc Azərbaycan dövlətçiliyinin və xalqının qanına susamış bütün niyyətlərin üstündən birdəfəlik xətt çəkdi. Heydər Əliyevə ünvanlanan müraciət maddi-mənəvi iztirablara məruz qalan bir xalqın sadəcə vəziyyətdən çıxış yolu deyildi. Bu, həm də Azərbaycan dövlətçiliyinin yaşaması, hələ kövrək olan müstəqilliyimizin qorunması üçün qəbul edilən tarixi bir ümumxalq qərarı idi.

1993-cü ilin iyun ayında Bakıya gəldikdən sonra ölkədəki vəziyyətin nəzarət altına alınmasına nail olan Heydər Əliyevin həmin il oktyabrın 3-də Prezident seçilməsi ilə Azərbaycan dövlətçiliyini gözləyən faciələrin qarşısı alındı. 1993-cü ildən sonra cərəyan edən siyasi-ictimai, iqtisadi proseslər, bütün sahələrdə inkişafa doğru dönüş yaradılması həqiqətən də ölkəmizə milli mənafelərimizi əldə rəhbər tutan xarizmatik və qətiyyətli liderin, əsl siyasətçinin rəhbərlik etdiyindən xəbər verirdi. O siyasətçidən ki, üzləşdiyi çətinliklərə, maneələrə, dövlət çevrilişi cəhdlərinə baxmayaraq, Azərbaycanı parçalanmaqdan, vətəndaş müharibəsindən qurtardı. Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda tamamilə yeni bir ictimai-siyasi münasibətlər sisteminin bərqərar edilməsinə, nəhayət, ümumxalq maraqlarının gerçəkləşməsinə xidmət edən proseslərin start götürməsinə səbəb oldu, xalqın özünə inamını, sabaha nikbin baxışlarını bərpa etdi, dövlətçiliyimizin əsasını təmin edən ictimai-siyasi sabitliyin əsasını qoydu. Heydər Əliyev görkəmli siyasi və dövlət xadimi idi. Məhz buna görə də ulu öndərin bütün sahələrdə olduğu kimi, dövlət idarəçiliyi sahəsində də zəngin təcrübəsi vardı. Heydər Əliyevin məhz zəngin təcrübəsinin nəticəsi idi ki, Azərbaycanda 1993-cü ildən sonra dövlət quruculuğu uğurla həyata keçirilməyə başlandı. Onun dühasının qüdrəti sayəsində Azərbaycanın demokratik quruculuq və milli inkişaf yolu spesifik yönümdə, milli xüsusiyyətlər və xalqın mənəvi dəyərləri nəzərə alınmaqla həyata keçirilməyə başlandı. Ölkədə siyasi və milli-ideoloji birliyin təməli qoyuldu, dövlətçilik ənənələri milli düşüncə tərzinə çevrildi, bütün vətəndaşlarımızın ümdə əqidəsi oldu. Bir sözlə, dövlət quruculuğu sahəsində nailiyyətlər, qanunların aliliyinə söykənən vətəndaş cəmiyyətinin qurulması və sair bu kimi uğurlar Heydər Əliyev dühasının bəhrələri idi.  Xalq - Heydər Əliyev birliyinin sarsılmazlığı isə bütün mərhələlərdə yüksələn xətlə inkişaf etdi.

Ulu öndərin dövlətçilik konsepsiyası mahiyyət etibarilə Azərbaycanın tarixi ənənələrini və müasir Avropa dəyərlərini özündə birləşdirən yeni bir inkişaf modeli kimi özünü doğrultdu. İctimai-siyasi sabitliyi və sosial-iqtisadi inkişafı bu modelin əsas dayağına çevirən Heydər Əliyev cəmiyyətdə dayanıqlı milli birliyə nail olmaq üçün hər şeydən öncə insan hüquq və azadlıqlarının maksimum təminatı məsələsinə xüsusi diqqət yetirirdi.

Azərbaycanı hərtərəfli inkişaf yoluna çıxaran Heydər Əliyev əməlləri, xalqa əvəzsiz xidmətləri ilə tariximizdə əbədiyaşarlıq qazandı. Zəmanəmizin ən görkəmli siyasi xadimi siyasi uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı ilə Azərbaycanın yeni tarixində dövlətçiliyimizin möhkəmlənməsinə, müstəqilliyimizin əbədi olmasına verdiyi töhfələrə görə xalqımızın ümummilli liderinə çevrildi. Heydər Əliyevin ümummilli lider obrazı ilk növbədə onun şəxsi keyfiyyətlərində özünü təcəssüm etdirirdi. Onun şəxsi keyfiyyətlərinin prinsipiallıq və siyasi iradə komponentləri üzərinə götürdüyü tarixi missiyanın uğurunu zərurətə çevirən başlıca amil kimi nəzərdən keçirilir.

 

 İnkişafın Azərbaycan modelinin müəllifi

 

 Heydər Əliyev özünün zəngin iqtisadi bilik və təcrübəsi əsasında Azərbaycanın yeni dövr üçün iqtisadi inkişaf prioritetlərini müəyyənləşdirdi, bu sahədə mövcud problemlərin həlli yollarını elmi-nəzəri və praktiki əsasda göstərdi. Demokratik inkişaf yolunu seçmiş bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da bazar iqtisadiyyatı prinsipləri - xüsusi mülkiyyətçilik, azad sahibkarlıq fəaliyyəti, özəlləşdirmə, qeyri-neft sektorunun, sənayenin inkişafı və sosial infrastrukturun yeniləşdirilməsi prioritet seçildi. İqtisadi sahədə həyata keçirilən islahatların əsasında bazar iqtisadiyyatının formalaşdırılması yolu ilə ümumi daxili məhsul istehsalını artırmaq, qeyri-neft sektorunun sürətli inkişafını təmin etmək məqsədi dayanırdı. Bir siyasətçi, qətiyyətli dövlət başçısı kimi Heydər Əliyevə olan inamın nəticəsi idi ki, 1994-cü ildə dünyanın ən böyük və nüfuzlu neft şirkətləri ilə Azərbaycan Respublikası arasında Xəzərin karbohidrogen ehtiyatlarının hasilatına və nəqlinə dair bu gün görülən işlərin əsası kimi "Əsrin müqaviləsi" imzalandı.

Heydər Əliyevin dövlətçilik və siyasi fəaliyyətində bəşəri meyarlarla yanaşı, milli mənəviyyata bağlılıq həmişə öncül yerlərdən birini tutmuşdur. Bütün məsələlərdə mənəvi dəyərləri önə çəkən, xalqımızın mental baxışlarını hər zaman yüksək dəyərləndirən Heydər Əliyev dövlətçilik məsələlərində də milli-mənəvi dəyərlərimizə çox bağlı bir şəxsiyyət idi.

Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi 10 il Azərbaycanın ən yeni tarixinə sosial-iqtisadi yüksəliş dövrü kimi yazıldı. Bu dövr ərzində Heydər Əliyev ölkəmizi təhlükə və çətinliklərdən qurtararaq ardıcıl inkişaf yoluna çıxardı. Bu illər ərzində ictimai-siyasi sabitlik təmin olundu, iqtisadi inkişafa geniş meydan açıldı, ölkəyə xarici sərmayələr cəlb edildi, dövlət idarəçiliyi mexanizmi yenidən yaradıldı, nizami ordu quruldu, genişmiqyaslı siyasi, hüquqi, iqtisadi, sosial və mədəni islahatlar həyata keçirildi, ölkə iqtisadiyyatının dinamik inkişafı təmin edildi. Həmçinin dövlətimiz dünya birliyində layiqli yerini tutdu, bölgədə geosiyasi mövqelərini möhkəmləndirərək böyük beynəlxalq nüfuz qazandı. Nəticə etibarilə Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruldu, azad vətəndaş cəmiyyəti bərqərar edildi. Bir siyasətçi və qətiyyətli dövlət başçısı kimi Heydər Əliyevə olan inamın nəticəsi idi ki, 1994-cü ildə dünyanın ən böyük və nüfuzlu neft şirkətləri ilə Azərbaycan Respublikası arasında Xəzərin karbohidrogen ehtiyatlarının hasilatına və nəqlinə dair "Əsrin müqaviləsi" imzalandı və bu gün bəhrəsini verir. Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə azərbaycançılıq ideyası şüurlara hakim kəsildi, milli birlik və həmrəylik təmin edildi. Bütün bu işlərin həyata keçirilməsində Heydər Əliyev həmişə xalqa arxalanmış və onun tam dəstəyini hiss etmişdir.

Bir sözlə, Heydər Əliyev 34 ildən artıq bir dövrü əhatə edən zəngin siyasi fəaliyyəti ilə Azərbaycan dövlətinin tarixində müstəsna rol oynamışdır. Məhz buna görə xalqımız ulu öndərin adını tarixə dövlətimizin xilaskarı, memarı və qurucusu kimi həkk etmişdir. Azərbaycan Respublikasının hərtərəfli inkişafı üçün onun hazırladığı strateji istiqamətlər hələ uzun illər müstəqil dövlətimizin möhkəmləndirilməsi və gücləndirilməsi, iqtisadi qüdrətinin artırılması, xalqımızın layiq olduğu xoşbəxt həyata qovuşması işinə xidmət edəcəkdir.

 

 Alternativsiz siyasi xəttin davamı güclü Azərbaycan deməkdir

 

 Ulu öndər Heydər Əliyev cismən aramızda olmasa da, ölkəmizi işıqlı sabahlara aparan bəşəri ideyaları ilə xalqımızın qəlbində yaşayır. Bu gün Heydər Əliyev ideyalarının alternativi olmadığını xalqımız çox gözəl anlayır. Məhz bu ideyaların layiqli davamçısı cənab İlham Əliyevin hələ 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkəmizin öz inkişafının yeni mərhələsinə qədəm qoyması Heydər Əliyev yolunun nə qədər doğru-düzgün olduğunu əyani şəkildə göstərdi. O zaman ulu öndərin səsinə səs verən Azərbaycında cəmiyyətin bütün təbəqələrini 2003-cü ildə prezident seçkiləri ərəfəsində düşündürən yeganə məsələ ümummilli lider Heydər Əliyevin siyasi kursunun davam etdirilməsi idi. Çünki ölkə vətəndaşlarının heç bir alternativ görmədikləri və birmənalı olaraq qəbul etdikləri Heydər Əliyevin siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, sosial-iqtisadi tərəqqiyə nail olunması kimi ağır və taleyüklü məsələlərdə sınaqdan çıxmışdı. Elə buna görə də xalq ulu öndərin çağırışına dəstək verdi, İlham Əliyevi özünə Prezident seçdi.

2003-cü ildən sonrakı ildə həyata keçirdiyi uğurlu siyasətlə Azərbaycanı dinamik inkişaf yoluna çıxaran cənab İlham Əliyevin 2008-ci ilin seçkilərində də layiqli qələbə qazanaraq Azərbaycan Prezidenti seçilməsi xalqın mütləq əksəriyyətinin seçkilərlə bağlı reallaşan ən böyük arzusu idi. Bu gün İlham Əliyevin rəhbərliyi altında ölkəmizin dinamik inkişafı, sürətli tərəqqisi, həyata keçirilən əzəmətli layihələr, Azərbaycanın hərtərəfli yeniləşməsi, modernləşməsi, doğma vətənimizi dünyaya yeni formada təqdim etməyə imkan yaradan müsbət dəyişikliklər ulu öndərin qoyduğu yolun davamından başqa cür qiymətləndirilə bilməz. Dinamik sosial-iqtisadi inkişaf, ölkəmzin dünya birliyində öz yerini daha da möhkəmləndirməsi məhz Heydər Əliyevin zəngin ictimai-siyasi irsinin davam etdirilməsinin, ideyalarının yaşamasının, siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir. Bu yüksəliş Heydər Əliyevin həm də uzaqgörən bir strateq olaraq müəyyən etdiyi inkişaf konsepsiyasının alternativsizliyini tam dolğunluğu ilə təsdiq edir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın daha xoş sabaha olan inamını qat-qat artırdı, Heydər Əliyev yolunun layiqincə davam etdirildiyinə, memarı olduğu müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaratdı. Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davamını aydın görən xalqımız bu siyasəti yüksək dəyərləndirir və Prezidentin ətrafında daha da sıx birləşməklə Azərbaycanın dünyanın inkişaf etmiş ölkələri sırasında layiqli yerini tutmasına nail olmağı ulu öndərin ruhu qarşısında mənəvi borcu sayır. Azərbaycan Prezidenti cənab İlham Əliyev ulu öndərin siyasi-ideoloji kursunu layiqincə davam etdirməklə, xalqımızın və dövlətçiliyimizin bu kursun mahiyyətindən doğan milli maraqlarını beynəlxalq miqyasda təmin etməklə, Azərbaycanın inkişaf strategiyasını uğurla həyata keçirməklə, müstəqilliyimizi möhkəmləndirməklə, dövlətçiliyimizi qüdrətləndirməklə Heydər Əliyevin ideyalarını yaşadır, inkişaf etdirir, ölkəmizi aydın sabahlara aparır.

 

 

 

Heydər Əliyev ideyaları ilə gələcəyə doğru

 

 Bu gün Prezident İlham Əliyev Heydər Əliyev dühasından bəhrələnərək dövlətimizi, xalqımızı inamla gələcəyə doğru aparır. Bu mənada ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsi, onun ölməz ideyalarının geniş təbliğ olunaraq praktik həyatda tətbiqi və gələcək nəsillərə çatdırılması, eləcə də ölkəmizin beynəlxaq miqyasda təbliği və yaxından tanıdılması müasir və sürətlə dəyişən qloballaşma dövründə xüsusən aktualdır.

Heydər Əliyevin zəngin siyasi və ictimai irsinin, azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliğ olunması bütün Azərbaycan xalqının ümdə istəyidir. Hər bir Azərbaycan vətəndaşı Heydər Əliyev irsinin öyrənilməsinin vacibliyini dərk edir. Çünki Heydər Əliyevin mahiyyətində xəlqilik və bəşərilik dayanan ideyalarının yaşaması, davam etdirilməsi bütövlükdə Azərbaycan dövlətçiliyinin, cəmiyyətinin, ictimai-siyasi və mədəni həyatımızın inkişafı deməkdir. Xüsusən gənc nəsil, uşaq və yeniyetmələri milli, mənəvi, əxlaqi dəyərlərimizə sevgi ruhunda tərbiyə etmək üçün biz Heydər Əliyev şəxsiyyətinə daha çox müraciət etməliyik.

Məqsədi ulu öndərin ölkəmizin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası naminə müəyyən etdiyi siyasətin tədqiqinə, təbliğinə dəstək vermək olan Heydər Əliyev Fondu öz fəaliyyəti ilə ümummilli liderin ideyalarının həyatımızın bütün sahələrində təcəssüm tapmasına öz töhfələrini verir. 8 il öncə Heydər Əliyev Fondunun yaradılması ulu öndərin adının əbədiləşdirilməsi, irsinin öyrənilməsi və təbliği istiqamətində mühüm addım oldu. Ulu öndərin ideyalarını, xeyirxah və müqəddəs əməllərini yaşatmaq üçün fond ictimai həyatın ən müxtəlif sahələrində fundamental, çoxşaxəli layihələr həyata keçirir, hər bir vətəndaşın zəruri istək və arzularının gerçəkləşməsinə, problemlərinin həllinə həm maddi, həm də mənəvi dəstək verir. Hər addımı ilə ölkəmizin inkişafına böyük töhfələr verən Heydər Əliyev Fondunun fəaliyyəti eyni zamanda bəşəriyyətin həmrəyliyi üçün sivilizasiyalararası dialoqa yönəlib.

Heydər Əliyev Fondu ötən 8 ildən artıq müddətdə Azərbaycanın həyatında necə böyük rol oynadığını, qarşıya qoyduğu məqsədlərin əhəmiyyətinə, miqyasına və sanbalına görə ölkəmizdə və regionda analoqu olmayan ictimai qurum olduğunu sübut edib. Əlbəttə, fondun qısa müddətdə qazandığı uğurlarda yarandığı ilk gündən ona başçılıq edən Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın əzmkarlığı, təşəbbüskarlığı, işə yaradıcı münasibəti dayanır. Ölkəmizin birinci ledisi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, mədəniyyətimizin, mənəvi dəyərlərimizin təbliği, milli genofondumuzun qorunmasını və cəmiyyətin diqqətini bu istiqamətlərə cəlb etməyi özünün vətəndaşlıq borcu hesab edir. Mehriban xanım Əliyeva öz səylərini əhalinin ən zəif müdafiə olunan təbəqələrinə, xəstə və valideyn himayəsindən məhrum olmuş uşaqlara kömək göstərilməsinə yönəldir. Heydər Əliyev Fondunun xətti və Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qaçqınların və məcburi köçkünlərin, talassemiya və diabet xəstəliklərindən əziyyət çəkən uşaqların dəstəklənməsinə yönəlmiş müxtəlif proqramlar, uşaq evlərinin yenidən qurulması və onlar üçün yeni binaların tikintisi layihələri məhz bu məqsədə xidmət edir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə dövlətimizin və xalqımızın yüksəlişinə, Azərbaycan mədəniyyətinin dünyada tanıdılmasına, həmçinin üzləşdiyimiz problemlərlə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasına, elm-təhsilin, mədəniyyətin, səhiyyənin inkişafna, xeyriyyəçi əməllərə xidmət edən genişmiqyaslı layihələrin həyata keçirilməsi bütün ölkə əhalisinin rəğbətinə səbəb olmuşdur.

Bu gün Azərbaycan xalqı dövlətimizin əldə etdiyi bütün uğurlara görə ulu öndər Heydər Əliyevə minnətdardır. Xalqımız ümummilli liderə həm də ona görə minnətdardır ki, İlham Əliyevi xalqımıza bəxş etdi. Dünya siyasətində öz sözünü deməyi bacaran Prezidentin olması xalqımızın böyük nailiyyətidir. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti özünün bütün problemlərini həll etməklə daha böyük inkişaf yolu keçəcək, ulu öndər Heydər Əliyevin bütün arzularını gerçəyə çevirəcək.

Biz ulu öndər Heydər Əliyevi yad edərkən, xatirəsini anarkən onun xalqımıza ərməğan etdiyi müstəqil Azərbaycanı, ideyalarını qorumağı qarşımızda bir vəzifə olaraq görürük. Bu gün Azərbaycan xalqının bütün təbəqələri üçün Heydər Əliyev ümummilli liderdir. Cəmiyyətimizin inkişafı ulu öndərin ideyalarına söykənir. Heydər Əliyev yolu ilə, Heydər Əliyev ideyaları ilə Azərbaycan daim böyük uğurlar qazanacaq və böyük zirvələri fəth edəcəkdir.

 

 

Arzuman MURADLI,

YAP Səbail Rayon Təşkilatının sədr

 müavini, iqtisad üzrə fəlsəfə doktoru

Azərbaycan.-2012.- 12 dekabr.- S.8.