Ulu öndərin əziz xatirəsi
Ali Məhkəmədə ehtiramla
anılmışdır
Dekabrın 11-də Ali Məhkəmədə ümummilli lider Heydər Əliyevin xatirə gününə həsr olunmuş tədbir keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbiri giriş sözü ilə açan Ali Məhkəmənin sədri Ramiz Rzayev tarixə yenilməz şəxsiyyət, nadir istedada malik dövlət xadimi və dahi siyasətçi kimi daxil olmuş ümummilli lider Heydər Əliyevin ömür yolundan danışmış, Azərbaycan tarixinin taleyüklü hadisələrlə dolu otuz ildən artıq bir dövrünün bu böyük şəxsiyyətin adı ilə bağlı olduğunu nəzərə çatdırmışdır.
Ali Məhkəmənin sədri bildirmişdir ki, Heydər Əliyev Azərbaycan tarixində fenomen şəxsiyyət olaraq Sovet İttifaqı kimi dövlətin siyasi rəhbərliyində təmsil olunmuş, dünyanın tanınmış dövlət və siyasi xadimləri sırasında ən görkəmli və böyük təsirə malik lider olduğunu əməli fəaliyyəti ilə təsdiqləmişdir. Ulu öndər Heydər Əliyev Azərbaycan tarixinə müstəqilliyimizin memarı, dövlətçiliyimizin xilaskarı kimi düşmüşdür. Ümummilli lider azərbaycançılıq ideyasının müasir dövrümüzdə yaradıcısı olmuş, Vətənin müstəqilliyi, inkişafı, xalqın milli-mənəvi tərəqqisi üçün möhtəşəm işlər həyata keçirmişdir. Bu gün Azərbaycanın neft strategiyasında qazandığı uğurların əsasını ulu öndər Heydər Əliyev qoymuşdur. Ölkəmizdə iqtisadiyyatın, elmin, mədəniyyətin, incəsənətin, ədəbiyyatın, idmanın inkişafının təməli onun adı ilə bağlıdır. Ümumiyyətlə, ulu öndər Heydər Əliyevin həyatı və fəaliyyəti azərbaycançılıq məktəbidir. Hər yeni gələn nəsil bu böyük məktəbdən Vətənin, xalqın inkişafı naminə faydalanır və daim faydalanacaqdır.
Ali Məhkəmənin sədri ulu öndər Heydər Əliyevin amallarının xalqın gündəlik fəaliyyətində və düşüncəsində yaşandığını bildirmiş, bu amalların xalqımızı tərəqqi zirvəsinə doğru inamla aparan, ümummilli liderimizin siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla gerçəkləşdirildiyini vurğulamışdır.
Tədbirdə
çıxış edənlər müstəqil dövlətimizin
banisi və qurucusu ulu öndər Heydər Əliyevlə
bağlı xatirələrini söyləmiş, onun Azərbaycanda hüquqi, demokratik və
dünyəvi dövlət quruculuğu sahəsindəki
misilsiz xidmətlərini qeyd etmiş, irsinin daim
yaşayacağını bildirmişlər.
Azərbaycan.-2012.- 12 dekabr.- S.9.